Keçid linkləri

logo-print
1929–cu il yanvarın 1-də Azərbaycanda yeni əlifba tətbiq edilməyə başladı. «Kommunist» qəzetinin 1929-cu il 1 yanvar tarixli sayı yeni əlifba ilə çap olunub. İlk məqalə çağırış xarakterlidir.

«Azərbaycanın bütün işçi və kəndlilərinə!

Azərbaycanın əməkçi kütlələri yeni əlifbaya keçmək tarixi günündə maarif və mədəniyyət sahəsində böyük bir inqilab yapırlar. «Bu şərqdə tam bir inqilabdır» (Lenin).

Türk qadınlarının əsarət altına alınmasının qara əlaməti olan çadra əleyhinə aparılan kampaniya ilə bərabər yeni əlifbaya keçmək məsələsi irəliyə doğru böyük bir addım və firqə tərəfindən irəli sürülmüş mədəni inqilab yolunda çox əhəmiyyətli bir müvəffəqiyyətdir.

İşçi – kəndli kütlələri arasında savadsızlığın böyük bir dərəcədə olması, xalq təsərrüfatının sosializm əsasları üzrə yenidən qurulması işində böyük maneçilik təşkil edir. Yeni əlifba çar və müsavat hökumətlərinin mənhus bir irsi olan bu maneçiliyi ortadan qaldırmaq üçün böyük bir silahdır.

«ƏSKİ ƏLİFBA YARAMAZ BİR DƏRƏCƏDƏ İDİ»

Yoldaşlar!

Mədəniyyətsiz sosializm qurmaq olmaz. Kütlələr savadını geniş bir sürətdə artırmaq üçün əski əlifba yaramaz bir dərəcədə idi: Əski əlifbanı öyrənmək işi texniki cəhətcə çox çətin idi.
Müsavatçılar isə işçi və kəndlilərin maarif cəhətincə tərəqqi etməsinə mane olan və maarif işlərini ləngə salan əski əlifbanın quyruğundan bərk–bərk tutmuşlardır.

Kütlələri mədəni cəhətcə geri saxlamaq üçün sinfi düşmənlərin əlindəki silahları, Azərbaycan əməkçiləri böyük bir müvəffəqiyyət ilə aldı və öz maarif işlərini ilərilətmək üçün canlı bir amil olan yeni əlifbaya sahib oldular.

İşçi kəndli, İşçi qadın, kəndli qadın,

Yoldaşlar!

Yeni əlifbanı öyrəniniz, öz savadsızlığınızı ləğv ediniz, təlin işlərinə doğru qəti addımlarla yürüyünüz, mədəniyyəti yüksəltməyə doğru koşunuz, sosializm quruluşu işlərində aktiv sürətdə çalışınız!

Yaşasın yeni əlifba!

Yaşasın yeni əlifba pionerləri – Azərbaycan işçi və kəndliləri!

Yaşasın Azərbaycanda mədəni inqilab işlərini başlayan və öz rəhbərliyi ilə həyata keçirən Kommunist firqəsi!

A.K. (B) F.Mərkəzi və Bakı komitələri, A.Xalq komissarları Şurası, Bakı şurası».

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG