Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:47

Gürcülər Kosovo ilə Qafqaz regionunun fərqi haqqında


Kosovo albanları Beynəlxalq Məhkəmənin qərarını sevinclə qarşılayıb bayram edirlər, 22 iyul 2010
Kosovo albanları Beynəlxalq Məhkəmənin qərarını sevinclə qarşılayıb bayram edirlər, 22 iyul 2010
Nino Xaradze

İyulun 22-də BMT-nin Beynəlxalq Məhkəməsinin qərarı təsdiqlədi ki, Kosovonun iki il əvvəl Serbiyadan birtərəfli şəkildə ayrılaraq, müstəqilliyini elan etməsi beynəlxalq hüquq normalarını pozmayıb.

Haaqa Məhkəməsinin bu qərarını gürcü ekspert və siyasətçilər birmənalı qarşılamayıb. Öz növbəsində Gürcüstanın separatçı – Abxaziya və Cənubi Osetiya regionlarının siyasi dairələrindən də şərhlər gəlib. Gürcüstanın ekspert və siyasətçiləri Haaqa Məhkəməsinin qərarının presedent olub-olmayacağı və Gürcüstana təsiri ilə bağlı ümumi fikrə gələ bilmirlər.

Əksəriyyətin fikrincə, BMT-nin Beynəlxalq Məhkəməsinin qərarı separatçı əhval-ruhiyyəli regionlara öz müstəqilliklərini elan etməyə təkan verir.
Beynəlxalq Məhkəmənin iyulun 22-də Kosovonun müstəqilliyinin qanuni olması barədə qərarını serblər divarlara "Kosovo Serbiyanın ürəyidir" kimi şüarlar yazmaqla qarşılayırlar, 23 iyul 2010


«Avropa» Araşdırmaları Mərkəzinin direktoru Kaxa Qoqolaşvili hesab edir ki, Haaqa qətnaməsi ilə bağlı fikir ayrılığı Kosovo və Gürcüstanın tarixi fərqi ilə bağlıdır.

Ekspert deyir ki, Kosovo Serbiyadan ayrılmasını referendum yolu ilə tələb edib, Kosovo əhalisinin mütləq əksəriyyətinin dəstəyi ilə. Abxaziya və Cənubi Osetiyada isə bu baş verməyib və ola da bilməz. Çünki bu ərazilərin əhalisinin əksəriyyəti qovulub. Digər tərəfdəsə regionların statusuna baxılarsa, referendum beynəlxalq hüququn normalarına daxil edilməzdi.

BU QƏRAR ANALOJİ VƏZİYYƏTDƏ OLAN REGİONLARA BEYNƏLXALQ HÜQUQ YOLU İLƏ GETMƏYƏ STİMUL VERƏ BİLƏR

Kaxa Qoqolaşvili hesab edir ki, BMT-nin Beynəlxalq Məhkəməsinin qərarını Gürcüstan reallıqlarına daşımaq məqsədəuyğun deyil:

- Ajiotaj keçəndən sonra əminəm ki, hamı Abxaziya və Samaçabloya beynəlxalq ictimaiyyətin münasibətinin dəyişməz olduğunu anlayacaq. Bu qərar analoji vəziyyətdə olan regionlara beynəlxalq hüquq yolu ilə getməyə stimul verə bilər.

Kosovo ilə separatçı Cənubi Osetiyanın vəziyyəti arasındakı fərqi de-fakto Cənubi Osetiya parlamentinin vitse-spikeri Yuri Dzitzoytı da təsdiqləyir. O hesab edir ki, Cənubi Osetiyanın müstəqil olmaq üçün hüquqi əsası daha çoxdur:

CƏNUBİ OSETİYANIN TANINMAQ ÜÇÜN DAHA ÇOX ƏSASI NƏYDİ?

- Hesab edirəm ki, Cənubi Osetiyanın Kosovo ilə müqayisədə Qərb tərəfdən tanınmaq üçün daha çox əsası vardı. Niyə? İzah edim. Çünki Cənubi Osetiya müstəqilliyini o zaman elan edib ki, Gürcüstan hələ BMT üzvü deyildi və təkcə Ukrayna tərəfindən tanınırdı. Kosovo isə beynəlxalq səviyyədə tanınan, BMT üzvü olan Serbiyadan ayrılıb.

Kosovo serbləri də ikiyə bölünmüş Mitrovica şəhərinə toplaşıb etiraz aksiyası keçirirlər, 22 iyul 2010

Abxaz politoloq İrakli Xantba isə hesab edir ki, Abxaziya Kosovadan çox tanınmağa layiqdir və Haaqa Məhkəməsinin qərarı Abxaziya üçün presedent kimi nəzərdən keçirilə bilər:

BU, ÇOX CİDDİ TARİXİ-SİYASİ ADDIMDIR

- Kosovanın müstəqilliyi barədə qərarın beynəlxalq hüquq və beynəlxalq qanunlara uyğunluğunun tanınması şübhəsiz Abxaziya üçün müəyyən presedent kimi nəzərdən keçirilə bilər. Hesab edirəm ki, bu, Abxaziya üçün müəyyən presedent rolunu oynayır. Mən demirəm ki, Abxaziyanı yalnız Kosovanı tanıdıqları üçün tanıyıblar. Ancaq bu, çox ciddi tarixi-siyasi addımdır. Bu o deməkdir ki, sən demə, bugünkü dünyada metropoliyanın, yəni ölkələrin iradəsinə zidd olaraq separatçı qurumları tanımaq mümkündür.

PRESEDENTSİZ QƏRAR

Konfliktoloq Paata Zakareişvili məhkəmənin qərarını presedentsiz sayır. Beynəlxalq hüququn təmin etdiyi ərazi bütövlüyü sual altındadır. Əgər özünü müstəqil elan etmə beynəlxalq hüququn bir hissəsi kimi tanınırsa, onda Abxaziya və Cənubi Osetiya bunu edib.

Zakareişvili Gürcüstan məsələsini Kosovanın tanınması lokomotivindən sonra dayanan vaqona bənzədir. O deyir ki, beynəlxalq qanunvericiliklə pərdələnən və Rusiyanın təzyiqlərinə baxmayaraq Abxaziya və Samaçablonı tanımayan ölkələr bu arqumentlərini də itirirlər:

- Beynəlxalq hüquq bu və ya başqa ərazinin özünü müstəqil elan etməsini nə tanıyır, nə də qadağan edir. Bu isə ölkənin iradəsinə zidd olaraq onun ərazi bütövlüyünün pozulmasına səbəb olur. Serbiya da bu dövlətlərdəndir.

David Darçaşvili

Parlamentin Avropaya İnteqrasiya Komitəsinin sədri David Darçiaşvili hesab edir ki, münaqişələrdəki əhəmiyyətli fərqləri, Kosova və Gürcüstanın separatçı respublikaları ərazilərində etnik təmizləmələri nəzərə almaqla Haaqa Məhkəməsinin qərarının Gürcüstan reallığına tətbiqi məqsədəuyğun deyil:

HAMI KOSOVA VƏ BİZİM REGİONLAR ARASINDAKI FƏRQİ QEYD EDİRLƏR

- Kosovanın tanınması haqda mülahizələr uzun müddətdir davam edir. Bəziləri deyir ki, bu, düzdür, başqaları isə əksini deyir. Amma hamı Kosova və bizim regionlar arasındakı fərqi qeyd edir. Kosovanın müstəqilliyi kosovalıların etnik təmizlənməsinə əsaslanır. Bizim halda isə əksinə, beynəlxalq formatda çoxillik danışıqlara və beynəlxalq sülhməramlı əməliyyatlara əsaslanır.

David Darçiaşvili deyir ki, Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi heç vaxt tanınmayacaq

«Haaqa Məhkəməsinin verdiyi qərar nə qədər presedent yaratsa da, ABŞ və Rusiya kimi böyük dövlətlərin siyasətinə təsir edə bilməyəcək».

Siyasi ekspert Soso Tsiskarişvili bu fikirdədir. Ekspert hesab edir ki, məhz bu dövlətlərin köməyi və himayəsi ilə bir tərəfdən Kosovanın, o biri tərəfdən Abxaziya və Cənubi Osetiyanın müstəqilliyi tanınıb.

XS
SM
MD
LG