Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:37

Haaqa Məhkəməsinin qərarı presedent yarada bilərmi?


The Netherlands -- The Hague war crimes courtroom

The Netherlands -- The Hague war crimes courtroom

Azərbaycanlıların bir qismi 1990-cı illərin ortalarında Kosovo haqda beynəlxalq xəbərlərdən eşidib. Çoxları bilir ki, Kosovodakı münaqişəni hər zaman Qarabağ münaqişəsi ilə müqayisə edirlər, bəziləri xatırlayır ki, Kosovodakı NATO qoşunlarının sıralarında azərbaycanlılar da xidmət edirdi. Amma Kosovonın harada olduğu barədə suala çox az adam cavab verə bilər.

Adının çəkilməsini istəməyən bir gənc qız deyir ki, Kosovo tam hüquqlu və müstəqil dövlət ola bilsə, çox ehtimal ki, taleyin hökmü ilə bu Balkan ölkəsində yaşayan rəfiqəsinə zəng etmək ona ucuz başa gələcək.

Şuşadan məcburi köçkün Kərim Kərimov BMT-nin Haaqa Məhkəməsinin Kosovonun müstəqilliyinin qanunsuz olmaması barədə qərarından sonra baş verən siyasi hadisələri diqqətlə izləyir. Xüsusilə Dağlıq Qarabağ ermənilərinin bu qərarı alqışlamasını, qərarın Qarabağ münaqişəsinə dair yeni siyasi vəziyyət yaratması barədə bəyanatlarını. Kərim Kərimovun fikrincə, Ermənistan tərəf həmişə bu cür fürsətlərdən yararlanmağa çalışıb, amma nəticəsi olmayıb:

AZƏRBAYCAN BU CÜR FÜRSƏTLƏRƏ HAZIR OLMALIDIR

- Ermənilər təkcə Kosovo məsələsində deyil, buna qədər də müxtəlif bəhanələr gətiriblər. Qarabağ hadisələrinin əvvəlindən bu günə kimi bütün dünya modellərini fürsət kimi istifadə ediblər, bu gün də edirlər. Bütün bunlar Qarabağı Azərbaycandan ayırmağa yönəlib. Kosovo, qeyri-Kosovo nümunələri ermənilərin istifadə etdikləri, istifadə etməyə cəhd etdikləri fürsətlərdir. Ona görə də Azərbaycan bu cür fürsətlərə hazır olmalıdır.

Kosovo 2008-ci ildə birtərəfli qaydada öz müstəqilliyini elan edib. Serbiya bunu qanunsuz sayırdı və 2009-cu ildə BMT-nin Haaqa Məhkəməsinə müraciət etmişdi. Haaqa Məhkəməsi isə iyulun 21-də elan etdi ki, Kosovonun öz müstəqilliyini elan etməsi beynəlxalq qanunların pozulması deyil.

Həll olunmamış münaqişələrlə dolu Qafqaz üçün bu məsələdən necə nəticə çıxarmaq olar?

Lakin bir çox Bakı sakinləri hesab etmirlər ki, Haaqa Məhkəməsinin qərarının Dağlıq Qarabağ münaqişəsinin həllinə bir oxşarlığı və ya bağlantısı var. Onlar deyirlər ki, bu iki konflikt arasında fərq çox böyükdür:

BUNU DAĞLIQ QARABAĞA AİD ETMƏK OLMAZ

- Dağlıq Qarabağda etnik təmizləmə aparılmayıb. Ermənilər bizim öz torpağımızda otura-otura bizi oradan qovub çıxarıblar. Amma Kosovoda serblər orda etnik təmizləmə aparıblar. Ona görə də BMT Kosovonu müstəqil dövlət kimi tanıyıb. Bunu Dağlıq Qarabağa aid etmək olmaz. Serblər kütləvi şəkildə albanları, Kosovo millətini qırıb. Amma bizdə əksinə olub, ermənilər bizim soydaşlarımızı qırıb.

- Dağlıq Qarabağ Azərbaycan torpağıdır, neçə milyon qaçqınımız var. Kosovo başqa bir problemin həllidir, Qarabağ isə tamamilə başqa.

- Kosovo ilə Dağlıq Qarabağı eyniləşdirmək olmaz.

- Ermənilər heç vaxt bu iddianı qaldıra bilməz ki, biz Kosovo kimi müstəqil bir respublika yaradırıq. Qarabağ Azərbaycanın torpağıdır və Azərbaycan da öz müqəddəratını həll etməlidir.

Elxan Poluxov
Rəsmi Bakının bu barədə verdiyi şərhlər sıravi vətəndaşların şərhlərindən çox da fərqlənmir. Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov deyir ki, münaqişələr fərqlidirsə, yanaşmalar da fərqli olmalıdır:

BU RƏY YALNIZ KOSOVA MƏSƏLƏSİNƏ AİDDİR

- Hesab edirik ki, beynəlxalq məhkəmə tərəfindən verilən rəy yalnız Kosova məsələsinə aiddir. Dünyada olan konfliktlər öz özəlliyi ilə fərqlənir və onların həllinə dair hansısa bir yeganə müvafiq həll variantı yoxdur. Verilən qərarın Dağlıq Qarabağ münaqişəsinə hər hansı bir təsirini biz görmürük və münaqişə öz formatında həll olunmaqdadır.

Poluxovun sözlərinə görə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə beynəlxalq mandatı olan Minsk Qrupu məşğuldur, yəni danışıqlar bu çərçivədə gedir.

Minsk Qrupuna həmsədrlik edən ölkələrdən biri - Amerika Birləşmiş Ştatları Kosovonun müstəqilliyini ilk tanıyanlardandır. Politoloq Vəfa Quluzadə deyir ki, Birləşmiş Ştatlar istəsə, Dağlıq Qarabağın da müstəqilliyini tanıyar və dünyaya tanıtdırar. Amma...

BU, AĞLASIĞMAZ, YARAMAZ BİR CƏHD OLAR

- Qərbin, Amerikanın iradəsi olsa ki, Dağlıq Qarabağda müstəqil dövlət yaratsınlar, həmin dövləti yarada bilərlər. Çünki Amerika dünyanın ən güclü ölkəsidir. Amma bu, ağlasığmaz, yaramaz bir cəhd olar. Azərbaycan isə ona layiqdir ki, NATO güc tətbiq edərək erməniləri işğal etdikləri ərazilərdən çıxarsın. Ümumilikdə isə Kosova ilə bağlı verilən qərarın Dağlıq Qarabağ münaqişəsinə hər hansı bir təsirini mən görmürəm.

V.Quluzadə fikrini onunla əsaslandırır ki, kosovalılarla Dağlıq Qarabağ ermənilərinin münaqişədəki statusları fərqlidir – biri qurbandır, o biri təcavüzkar:

Vəfa Quluzadə
- Kosovo əhalisi serblər tərəfindən soyqırımına məruz qalıblar və bunu bütün dünya tanıyıbdır. Buna görə də Kosovanın tam hüququ var ki, serblərdən ayrı, müstəqil yaşasın. Amma Qarabağ erməniləri əksinə azərbaycanlıları Rusiyanın köməkliyi ilə soyqırımına məruz qoyublar.

BELƏ HALLARDA HƏTTA MƏHKƏMƏYƏ MÜRACİƏT MÜMKÜN DEYİL

Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə direktoru Sabin Freyzer də həmçinin hesab edir ki, Haaqa Məhkəməsinin qərarı Dağlıq Qarabağ və digər Qafqaz münaqişələri üçün presedent ola bilməz. Onun sözlərinə görə, belə hallarda hətta məhkəməyə müraciət mümkün deyil.

Ona görə ki, tanınmamış qurumların və o cümlədən Qarabağdakı rejimin beynəlxalq məhkəməyə müraciət etmək hüququ yoxdur. Müraciət üçün onlar BMT-nin Baş Assambleyası və Təhlükəsizlik Şurasından dəstək almalıdır. Freyzer deyir ki, məhkəməyə müraciət etmək üçün tanınmış, müstəqil dövlət olmaq lazımdır.

Vəfa Quluzadənin sözlərinə görə, Qarabağ ermənilərinin gəldiyi qərardan asılı olmayaraq, Azərbaycanın Dağlıq Qarabağın müstəqilliyini tanımaq fikri yoxdur və məhkəməyə də müraciət etməyəcək.

«FAR» Araşdırmalar Mərkəzinin rəhbəri Hikmət Hacızadə isə məsələyə belə saymazyana yanaşmanın tərəfdarı deyil. Onun fikrincə, Haaqa Məhkəməsinin qərarı presedentə çevrilə bilər. Ən azından ermənilər buna çalışacaqlar:

MƏSƏLƏLƏR OXŞARDIR

Hikmət Hacızadə
- Bu, həm beynəlxalq hüquq, həm də Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından çox təhlükəlidir. Çünki məsələlər oxşardır. Gələcəkdə ermənilər bildirəcəklər ki, Kosova ayrıldı və beynəlxalq məhkəmə onların müstəqilliyini qəbul etdi, biz də beynəlxalq məhkəməyə müraciət edirik.

Ermənistan siyasətçiləri isə artıq Kosova barədə qərarı presedent olaraq gördüklərini deyirlər. Daşnaksutyun parlament fraksiyasının rəhbəri Vahan Hovanesyanın sözlərinə görə, indi Dağlıq Qarabağ separatçı rejiminin statusunu leqallaşdırmaq üçün yeni imkanlar açılıb:

YENİ İNSTRUMENT, YENİ İMKANLAR ƏLDƏ ETMİŞİK

- Qərar açıq-aşkar onu göstərir ki, müstəqilliyin birtərəfli qaydada bəyan edilməsi qanunsuz sayıla bilməz. Bunun üçün müəyyən şərtlərin olması lazımdır, əlbəttə. Qarabağda isə Kosovodakı şərtlər və daha artığı var. Bu o deməkdir ki, indi biz Dağlıq Qarabağ Respublikasının müstəqilliyinin beynəlxalq səviyyədə tanınması istiqamətində mübarizə üçün yeni instrument, yeni imkanlar əldə etmişik.

Hüquqşünas Erkin Qədirlinin fikrincə isə, Ermənistan müxalifəti beynəlxalq məhkəmənin qərarına lazım olduğundan çox optimist yanaşır, elə Kosovo və Dağlıq Qarabağın düşdüyü şərtlərin müqayisəsində də yanlışlığa yol verirlər:

BEYNƏLXALQ HÜQUQ AZƏRBAYCANIN XEYRİNƏDİR

- Beynəlxalq hüquqda dövlətlərin müstəqillik əldə etməsinin yolları göstərilməyib. Dövlətlərin yaranmasının legitim və ya qeyri-legitim prosedurları da müəyyən edilməyib. Ona görə də dövlətlərin yaranması fakt məsələsidir, yəni yarana biləcəksə, başqa dövlətlər onun müstəqilliyini tanıyacaqlarsa, özünü təsdiqləyə biləcəksə, beynəlxalq münasibətlərdə tərəf ola biləcəksə, özünün sabit ərazisi ola biləcəksə, qərar qəbul edən mərkəzi hökuməti və bu hökuməti qəbul edən xalqı olacaqsa, bu zaman müstəqil dövlət sayıla bilər. Amma Ermənistanın beynəlxalq hüquqi arqumentləri hər zaman zəif olub və beynəlxalq hüquq Azərbaycanın xeyrinədir.

Erkin Qədirli
Hüquqşünas deyir ki, Dağlıq Qarabağ Kosovodan fərqli olaraq dövlət ola biləcəyini sübut etməyib. Ona görə də, Haaqa Məhkəməsindən arqument kimi istifadə etmək cəhdlərinin heç bir ciddi nəticəsi olmayacaq.

Serbiya Kosovo üzərində nəzarətini 1999-cu ildə itirib. O vaxt NATO-nun 78 günlük bombardmanı Serbiya ilə Kosovo albanları arasındakı davaya son qoydu və Kosovonu BMT idarə etməyə başladı.

O vaxtdan Kosovodakı 2 milyon alban və 120 min serb Kosovonun daxilində ayrıca yaşayırlar.

Dağlıq Qarabağdan məcburi köçkün Kərim Kərimov münaqişənin həll olunmasını gözləyir ki, öz evinə qayıtsın. O deyir ki, məhkəmənin hansı qərar verəcəyi əsas deyil, əsas odur ki, o və onun kimi yarım milyon Qarabağ köçkünü Qarabağda təhlükəsiz yaşaya biləcəkmi?

Günün bütün mövzuları

XS
SM
MD
LG