Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 00:19

«Orda bir oğlan lazımıydı durub prezidentə desin ki…»


Qulu Məhərrəmli AzadlıqRadiosunun studiyasında
Qulu Məhərrəmli AzadlıqRadiosunun studiyasında
«MƏNİM DƏ GÜNAHIM VAR»

«Jurnalistikanın bugünkü duruma düşməsində mənim də günahım var». «Panorama» verilişinin qonağı - BDU-nun jurnalistika fakültəsinin müəllimi, Jurnalistikanın İnkişafına Yardım Fondunun rəhbəri Qulu Məhərrəmli belə deyir:

«Əlbəttə, günahımı görürəm. Düşünürəm ki, Mətbuat Şurasında təmsil olunanda daha səmərəli işləyə bilərdim. Axı biz onda görürdük ki, mətbuat hansı istiqamətdə azdırılır. Ona görə nizamnamə dəyişikliyi olanda biz ciddi etiraz etdik. Amma birbaşa deyim ki, həm mətbuatın, həm televiziyaların bu duruma düşməsində bizim hamımızın günahı var. Amma bir çoxları ilə müqayisədə mənim günahım nisbətən azdır».

«UCUZ SATILAN MƏTBUAT»

Qulu Məhərrəmli deyir ki, mətbuatın 135 illiyilə bağlı tədbirlər düşünmək üçün xeyli mövzu verdi:

«Jurnalisti niyə döyürlər? Jurnalisti niyə həbs edirlər? Bunu mətbuatın ictimai rəyə təsirinin azalması ilə əlaqələndirirəm. Hakimiyyətin də müəyyən təsiri var sözsüz. Amma son altı-yeddi ildə mətbuatda da ciddi aşınmalar gedib. Mətbuat günü deyirdilər ki, bizə ev versinlər, fəxri ad versinlər, pul versinlər. Mən heyrətə gəlirəm bunu eşidəndə. Sanki ictimai missiya yaddan çıxıb. Başqa şeyin hayındadırlar. Mətbuat idarəolunan, satın alınan, özü də xeyli ucuz satılan mətbuata çevrilib».

«BUNLARIN BİR ÇOXU BİRİNCİ ŞƏXSLƏRDİR»


Qulu Məhərrəmlinin qənaətincə, əvvəllər jurnalistləri döyüb qorxurdurdular, indisə maddi təminatla neytrallaşdırırlar. Və ikinci yol daha təhlükəlidir:

«Hansı xidmətlərimizə görə biz ev istəyirik, ad istəyirik? Niyə jurnalistin evi olmalıdır, onun qonşusu olan həkimin yox?...Bu gün bizim mediada simasız şəxslər meydana çıxıb. Bunların bir çoxu da birinci şəxslərdir. Onların çoxu ictimai əxlaqı pozmaqla məşğuldurlar, onların mediada ictimai missiyanı gerçəkləşdirməyə mənəvi haqları və daxili gücləri yoxdur. Onlarınkı baş girləməkdir, qəzet korlamaqla məşğuldurlar».

ELMAR HÜSEYNOV FƏDAİ İDİMİ?

«Panorma»nın qonağı Azərbaycan mediasında fədailərin olmamasından təəssüfləndiyini deyib.
«Sizcə, qətlə yetirilən «Monitor» jurnalının redaktoru Elmar Hüseynov fədai deyilmi?» sualına cavab olaraq deyib:

«Elmar Hüseynovun qatilləri onun çıxardığı jurnalın səhifələri arasındadır. O tənqidçi medianın nümunəsini yaratdığına görə qətlə yetirildi. Onun ölümündən sonra mətbuatda bir cəsarətsizlik də müşahidə olundu, redaktorların gözünün odu alındı. Amma o adamların haqqı yoxuydu ki, qəzetə rəhbərlik etsinlər. Əgər sona qədər missiyamızı yerinə yetirə, mübarizəmizi apara bilmiriksə, işləmək, qəzet çıxarmaq haqqımız yoxdur. Biz düşünməliyik ki, nə dərəcədə bu cəmiyyəti, onun problemlərini doğru-dürüst əks etdiririk. Daha televiziyaları demirəm, onlar tam buğda yeyib cənnətdən çıxana oxşayırlar».

«ORDA BİR OĞLAN LAZIMIYDI Kİ…»

Qulu Məhərrəmli həbsdəki jurnalist və bloqçuların azad olunması ilə bağlı ziyalıların müraciətinə prezidentin hələlik cavab verməməsinə də münasibət bildirib:

- Prezidentin Mətbuat Şurasına gəlməsi yaxşı haldır. Amma orda Şura üzvləri də danışmalı, medianın problemlərini qaldırmalıydılar.

- Ələlxüsus da prezident Azərbaycanda azad sözə görə jurnalistlərin həbs olunmadığını deyirdisə…

- Orda bir oğlan lazımıydı durub prezidentə desin ki, bəs türmədə yatanlar kimlərdir? Onlar niyə həbsdədirlər?..
XS
SM
MD
LG