Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 15:11

Sultan Mərzili "Qədimi məktublara müasir cavab" (Hekayə əvəzi)


Çox hörmətli, cənablar, yoldaşlar və vətəndaşlar!

Xalq yazıçıları, millət vəkilləri və milli oxucular! İcazə verin, sizləri intizarda qoymuş bir məsələni açıqlayım.

Özü də bu vəzifəni müftə-müsəlləm, yəni ictimai əsaslarla, heç bir maaş, məvacib, donluq, mükafat və milli mentalitetimizə uyğun olaraq pay-püş də ummadan aydınlaşdırım.

Yəni, məlum unvanlı, Şöhrətli-şanlı Məktubunuza, naməlum səbəbdən, məlun fələkdən qurulan məlum ələkdən keçməyərək ünvanına getmədiyini və bu nədəndən Prezidentin Zati-Alilərinin diqqətinə yetmədiyini bəyan edim.

Onunçün minərək zaman atlarına, baş vurmalıyıq tarixin dərin-dayaz qatlarına.

Çünki, hər bir fövqəladə addımı tarixi baxımdan yanaşıb bənzərini tapıb qiyas ilə rəy və səy vermək gərək ki, ədalətli və şərafətli olsun.

Yəni, ziyalı insanlarımız daha da işıqlı və nurani, nuranilərimiz isə yaraşıqlı və pirani olsun. Və bissimillah! Di başlayaq.

... XVIII əsrdə Qarabağa yay bundan da isti gəlmişdi.

Bu səbəbdən bütün şəhər əyan-əşrəfləri, ağsaqqal və cavanları və muğam ustaları şəhərdəki məclis və toylardan qaçıb, İsa Bulağının üstündə məclis açıb, mahnı və təsniflərdən yan keçib, qazsız, amma sərin və ləzzətli İsa Bulağının başında əyləşib qırqovul, kəklik, turac kababından yeyir, hərdən bulaq suyundan, ya da bu sudan qatığa qatıb ayran edib içirdilər.

Xanəndələr istidən Segahın ancaq xaric şöbəsini oxuyurdular. Tarzənlər Sadıqcanın ixtira etdiyi tarı dilləndirirdilər.

Bircə kamançada astadan dəmtutanlar ermənilər idi. Onlar da türk qiyafəsində olduqlarından, yalnız arxadan baxan olarsa bellərinin qozbelliyilə, yandan baxan olsa burunlarının əyriliyindən seçilərdilər.

Qabaqdan baxanda papaqlarını gözlərinin üstünə endirdiklərindən heç türkdən seçilmirdilər.

Qalan hər şey düz idi. Oxuyanların zil səsləri çox uzaqlara gedirdi, zəngullələr dağların başına, ağacların qəlbi budaqlarının ucuna ilişir, qıvrım nazənin telləri kimi havada yellənirdi. Amma Şuşa qalasından arana, yəni Kür qırağına səs gedib çatmırdı.

O səbəbdən xanlığın eşik ağası, yəni xarici işlər naziri Molla Pənah əvvəl istədi bir quş uçurtsun. Sonra gördü kü, yox, iş quşluq deyil.

Quşunu qarğa-quzğun apara bilər. Siz nə düşündünüz bilmirəm, amma mən ciddi adamlardan yazanda ancaq ciddi şeylər nəzərdə tuturam.

Yəni, poçt quşları olan göyərçinlərdən söhbət gedir, hərçənd hər bir şair təxəyyülü gözəli də göyərçinə bənzədə bilər, hətta bu hüquqdan yazıçılar da istifadə edərək gözəl Göyərçin obrazını surət edib qoyublar ortaya, yəni ədəbiyyat məcməəsinə.

Mola vəzir qələminin ucunu tüpürcəkləyib düzəltdi, hardansa ilişmiş qılı üfürüb kənara atdı və sonra gözəl katibə vəzifəsini ifa edən xanımın əlində tutduğu müşk ətirli qələmdana batırdı.

Bu prosesi qəsdən bir az uzatdı və yaradıcı adam kimi müəyyən qısa ləzzət və ilham alsa da təcili və məxfi bir məktuba başladı.

Gözəl nəstəliq xətti elə gözəlin üzünə düşən xəttinə bənzəyirdi və doğrudan da saçı lama, ağzı mimə, dişləri sinə, sinəsi də o məktub yazılan ağ kağıza bənzəyirdi, amma üstünlüyü o sinənin daha qabarıq olmasında idi.

Gözaltı baxanda qar kimi iki məmə arasındakı həmayıl, həm vəziri hayıl edirdi, həm də mayil, həm də işığı gözə düşəndə xəyallardan ayıldırdı. Vəzir məktubu bitirəndə nə düşündüsə, üç nöqtə qoydu...

Nöqtənin birini kağıza, birini saqi vəzifəsini də yerinə yetirən katibə xanımın sol yanağına, birini də gümüş düyməsi açılıb görünməkdə olduğundan ağ zərif göbəyinin üstünə qoydu.

Bu anda bayaqdan xumarlanıb mürgüləməkdə olan xanım diksindi, yanaqlarına toxunan uzun tumaş kirpiklərini qaldırıb vəzirə elə baxdı ki, elə bil onun canını alacaqdı.

Yəni gözlər qoşa göygöl idi ki, açılıb ona baxırdı. Vəzir bir istədi ki, sərinləmək üçün söyunub o qoşa göldə çimə.

Özünü saxlaya bilməyib göllərdən sonuncu nöqtəyə tərəf əyildi və şiddətli bir maç, yəni klassik busə aldı. Gördü ki, nöqtələrin hər üçü yaraşıb.

İstədi xanımı soyundurub bu işi davam etdirə, yəni nöqtə məsələsini, amma gördü ki, nöqtələrin sayını artırsa xanım sığırçına bənzəyəcək və onda harasa uçub əlindən çıxa da bilər.

Səbr etdi, insan səbrli olmalıdır, molla da həmçinin. Sonra tüpürcəkləyib məktubun ağzını bağladı.

Göbəkdən alınan öpüşün dadı ağzından məktuba keçdi. Xanın əks-kəşfiyyatçıları məktubu açmazdan qabaq iyləsəydilər, başağrısı baş verə bilərdi. Hər bir işdə risq var.

Vəzir qəlbinin atəşinə bənzər şam üstündə surqucu əridib qırmızı ipək sapla düydüyü yerə tökdü, buğlanan surqucu azacıq dən düşmüş, ancaq hələ də yaraşıqlı görünən bığ və saqqal əhatəsində olan doaqlarından sanki ah çəkirmiş kimi püfləyib üstündən iri qaşlı üzüyü ilə möhürləyib işi bitirdi.

Məktubu çapara verib yola saldı.

Bundan sonra hörmətli vəzirin saqi katibə ilə sərin qarabağ şərabı nuş edib siğə məcarasina keçməyi gəlir və o da bildiyiniz kim üç gün, üç gecə davam edir. Və hər gününə bir "Şəftəli budağı", "Kamasutra" və dəxi "Eşqin Daosu" və s. kimi cild-cild əsərlər yazmaq olar ki, Caminin "Yusif və Züleyxası" onun yanında cam ilə üskük timsalında qalar.

Amma işin vacibliyindən keçək məxfi məktubumuza.

Bu hində məktub yazılanda imkan edib boylana bilmədiyimizdən, və o kiprikli saqi heyrərtlə gözlərini açdıqda qarmaqarışıq saydığı ərəb xəttindən yalnız bir sətri yadında saxlaya bildiyindən bi də o məktubun hələlik bir sətrinin şifrəsini aça bilimişik.

O da belədir:"Gözüm yollarda qalmış, xəbər yox Kür qırağından..."

Yəni Kür qırağında ov səfərinə çıxmış, yaxud partizan hərəkatı təşkili ilə məşğul olan Xan həzrətləri məktubu oxusun və cavab versin.

Güman ki, dövlət çevrilişi, ya İrandan hücum təhlükəsi, yaxud şimaldan Urus basqısı gözlənilirmiş, yaxud da növbəti gözəl xanımı siğə etmək üçün təcili icazə istənilirmiş. Amma cavab hələ də gözlənilir.

Bəlkə o səbəbdən sonra Qacar Şuşanı aldı, sonra da başını ağlı bir şey kəsmədiyi işə salıb qarabağlılara başını kəsdirdi, Məmməd bəy də vəziri ayağına kəndir bağladaraq insafsızcasına qisas üçün dərəyə tolazlatdı, nə isə...

Keçək məktublarımıza.

Əslində məktub gələndə Xan həzrətləri Kür qırağında bir su Pərisi ilə super məclis qurub dövlət işləri ilə bərabər dünya işləri ilə də məşğul idi və hətta vəziri kimi, bəlkə ondan da gözəl misralar yaradırdı:

"Ah bu gözəl su pərisi, Gül ləçəyidir dərisi. Qabağında şəmamələr, Yemiş-qarpızdır gerisi... " Xanlıqda o zamanlar plagiatçılıq qoyunçuluq və atçılıqdan bərk yayıldığından Xan misraları gözəlin üzünə baxa-baxa, astadan ürəyində pıçıldadı.

Kim bilir, hər kolun dalında bir şair, yazıçı gizlənib bəlkə də ona qulaq asırdılar.

Əvvəl Xan istədi şeirlərini də dövlət sirri kimi şifrələsin, məsələn, üstünə bir "Əlif" qoysun. Yəni qızın qəddi, özünün də bir hissəsi əlif kimidir mənasında.

Rəhmətlik Molla Məhəmməd Bağdadi demişkən, "Bir əlifdir sanasan, yazılıb qan içrə!" Deməli, qırmızı əlif, bu günkü əlifbaya keçəndə qırmızıca "A" alınır. AAA!, tanış gəlir ki!

Hə, ola bilsin ki, qarışıqlıqda, çay qırağı qamışlıqda hər şey tanış gəlsin, qaban donuza, turac xoruza, su pərisi də barlardakı bir qıza...

Ədəbə riayət edək və Xan həzrətlərini çox narahat etməyərək bir kənara çəkilək.

Hərçənd maraq adamı elə çəkir ki, keşikçilərin qılınc və nizəsindən qorxmasaydıq bir az da yaxına gedib o şən mırıltı və xırıltıları, qaqqıltı və pıqqıltıları daha yaxından araşdıra bilərdik.

Bu hadisədən düz bir əsr otdü. Haq-talanın izni ilə Islam məmləklətlərinin birində Mirzə Cəlil adlı bir nurani alim kişi zühur etdi.

Və bu tarixin qaranlıq səhifəsinə çıraq tutub bu işi təhlil və təhqiq edib əngəlin "Poçt qutusu"nda olduğunu tapdı. Bu səbəbdən elektron poçtasını ixtira etdi və cəmi dünyada, o cümlədən Qafqasiyada qurulmasını nəzəri əsaslandırdı. Bu ilə qədər hər şey yağ kimi gedirdi.

Amma bu ilki istilərdən nəinki dağlarda qar əridi, Kür daşdı, qırağındakı bütün tarixi sirləri silib -süpürüb apardı, bizim də araşdırmalarımızı əngəllədi, hətta istilərdən insanın ayağı, başı, burnu, gözü, qarnı və başqa orqanları şişərək, adi fəhlədən tutmuş fövqəladə nazirlərə qədər kişilər ayıb olmasın, öz təbii funksiyasını yerinə yetirə bilmədilər, onlar bir-birini, güvəndiyimiz bilgisayarlar da bizi saymadı.

Yəni bu qədər hörmətli, şərafətli, əlamətli kişilərin, lətafətli, məlahətli, kəramətli məktubları gedib mənzil başına çıxmadı. İndi gördünüzmü, bir poçta quşu, yaxud atlı çapar hələ əhəmiyyətini itirməmiş.

Və lakin, və əmma, və müəmma bu ki, məktubun uzərinə iki-üç mənalı "ŞM!"( yəni Şanlı Məktub, Şirə Məktub, Şükrani Məktub) kodu yazılsa da bir şey alınmayıb, çünki andır kompyüter çoxbilmişliyindən ala qarğa kimi dimdiyindən tələyə düşüb, brauzeri sürüşüb, proqramı büzüşüb, ana platasının da başına daş düşüb, latın şifrəsini ərəb qrafikasına oxşadıb elə "ŞM"-ya, yəni Suriya Məkanına, ordan da Şama doğru göndərir.

Şam Təhlükəsizlik İdarəsi də onu xəlvəti şam işığında oxuyub "spam" hesab edərək məhv edib!

Bu incəliklərdən xəbəri olan bəxtəvər millətin bəxtiyar vəkili, qırmızıyanaq, qırmızıqalstuklu, qırmızı sözlü, rəvan avazlı, qırğı gözlü, qəşəng bığlı və eynəkli, vicdan kimi tər-təmiz bəyaz köynəkli, ziyali görkəmli, sözü otkəmli, yəni Bəxtiyar Sadıqov müəllim kondisioneri qoşdurub pencəyi çiyninə atır ki, döş nişanı onda olan şöhrəti-şanı daha da üzə çıxartsın və danışanda sözlərində elmin, yazanda isə əldə qələmin təsir qüvvəsini daha da artırsın.

Və vəkilliyinə sadiq qalaraq xalqla Prezidenti qarışıq salmadığını bəyan edir.

Çünki, həqiqətən xalqın yerinə nə istəsən danışa bilərsən, zira o xalqın hər nümayəndəsinin ağzndan min avaz gəlir, çünki qarşıda festival durur, demokratik caz gəlir, amma prezidentlik isə mütləq bir qaydadı.

Prezidentin əvəzinə söz demək üçün gərək ya özün Prezident olasan, buna da yaxşı yeyib-içib sərin yerdə rahat yatanda yuxuda görmək olar, ya da milli yox, Məxsusi vəkalətin olsa.

Day burdan beləsini yaza bilmirəm, çünki istidən mənim də qələmim şişdi və daha qələmdana sığışmır.

İnşallah, sərin düşər, külək əsər və badi-səbanın köməyilə Ala dağdan xəbər, Qara dağdan ətər gələr, heç hormətli kişilərin də zəhmətinə ehtiyac qalmaz.
Və bununçün üç sərinlik duası yazıb birini su quyusuna, birini artezan bulıağına, birini də kanalizasiya xəttinə atdım!

Di xoşca qalın!

Amma düzü o məktub nədən yazılmışdı, niyə yazılmışdı hələ də mənə qaranlıq qalır. O da aydın olar inşallah!

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG