Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:49

ATƏT: «Azərbaycanda toplaşma azadlığı faktiki olaraq məhduddur»


ATƏT-in seçkiqabağı vəziyyəti qiymətləndirmə missiyası Azərbaycanda seçki öncəsi durumla bağlı hesabat yayıb.

Hesabatda deyilir ki, seçkilərin texniki təşkilini təkmilləşdirmək üçün tədbirlər görülsə də, Azərbaycan hələ də seçkilərin demokratik mühitinin yaxşılaşdırılmasında çətinliklərlə üzləşir:

«Xüsusilə, Bakının mərkəzində siyasi partiyaların müntəzəm olaraq toplaşmaq müraciətləri rədd edildiyindən, toplaşma azadlığı faktiki olaraq çox məhduddur. Həbslər, diffamasiya üzrə məhkəmə prosesləri və jurnalistlər üzərində digər təzyiq formaları Azərbaycanda media azadlığını məhdudlaşdırır və demokratik seçki prosesinə xas olan ideyaların sərbəst ifadə edilməsi üçün əlverişli olmayan mühit yaradır».

ATƏT-in qiymətləndirmə missiyası kiçik ictimai müzakirə ilə 2010-cu ilin iyun ayında Seçki Məcəlləsinə edilən düzəlişlərə toxunub. Belə ki, 2005-ci il parlament seçkilərindən etibarən seçki kampaniyası üçün əlverişli olan vaxt müddəti 60 gündən 23 günə endirilib.

«Seçkilər arasındakı müddətdə mülki və siyasi hüquqların icrası ilə bağlı mövcud maneələri nəzərə alaraq, «Seçki Məcəlləsi»ndəki son dəyişikliklər namizədlər və partiyaların öz fikirlərini seçicilərə çatdırmaq imkanını faktiki olaraq məhdudlaşdırır», - deyə sənəddə qeyd edilir.

Hesabatda bildirilir ki, seçki komissiyalarının tərkibi üçün düstur çox mübahisəli məsələ olaraq qalır. «Çünki təcrübədə bu, hökumət tərəfdarı olan qüvvələrə bütün səviyyələrdə həlledici üstünlük verir və seçki administrasiyasının qərəzsizliyinə olan etimada xələl gətirir».

Missiya qeyd edir ki, 2005-ci il parlament seçkilərindən etibarən «Seçki Məcəlləsi»ndə seçki prosesinə məmurların müdaxiləsinin qadağan edilməsi, şikayət və müraciətlərin nəzərə alınması üçün mütəxəssislərdən ibarət qrupun yaradılması və təkrarən səsvermədə iştirakın qarşısını almaq üçün seçicilərin barmaqlarının mürəkkəbə batırılması üzrə bəzi tədbirlər görülüb. «Lakin uzun müddətli tövsiyələrə baxmayaraq, digər mühüm məsələlərə, xüsusilə seçki komissiyasının tərkibi, nəticələrin ləğvi və hərbi səsvermə məsələlərinə baxılmayıb».

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ictimaiyyətin seçki prosesinə etimadını artırmaq üçün Azərbaycanın dövlət orqanlarını hesabatda qeyd edilən məsələlərin, xüsusilə, toplaşma azadlığının təmin edilməsi, media mühitinin təkmilləşdirilməsi və seçki komissiyalarının tərkibi ilə bağlı məsələlərin həll edilməsi üçün tədbirlər görməyə çağırır.

Azərbaycanda parlament serçkilərini ATƏT-in 30 uzunmüddətli, 450 qısamüddətli müşahidəçisinin izləyəcəyi gözlənilir.
XS
SM
MD
LG