Keçid linkləri

2024, 17 Aprel, çərşənbə, Bakı vaxtı 03:14

Rafiq Tağı: “Quş dövlət başçısına satılmaqla dolanmır ki...”


Yazıçı Rafiq Tağı ilə "Demokrat" qəzetinin əməkdaşı, gənc yazar Xuraman Hüseynzadə söhbətləşib.

- Ədəbiyyat naminə heç nə edə bilməyən, zəhmət çəkməyən, bunun müqabilində az-çox maddi ehtiyacı ödənən AYB-nin yazıçı-şairləri və ədəbiyyat uğrunda hər cür fədakarlıq göstərən, yazan və oxunan, əvəzində isə dövlətin qayğısından məhrum, maddi ehtiyac içərisində yaşayan əks tərəf - AYO-çular və onlarla bir sırada duranlar.

Bu anormallığı necə şərh edərdiniz?


- Bütün təqsir seçilməmişlərin seçdiyi daltoniklərdədir. Ezop dilindəki bu sözü sakitlikdə özünüz üçün tərcümə edərsiniz.

Vərdiş üzrə “dövlət adamı” adlandırdığımız yuxarı eşelon adamları bunu çoxdan bilməli idi ki, ədəbiyyatın dövlətə heç bir dəxli yoxdur.

Ədəbiyyat ümumbəşəri işdir və adətən dövlət qələbəliklərində yox, şəxsi hücrələrdə yaranır.

Dövlət Şoloxovu yaratmamışdı, ancaq onu məhv edə bilərdi. Diktaturada şoloxovların sağ qalması zərurət yox, təsadüfdür.

Monumental-maddi quruculuqlara qadir diktaturalar yaradıcı insanlara münasibətdə öldürücülük kəsb edir.

Bizdə - postsovet məkanı sakinlərində, öldürülən və öldürülməyən yazıçıların sayına görə siyasi rejimləri dəyərləndirmək qabiliyyəti var.

Artıq məni yuxudan durğuzsalar da, dərhal deyə bilərəm ki, bizdə hansı yazar və haçan içəridə oturdula bilər.

Ədəbiyyat təsərrüfat sahəsi deyil və bu səbəbdən dövlətin ona dair siyasəti də absurd sayılmalıdır.

Dövlət bir ictimai-siyasi qurum olaraq, mahiyyətcə ədəbiyyata yaddır, əslində ona ziddir və heç vaxt da onu anlamaq iqtidarında olmur.

Ədəbiyyata “velikiy kormçiy” gərək deyil. Quş dövlət başçısına satılmaqla dolanmır ki... Yaxşı dolandırılan piyli quşlar yalnız qızıl qəfəslərdə cövlan edə bilir.

Şair quşdan bir az artıq qidalanan varlıqdır və satılmazsa, Allah onu dolandırasıdır. Bəlkə də ancaq ateist şairlər padşahlara qısılır.

Dövlət başçısından ad, ev, iş yeri uman sənətkar məğmundur. Axı, sənətkar niyə özü işləyib, özü qazanmamalıdır? Dövlət başçısı ədəbiyyatdan gələsi təhlükələri tüfeyli yazıçılar yetişdirməklə neytrallaşdırır.

Ümumiyyətcə, tüfeyli yazıçı asosial ünsürdür. Mən Prezident təqaüdlərinə “tüfeyli payı” deyirəm. Qabaqlar şair Yafəs Türksəs vağzalda ayaqqabı satıb ailəsini dolandırırdı - necə gözəl idi bu.

Şəxsən mən təqaüdə çıxanda, rayonlardan kartof gətirib Bakıda reallaşdırmağı göz altına almışam. Bu iş məni çəkir. İndilikdəsə həkim işləyirəm. Bu da bir fəhləlik növüdür.

Dərhal sizə bir şeyi xatırladım: mən ədəbiyyatı səngərlərə bölməyin əleyhinəyəm.

Biz qanlı döyüşlər aparmırıq. Biz terapevtik effektli tənqidlərə baş vururuq. Mən özüm hərdən əsib-coşub kimisə yamanlayıramsa da, az sonra bunu unuduram.

Mənim içimdə kin-küdurəti, düşmənçilikləri neytrallaşdıran mexanizmlər işləyir.

Bilməliyik ki, ədəbi qurumlarımızınn toqquşmasından Azərbaycan ədəbiyyatı ortaya çıxır. Təmkinimizi itirməyək.

AYB-də mənim çox talantlı dostlarım var. Sadəcə, arzu edərdim ki, onlar bala-bula saxlamaq adıyla beş-üç manata aldanmasın, həqiqətləri müvəqqəti maddi şanslara qurban verməsinlər.

- Azad Yazarlar Ocağına rəhbərlik etdiyiniz dönəmlər nə ilə yadda qaldı?

- AYO-da rəhbərlik şərti anlamdır. Düzü, mən ömrü boyu rəhbər olmaqdan utanmışam və bunu heç bacarmıram da.

Xəstəni sağaltmaq üçün tibb bacısına rəhbərliyi - hə, bacarıram, hərdən yanlış yapıramsa da, yazdığım sözlərə rəhbərliyi - hə, bacarıram.

Lakin bu cür “rəhbərlik”lər əslində “yaradıcılığ”ın başqa adıdır. ...“Mənim dövrümdə” Kitab Klubunda ilk yığıncağımızı keçirirdik. Rasim Qaracanın sözləri indiyəcən qulaqlarımdan getmir:

“İndi də söz verilir AYO başqanı Rafiq Tağıya”. Ölüb yerə girdim. Üstəlik də, “başqan” deyiləndə, yadıma həmişə İsa Qəmbər düşür.

Hə, dostların yanında “başqan” olmaq ayıbıma gəlirdi. Mən özümdən başqa kimi desən rəhbər yerində görə bilərəm.

Təşkilatçılıq qabiliyyəti məndə yoxdur. Ancaq bu qabiliyyəti olanlara qibtə edir, onları alqışlayıram.

Sən demə, dostum Seymur Baycanın da təşkilatçılıq bacarığı yox imiş. Öz aramızda zarafatla ona gülürük.

Toyda-yasda bir yerdə oturmğımız olur; məclis dağılana yaxın, bir də görürsən, Seymur ayağa durdu: “AYO-nun yığıncağı bağlı elan edilir”. Bununla da başqan olaraq keçirdiyi yığıncaqların sayını süni artırmış olur.

Bu lap lətifəyə oxşadı, düzdümü? Biz ondan yığıncaq hesabı çəkən deyilik ki.

Bizim gücümüz bürokratlığımızda yox, əksinə, bürokrat olmamağımızdadır.

Seymur Baycandan mənim umduğum nə ola bilər: vampircəsinə kiminsə qanını stəkana töküb içmək, ya kimlərisə infarkta tutuzdurmaq kimi metamədəni fikirlərdən vaz keçməsi.

Bütün bəşəriyyət infarktın qarşısını almaqda ikən, qoy Seymur Baycanın infarkt törətməkdə adı çıxmasın.

Seymur Baycanı hamı yüksək talantına görə tanıyır, onun yazılarını dörd gözlə oxuyurlar. Axı, həm də biz bilirik ki, bir insan kimi onun qəlbi tamamilə incə simlərdən ibarətdir.

“Qan içməklik” onun yanlış ictimai pozasıdır. Bilirəm ki, iraq olsun, infarkta tutuzdurmaq istədiyi adamın başına bir iş gələrsə, o, göz yaşını sel kimi tökər.

Biz Seymur Baycanı bu cür “şeytanlıq”larına görə sevməyi öyrənməliyik. Bu ilin oktyabrında “başqan”lıqdan gedəsi bu yazarın talantı Azərbaycanın sərvətidir.
Gördünüz ki - mənim “rəhbərliy”imdən yadda qalan Seymur Baycan oldu.

- Ədəbiyyata aidiyyatı olmayan adamların münsif olduğu müsabiqələrə yenə qatılacaqsızmı?

- Haşa və kəlla! Artıq mənim müsabiqələr limitim qurtardı. İndən belə müsabiqələrə qatılmağım bəlkə də yüngüllük olardı. Mən də gördüm, Allaha şükür, hamı da gördü ki, qədim və ulu mədəniyyətimiz müsabiqəpərvər insanlarımızın içində təmizliyə səbəb olmayıb. Hələlik belədir.

- Keçək öz yaradıcılığınıza. Hansı yazıçılardan təsirlənmisiniz?

- Məni böyük nəsrə Maksim Qorkinin “Çelkaş” və “Malva” hekayələri gətirib. Qorkinin “Klim Samginin həyatı” roman-epopeyası uzun illər stolüstü kitabım olub.

Maksim Qorkiyə mənəvi borcumu hələlik yalnız cüzi bir işimlə - Vladislav Xodaseviçin “Qorki” adlı bioqrafik oçerkini Azərbaycan türkcəsinə çevirməklə ödəmiş kimiyəm.

Nədənsə, mənim Lev Tolstoy, Dostoyevski və Qorki kimi nəhənglərə müqəddəslərdən daha çox ehtiramım var.
Mən real nəhəngləri mifoloji nəhənglərdən üstün tuturam.

Allah adına müdrik sözlərindən həmişə qorxu duyduğum peyğəmbərlər mənim həyatımda heç bir işıqlı rol oynamayıb.

Mən həyatdakı bütün uğurlarıma görə yalnız iddiasız insanlara borcluyam.

...Biz səhvən rus şovinistləri ilə onun ədəbiyyatçılarını qarışıq salırıq.

Vladimir Putinə baxıb da Andrey Voznesenskiyə qiymət vermək yaramaz. “Alkaş” olublar deyə, Boris Yeltsinlə Sergey Yesenini bir gözdə görməməliyik. Burda bir şeyi də deməsəm olmayacaq.

Bu yaxınlarda mətbuatda bizim siyasi liderlərdən birinin bu fikrinə rast gəldim: guya Qorbaçovu tutsa, özüciyəz boğub öldürərdi.

Onun bu fikri siyasi populizmin kvintessensiyasıdır. Dünyadakı ən ucuz kişilik növüdür bu. Üstəlik, açığı, bizdə Qorbaçova düzgün qiymət verməyi bacarmırlar. Biz azadlıq mübarizəmizi uydurmuşuq; biz əslində Qorbaçovun sayəsində müstəqil olduq.

Mixail Qorbaçov bir siyasi lider kimi böyük bir epoxanı dəyişə bildi.

O, zamanı təxminən 70 il geri fırlatdısa da, bəşəriyyəti ölçüyəgəlməz dərəcədə irəli atdı. İnandırım, Qorbaçov olmasaydı, SSRİ ərazisindəki milli azadlıq hərəkatları hipoteza şəklində qalacaqdı.

Xüsusən bizim xınayaxdı-toy təfəkkürlü insanlarımız yəqin hələ indi də rayon partiya rəhbərlərini sürəkli alqışlar içində üzdürürdi.

- Təsirləndiyiniz yazarlardan bəhrələnmisinizmi?

“Təsirlənmək” nədir, “bəhrələnmək” nə?

Gəlin buna bircə cümləlik cavab verim: bəşəriyyətin ortaya qoyduğu ən gözəl ədəbiyyat nümunələri Rafiq Tağı yaradıcılığı şəklində bəhrə verib.

- Artur Qənizadə, Şahzadə Dipendra, Bədir, Seyidağa, Xıdır, Sadıq və sair. Kimdi bunlar?

- Düzü, yazdıqlarıma şərh verməkdə çətinlik çəkirəm. Özü də mən yaratdığım obrazlardan dərhal aralanır və bacardıqca onları unuduram.

Bax, sadaladıqlarınızdan Artur Qənizadə, Xıdır və Sadığın hansı hekayəmdə olduqlarını xatırlamıram. Bu saat onlar barədə heç nə deyə bilmərəm.

Yaratdıqlarım artıq oxucuların yar-yoldaşıdır, mənim yox.

Əcəb onlar insanlara təsir göstərə, insanlar da yeni keyfiyyət kəsb edib, mənə təsir göstərələr - bəlkə bu yolla onlar haqda təzədən düşünməli olam.

Mən obrazlarımdan büt düzəldib, onlardan təsəlli tapan yazarlardan deyiləm.

- Bəziləri iddia edir ki, Rafiq Tağı bir az uzunçuluğa meyl edən yazıçıdır...

- Bunun əksini deyənlər daha çoxdur. Rəhmətlik dostum Mehdi Bəyazid deyərdi: Rafiq, sən bir və ya bir neçə roman materialını kiçik bir hekayəyə yükləyirsən.

Yaxud bir insanı iki-üç cümləyə yerləşdirib keçirsən, deyərdi. Bu yaxınlarda “Avatar” filminə baxdım. Vallah, mən elə ideyalara öz esselərimdə bir abzasdan artıq yer ayırmıram.

Qoy buradaca deyim ki, filosof Ağalar Məmmədov da ayırmazdı.

- Sizə ərkyana bir irad bildirmək istəyirəm. Məsələn, “Meqapolis qonağı” hekayənizdə uzunçuluqdan başqa hekayənin adı ilə də bağlı bir anlaşılmazlıq var.

Sanki “meqapolis” sözü hekayənin bir-iki yerində göstərilməklə sırf adın bu sözlə ifadə olunmasına hesablanıb. “Meqapolis qonağı”nın sözün hər iki mənasında hekayənin başına çıxarılmasındansa, bəlkə məsələn, “Darbalaq savaşı” daha uyğun bir seçim olardı?!

- Bizdə necə deyirlər: icazə verin, sizinlə razılaşmayım.

Məhz hekayənin içindəki sözlər yox, məğz ada çevrilir. Axırıncı hekayəm olduğundan, ordakı hər şey yadımdadır. Axı, bu hekayədəki bütün kolliziyalar

Rübabə xalanın meqapolisə gəlib-getmələri fonunda baş verir...

Özü də nə zəhmət çəkib oxuyubsunuz. İndiki dövrdə oxuyub-yazan insanlara təşəkkür düşür.

- Andre Jidin “Dünyəvi təamlar” əsəri çox təriflənsə də, ibarəli ifadələrlə zəngin və təmtəraqlı, saxta, həmçinin iddialı olduğu üçün qəbul olunmadı. Daxilən komplekssiz bir yazıçısınız və bu, təbii ki yaradıcılığınıza da sirayət edir.

Bədii əsərdə daxili komplekssizlik təzahürünün, yazıçının, belə deyək, pintiliyinin, sözlərin, fikirlərin səliqəsizliyinin daha tez həzm olunması nə ilə bağlıdır?

- Daxili komplekssizlik, bu, artistizmdən doğmursa, yazıçı üçün fundamental mənəvi dəyərdir. Dediyiniz qalan şeylər böyük yazıçılarda aldadıcı təzahürlərdir. Pinti və səliqəsiz sözlər qətiyyən sənət nümunəsinə çevrilə bilməz.

- Hazırkı ədəbiyyatın inkişaf tempini necə qiymətləndirirsiniz?

- Yorulub yolda qalan “at”ları, “eşşəkrabaları”nı nəzərə almasaq, bu iyirmi ildə ədəbiyyatımız heç vaxt tempdən düşməyib. Əksinə, temp artıb. Görün, ədəbiyyatımız necə maraqlı və rəngarəng olub.

Bu saat mən digər ölkə yazıçıları ilə müqayisədə özümüzünkülərdən daha çox impuls alıram.

- Ədəbi tənqidin aqoniyası nə vəd edir?

- Ədəbi tənqid aqoniyada deyil, sadəcə, ictimai-sosial həyat ədəbi tənqidlə məşğul olanların vaxtını çox alır. Ədəbi tənqid vaxtla bağlı sənətdir.

- Müasir yazarlardan kimləri oxuyur, kimləri təqdir edirsiniz?

- Oxuduqlarımdan çox demişəm. Oxumadıqlarımdansa Nərmin Kamalın və Elçin Hüseynbəylinin hələlik sorağını aldığım təzə romanlarını gözləyirəm. Mən bu iki nasiri ciddi ədəbiyyatın tən ortasında görürəm.

Bir də ki, Kəramət Böyükçölün bu yaxınlarda kitab halında çıxası “Çöl” romanını oxuculara tövsiyə edərdim. Özüm bu romanın sətirlərini adladıqca, oxucu olmağın gözəlliyini təzədən duymuşam.

“Demokrat” qəzeti

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG