Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 09:54
«5+1», «Ailə sevinci», «Yeni Binqo», 5/36, «Uğur», «Bahar Sevincləri», «Taleh Açarı» və «Piramida».

Bunlar Azərbaycanda oynanılan lotereyaların növüdür. Qiymətləri 1 manatdan 2 manata qədərdir.

Tez-tez televiziyalarda keçirilən lotereya tirajlarında evlərin, maşınların və pul uduşlarının olduğu bildirilsə də, əhalidə lotereya oyunlarına daha çox inamsızlıq var. Paytaxt Bakıda fikrini soruşduğum sakinlərin əksəriyyəti lotereya oyunlarına o qədər də inanmadıqlarını bildirdilər:

LOTEREYA RİYAZİYYATI BİLMƏYƏNLƏR ÜÇÜN KÖNÜLLÜ VERGİDİR


- Mən və ailəm heç vaxt lotereya biletləri almırıq. Mən o oyunların doğruluğuna inanmıram. Hesab edirəm ki, lotereya riyaziyyatı bilməyənlər üçün könüllü vergidir.

- İndiyə qədər lotereya alsam da, bir şey udmamışam. Bilmirsən adamın gözünün qabağında nə edirlər, bəlkə elə əvvəldən nəticə məlumdur. Nə bilim.

- İndi televiziyada kök adamı arıq adam kimi göstərirlər, lotereyada adamları aldatmağa nə var ki…

- Düzgün olduğuna inanmıram, hesab edirəm ki, burda fırıldaq var.

MONOPOLİYA

Bir neçə il əvvəl lotereyalarla bağlı şikayətləri araşdıran Azad İstehlakçılar Birliyi də bu sahədə xeyli problemlər aşkarlayıb. Birliyin sədri Eyyub Hüseynov deyir ki, həmin vaxt onlar lotereya oyunları keçirən 23 şirkətin bağlanmasına nail olublar. 2004-cü ildə «Lotereyalar haqqında» Qanun qəbul olunandan sonra bu sahədə da qayda-qanun yaradılacağına ümid etdiklərini deyən Eyyub Hüseynova görə, qanunun qəbulundan qabaq lotereya bazarında baş-alıb gedən xaosu indi «Azərlotereya» Açıq Səhmdar Cəmiyyətinin timsalında
Eyyub Hüseynov
monopoliya əvəz edib:

- Düşündük ki, «Azərlotereya» yaradılandan sonra lotereya bazarında vəziyyət yaxşılaşar, amma çox təəssüf ki, bu gün də «Azərlotereya»nın lotereyaları adamları aldadan lotereyadır.

Azad İstehlakçılar Birliyinin sədri «Azərlotereya»nın tiraj komissiyalarının fəaliyyətindən narazıdır. O iddia edir ki, «Azərlotereya»da fəaliyyət göstərən tiraj komissiyaları heç bir hüququ statusa malik deyil:

- «Azərlotereya»nın fəaliyyətində ən pis cəhət tiraj komissiyalarının hüquqi statusunun qanunla müəyyən olunmaması və heç bir məsələyə müdaxilə etməməsi və formal olaraq orda oturmasıdır.

(Tiraj komissiyası lotereya təşkilatçısı tərəfindən yaradılır və tirajlı lotereyanın uduş fondunun qanunvericiliyə uyğun oynanılmasına nəzarəti həyata keçirir)

QANUN POZUNTUSU

Lotereyalarla bağlı digər bir nöqsan da «Lotereyalar haqqında» Qanunun tələblərinin pozulmasıdır. Belə ki, Qanunun 7-ci maddəsində göstərilir ki, lotereya biletlərinin üzərində onu çap edən müəssisə haqqında məlumat verilməlidir. Amma araşdırmalarımızdan məlum oldu ki, lotereya biletlərini çap edən mətbəə haqqında heç bir lotereya bileti üzərində məlumat yoxdur.

Lotereya məsələləri üzrə ekspert Xəlifə Hüseynov hesab edir ki, əgər lotereya biletlərini çap edən mətbəənin adın biletin üzərində yoxdursa, bu, ciddi qanun pozuntusudur. Onun fikrincə, mətbəənin adının biletin üzərinə yazılmaması şəffaflıqla bağlı
İqtisadi İnkişaf Nazirliyində «Azərlotereya»nın fəaliyyətinin tam şəffaf olduğunu bildirirlər
xeyli suallar doğurur.

Amma hər bir biletin arxasında qeyd olunur ki, hər tirajın uduş fondunun məbləği həmin tiraj üzrə satılmış biletlərin ümumi məbləğinin 50-80 faizini təşkil edir.

«LOTEREYA BAZARINDA TAM ŞƏFFAFLIQDIR»

«Azərlotereya» Açıq Səhmdar Cəmiyyətin təsisçisi olan İqtisadi İnkişaf Nazirliyində isə qurumun fəaliyyətinin tam şəffaf olduğunu bildirirlər.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevə görə, bütün tirajlar hamının gözü qarşısında canlı yayımda keçirilir və burda qeyri-şəffaflıqdan söhbət belə gedə bilməz.

Qaldı kı, şirkətin maliyyə məsələlərilə bağlı hesabatlılığına Abbas Əliyev deyir ki, nə qədər lotereya biletlərinin satılması, uduşlardan nə qədər vəsait əldə olunması və büdcəyə nə qədər vergi ödənilməsilə bağlı bütün məlumatlar qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

34 MİLYON MANATA YAXIN VƏSAİT

«Azərlotereya» ASC-nin internet səhifəsindən əldə etdiyimiz məlumatlara görə, 2009-cu ildə bu qurum lotereyaların satışından 34 milyon manata yaxın vəsait əldə edib, bu vəsaitin 20 milyon manatı, təxminən 60 faizi uduş fonduna ayrılıb. Bundan başqa, cəmiyyətin büdcə və büdcədən kənar fondlara ödədiyi məbləğ 4 milyon 500 min manata yaxın olub.

Hafiz Babalı
Qaldı ki, lotereya biletlərinin üzərində çap olunduğu mətbəənin göstərilməməsinə mətbuat xidmətinin rəhbəri bundan xəbərsiz olduğunu deyir.

TENDER QANUNVERİCİLİYİ DƏ POZULUR

«Turan» İnformasiya Agentliyinin eksperti Hafiz Babalı hesab edir ki, İqtisadi İnkişaf Nazirliyi təsisçisi olduğu qurumu nə qədər müdafiə etsə də, inhisarçı olan bu qurumun fəaliyyətində xeyli problemlər var. Bir dəfə tiraj komissiyasında təmsil olunduğunu deyən iqtisadçı müşahidə etdiyi çatışmazlıqları sadalayır. Deyir ki, satılmış biletlərin yoxlanılması, satılmayan biletlərlə bağlı hansı addımlar atılır, bu proseslərə nəzarət ciddi deyil.

Bundan başqa, Hafiz Babalı uduşlarda oynanılan mənzil və maşınların alınmasında tender qanunvericiliyinin pozulduğunu da deyir:

- Yəni, «Azərlotereya» il ərzində 100-dən çox avtomobil əldə edir və hamısını da birbaşa müqavilə əsasında alır ki, bu da təbii ki, vəsaitlərdən səmərəli istifadə baxımdan uğurlu hesab edilə bilməz.

Hafiz Babalıya görə, «Azərlotereya»nın vəsaitlərdən istifadəsinə nəzarət də şəffaflıq baxımından ürəkaçan deyil. İqtisadçı bütün problemlərin kökündə inhisarçılığın durduğunu bildirir.

Şərhləri göstər

XS
SM
MD
LG