Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 08:06

Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçirilir


Bakıda Azərbaycan-Türkiyə biznes-forumu keçirilir. Tədbirdə Türkiyənin xarici ticarət üzrə dövlət naziri Zəfər Çağlayan və Azərbaycanın İqtisadi İnkişaf naziri Şahin Mustafayev də iştirak edir.

Forumda çıxış edən Şahin Mustafayev qeyd edib ki, Türkiyə və Azərbaycan arasında siyasi, mədəni, iqtisadi və digər sahələrdə əlaqələr yüksələn xətt üzrə inkişaf edir. Xüsusilə də son illərdə reallaşdırılan regional əhəmiyyətli layihələr nəticəsində ölkələr daha da yaxınlaşıb:

«Müstəqillik illərində Azərbaycan iqtisadiyyatına 80 mlrd. dollar investisiya yatırılıb ki, bunun da yarısını xarici investisiyalar təşkil edir. Azərbaycan iqtisadiyyatı bu gün Cənubi Qafqaz iqtisadiyyatının 75%-ni təşkil edir», - deyən Ş. Mustafayev Türkiyə şirkətlərinin Azərbaycan iqtisadiyyatının inkişafında mühüm rol oynadığını vurğulayıb. Nazir ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına münbit zəmin yarandığını da qeyd edib.

Nazir Türkiyə iş adamlarını Azərbaycanla iqtisadiyyatın qeyri-neft sektorunda, xüsusilə də aqrar sektor, turizm, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, tranzit daşımaçılıq və s. sahələrdə əməkdaşlığa çağırıb.

Z. Çağlayan isə ölkələr arasında siyasi əlaqələrdən iqtisadi əlaqələrə kimi müxtəlif sahələrdə əməkdaşlıqdan danışıb. Bu sırada Dağlıq Qarabağ probleminə xüsusi toxunan dövlət naziri «Türkiyə işğal olunmuş torpaqların Azərbaycana qaytarılması və Qarabağ probleminin tezliklə həllini istəyir. Bu, bütün Türkiyənin istəyidir», - deyə bəyan edib.

Dövlət naziri birgə fəaliyyətin müsbət nəticələr verəcəyini söyləyib. Türk şirkətlərinin gəmi inşaatı, kənd təsərrüfatı, inşaat və s. sahələrdə həyata keçirilən layihələrdə iştirakını mümkün sayıb.

Z.Çağlayan şirkətləri işbirliyi yaradarkən mövcud hüququ nəzərə almağı tövsiyə edib: «Sonradan yaranmış problemlər, məhkəmə davaları ölkələr arasında münasibətlərə, yuxarı səviyyədə əlaqələrə öz mənfi təsirini göstərir»./APA/


XS
SM
MD
LG