Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:43

Ədliyyə nazirinə qarşı 5 iddia ərizəsini kim yazıb?


Failə İbrahimovanın müraciətləri
Failə İbrahimovanın müraciətləri
Gəncə şəhər Gigiyena və Epidemiologiya mərkəzinin sabiq şöbə müdiri Failə İbrahimova müraciətlərinə cavab vermədiyi üçün Ədliyyə Naziri Fikrət Məmmədovu və nazirliyin təşkilat-nəzarət baş idarəsinin rəisi Azər Cəfərovu məhkəməyə verib.

Hər şey ondan başlayıb ki, 2006-cı ildə Gəncə şəhər 14 saylı orta məktəbin 18 nəfər müəllim və texniki işçisi Failə İbrahimovanın işlədiyi mərkəzə müraciət edərək onun məktəbdən rüşvət istədiyini bildiriblər.

Bunun böhtan olduğunu bildirən Failə İbrahimova şərəf və ləyaqətinin təhqir olunmasıyla bağlı Gəncə şəhər Nizami Rayon Məhkəməsinə müraciət edib. Rüşvətdən söhbət getdiyindən məsələ Respublika Prokurorluğuna göndərilib. Amma Prokurorluq rüşvətlə bağlı iddiaları təsdiqini tapmayıb. Failə İbrahimova deyir, o prokurorluqdan cavab alandan sonra Nizami rayon məhkəməsinə müraciət edib.

Failə İbrahimova iddia edir ki, hər iki tərəf məhkəmədə ola-ola Nizami rayon məhkəməsinin hakimi Şahin Rzaquliyev tərəflərin məhkəməyə gəlməməsi səbəbindən işə baxılmaması barədə qərardad çıxarıb. Məhkəmənin qərarından apelyasiya şikayəti verəndə də problemlə üzləşib. Şikayətçi üzləşdiyi bütün bu problemlərlə bağlı Gəncə şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizova müraciət edib, onun qəbuluna düşmək istəyib. Amma onun müraciəti cavabsız qalıb.

GƏNCƏ İCRA BAŞÇISINI DA MƏHKƏMƏYƏ VERİB


Failə İbrahimova bu dəfə ona cavab vermədiyinə görə icra başçısını məhkəməyə verib. Ancaq hakim Şahin Rzaquliyevdən narazı olmasına baxmayaraq, onun şikayətinə yenə də həmin hakim baxıb və bu dəfə də iddiası təmin olunmayıb.

Hakim Şahin Rzaquliyevin özü ilə danışa bilmədik. Ancaq Gəncə şəhər Nizami rayon Məhkəməsinin sədri
Ədliyyə Nazirliyinin şöbə rəhbəri Faiq Qurbanov Failə İbrahimovanın şikayətilə tanış deyil
Əli Tağıyev məhkəmələrdə qərəzli yanaşmayla bağlı deyilənləri təkzib etdi:

«Nəinki bizim məhkəmədə hətta ölkənin bütün məhkəmələrində işlərə qərəzli baxılması ilə bağlı məlumatlar düzgün deyil».

Hakim Şahin Rzaquliyevin çıxardığı qərarları ciddi qanun pozuntusu sayan Failə İbrahimova bu dəfə Ədliyyə Naziri Fikrət Məmmədova müraciət edib.

İDDİA ƏRİZƏSİNDƏ SƏHVLƏR, YOXSA...


Failə İbrahimova deyir həmin vaxtdan iki-üç ay keçəndən sonra ona cavab verilib. Amma bu cavabdan qane olmadığı üçün Ədliyyə Naziri Fikrət Məmmədov və Nazirliyin Təşkilat-nəzarət baş idarəsinin rəisi Azər Cəfərova qarşı vəzifəli şəxslərin qanunsuz hərəkət və hərəkətsizliyi barədə iddia ilə Yasamal rayon məhkəməsinə müraciət edib. Amma iddia dörd dəfə ayrı-ayrı hakimin imzası ilə geri qaytarılıb:

«Dörd hakim hərəsi bir nöqsan tapıb iddia ərizəmi geri qaytarır. Mən beşinci dəfə şikayət edirəm, görüm buna nə cavab verəcəklər. İki aydır ki, mən şikayət edirəm, onlar şikayətimi geri qaytarırlar».

Failə İbrahimova həm Gəncədə, həm də Bakıda məhkəmələrin onun iddialarını geri qaytarmasını rəsmi şəxslərin məhkəmələrə təzyiqlərilə bağlı olduğunu iddia edir.

«BİZDƏ BÜTÜN VƏTƏNDAŞLARIN MÜRACİƏTİNƏ CİDDİ YANAŞILIR»


Ədliyyə Nazirliyi insan haqları və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Faiq Qurbanov AzadlıqRadiosuna deyib ki, o Failə İbrahimovanın şikayətilə tanış deyil. Amma qaldı ki, nazirliyə olunan müraciətlərə baxılmasına şöbə rəhbəri deyir ki, indiyə qədər bununla bağlı heç vaxt problem yaranmayıb.

Fuad Ağayev
«Bizdə vətəndaşlar həmişə nazir tərəfindən qəbul olunur və ümumiyyətlə nazirliyin digər rəsmiləri də vətəndaşların müraciətlərinə həssaslıqla yanaşırlar. Bundan başqa İnformasiya əldə etmək haqqında qanun da qəbul olunub və informasiya sorğuları daxil olur və həmişə də vaxtlı-vaxtında o sorğulara cavab verilir. Ola bilər məhkəmənin qərarı onu qane etmir və ona görə də hər şeydə bir problem axtarır».

«HEÇ BİR HAKİM ƏDLİYYƏ NAZİRİNİN ƏLEYHİNƏ QƏRAR QƏBUL EDƏ BİLMƏZ»


Azərbaycan məhkəmələrinin icra hakimiyyətindən asılı olduğunu deyən hüquqşünas Fuad Ağayev isə hakimlərin vətəndaşların şikayətləri ilə bağlı əksər hallarda qərəzli qərarlar qəbul etməsində təəccüblü bir şey görmür. Onun fikrincə, müstəqil olmayan məhkəmələrin hansısa nazirin və ya icra başçısının əleyhinə qərar çıxarması inandırıcı görünmür:

«Hətta iddia ərizəsi əsaslı, qanuni baxımından təmin edilməli olduğu halda belə məhkəmələrin qanunamüvafiq qərar, qətnamə qəbul edəcəyinə mənim inamım azdır».

Failə İbrahimova isə Ədliyyə naziri Fikrət Məmmədova qarşı Yasamal Rayon Məhkəməsinə beşinci dəfə iddia ərizəsi verməyə hazırlaşır.
XS
SM
MD
LG