Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:11
«Bakıdan ayrılanda ən çox anam üçün, qardaşım üçün, Bakı çayxanaları üçün darıxıram. Bir də buranın əti üçün. Azərbaycanın əti heç yanda yoxdur».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının qonağı olan tanınmış tarixçi alim Altay Göyüşov söyləyib. 3 ildir ABŞ-da çalışan alimin fikrincə, istər Aran Qarabağın, istərsə də şimal hissənin ətinin öz xüsusiyyətləri var və onların dadını heç nə vermir. «Əslində isə adam bəzən problemlər üçün də darıxır. Problemsizlik adama darıxdırıcı gəlir».

VƏTƏN HƏMİŞƏ GÖZƏL GÖRÜNÜR?!

Onun fikrincə, Vətən həmişə gözəldir. «Sevdiyin şey həmişə sənə gözəl görünür. Hətta öz əyər-əskikləriylə də. Sözsüz ki, sən əyər-əskiklərin aradan qalxmasını istəyirsən. Amma bütün bunlar adamın gözündə Vətənin önəmini azaltmır. Bu, birmənalıdır».

BAKININ ADAMI ÖZÜNƏ CƏZBETMƏ XÜSUSİYYƏTİ VAR!

Azərbaycan mühacirət ədəbiyyatını çox oxuduğunu, mühacirlərin həyatı ilə tanış olduğunu bildirən Altay Göyüşov onlarda güclü Vətən sevgisinin, Vətənə qayıtmaq ehtirasının ölənə qədər yaşadığını dedi. «Bu hiss azərbaycanlılarda daha çox özünü göstərir. Əslində isə az olmalıdır. Çünki biz köçəriyik. Amma Azərbaycanın və Bakının adamı özünə cəzbetmə gücü, qüdrəti var».

MİRZƏ FƏTƏLİ ONLAR ÜÇÜN DƏ QEYRİ-ADİ FİQURA ÇEVRİLİR...

Atasının arxeoloq olduğunu, həmişə gəzmək, gedib-gəlmək, öyrənmək ehtirası ilə böyüdüyünü deyən qonağımız getdiyi məmləkətlərə tezcə öyrəşdiyini boynuna aldı. A. Göyüşov dərs dediyi universitetdə Azərbaycan ədəbiyyatını sevdirməyə çalışdığını, Füzuli haqqında, Sabir haqqında, M. F. Axundov haqqında sevgi ilə, böyük ruh yüksəkliyi ilə danışdığını başqalarının da etiraf etdiyini vurğuladı. «Nəticədə, Mirzə Fətəli onlar üçün qeyri-adi bir fiqura çevrilir. Sən Azərbaycanı təmsil edirsən. Ölkənin imicinin formalaşmasında iştirak edirsən. Mən bunu özüm üçün vacib bir iş sayıram».

HƏM DƏ UŞAQLARIM TƏHSİL ALIR

A. Göyüşov bununla şəxsi problemlərini də həll etdiyini bildirdi. «Uşaqlarım orda təhsil alırlar. Bu da onlar üçün həm dil öyrənmək baxımından, həm də yüksək səviyyəli təhsilə yiyələnmək baxımından böyük şansdır».

MƏN KİTABXANA SEVƏN ADAMAM

Zəngin kitabxanaların içinə düşdüyündən ləzzətlə danışan A. Göyüşov onların içindən bəzən özümüzə aid, burda tapa bilməyəcəyi hansısa mənbələrə, kitablara rast gəldiyini də etiraf etdi.

--Altay Göyüşovu həyəcanlandıran həmin qaynaqlar, kitablar hansılardır?
--Los Anceleslə Bakının fərqi nədədir?
--Yaşadığı şəhərin çimərliklərindən nələr danışdı?
--Altay Göyüşov hansı jurnalisti daha çox bəyənir-- peşəkar-məddah, ya qismən peşəkar, amma cəsarətli?

Unutmayın ki, yuxarıda yazdıqlarımız verilişin cəmi 10-15 dəqiqəsini əksidir. Bir saata yaxın maraqlı söhbət isə elə bu səhifədən dinləyə bilərsiniz.

Şərhləri göstər

XS
SM
MD
LG