Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 23:08

Gəncə müsəlmanları necə alış-veriş edirlər?


Molla Nəsrəddin

Qiyməti 12 qəpik 28 iyul, 1906 № 17



GƏNCƏ MÜSƏLMANLARININ ALIŞ-VERİŞİ

Müştəri – Məhəmmədbağır əmi, bu yemiş neçə?

Məhəmmədbağır əmi – Balam, vallah özgəsinə altı şahıya satırıq, amma sənə beş şahı.

Müştəri – Məhəmmədbağır əmi, bir abbasıdan artığa almaram.

Məhəmmədbağır əmi – Vallah, billah, Quran haqqı, peyğəmbər haqqı, bircə balamın xeyrini görməyim. Ay kişi sənin başın üçün, bəyəm xaçpərəstsən, məzhəb haqqı mürtəd olum, atama-anama lənət ki, bu gün də bircə qəpik qazanmıram.

Müştəri – Xudahafiz, lazım olmadı (qoyub gedir).

Məhəmmədbağır əmi – Zərər yoxdur, bir abbası olsun, gəl apar, sənə verirəm, özgəsinə vermərəm.

Həlləhuş


QAFQAZ XƏBƏRLƏRİ

Bakı

Bakı camaatı sərdara bu məzmunda ərizə göndərib:

“Bir az vaxtdan sonra Bakıda yaxşı şirin qovun-qarpız çıxacaq, amma di gəl ki, camaat indidən bu fikrə qalıb ki, qovun-qarpızı nə ilə kəsib yeyəcək, çünki xalqın bıçaqlarını kazaklar, saldatlar və qaradovoylar ciblərindən çıxardıblar. İndi camaat sərdardan təvəqqe edir ki, kazaklar ciblərdən çıxardığı şeylərin hamısı kazaklara halal olsun.

Amma Allah xatirəsi üçün bıçaqları qaytarıb versinlər camaata.”

Belə rəvayət var ki, sərdar cənabları bıçaqları qaytarmağa razı olub, bu şərt ilə ki, Bakı müsəlmanları bıçaqları bir-birinin qarnına soxmasınlar.


YUXU

Keçən gecə çoxluca bozbaş yemişdim, amma çox yağlı idi.

Qərəz... yatdım. Yatıb bir belə yuxu gördüm: küçədə bir uşaq əlində zoğal ağacı durub qarışqa yuvasının yanında. Haman yuvadan hədsiz hədsiz qarışqa çıxıb küçənin bir tərəfini bürüyüb.

Uşaq hərdən bir dəyənəyi qalxızıb endirir qarışqaların üstə və hər dəfə də qarışqaların bir çoxunu əzir. Bu heyndə uşağın atası gəlib oğluna deyir: “bala, qarışqaları öldürmə.”

Uşaq səbəbini soruşur və atası cavab verir ki, qarışqaların bir parası adamı sancar, sən ki onları öldürürsən, birdən onların birisi hirslənib səni elə dişlər ki ölərsən. Uşaq qorxub kənar olur.

Yuxudan ayılıb qaçdım Molla Məhəmmədin yanına ki, yuxumu təqib eləsin. Molla kitabı açıb baxdı və dedi:

“Qarışqalar müsəlman millətidir və uşaq General Qoloşapovdu ki, Qarabağda toplar ilə müsəlmanları qırır. Uşağın atası Qafqaz sərdarıdır ki, Qoloşapova deyir: “Balam, bəsdi, az bu müsəlmanları qır, onlarla zarafat eləmək olmaz, onların Bakıda və Salyanda elə zorba pəhləvanları var ki, dağa kəllə gəlirlər. Birdən acıqları tutar, ta nə bilim nə olar” ”

Molla Məhəmmədin bu təbirinə cavabən dedim: “Axund, kitabın düz söyləyir, amma... başım qaşınır.”

Mozalan

"Molla Nəsrəddin təqvimi" Rubrikanın arxivi

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG