Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 15:43

«Əsrin oğurluğu». 325-ci otağın sirri


17 il əvvəl Rüstəm Mustafayev adına Azərbaycan dövlət incəsənət müzeyindən yüzlərlə rəsm əsəri yoxa çıxdı. Bunların arasında 2-ci Dünya müharibəsi zamanı sovetlərin qənimət kimi Bremen muzeyindən götürdükləri məşhur rəssamların əsərləri də var idi. Sonradan «əsrin oğurluğu» adını alan bu hadisənin sorağı Nyu-Yorkdan gəldi, burada oğurluq rəsmlərin satışını həyata keçirən şəxlər yaxalandı. Hadisə dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində idi. Cinayətlə bağlı həm Nyu-Yorkda, həm də Bakıda məhkəmə prosesləri keçirildi, oğurluq rəsmlərin bir qismi Bakıya qaytarıldı, bir qismi isə başqa tale ilə üzləşdi.

17 il keçməsinə baxmayaraq «əsrin oğurluğu» ilə bağlı hələ də bütün suallara cavab verilməyib. Bunu nəzərə alaraq Azərbaycan İncəsənət akademiyasının dosenti, Azərbaycan Rəssamlar İttifaqı Tənqid şöbəsinin rəhbəri, əməkdar incəsənət xadimi Ziyadxan Əliyevlə görüşüb onun fikrini öyrənmək qərarına gəldik.

- 17 il əvvəl, bu hadisələr zamanı Siz İncəsənət muzeyinin Qərbi Avropa və Rusiya incəsənəti şöbəsinin rəhbəri işləyirdiz. Hansı rəssamların əsərləri yoxa çıxmışdı? Heç olmasa ən məhşurlarının adını çəkmək olar?


- O zaman muzeyin Qrafika Fondundan 274 əsər yoxa çıxmışdı. Bunların arasında Rembrandt, Dürer, Van Deyk, Pussen, Karraçi kimi klassiklərin, məşhur rus və sovet rəssamlarının əsərləri də var idi. Bundan başqa, Azərbaycan, İran və Yaponiya sənətkarlarının işi olan 30 ədəd orta əsr miniatürləri də oğurlanmışdı.

- Sadaladığınız rəssamların əsərləri haqda adətən deyirlər ki, bunlar qiymətsiz şedevrlərdi. Amma hər halda maraqlıdır, bu şedevrləri rəqəmlərə çevirsək, təqribən də olsa, hansı məbləğdən söhbət gedə bilər?

Ziyadxan Əliyev
- Oğurluqdan dərhal sonra orta qalxan əsas mübahisələrdən biri də məhz bu rəsmlərin qiyməti ilə bağlı idi. Dünyada belə rəsmlərin qiyməti haqda məlmatı olan bir şəxs kimi mən aralarında Bremen muzeyinin eksponatları da olan bu əsərlərin ümumi qiymətini 100-150 milyon dollar dəyərləndirirəm. Məsələn, Nyu-York eksperti təkcə Dürerin «Qadın hamamı» qrafikasının qiymətini 6 milyon dollar olaraq müəyyən etdi. İndi, özünüz hesabınızı götürün...

- O zaman Sizi istintaqa cəlb elədilərmi, ifadə aldılarmı?

- Əlbəttə, tək məni yox, muzeyin bütün əməkdaşlarını.

- Bəs hansı qisimdə?

- Şahid kimi. Amma istintaqın müəyyən həddində məndə belə təsəvvür yaranırdı ki, müstəntiqlər cinayətin izini tapmağa xüsusi maraq göstərmirlər. Bu, hələ harasıdır, onlar istintaqın versiyası ilə üst-üstə düşməyən ifadə verənlərə müəyyən təzyiqlər də göstərməyə başladılar. Məsələn, şəxsən məni müxtəlif ittihamlarla, şər atmaqla verdiyim ifadələri dəyişməyə təhrik edirdilər. Lakin mən dediklərimin üstündə durur və fikirlərimi müdafiə etməyə, dediklərimi sübut etməyə çalışırdım. Çünki mənim mövqeyim istintaqın cəlb etdiyi “ekspertlər”in fikrinin əksi idi. Bu dırnaqarası mütəxəssislər iddia edirdilər ki, yoxa çıxan rəsmlər heç bir dəyər kəsb etməyən şəkillərdi. Mən isə təkid edirdim ki, olduqca qiymətli şeylər oğurlanıb.

- Dediniz ki, «müstəntiqlər cinayətin izini tapmağa xüsusi maraq göstərmirdilər»... O zaman sual yaranır, niyə? Müstəntiqlərin belə münasibətinin səbəbi nə idi?

- Sözün düzü, o zaman mən Azərbaycanın hüquq-mühafizə orqanlarının səriştəsinə bir qədər şübhə ilə yanaşırdım. Lakin onlar məni müsbət mənada təəccübləndirdilər. İstintaq qrupunün üzvləri yüksək peşəkarlıq nümayiş etdirərək bir həftənin içində hadisələrin zəncirini müəyyən etdilər və cinaytkarların izinə çıxdılar. Onlar vəzifə borclarını dəqiqliklə yerinə yetirib əsas şahid ifadəsini əldə etdilər. Söhbət müzeyin əməkdaşı olan bir fəhlədən gedir, o, öz ifadəsində deyirdi: «Muzeyin direktoru mənə Qrafika Fondunun açarlarını verdi. Mən otağı açdım, orada bir qovluğa yığılan rəsmləri götürüb apardım direktorun evinə, özünə verdim. Ertəsi gün isə rəsmləri Mədəniyyət Nazirliyinə aparıb 325 nömrəli otağa təhvil verdim». Bu otaq nazirliyin Müzey və kitabxanalar şöbəsində yerləşirdi. Odur ki, zəncirin istintaqın məhz bu həlqəsində qırılması məndə yuxarıda qeyd etdiyim şübhələri doğurdu. Aydın hiss olunurdu ki, istintaqın bu versiya üzrə inkişaf etməsi kiminsə marağında deyil. Ona görə də müstəntiqlər tədricən bu versiya ilə bağlı mövqelərindən geri çəkilməyə başladılar. Elə hərəkət edirdilər ki, istintaq bir növ boğulsun. Amma mənim həqiqət ehtirasımı boğa bilmirdilər. Ona görə də Mədəniyyət Nazirliyinin mən işlədiyim şöbəsini ləğv etdilər, məni ixtisara salıb işdən çıxartdılar.

- Qeyd edirsiz ki, «325 nömrəli otağa təhvil verdi». Hara - aydındır. Amma aydın deyil, kimə? Sizin yuxarıda deiklərinizdən doğan birinci sualım budur və ikinci də, həmin fəhlə qovluğu Mədəniyyət Nazirliyinə kimin tapşırığı ilə apardı?


- Fəhlə muzey direktorunun göstərişlərini yerinə yetirirdi. Fəhlənin ifadəsi əsasında Rusiyanın «Raboçaya tribuna» qəzetinin 1994-cü il 30 noyabr sayında Aleksey Voronkovun məqaləsi dərc olundu. Adı belə idi: «Dürer və Rembrandtı müzeydən ət kombinatından kolbasa çıxarırlarmış kimi çırpışdırıblar». Məqalə həmin fəhlənin istintaq zamanı muzey direktoru ilə üzləşməsindən çəkilən videosənəd əsasında yazılmışdı. Sonradan bu məqaləni Bakıda çap olunan «Vətəndaş» qəzeti də Azərbaycan dilinə çevirib dərc etdi. Yazıların heç biri təkzib olunmadı. Təkzib olmadısa, deməli yazılanlar həqiqət idi... Əsərlərin 325 saylı otağa təhvil verilməsi haqda ifadəni verən fəhlənin adı Cəbrayıl Babayev idi. Və elə həmin 94-cü ildə, səhv etmirəmsə, Bakıda çıxan «Arena» qəzetinə müsahibəsində baş müstəntiq Azad Məcidov etiraf edirdi ki, fəhlənin ifadələri həqiqətə uyğundur.

- Bəs muzeyin direktoru kim idi?

- Təbrik Qasımova.

- Bəs Cəbrayıl Babayevdən əsərləri Mədəniyyət nazirliyində qəbul edən şəxs kim idi?

- O zaman Mədəniyyət nazirliyindəki 325-ci otağın yerləşdiyi Muzey və Kitabxanalar şöbəsinə Kərim Tahirov başçılıq edirdi. Hazırda o, Milli kitabxananın (keçmiş M.F.Axundov adına kitabxana – red.) direktorudur.

- Fəhlədən əsərləri alan Kərim Tahirov olub?

- Fəhlə ad çəkməyib, sadəcə olaraq deyib ki, onları 325-ci otağa təhvil verib.

- Bəs istintaq həmin şəxsi müəyyənləşdirə bilib?

- Ola bilər ki, istintaqa məlumdur, yəqin ki, bu haqda istintaq materiallarında məlumat var. Amma mən bunu bilmirəm. Ancaq onu deyiblər ki, Cəbrayıl Babayev qovluğu Mədəniyyət nazirliyindəki 325-ci otağa təhvil verib.

- Sizə elə gəlmirmi ki, bu bir qədər qəribə səslənir? Rəsmlərin hara aparıldığı deyilir, amma kimə verildiyi qaranlıq qalır?

- Yəqin ki, Cəbrayıl Babyev bunu bilir. Məncə, bu ad istintaqa da məlumdur. Düşünmürəm ki, bu, onlar üçün sirr olaraq qalıb.

(Ardını gözləyin...)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG