Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 17:59
Rəsmi Tehran bildirir ki, Avropa Birliyinin yeni sanksiyaları İranın nüvə proqramı ilə bağlı problemin həllini daha da çətinləşdirəcək. İranın Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst iyulun 27-də deyib ki, bu sanksiyalar nə danışıqların bərpasına kömək edəcək, nə də İran xalqının özünün legitim nüvə hüququndan istifadə etmək niyyətini dəyişəcək.

İran Xarici İşlər Nazirliyinin sözçüsü xəbərdarlıq edib ki, yeni sanksiyalar onun təşəbbüskarları üçün mənfi nəticələr doğuracaq.

İyulun 26-da Avropa Birliyi nazirləri Brüsseldə toplaşaraq BMT-nin İrana qarşı tətbiq etdiyi sanksiyalar rejimindən irəli gələn yeni sanksiyaları müəyyənləşdiriblər. Almaniyanın xarici işlər naziri Guido Westerwelle sanksiyaların tətbiqini belə izah edib:

İRANIN NÜVƏ SİLAHI ƏLDƏ ETMƏSİ BUNDAN DA PİS OLAR

«Əlbəttə, ixrac ölkələr üçün heç vaxt belə sanksiyaları müzakirə etmək xoş olmur. Bu heç də bizim ürəyimizcə deyil. Lakin İranın nüvə silahı əldə etməsi bundan da pis olar. Bu sanksiyaların bizə baha başa gələcəyini deyənlər isə uzaqgörən deyillər. Hər kəs bilməlidir ki, İranın nüvə silahı əldə etməsi bizə bu sanksiyalardan da qat-qat baha başa gələ bilər».

Sanksiyaların əsas hədəfi İranın enerji sektoru və gəmiçilik sənayesidir. Sanksiyalar neft emalında, qazın maye halına çevrilməsində, onların kəşfiyyatı və hasilatında istifadə oluna bilən avadanlıq və texnologiyanın İrana satışı və ya ötürülməsini qadağan edir.

Almaniyanın xarici işlər naziri Guido Westerwelle
Ekspertlər bildirirlər ki, yeni Qərb texnologiyası olmasa, İranın enerji sektoru tənəzzül etməkdə davam edəcək. Yeni sanksiyalar Avropa şirkətlərinə İranın dövlət sənayesini, o cümlədən gəmiçilik sənayesini sığortalamağı da qadağan edir. Bu da İranın benzin və digər neft məhsullarını idxal etməsini xeyli çətinləşdirəcək.

40 MİN AVRODAN YUXARI ƏMƏLİYYAT ÜÇÜN XÜSUSİ İCAZƏ LAZIM GƏLƏCƏK

Hazırda İran neft məhsullarına olan tələbatının 40 faizini idxal hesabına ödəyir. Bundan başqa, sanksiyalardan sonra Avropa Birliyinə üzv olan dövlətlər İran banklarının Avropa ölkələrindəki əməliyyatlarına ciddi nəzarət edəcəklər. Bu banklar vasitəsilə 40 min avrodan yuxarı hər hansı əməliyyat aparmaq üçün hökumətin xüsusi icazəsi lazım gələcək.

Avropadan İrana, İrandan da Avropaya yük təyyarələrinin uçuşu da qadağan olunacaq. İyulun 26-da Avropa Birliyinin bu sanksiyaları elan etməsindən az sonra Kanada da oxşar sanksiya tədbirləri ilə çıxış edib. Konkret olaraq İranın enerji sektoruna hər hansı yeni investisiya qoyuluşunu qadağan edib.

Bəs, bu sanksiyalar İranı danışıqlar masasına qaytara biləcək, yoxsa yox? Tehran hər hansı ilkin şərt qoymadan, nüvə dəyiş-düyüşü əməliyyatı üzrə danışıqlara qayıtmağa hazır olduğunu bildirib.

Qərb üçün isə ən əsası İranın nüvə zənginləşdirməsini dayandırmağa razılaşmasıdır.

Türkiyə və Braziliya vasitəsi ilə əldə olunan razılaşmada Tehranın məhz nüvə zənginləşdirməsini dayandıracağı barədə öhdəliyi nəzərdə tutulmadığına görə Qərb həmin sazişi ciddi qəbul etməmişdi.

/Tərcümə etdi: Kəbiran Dilavərli/

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG