Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 20:28

İşsizlik ləğv olundu?


Azər Mehtiyev
Azərbaycanda rəsmi işsizlərin sayı 40 mindir. Dövlət Statistika Komitəsindən verilən məlumatda belə deyilir. O zaman ölkədə rəsmən işsizliyin az qala ləğv olunduğunu elan etmək olar ki… Amma tələsməyək.

«Diqqət yetirirsizsə, son yeddi-səkkiz ildə ölkədə 800 mindən çox iş yerinin açılmasından danışılır. Amma eyni vaxtda da işsizlik səviyyəsinin çox aşağı, elə 40-50 min işsiz olmasından danışılır. Onların dediyinə inansaydıq, onda ölkədə yaradılmış bu qədər iş yeri üçün elə bir o qədər də miqrant gəlməliydi. Halbuki, əmək miqrantlarının sayı da yüz minlərlə ölçülmür».

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Azər Mehtiyev belə deyir. İqtisadçı ona diqqət çəkir ki, rəsmilərin dilindən çıxan rəqəmlər arasında ziddiyyətlər var. Məsələn, rəsmi məlumatlara görə, Azərbaycanda əmək qabiliyyətli insanların təxminən beş faizi işsizdir. Bu da təbii ki, 40 mindən daha çoxdur:

«Yəni bu halda yetərincə böyük rəqəmdən söhbət gedir. Ölkədə əmək qabiliyyətli əhalinin sayı 3,5-4 milyon arasındadır. Bunun da beş faizini götürəndə o zaman işsizlərin sayı yüz mindən çox edir…».

«BU RƏQƏMİ HARDAN ALIBLAR?»

Dövlət Statistika Komitəsinin bu məlumatını saytımıza yerləşdirən kimi gələn şərhlərdən bəzisini çatdıraq.

Nazim Məmmədov
Ağaəli Rusiyanın Kemerovski vilayətinin Belov şəhərindən yazır ki, burda təxminən on minə yaxın azərbaycanlı işləyir. Yazır: «Demək olar ki, əksəriyyətimiz Azərbaycana pul göndərib əzizlərimizi acından ölməyə qoymuruq. Bu 40 min nədir? Bu rəqəmi haradan götürüblər?».

Azər də bu məlumatın yanlış olduğu qənaətindədir. Ona görə, Azərbaycanda işsizlərin sayı dəfələrlə çoxdur:

«SSRİ böyüklükdə dövləti yalan məlumatlar yanı üstə qoydu. Belə davam edərsə, bizim ölkəni də belə tale gözləyir».

Elə parlamentin İqtisadi Siyasət Komitəsinin üzvü Nazim Məmmədov da bu rəqəmləri şübhə altına salır. Onun sözlərinə görə, ölkədə işsizlərin sayı bundan daha çoxdur. Sadəcə, burda söhbət rəsmən işsiz kimi siyahıya alınanlardan gedir:

«Təbii ki, insanlarımızda bir xüsusiyyət var, onlar işsiz statusu almaq üçün harasa müraciət etmirlər. Məsələn, aqrar sektorda bir milyon yarım insan çalışır. Fərdi təsərrüfat sahibləri kimi sığorta olunsalar belə, özlərini işsiz sayırlar. Amma statistikaya düşmək üçün məşğulluq idarələrinə müraciət etmək lazımdır. Statistika Komitəsinin məlumatları rəsmi müraciətlərə əsaslanır. Ancaq hamı bilir ki, işsizlərin sayı yetərincə çoxdur».

YÜZ MANAT ALAN İŞSİZ SAYILIRMI?

Bakıda əmək yarmarkası, 2007
Saytımızın ziyarətçilərindən biri Nahidə görəsə Dövlət Statistika Komitəsi qeydiyyatda olan işsizlərlə yanaşı qeydiyyata düşməyən işsizlərin də siyahısını açıqlamağa borcludur. Nazim Məmmədov deyir ki, bunun mexanizmi yoxdur. Amma İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev başqa fikirdədir. Onun sözlərinə görə, Dövlət Statistika Komitəsi ölkə üzrə işsizlik səviyyəsi haqda bütün məlumatları dərc etməyə borcludur. Başqa ölkələrdə olduğu kimi.

Üstəlik də iqtisadçının dediyinə görə, bu zaman bir çox xüsusiyyətlər də mütləq nəzərə alınmalıdır. Məsələn, işsizlik səviyyəsi hesablanarkən müvəqqəti və ya mövsümi işlə təmin olunanlar da işsiz sayılırlar. Bundan başqa, təhsilinə, potensialına görə işlə təmin olunmayanların, yaxşı maaş almayanların da təsnifatı aparılmalıdır:

«Sosial xartiyada ləyaqətli, layiqli iş termini var. Azərbaycanda 100 manatdan aşağı maaş alanlar var ki, onlar da işlə təmin olunmuş sayılır».

Hər halda, görünən budur ki, işsizlik səviyyəsi haqda məlumat və mənzərəni bir neçə cümlə və ya rəqəmlə ifadə etmək olmurmuş.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG