Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 20:49
Azadlıq Radiosunun “İşdən sonra” proqramında geniş müsahibəsində Müsavat başqanı İsa Qəmbər yazıçı Anarla bağlı sualları da cavablandırıb. Müsahibənin həmin hissəsini diqqətinizə təqdim edirik.

Şahnaz Bəylərqızı: Anar müəllim bizim radio ilə müsahibəni çox ağrılı qarşıladı, bilmirəm, niyə, məncə elə də ağır suallar verilməmişdi...


Isa Qəmbər: Anar bizim nəslin ən yüksək qiymətləndirdiyi intellektuallardan biridir. Biz onun xidmətlərini bilirik, biz onun yazdığı romanların, əsərlərin Azərbaycanda azad fikrə nə qədər xidmət etdiyini xatırlayırıq. Bizim nəsil Anarın “Qobustan” jurnalını xatırlayır. Yəqin indiki nəsil belə bir jurnalın varlığından belə xəbərsizdir.

Şahnaz Bəylərqızı: Mən görmüşəm, rəngli, forması fərqli jurnal idi.

İsa Qəmbər: Görürsüz ki, sizin yadınızda “rəngli, formatı fərqli jurnal” kimi qalıb. Amma o jurnal Azərbaycan xalqının tarixi, mədəniyyəti, özəllikləri ilə bağlı əvvəlki heç bir jurnallarda, kitablarda verilməyən həqiqətləri verirdi. Ona görə də ziyalı kəsiminin ən sevimli jurnalına çevrilmişdi.

Anarın xidmətləri haqda çox danışa bilərəm. Ancaq eyni zamanda məsələyə belə baxaq: Anar müstəqil bir insandır, onun mövqeyində xoşumuza gəlməyən cəhətlər ola bilər. Xoşumuza gəlməyən bu cəhətlər barədə yaza da bilərik, sözümüzü deyə də bilərik, ancaq Anarı o belə... (bu nümunəni özümüzə də aiddir deyə, rahat deyirəm, Anar müəllim də bizi bağışlayar) Bir ara söhbət çıxmışdı ki, Yaponiya şirkətlərində aşağı mərtəbədə şirkətin prezidentinin rezindən fiqurunu düzəldib qoyurdular, yanında da çomaq olurdu ki, işçilər həmin prezidentlərə qəzəblənəndə gəlib bu fiquru zopalarla vursunlar və ürəklərini boşaltsınlar.

İndi Anar kimi şəxsiyyətləri belə döyülən fiqura çevirmək olmaz axı.

Fikirləri, həqiqətləri yazmaq olar, razılaşmamaq olar, amma bunu bir məşqə, xobbiyə çevirmək lazım deyil.

Ancaq eyni zamanda, təbii ki, bizim də Anar müəllimdən məsələlərə daha dözümlü, ictimai proseslərə daha həssas yanaşmasını, gənclərin ondan nə istədiyinə, nə gözlədiyinə daha həssas yanaşmasını istəyə bilərik.

Şahnaz Bəylərqızı: Biz bununla bağlı xüsusi məqsəd qoymamışdıq, dəvət etdik, bizə gələn sualları – necə ki, indi Sizə veiririk, - ona da verdik, sonradan Anar müəllim bəyanat da verdi və bununla bağlı yazılar da getdi, mübahisələr də oldu. Amma mən bu məsələnin ustundə dayanmayıb başqa sual vermək istərdim. Vaxtılə Sizin azadlığa çıxmanıza imza atan ziyalılardan biri də Anar olub.

İsa Qəmbər: Mənim azadlığa çıxmağımda, bəli, Anar, rəhmətlik Yusif Səmədoğlu və rəhmətlik Hüseyn Abbaszadə iştirak etmişdilər. İndi də yadımdadı ki, Hüseyn Abbaszadə prokurorluğa gələndə pasportunu evdə unutduğundan, bilavasitə sənədə imza ata bilmədi, sonra da hər dəfə yarıciddi-yarızarafat deyirdi ki, sənə zamin ola bilmədim, pasportum yadımdan çıxdı...

Və o zaman hüquqi cəhətdən zaminliyi mənə Anarla, Yusif Səmədoğlu etmişdilər. Mənim azad olunmağımla bağlı müraciətlərə çox önəmli və sayqılı imzalar verilmişdi, onların sayı çox idi, sadəcə konkret zamin duranlar Anarla Yusif Səmədoğlu olmuşdular.

Şahnaz Bəylərqızı: Belə çıxır ki, Sizin Anara yumşaq münasibətiniz bir az da ondan irəli gəlir?

İsa Qəmbər: Yox, yox, qətiyyən! Bilirsiz, mən hamıya belə münasibət bəsləyirəm, yəni hakimyyətdən başqa bu efirdən kiminsə haqqında çox sərt fikirlər işlətdiyimi, çox üstünə getdiyimi görmüsüzmü?

Şahnaz Bəylərqızı: Məsələn, jurnaslitlərin....

İsa Qəmbər: Allah eləməsin. Xüsusən də bu gün, mətbuat günü ərəfəsində...

(Müsahibə 22 iyul - Milli Mətbuat günü ərəfəsində götürülüb)

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG