Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:33

İcra Hakimiyyəti qarşısında intihar cəhdi


Qohumları deyir ki, Nizami Zeynalovu polis əməkdaşları yaşadığı küçədə döyərək polis maşınının yük yerinə atıblar
İyulun 21-i axşam Mingəçevir xəstəxanasına gətirilən 49 yaşlı Nizami Zeynalov müalicəsini polis nəzarəti altında alır.

Qohumları deyir ki, Nizami Zeynalovu polis əməkdaşları yaşadığı küçədə döyərək polis maşınının yük yerinə atıblar və Mingəçevir Şəhər Polis İdarəsinə gətiriblər.

Zeynalovun xəsarətləri ağır olduğundan sonradan polis işçiləri onu xəstəxanaya yerləşdirməli olublar. Yaralının üzərində cərrahiyyə əməliyyatı aparılıb və o, reanimasiya şöbəsinə yerləşdirilib. Bu gün səhər isə cərrahiyyə şöbəsinə keçirilib.

SÜRÜNDÜRMƏÇİLİKDƏN BEZİB, İNTİHAR ETMƏK İSTƏYİB

Nizami Zeynalovun yaxın qohumu Vahid Quliyevin sözlərinə görə, Nizami Zeynalov özünə məxsus 6 sot torpaq sahəsini özəlləşdirmək istəsə də, süründürməçilik nəticəsində özəlləşdirməyə nail ola bilmirmiş. Bu səbəbdən də o, bələdiyyə sədrindən şikayət etmək üçün Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşmək istəyib. Dəfələrlə İcra Hakimiyyətinin binasına gəlsə də, başçı onu qəbul etməyib. O da etiraz əlaməti olaraq özünə bıçaqla qəsd edəcəyini bildirib. İcra Hakimiyyətinin işçiləri Nizami Zeynalovu İcra Hakimiyyətinin binasından uzaqlaşdırıblar və hadisə barədə polisə xəbər veriblər.

ÜSTƏLİK POLİS DƏ DÖYÜB?


Evə qayıdarkən Nizami Zeynalov yaşadığı küçədə polis işçiləri ilə qarşılaşıb və sonuncular tərəfindən möhkəm döyülüb. Qohumları deyir ki, polis işçiləri Nizami Zeynalova qurşaqdan aşağı zərbələr vurduqlarından onun cinsiyyət orqanını zədələyiblər, bundan başqa bədəninin digər yerlərinə də xəsarətlər yetiriblər. Hazırda polis işçilərinin nəzarəti altında Mingəçevir Şəhər Xəstəxanasında müalicə olunan Nizami Zeynalova yaxın qohumları ilə görüşməyə icazə verilmir.

ZƏRƏRSİZLƏŞDİRMƏ

Ehsan Zahidov
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzadlıqRadiosuna deyib ki, Nizami Zeynalovu polis işçiləri döyməyib, o, özü özünə bıçaqla xəsarət yetirib. Ehsan Zahidovun sözlərinə görə, Nizami Zeynalov sərxoş vəziyyətdə Mingəçevir Şəhər İcra Hakimiyyəti binasının qarşısına gedərək intihar edəcəyini bildirib. Polis əlində olan bıçağı ondan almaq istərkən həmin bıçaqla öz qarnına xəsarət yetirib:

«Hadisə yerinə gedən əməliyyat qrupu Nizami Zeynalovu intizama dəvət edib bıçağı təhvil verməsini istəyiblər. Lakin o deyib ki, polis əməkdaşları ona yaxınlaşalar özünü bıçaqla vuracaq. Buna baxmayaraq, polis əməkdaşları onu zərərsizləşdirib. Həmin vaxt Nizami Zeynalov öz qarın nahiyəsinə özünə xəsarət yetirib».

NİZAMİ ZEYNALOV İSTİNTAQA CƏLB OLUNACAQ

Ehsan Zahidov deyib ki, hazırda Mingəçevir Şəhər Polis İdarəsində Nizami Zeynalov barəsində xuliqanlıq maddəsi ilə cinayət işi qaldırılıb. O, müalicəsini başa vurandan sonra istintaqa cəlb olunacaq. Buna görə də polis nəzarətində saxlanılır.

Mingəçevir Şəhər Xəstəxanasının cərrahiyyə şöbəsinin Şahin adlı həkimi (təkidlərimizə baxmayaraq həkim soyadını bildirmədi) AzadlıqRadiosuna deyib ki, Nizami Zeynalov xəstəxanaya qarnından bıçaq xəsarəti ilə daxil olub:

«Mən onda başqa xəsarətlər görməmişəm, qarnındakı xəsarətə gəlincə, onu xəstəxanaya gətirən polis işçiləri dedilər ki, o, özü özünü vurub».

Nizami Zeynalovun polis zorakılığı, yoxsa intihar cəhdi nəticəsində xəsarət aldığı hələ ki, aydın deyil. Qohumları bir söz, polis və həkim isə başqa söz deyirlər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG