Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:29

Jurnalist Mətbuat Günündə işini itirdi


Mürşüd Mirzəyev
İmişli Şəkər Zavoduna informasiya sorğusu göndərən «Bizim fakt» qəzetinin bölgə müxbiri Mürşüd Mirzəyev bir ay gözləyib cavab ala bilməyəndən sonra rayon məhkəməsinə müraciət edib.

Müxbir iddia edir ki, elə bundan sonra ona müxtəlif ünvanlardan, hətta Mətbuat Şurasından zənglər olunub ki, iddianı geri götürsün:

«Bunlar biləndə ki, mən Şəkər Zavodunu informasiya sorğusuna cavab vermədiyi üçün məhkəməyə vermişəm, Mətbuat Şurasından tutmuş deputatlar, polislərə qədər müxtəlif yerlərdən mənə zənglər oldu ki, iddia ərizəmi geri götürüm».

İDDİAYA BƏRABƏR İMTİNA


Mürşüd Mirzəyev deyir ki, bundan sonra o iddia ərizəsini geri götürməklə bağlı məhkəməyə müraciət edib. Və məktubda iddianın geri götürmə səbəblərinin ona edilən təzyiqlərlə bağlı olduğunu bildirib:

«Yazdım ki, mənə Mətbuat ŞurasındaN, «Azərsun» Holdinqdən, polis idarələrindən təzyiqlər olduğu üçün mən iddiadan imtina edirəm. Amma məhkəmədən məni çağırdılar və bildirdilər ki, bu qaydada iddianı geri götürə bilmərik. Mən məhkəməyə bildirdim ki, bunu ona görə yazmışam ki, siz də şahid olasınız ki, mən iddia ərizəsini hansı şəraitdə yazmışam. Hakim dedi ki, bu müraciətlə bağlı heç bir qərar verə bilməz».

Beləliklə, məhkəmə iddianı geri götürməyib.

ŞƏKƏR ZAVODUNA VERİLƏN «ACI» SUALLAR

Mürşüd Mirzəyev deyir ki, onun zavod rəhbərliyinə ünvanladığı suallar müəssisədə çalışan yerli işçilərin şikayət dolu müraciətlərindən yaranıb. Həmin sorğuyla o, Şəkər Zavodunun illik istehsal dövriyyəsinin nə qədər olduğunu, zavodda nə qədər yerli və əcnəbi işçinin çalışdığını, işçilərlə bağlanan əmək müqaviləsinin işçilərə verilməməsinin səbəblərini, onların təhlükəsizliyi ilə bağlı hansı işlərin görüldüyünü, bundan başqa işçilərə plastik kartlardan əlavə maaş verilməsi barədə məlumatların doğru olub-olmadığını öyrənmək istəyib.

İmişli Şəkər Zavodunun direktoru Fərhad Tuğal isə jurnalistin onlara qərəzli suallar verdiyini deyir. Direktor bildirir ki, onların suallara cavab verməmək niyyətləri olmayıb, sadəcə həmin suallara baxandan sonra jurnalistə həm yazılı, həm də telefonla bildirilib ki, o bu sualları mərkəzi ofisin ictimaiyyətlə əlaqələr şöbəsinə göndərsin və ordan cavab alsın:

«Yəni məsələ budur, suallara cavab verməmək kimi başqa bir məqsədimiz olmayıb. Sadəcə, müəllimin niyyəti ayrıdır, böhtan atır kimi suallar verir. Nə bilim şəkərə nə qatırsız, neçə nəfərlə nə iş görürsüz,
İmişli Şəkər Zavodu
belə suallar vermək olmaz axı. Elə suallar verir ki, adamın acığı gəlir. Suallar heç xoş suallar deyil. Sanki şantaj edirmiş kimi suallar verir».

Amma jurnalist Mürşüd Mirzəyev Şəkər Zavodundan onun müraciətinə nə yazılı, nə də şifahi cavab verildiyini deyir.

Zavod direktoru onu da deyir ki, «Bizim fakt» qəzetinin baş redaktorundan həmin jurnalistin onların işçisi olmadığı barədə məktub alıblar. Fərhad Tuğalın sözlərinə görə, baş redaktorun onlara verdiyi məktubda göstərilir ki, Mürşüd Mirzəyev adı çəkilən qəzetin bölgə müxbirliyindən çoxdan çıxarılıb.

BAŞ REDAKTOR ÖZ İŞÇİSİNDƏN MƏTBUAT GÜNÜNDƏ NİYƏ İMTİNA EDİB?

Amma «Bizim fakt» qəzetinin baş redaktoru İradə Qaracayeva AzadlıqRadiosuna deyib ki, müxtəlif ünvanlardan edilən müraciətlərdən sonra o, qəzetin bölgə müxbirinin işdən çıxarılması ilə bağlı iyulun 22-də qərar qəbul edib və bu məktubu İmişli rayon məhkəməsinə də göndərib. Baş redaktor əvvəlcə Mürşüd Mirzəyevin jurnalist kimi həmişə müxtəlif problemlər yaratdığını desə də, sonradan AzadlıqRadiosuna müraciət edib bildirdi ki, bölgə müxbirinin heç bir səhvi olmayıb, sadəcə belə bir addımı ona müxtəlif yerlərdən edilən zənglərlə bağlı atıb.

Jurnalist Mürşüd Mirzəyevin sözlərinə görə, hətta baş redaktor ona müraciət edib ki, iddia ərizəsini geri götürməsə, Mətbuat Şurası onların qəzetini «reket qəzet» elan edəcək. Müxbirin iddiasına görə, Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə ona da bir neçə də müraciət edib iddianın geri götürülməsini istəyib.

ÇALIŞIN MƏSƏLƏLƏRİ YOLUNA QOYUN


Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynzadə isə bu fikirləri əsasız sayır və heç vaxt iddianın geri götürülməsilə bağlı nə jurnalistə, nə də baş redaktora müraciət etmədiyini deyir:

«Mən o prosesə qarışa bilmərəm. Amma çalışın məsələləri yoluna qoyun, cəmiyyətdir də, yavaş-yavaş qurmalıyıq. Münasibətləri tənzimləsəz daha yaxşıdır».

Jurnalist Mürşüd Mirzəyev isə Mətbuat Şurasını İmişli Şəkər Zavoduna havadarlıqda ittiham edir. Jurnalistin informasiya almaq hüququnu pozan hərəkətlərə hüquqi qiymət verilməsi tələbilə mülki iddiaya avqustun 2-də baxılacaq.
XS
SM
MD
LG