Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:49

AZƏRBAYCAN MƏTBUATININ 135-Cİ İLDÖNÜMÜ İLƏ ƏLAQƏDAR EYNULLA FƏTULLAYEVİN MÜRACİƏTİ


Eynulla Fətullayev

Eynulla Fətullayev

Hörmətli xanımlar və cənablar!

Əziz dostlar!

Öncə bütün totalitar dövlətlərin qəzəbinə tuş gəlmiş azadfikirli insanların müdafiəsində müstəsna xidmətlər göstərmiş «Azadlıq», BBC, «Amerikanın səsi» radiosuna, eləcə də Azərbaycanda azad sözü yaşadan «Azadlıq», «Yeni Müsavat» qəzetləri, «Mediforum» internet saytına, «Turan» informasiya agentliyinə və bütün azadfikirli həmkarlarıma öz dərin minnətdarlığımı, böyük ehtiramımı və sonsuz məhəbbətimi çatdırmaq istəyirəm. Məhz sizin yorulmaz, usanmaz və rəşadətli müdafiə kampaniyanız sayəsində mən hələ ki həyatda sağ qalıb, həbsxanada da olsa, murdar və cinayətkar rejimlə mübarizə aparmağa müvəffəq olmuşam. Azadlığım əlimdən alınıb, fəqət, azad ruhum ədalətsizlik, zorakılıq, qanunsuzluq və hakimiyyətin törətdiyi özbaşınalıqlarla barışmayıb və heç zaman barışmayacaq.

Xalqımın təbii sərvətini mənimsəyərək, gündəlik qazanc mənbəyinə çevirmiş Əliyevlərin kriminal düşüncəli despotiyası tənqidi və vicdanlı jurnalistikanın sonuna çıxmaq istəyindədir. Əvvəlcə təhqiqatçı jurnalistika və bu janrın mübariz nümunələri – «Monitor» jurnalı, «Realnı Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetləri məhv edildi. Sonra beynəlxalq jurnalistika sıxışdırılıb çıxardılaraq, Azadlıq radiosu, BBC və Amerikanın səsi radiolarının fəaliyyəti qadağan edildi. Növbəti hədəf siyasi jurnalistika və onun mübariz, əzmkar simaları oldu. Hakimiyyəti tənqid edən onlarla jurnalist həbsxana müsibətindən keçərək, qorxudulub döyülərək, əzilərək özünüsenzura şəraitində fəaliyyət göstərməli oldu. Mətbuata qarşı başlanılmış total və sistemli təqibetmə kampaniyasının nəticəsi acınacaqlıdır: nə elektron məkanda, nə də ki çap mediasında müstəqil KİV qalmayıb. Hazırda hakimiyyət internet məkanında «təmizləmə» siyasətini həyata keçirməkdə davam edir və gənc bloqqerlərin rüsvayçı repressiyası azad fikrə qarşı müharibənin yeni dalğasından xəbər verir.

Mən 1999-cu ildən peşəkar jurnalistika ilə məşğul oluram. Və bu 11 il ərzində hakimiyyətin davamlı təzyiq-təqiblərilə üzləşməli olmuşam. 2000-ci ilin yanvarında hakimiyyətə qarşı etdiyim silsiləli televiziya çıxışları səbəbindən bir neçə jurnalistlə birlikdə qəflətən ordu sıralarına çağırılaraq, cəmiyyətdən təcrid olunub, 1.5 il ərzində ən ağır şəraitdə hərbi xidmətdə olmuşam. O zaman – indiki prezidentin atası Heydər Əliyevin yaratdığı qlamur avtoritarizm üsul-idarəsinin hökmranlığı illərində jurnalistlər nadir hallarda həbsə atılırdı. «Hərbi sürgün»dən qayıtdıqdan sonra öz peşəmə yiyələnmək arzusunda bulunsam da, elektron KİV-in hakimiyyətin total nəzarətinə keçməsini yəqin edib, çap jurnalistikasında fəaliyyətimi davam etdirmək qərarını verdim. Müxalifətyönümlü «Millətin səsi» qəzetinin səhifələrində tənqidi yazılarla çıxış etməyə başlasam da, fəqət, iki aydan sonra iqtidarın səbir kasası daşdı, qəzet məhkəmənin qərarı ilə qapandı, baş redaktor həbsə atıldı, prezident administrasiyasının rəhbəri Ramiz Mehdiyevin iddiası ilə mənə qarşı diffamasiya əsasında cinayət işi qaldırıldı. 2001-ci ilin sentyabrında zorən ölkəni tərk etməli oldum və mühacirətə yollandım. Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə məruzəçisi A.Qrossun məsələyə müdaxiləsindən və hakimiyyətdən aldığı təminatdan sonra mənim Azərbaycana qayıdışım mümkün oldu. 2001-ci ilin sonunda dostum və həmkarım Elmar Hüseynovla müstəqil «Monitor» jurnalının fəaliyyətini bərpa etməyə müvəffəq olsaq da, onun rəsmi mətbəələrdə nəşrinə yasaq qoyuldu. Amma biz bir il ərzində jurnalın gizli dərcinə və yarı-rəsmi şəkildə yayımına nail olduq. 2002-ci ilin aprelində Müdafiə naziri Səfər Əbiyev Azərbaycan ordusu haqqında tənqidi məqaləmə görə məni diffamasiyada ittiham edib, məhkəməyə şikayət verib, mənim mühakimə olunmağıma nail oldu. Yasamal rayon Məhkəməsinin qərarı ilə bir il şərti olaraq azadlıqdan məhrum edildim və 100 min ABŞ dolları məbləğində cərimə edildim. 2003-cü il prezident seçkilərinin gedişini işıqlandırarkən, Azadlıq meydanında polislər tərəfindən döyüldüm, 16 oktyabr 2003-cü ildə isə Yasamal rayon Polis İdarəsinin 26-cı bölməsinin əməkdaşları tərəfindən həbs edildim. Yalnız Norveç səfiri Steynar Gilin müdaxiləsindən sonra oktyabrın 17-də sərbəst buraxıldım. 2003-2004-cü illərdə hökumətin nazirləri və deputatlarının çoxsaylı məhkəmə şikayətləri əsasında (yenə də diffamasiya) 300 min ABŞ dollarına yaxın cərimə edildim. 2004-cü ilin iyulun 27-də prezident İlham Əliyevə məxsus «Optima» şirkətilə bağlı apardığım jurnalist təhqiqatlarından sonra (şirkət İsveçrədə yerləşir) şəhərin mərkəzində, Daxili İşlər Nazirliyinin yaxınlığında dəhşətli hücuma məruz qaldım. Bir neçə naməlum şəxs mənə arxadan hücum edərək armaturla baş nahiyəmdən bir neçə ağır zərbə endirib hadisə yerindən rahatlıqla uzaqlaşmışlar. Təsadüf nəticəsində sağ qalsam da, bir ay reabilitasiya kursu keçməli oldum. Polisə şikayət etsəm də, bu günə qədər cinayətkarlar müəyyən edilməyib, istintaq «nəticəsiz» qalıb. Sentyabrın 2-də yenə şəhərin mərkəzində mənə yenə də hücum olunub və bıçaqla xəsarət yetirilib. Polisə şikayətim heç bir səmərə verməyib. Sentyabrın 24-də Moskva şəhərinə xidməti ezamiyyətə yollanan zaman Bakı hava limanında həbs olunub, «terrorçuluğa təhrik»də şübhəli bilinsəm də, beynəlxalq təşkilatların, xüsusilə mənzil qərargahı Nyu-Yorkda yerləşən Jurnalistlərin Beynəlxalq Müdafiə Komitəsinin məsələyə sərt müdaxiləsindən sonra nəhayət sərbəst buraxılmışam.

Yuxarıda sadaladığım faktlar «Monitor» jurnalına, azad yazarlara və təhqiqatçı jurnalistlərə qarşı həyata keçirilən presedentsiz, qəddar kampaniyanın yalnız bəzi detallarıdır. Bu kampaniyanın apogey nöqtəsi isə şübhəsiz ki, dostumuz və həmkarımız Elmar Hüseynovun xüsusi amansızlıqla qətlə yetirilməsi oldu. 2 mart 2005-ci ildə «Monitor» jurnalının baş redaktoru yaşadığı mənzilin qarşısında killerin silahdan atdığı 7 güllə atəşi ilə öldürüldü. İnsanlıq əleyhinə bu ağır cinayətdən sonra «Monitor»un fəaliyyətinə xitam verildi.

2005-ci ildə mən yeni nəşrlər – rusdilli «Realnı Azerbaydjan» və Azərbaycan dilli «Gündəlik Azərbaycan» qəzetlərini, realazer.com portalını, gunazer.com informasiya saytını, «Azerbaydjan v mire» elmi-analitik jurnalını təsis etdim. Qısa zaman ərzində bu dərgilər oxucuların böyük rəğbətini qazanaraq nəinki ölkənin, Qafqazın ən böyük və nüfuzlu nəşrlərinə çevrildi. Bu nəşrlərin səhifələrində də Azərbaycan prezidenti, onun ailəsi və hökumətin korrupsioner, inhisarçı siyasəti ardıcıl tənqid olunurdu, azad sözə geniş yer verilərək, ölkənin ən nüfuzlu, peşəkar və populyar yazarlarının sərbəst düşüncələrinə yer ayrılmışdı. Eyni zamanda, təhqiqatçı jurnalistika janrı – «Monitor»un tədqiqatçı ənənələri qəzetlərin mühüm fəaliyyət spektrini təşkil edirdi. 2005-2006-cı illərdə təhqiqatçı fəaliyyətimin əsas hissəsi ifşa olunaraq həbsə alınmış polis-qanqster dəstəsilə Daxili İşlər Nazirliyi rəhbərliyinin cinayətkar əlaqələrinin ifşasına, ictimai təhqiqatlarla məşğul olan, Almaniyanın «Knauf» firmasının Bakı nümayəndəsi Rəna Nəsibovanın, prokuror Rövşən Əliyevin, polkovnik Fətulla Hüseynovun, akademik Ziya Bünyadovun qətllərinin araşdırılmasına həsr edilmişdir. Jurnalist araşdırmalarımın qarşısını almağa çalışan Daxili İşlər Nazirliyinin rəhbərliyi mənə qarşı müharibə cəbhəsi açaraq, ailə üzvlərimin hədələməsindən tutmuş mənim Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində şantaj olunmağıma qədər çirkin vasitələrə əl ataraq, həqiqətin işıq üzü görməsini hər vəchlə qaşısını almağa cəhd edir, müstəqil jurnalist fəaliyyətimin dayandırılmasına can atırdı. Nəhayət 26 sentyabr 2006-cı ildə şəxsən Daxili İşlər naziri Ramil Usubov diffamasiya ilə bağlı Yasamal rayon Məhkəməsinə müraciət edərək, məni cəzalandırmağa nail olmuş və beləliklə, mən növbəti dəfə 2 il sınaq müddətilə azadlıqdan məhrum olunmuşam.

Eyni zamanda, prezident İlham Əliyevin neft biznesi, Belarusdan idxal olunmuş, istifadə müddəti keçmiş 200 «T-50» tankları ilə bağlı araşdırmam, ofşor şirkətləri vasitəsilə alınan hərbi təyyarələr və başqa çox təhlükəli mövzular haqda apardığım araşdırmalar da hökumətin sonsuz qəzəbinə səbəb oldu və ən yuxarı eşalonlarda mənim «neytrallaşdırılmağım» başlıca müzakirə mövzusuna çevrildi.

2006-cı ilin oktyabrında mən Elmar Hüseynovun qətlinin araşdırılmasında da mühüm uğurlar əldə etdim. Hakimiyyət tərəfindən guya beynəlxalq axtarışa verilən jurnalistin qatillərini – Teymuraz Əliyev, Tahir Xubanov və Sergo Darvişevi Tiflisdə aşkar edərək, onların bu şəhərdə sərbəst şəkildə yaşamasını, nə Azərbaycan, nə də Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən axtarılmadığını müəyyən edəndən sonra, onlarla görüşüb, söhbətləşib, fotoşəkillərini çəkib Azərbaycan mətbuatında dərc olunmasına nail oldum. Bu araşdırmanın dərcindən sonra E.Hüseynovun qətlinin istintaqını aparan Milli Təhlükəsizlik Nazirliyinin təqibi ilə üzləşdim. Cinayətkarları yaxalayıb, dindirmək əvəzinə, xüsusi xidmət orqanları məni dindirməyə başladı və qatilləri kimin vasitəsilə müəyyən etməyimi aydınlaşdırmağa çalışdı. MTN bu cür araşdırmaların qanunsuz olduğunu bildirərək, E.Hüseynovun qətlinin təhqiqatına son qoymağı məndən tələb etdi. Mən isə təhqiqatımı davam etdirdim və jurnalistin qətli ətrafında olan şübhələrin məhz MTN-nin Baş İdarəsinin rəisi, polkovnik Akif Çovdarov üzərində dolaşdığı qənaətinə gəldim və öz şübhələrimi dilə gətirməyə başladım. E.Hüseynovun qətli ilə bağlı təhqiqatımı Avropa Məhkəməsinə və prezident İlham Əliyevə də ünvanlamışam.

2005-ci ildə mən Azərbaycanla Ermənistan arasında müharibəyə səbəb olmuş, mübahisələndirilən əraziyə, hazırda erməni işğalı altında olan Dağlıq Qarabağa səfər edərək Azərbaycan cəmiyyətinə, oxuculara «Qarabağ gündəliyi» sərlövhəli xüsusi reportajda əks etdirdiyim səfər qeydlərimi təqdim edərək, münaqişə tərəfin – Qarabağ ermənilərilə milli problemin həlli perspektivlərinə münasibətimlə bağlı təəssüratlarımı qələmə aldım. Heç şübhəsiz ki, mənim bu pasifist aksiyam, xalqlar arasında barışa yönələn kiçik bir cəhdim militarist əhval-ruhiyyəli, yalançı vətənpərvərliyi təfəkkür tərzinə çevirmiş, öz xalqına belə qənim kəsilmiş psevdopatriotik hökumətin mənafelərinə zidd idi. 2007-ci ilin yanvarında öz şəxsi telekanalları və radioyayımı vasitəsilə Əliyevlər ailəsi mənə qarşı çirkin və bayağı təbliğat kampaniyasına start verdi. Mən «milli maraqlara» xəyanətdən, «erməni xüsusi xidmət orqanlarına xidmət etməyimə» qədər cəfəng ittihamlara məruz qaldım. Hər gün qəzetlərin ofisi hökumət tərəfindən öyrədilmiş, muzdlu, xalq dəstələri tərəfindən hücuma məruz qalır, bizi daş və yumurta atəşinə tuturdular. Bu kampaniya mənim «Azərbaycan xalqının və ordusunun şərəf və ləyaqətinin aşağılanması» kimi gülünc ittihamlarla həbsimə qədər davam etdi. 20 aprel 2007-ci ildə yenə də Yasamal rayon məhkəməsinin sifarişli hökmü ilə mən 2.5 il müddətinə azadlıqdan məhrum edildim. Qəzetlərim isə 20 min dollar məbləğində cərimə olundu. Həmin gün müavinim Üzeyir Cəfərov naməlum şəxslər tərəfindən hücuma məruz qaldı, armaturla onun baş nahiyəsindən bir neçə zərbə vuruldu və o, ağır yaralandı. Lakin qəzetlərimizin mətin və qorxmaz kollektivi mənsiz də mübarizəni davam etdirdi.

Mayın 19-da MTN, DİN, Fövqəladə Hallar Nazirliyinin, Vergilər Nazirliyinin, hətta Yanğından Mühafizə İdarəsinin də iştirak etdiyi birgə əməliyyat nəticəsində qəzetlərin ofisi qapadılmış, kompyuterlərim və bütün maddi-texniki bazam müsadirə edilmiş, ofis avadanlığı yararsız hala salınmışdı. Həmin gün valideynlərimin, dostlarımın və qohumlarımın ev və iş yerlərində axtarış, baxışlar keçirilmişdi. Mənim yaşadığım evdə isə axtarış 8 saat davam etmişdi. Bütün əlyazmalarım müsadirə edilmiş, araşdırmalarım məhv edilib yandırılmışdı.

MTN mənə qarşı 3 yeni cinayət işi açaraq, «Əliyevlər müharibəyə gedir» başlıqlı məqaləni terrora cəhd kimi qiymətləndirərək, məni öz təcridxanalarına keçirərək, 9 ay ərzində təkadamlıq kamerada saxlamışlar. Məhz bu aylar ərzində hakimiyyət adından mənimlə danışıqlar aparan MTN polkovniki Akif Çovdarov mənə Elmar Hüseynovun qətlini təşkil etməkdə etiraf edərək: «Onu öldürmək yox, yandırmaq lazım idi» söyləyərək, məni də ölümlə qorxudurdu. O, məni MTN-lə əməkdaşlığa cəlb etmək cəhdində bulunaraq, azadlığa yalnız hakimiyyətə xidmət edəcəyim müqabilində buraxılmağımın mümkün olduğunu bildirdi. «Sən bizim rejim və Əliyevlər üçün təhlükəlisən. Bizə işləsən buraxarıq», –deyə A.Çovdarov mənim azadlığımla alver edirdi. A.Çovdarov azadlığa buraxılmağım üçün E.Hüseynovun qətli ilə bağlı istintaqa yalançı ifadələr (özü də köhnə tarixlə, müstəntiq Sərdar Carçıyevə) verməyimi zəruri hesab etmişdir. Mən bu çirkin və əxlaqsız təkliflərdən imtina edərək, ağır cəzalanmağı üstün tutdum. 30 oktyabr 2007-ci ildə ( yeri gəlmişkən, 30 oktyabr görkəmli xadim, akademik A.D.Saxarov tərəfindən Siyasi Məhbus Günü kimi elan olunub və hər il dünyanın ayrı-ayrı ölkələrində hüquq-müdafiəçiləri tərəfindən qeyd edilir) Ağır Cinayətlərə dair İşlər Üzrə Məhkəmə məni 8 il 6 ay müddətinə azadlıqdan məhrum etdi. Yenə də yeganə «cinayətim» hökumət əleyhinə yazılan məqalələr, tənqidi və eyni zamanda cəmiyyət qarşısında məsuliyyətli jurnalistika ənənələrini davam etdirməyim idi.

Məni Azərbaycanın ən qəddar Stalin düşərgələri tipli, ucqar səhralıqda yerləşən, heç bir məişət şəraiti olmayan 12 saylı cəzaçəkmə müəssisəsinə göndərdilər. 2 il dözülməz şəraitdə məhkumluq həyatı yaşayaraq, ağır sınaqlarla, qeyri-insani rəftarla, mənəvi işgəncələrlə, iztirablarla üzləşməli oldum. Lakin kriminal düşüncəli despotiya qarşısında baş əymədim. Əksinə pozulmuş, tapdanmış hüquqlarım uğrunda Strasburq Məhkəməsində mübarizə apardım. 2009-cu ilin sonunda mən Strasburq Məhkəməsinin qərarını gözləmək ərəfəsində olduğum halda, qaçılmaz hüquqi məğlubiyyət qarşısında Strasburqdakı azərbaycanlı hakim Xanlar Hacıyev işim üzrə keçiriləcək baxışda iştirak etməkdən imtina etdi və heç bir əsaslı səbəb göstərmədən Palatadan istefa verdi. Bu hadisənin təsadüfi olmadığı qənaətinə gələrək yeni təxribatın qaçılmazlığı təhlükəsiylə üz-üzə qalıb, dekabrın 22-də Azərbaycan ictimaiyyətinə müraciət edərək, hakimiyyət dəhlizlərində mənə qarşı yeni təxribatın hazırlandığını bəyan etdim. Şübhələrimi əsaslandıran isə parlamentin sədri Oqtay Əsədovun 25 dekabr 2009-cu il bəyanatı oldu. Dövlətin başında duran 3-cü şəxs açıq demişdi: «Eynulla Fətullayevdən savayı, başqa siyasi məhbusların azad olunmasını müzakirə etməyə hazırıq». Bu bəyanatdan sonra mənim həbsxanadakı əşyalarımdan heroin «aşkar olunur» və mənə qarşı növbəti cinayət işi qaldırılır. İndi də məni 2 il 6 ay həbs cəzası gözləyir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mənim dərhal azad olunmağım haqda məlum qərarını versə də, kriminal düşüncəli Əliyev hakimiyyəti imperativ səciyyə daşıyan qərarı icra etməkdən imtina edib.

Bəs bu vəziyyətdə nə etməli?! Ancaq mübarizəmi davam etdirməliyəm! Son nəfəsə qədər! Qüvvələr qeyri-bərabər olsa da. Fəqət mən ədalətsizlik qarşısında diz çökməməliyəm! Mən bu gün azadlıq uğrunda mübarizə aparmış nigeriyalı hüquq müdafiəçisi və jurnalist Ken Saro-Vivanın 1995-ci ildə edamından bir neçə dəqiqə öncə söylədiyi kəlamı təkrar etmək istəyirəm: «Onlar tarix hissini itiriblər!». Nigeriyanın taleyini təkrar edən Azərbaycan, daha doğrusu məmləkətimizi «Nigeriya inkişaf yolu»na sürükləyən hakimiyyət unutmamalıdır ki, tarix hətta tarix hissini itirmiş hökumətlər üzərində də qələbə çalır. Azərbaycanda səmimilik və sağlam məntiq də müxaliflik kimi qələmə verilir. Ona görə də mən hakimiyyətə müraciət edirəm: Gözlərinizi açın, bəlkə, siz heç ora baxmırsınız?
XS
SM
MD
LG