Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 12:52

Kameron BP-ni müdafiə etdi


Iyulun 20-də Vaşinqtonda – Ağ evdə görüşən Amerika və Britaniya liderləri Əfqanıstana yardım, İrana sanksiyalar, Yaxın Şərq sülh prosesi və qlobal maliyyə böhranına qarşı tədbirlər məsələlərində üst-üstə düşən mövqelərindən məmnunluqlarını ifadə etsələr də, tərəfdaşlıqlarına kölgə sala biləcək məsələləri də müzakirə ediblər.

Bu da Meksika körfəzində BP şirkətinin platformasında baş verən qəzadan sonra davam edən ekoloji fəlakətdir.

Bundan başqa iddialar var ki, vaxtilə Amerika vətəndaşlarına qarşı törədilən Lokerbi terrorunun təşkilatçılarından olmuş şəxsin həbsdən azad edilərək Liviyaya qaytarılması məsələsində BP-nin əli var.

Amerika prezidenti Barak Obama mayda Britaniyanın baş naziri vəzifəsinə gələn və ABŞ-a ilk rəsmi səfərini edən Devid Kameronla görüşün çox səmərəli olduğunu deyib.

ONLAR BİR-BİRİLƏRİNƏ “BARAK” VƏ “DEVİD” DEYƏ ADLA MÜRACİƏT EDİBLƏR

Obama bildirib ki, bəzilərinin şübhələrinə baxmayaraq Amerika və Britaniya - qoşunları yaxın illərdə Əfqanıstandan çıxarmaq planına real sayır.
Britanyanın baş naziri inanır ki, tezliklə Talibanı məğlub etmək və Əfqanıstanda təhlükəsizliyin təmin edilməsini 2014-cü ildə yerli qüvvələrə təhvil vermək mümkün olacaq.

Meksika körfəzinə neft axmasının qarşısını yalnız 2 aydan sonra almaq mümkün olub.
“Amerika və Britaniyanın çiyin-çiyinə çalışmasına ən gözəl nümunə onların Əfqanıstandakı birgə missiyasıdır. Helmandda Britaniya hərbçiləri Amerika komandanlığı altında, Qəndəharda isə Amerika qüvvələri Britaniya komandanlığı altında xidmət edir”.

Hər iki lider İrana müraciət ediblər ki, mübahisəli nüvə proqramından əl çəksin. Qərb ölkələri şübhələnirlər ki, İran dinc nüvə proqramı adı altında atom bombası düzəltməyə çalışır. Obama və Kameron İrana qarşı sanksiyalara dəstəklərini bir daha ifadə ediblər.

İki ölkə lideri İsrail və Fələstinlilər arasında birbaşa danışıqların bərpasına çağırıblar. Bundan başqa həm Obama, həm də Kameron qlobal maliyyə böhranının bir daha təkrarlanmaması üçün maliyyə sektorunda islahatların aparılmasının vacibliyini vurğulayıblar.

Analitiklər bildirirdilər ki,

KAMERON AMERİKA SƏFƏRİNDƏ BP-Nİ MÜDAFİƏ ETMƏYƏ ÇALIŞACAQ

BP Britaniyanın ən böyük şirkətidir. Meksika körfəzində baş verən qəzadan sonra dənizə o qədər neft axıb ki, bu, Amerika tarixində ən böyük ekoloji fəlakətə yol açıb. Bu, Amerika prezidentini çox qəzəbləndirmişdi.

BP-nin üzərinə 20 milyard dollarlıq kompensasiya fondu təsis etmək öhdəliyi qoyulub. Bundan sonra BP-nin səhmləri kəskin ucuzlaşıb. Şirkət dünyanın bir sıra ölkələrində səhmlərini satmağa məcbur olub.

Kameron Obama ilə görüşdən sonra BP-nin qəzaya görə məsuliyyətini etiraf etsə də, deyib ki, BP həm də amerikalılara minlərlə iş yeri açıb və şirkətin müflis olmasına yol vermək olmaz.

İki ölkə arasında narazılıq yaratmış məsələlərdən biri də keçən il liviyalı terrorçu Maqrahinin həbsdən azad edilməsi və Liviyaya təhvil verilməsi idi.

Mətbuatda yazılırdı ki, bu işin lobbiçiliyini BP şirkəti edib – Şotlandiya hökumətinin Maqrahini Liviyaya verməsinə çalışıb. Şirkət bu işlə bağlılığını belə izah edib ki, onlar həqiqətən Şotlandiya və Liviya arasında məhbus dəyişdirilməsinə çalışıblar, çünki Liviyadakı iqtisadi maraqlarına zərbə dəyməsindən qorxublar, amma Maqrahinin birtərəfli qaydada azadlığa buraxılması onların istədiyi deyildi.

Marqahi 1988-ci ildə Şotlandiyada içində əsasən amerikanların olduğu təyyarənin partladılmasında iştirak edib.

O ZAMAN 270 NƏFƏR ÖLMÜŞDÜ

Meqrahi 2001-ci ildə məhkum edilmişdi
Şotland hökuməti onu azad edəndə mərhəmət hisslərini əsas tutduğunu, xərçəng xəstəsi olan Maqrahinin 3 aya öləcəyini demişdi, amma Maqrahi hələ də sağdır.

Kameron BP-nin bu işdəki rolu haqda deyib:

“BP-nin hansısa işdə lobbiçiliyi onların özünə aid məsələdir. Maqrahini buraxmaq qərarını Şotlan hökuməti verib və mən həmin qərarın BP-nin səyi ilə verildiyinə dəlalət edən hansısa əlamət görmürəm. Onlar mərhəmət hissini əsas gətirib bu işi görüblər. Amma mən bütün hallarda bu qərarın əleyhinə idim”.

Kameron deyib ki, bununla bağlı təhqiqata lüzum görmür, çünki onsuz da səhv olan qərarla bağlı təkrar araşdırma onun fikrincə lazımsızdı.

Amma o söz verib ki, öz hökumət üzvlərindən xahiş edəcək ki, bu işlə bağlı əlavə məlumatın yayılmasına ehtiyac olub-olmadığını yoxlasınlar.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG