Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:50

"Ədəbi Azadlıq" müsabiqəsini tənqid edirlər


DİVANƏ OZAN TƏKLƏ

(Ağayar Xələf oğlu)

“Alatoran” jurnalının Yaradıcı heyətinin üzvü

HEKAYƏNİN SƏHRALAŞMASI


Ədəbi manifestasiya


«AZADLIQ» radiosu Hekayə müsabiqəsi təşkilatçılarına xitabən

Salam!

Sizə natural hekayənin qeybolan ruhu haqqında danışacam, amma gərəkdir ki, əvvəlcə özümü və nəsrimi təqdim edim ki, hekayə haqda danışmağa nə qədər haqqım çatdığını biləsiniz, başqa sözlə məsələn, Qanun Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu bu haqda bilmir.

Mən bilən qədər o Frankfurt Kitab sərgisindən qayıdandan sonra “Ən yeni ədəbiyyat” seriyasından kitablar nəşr etməyə başladı.

Çoxlu sayda müsahibələrində ən yeni mətnlər axtardığını söylədi.

Zəng etdim və soruşdum ki, bu qədər inadlı axtarışdasınız, mənim (Divanə Ozan) “Alatoran” dərgisinin 9-cu sayında dərc edilmiş “Sidik ifrazı ləngiməsinin müalicəsi” antiroman-antibaletimi oxumusunuzmu?

Cavab verdi: “Düzü oxumamışam” və s. və i.a.

Bu da ən yeni ədəbiyyat axtarışının Azərbaycansayağı axtarışıdır.

Əlbəttə ki, bunu yazmayacaqdım, ağlıma gəldi ki, siz də o romanı(anti) oxumamış olarsınız birdən, gərəkdi ki, tapıb oxuyasınız Şahbaz Xuduoğlundan fərqli olaraq.

Nə isə. Keçirəm hekayə haqda danışmağa.

Əvvəlcə onu deyim ki, arxivimdə Azərbaycan nəsri haqda “İmpulslar zəncirinə küfr” adlı ədəbi-tənqidi yazım var və olsun ki, bu məktubda o yazıdan fraqmentlər də olsun.

...Su çəkmək, bağışlayın nəsr yazmaq (burada hekayə yazmaq) salam vermək kimi bənzəri olmayan bir hadisədir ki, bunu hər(burada) hekayəçi bilməz.

Həqiqəti (ədəbi) başa düşmək və yaxud heç başa düşməmək, lənət şeytana birdən ayağını pilləkəndən iki-iki götürmək və belə tühaf atmosferdə möhkəm dəvə səbri göstərmək havanın (ədəbi) necə olmağının dərdini çəkməkdən və hissiyatsız olmaq daha yaxşıdır və sırf ədəbi kampaniyada övliya kimi ədəbi kamil təsəvvürü yaratmaq, hər şey cəhənnəmə. . .(ardı var )

Bu gün çoxlu sayda hekayə yazılmasına baxmayaraq dünya ədəbi standartlarına (standartsızlığına da) cavab verən Azərbaycan hekayəsi yoxdur. Niyə? Əlbəttə ki, bu niyənin səbəbləri var.

Hekayə yazmaq çox çətin bir işdir, əlbəttə söhbət ciddi hekayədən gedir. Səbəb nədir: hadisəçilik, ya ölçü-biçilik?

Düşünürəm ki, böyük çıxmasın hekayə yazanda göylə bir olmaq lazımdı və bu gün çox təəssüf ki, natural hekayənin ruhu qeyb olub (bizdə).

Dünya hekayəsindəki dəyişikliklərə rəğmən Azərbaycan hekayəsində gündüz işığında Diogensayaq “nəsə” axtardıqca inikas obyekti daralır və oijinal ruh və üslub orijinallığı narahatlıq doğurur.

Hekayəni geri çəkən nədir?

Bir vaxtlar Azərbaycan ədəbiyyatında şeir axını baş alıb gedirdi. Bu gün əksinə hekayə axını baş alıb gedir.

Nə kütləvidirsə o pisdir (pis haldır).

Qurd meyvənin içində gizləndiyi kimi hekayənin içində məharətlə gizlədilmiş zəifliyin qurtaracağından naməlum istiqamətdə böyüdüyündə də nəsə var və bu hər şeydən kənardadır.

Hər hekayəçi hekayə yaza bilməz, necə ki, Fransız yazıçısı Antuan Dö Sent Ekzuperinin 1931-ci ildə Femina ödülü qazanmış “Gecə uçuşu”nda yazıldığı kimi çox az təyyarəçi gecə uçuşuna gedir, çünki bu çox riskli işdir. Hekayə yazmaq da təxminən belədir və s.

Hekayəni səhralaşmaqdan qurtarmaq lazımdır.

Hekayə (nəsr) ölüm-dirim məsələsidir. Hüdudsuz olansa dərin uçurumdadır.

Ciddi nəsr yazmağın 52 qaydası var və bu barədə “İmpulslar zəncirinə küfr” adlı ədəbi-tənqidi yazımda bəhs etmişəm və vaxtı çatanda çap olunar yəqin.
Hekayə müsabiqəsi iştirakçılarını, qalibləri, xüsusilə yaradıcılığına çox hörmət etdiyim Sevinc Pərvanəni təbrik edirəm və elə buradaca qeyd edim ki, bizdə tənqid çox çətin həzm olunur. Azərbaycan nəsrinə ciddi ədəbi material lazımdır.

Münsiflər heyəti barədə: Əkrəm Əylisli neçə “Ətirşah Masan” və s. yazsa belə o 80-ci il təfəkküründən irəli gedə bilməz və insafən onun nəsrinin dili çox şirindir və s.

Pərviz “Öləngi”siylə nəyə qadir olduğunu artıq söyləyib. Elə buradaca qeyd edim ki, ədəbiyyatla siyasət tamam başqa-başqa şeylərdir. Kimsə bunları eyniləşdirirsə bu onun öz fikridir.

Şübhəsiz bizim yaşamımızda, ədəbiyyatımızda siyasət var, ancaq əsəri siyasiləşdirmək kökündən səhvdir və bu yerdə heç kimlə mübahisə etmək istəməzdim.

Harda siyasət varsa orda ədəbiyyat yoxdur, yəni ədəbiyyat tamam başqa şeydi. O nə tozdur (Ramiz Rövşən), nə də daha nə bilim nə. Ədəbiyyatın nə olduğu sözə gələn deyil.

Rafiq Tağı yaradıcılığı haqda isə onu deyə bilərəm ki, o hekayəni həddən artıq yükləyir. Hətta ən qısa hekayəsində belə və s.

Mənim Azərbaycan dilində ən acığım gələn söz “təvazökarlıq”dır, çünki pəhləvan (burada ədəbi) öz gücünü hamıdan-tənqidçidən də, oxucudan da yaxşı bilir.

Üzü payıza ikinci hekayə müsabiqəsi keçirərsiniz mən bir sürü hekayəmdən birini göndərərəm.

Onda görərsiniz ki, hekayə (nəsr) yeni düşüncə tərzində necə yazılır.

Söz çoxdur, ancaq məncə indilikdə bu qədər kifayətdir.

Sonda hamını həmişə tənqid edən “Azadlıq” radiosunun özünün tənqidə dözümlüyünə inanmaq istəyirəm.
Bu qədər. Hamıya uğurlar!

Ardını”İmpulslar zəncirinə küfr” və Şahbaz Xuduoğluna xitabən yazılmış “Ən yeni “ nə deməkdir” yazilarımda oxuyacaqsınız.

Oxu materiali – Divanə Ozan “Sidik ifrazi ləngiməsinin müalicəsi”

Əsər haqqında- Tehran Əlişanoğlu “Çağdaş ədəbiyyatın obyektivi və subyektləri” Tənqid.net jurnali №3

Şirvan şəhəri 19 iyul 2010

"Oxu zalı"ndan:
Müəllifin fikirlərinə hörmətlə yanaşsaq da qeyd etməliyik ki, Ə.Əylisli “Ədəbi Azadlıq” hekayə müsabiqəsinin münsifi olmayıb.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG