Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 00:14

Həbsdə olan jurnalist Eynulla Fətullayevin redaksiyamıza məqaləsi daxil olub. Yazıda yazıçı Anarın bu günlərdə AzadlıqRadiosunun «İşdən sonra» proqramında onun haqda dediyi fikirlərə münasibət bildirib. Məqaləni təqdim edirik:

İstedadına və vətəndaş mövqeyinə qibtə etdiyim parlaq rus publisisti Dmitri Bıkovun Tvardovskinin yubileyinə həsr etdiyi esseni böyük maraqla oxuyurdum. Bıkov postsovet tənqidçilərinə, ədib və publisistlərinə səslənərək, dahi söz ustadına, klassik rus puşkinist-poetik məktəbinin təmsilçisinə, daha doğrusu, xatirəsinə ehtiramla olmasa da, dözümlə yanaşmağı təvəqqe edir.

D.Bıkov təkid edir: axı Tvardovski 60-cıların formalaşmasında böyük rol oynadı! Bəs «Novıy mir» dərgisi? Məgər Axmatovadan tutmuş təqib edilən Pasternaka qədər rus ədəbiyyatının gümüş əsrinin son magikanları – «son parıltıları» bu jurnalın səhifələrindən oxuculara səslənmirdimi? Doğrudur, Tvardovski Brodskinin hansısa şeirini çap etməkdən vaz keçdi, fəqət gələcəyə böyük ümidlər verən Kürən İosifi həbsxanadan çıxaran Tvardovski olmadımı? Neçə-neçə jurnalisti, yazıçını hədəf seçən totalitarizmin vəhşi-yırtıcı-repressiv maşınının dişlərinin dibindən son anda çıxarılıb xilas edilən dissidentlər Tvardovskiyə necə də minnətdar olmasın?...

Esseni maraqla oxuyurdum. Və bu anda mənimlə bir kamerada məhbəs həyatı yaşayan Anar adlı məhkum (o, oğurluq maşın satmaqda təqsirli bilinir) diqqətimi Azərbaycan mətbuatında yazıçı Anarın haqqımda söylədiyi tənqidi fikirlərə cəlb etdi. Çox təəssüf etdim. Bu Anarlar putinizm rejiminin mahir tənqidçilərindən olan və rus ədəbiyyatının parlayan ulduzu Bıkovun essesini sona çatdırmağa imkan vermədi...

Yazıçı Anar mənim azadlığa çıxmağımı istəmir? Səbəb? 6 il bundan öncə «Monitor» jurnalının səhifələrində hansısa məqaləmdə Azərbaycan ziyalıları ilə erməni ziyalıları arasında müqayisə aparıb, Zori Balayanın erməni milli təfəkkürünün formalaşmasında, «Mietsun» hərəkatında xidmətlərini nəzərdən keçirib, erməni «milli mənliyinə» göstərdiyi xidmətlərinin Anarın Qarabağ hərəkatında iştirakı ilə müqayisəyə sığmadığı qənaətinə gəlmişəm. Məgər gəldiyim qənaət səhvdirmi?

Deyəsən, Balayanın «Ocaq» kitabına tutarlı cavab verən İsa Qəmbər oldu. Elə deyilmi? Bəlkə yanılıram?

Deyəsən, Qarabağın müdafiəsi üçün yüz minlərlə azərbaycanlını səfərbər edən, Azadlıq meydanında tarixi mücadiləni yaradan da Elçibəy, İsa Qəmbər, Etibar Məmmədov, Zərdüşt Əlizadə və digərləri idi? Onların sırasında yazıçı Anarın siması görünürdümü? Bəlkə yanılıram?

Deyəsən, Azərbaycanın istiqlaliyyəti uğrunda mübarizəyə atılan Xalq Cəbhəsinin rəhbərləri sırasında Anar görünməmişdi? Bütün məhrumiyyətlərə tab gətirən, zindanlardan keçən, rus tankları ilə üz-üzə dayanan Anar idimi? Bəlkə yanılıram?

Görəsən, Azərbaycan tarixinin ən mürəkkəb, keşməkeşli dövründə, «olum, ya ölüm» kabusu cəmiyyətin başı üzərində dolaşanda, xarici təcavüz və daxili xəyanət nəticəsində Qarabağ əldən gedəndə Anar harada idi?

Rövşən Cavadov öldürüləndə Anar susdu. Ziya Bünyadov qətlə yetiriləndə danışmadı. Elmar Hüseynovun yasına gəlmədi...Mən bu istedadlı, təkrar edirəm, çox istedadlı yazıçının görkəmini, daha doğrusu, istedadlı yazıçının məmur kölgəsini parlamentlərdə, ziyafətlərdə, yüksək vəzifəlilərin qəbulunda gördüm. Mən Anarı mühakimə etmirəm, buna haqqım yoxdur, çünki o çox böyük yazıçıdır. Sadəcə, mən Anarın seçdiyi yolu konstatasiya etmişəm. Sadəcə, yeniyetməlik çağlarımdan çox sevdiyim «Beşmərtəbəli evin altıncı mərtəbəsi», «Dantenin yubileyi» və digər əsərlərin müəllifinin ədəbiyyatdan fərqli olaraq, xalqına xidmət etmədiyini vurğulamışam.

Mütləq deyil ki, dahi yazıçı dahi vətəndaş olsun və ya əksinə. Şoloxov, məncə, Soljenitsindən dahi və istedadlı olub, fəqət «Tixiy Don»un müəllifi Rusiya ictimai-siyasi fikrinin formalaşmasında, bəşəri ideallar uğrunda mübarizədə iştirak etməyib. O, «Şər çarx»ın hərəkətvericilərindən olub. Halbuki, sovetizmin ədalətsiz, şər və murdar ictimai-siyasi formasiya olmasını Şoloxov dərk etməyə bilməzdi. 20-30-cu illərdə hələ Mayakovski kimi yanılmaq olardı, lakin sovetizmin sonuncu çürümə-deqradasiya mərhələsində, «uca bolşevizm» dəyərlərinin aşılandığı dövrdə «xoşbəxt sosialist cəmiyyəti»nin ifşasını görməmək mümkün deyildi. Şoloxov riyakarmı idi? İnanmıram. Sadəcə, o küləyə qarşı getmək istəmirdi.

Yeri gəlmişkən, AzadlıqRadiosuna son müsahibəsində Anarın pafosla söylədiyi «Mən də Nazim Hikmət kimi 16 il həbsxanada yatmalıyam?!» fikrini heç cür qəbul etmirəm. Ona görə yox ki, Anarın 72 yaşı var. Ona görə yox ki, bu yaşda zindana düşmək edama bərabərdir. Yox! Nazim Hikmətin baş daşında «Küləyə qarşı gedən insan» sözləri həkk edilib – bu epitafiya onun həyat yolunu səciyyələndirir. 72 yaşında zindana düşmək gec olmasa da, prinsipləri və dəyərləri dəyişmək çox gecdir. Nazim Hikmət sidq ürəklə yanılan Mayakovskiyə bənzəyirdisə, Anar Şoloxovun tayıdır, çünki bu hakimiyyətin 17-ci ilində həqiqətləri dərk etmək və hələ də yanılmaq mümkünsüz görünür.

Qayıdaq Balayana. Mən Dağlıq Qarabağda olarkən Şuşanın işğalını əks etdirən sənədli filmə baxdım. Şuşaya daxil olan işğalçı erməni korpusunun ön sırasında hərbi geyimdə Balayan irəliləyirdi. Sənədli filimin son səhnəsində Balayan kilsəyə daxil olur, diz çökür və ağlamağa başlayır. Anar həmin dəqiqələrdə Türkiyədə böyük istedadla daha bir sevimli əsərini qələmə alaraq, Cavidin, Müşfiqin, Yusif Vəzirin qanını axıtmış totalitar, fəqət tarixdə qalmış despotiyaya qarşı savaş açmışdır. Tarixə savaş açmaq cəsarət tələb etmir. Ancaq istedad tələb edir. Cəsarətsiz istedad isə nə Nazim Hikmətin, nə də Soljenitsenin yolu idi. Mən cəsarətsiz istedada hörmət etmirəm, bu, mənim mövqeyimdir. Məgər buna görə mən məhbəsdə qalmalıyam?

Və ən nəhayət. Xocalı faciəsi ilə bağlı söyləmədiyim, düşünmədiyim fikirləri mənə yenə də sırımaq ziyalıya yaraşanmı hərəkətdir? Bəlkə heç Anar «Qarabağ gündəliyi»ni oxumayıb? Məqaləmdə Anarın səsləndirdiyi fikirlər yer almayıb. Bəs onda hansı səbəbdən hakimiyyətin saxta arqumentlərinə istinad edir? Sizcə mən belə fikirlər söyləyə bilərdimmi?!

«Qarabağ gündəliyi»ni böyük yazıçı və Anardan fərqli olaraq böyük vətəndaş Çingiz Hüseynov çox yüksək qiymətləndirmişdi. Hakimiyyəti və onun talançı siyasətini tənqid etdiyim başqa məqalələrimi, cəmiyyətə təqdim etdiyim jurnalist konsepsiyasını da «Ailə sirləri»nin müəllifi çox yüksək dəyərləndirirdi. O bizimlə çiyin-çiyinə bu rəzalətlə mübarizə aparırdı. Çünki Anardan fərqli olaraq Qədim Roma poeziyasından bu günə qədər aktual qalan ölməz suala - «Sən kiminləsən - ölülərlə və ya dirilərlə? Qatillərlə və qətlə yetirilənlərlə?» (sual Roma şairi Ovidiyaya məxsusdur) çoxdan cavab verib. Çingiz Hüseynovun 80 yaşı var. O, zindana düşməkdən qorxmur. Çingiz bəy öz dəyərlərini «Ailə sirləri»ndən öncə müəyyənləşdirib.

Yazıçı Anardan isə bir xahişim var: Məni zindanda rahat buraxsın - Tvardovski haqqında oxumaq istəyirəm. O, məhbəsdə olan jurnalistin əleyhinə fikir söyləməzdi. Axı Siz niyə heç Tvardovski kimi də ola bilmədiniz?

Günün bütün mövzuları

XS
SM
MD
LG