Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 22:00

Ter-Petrosyan: "İlk növbədə Qarabağ məsələsini həll etmək lazımdır"


Yerevanda Erməni Ümummilli Hərəkatının (EÜH) 16-cı qurultayı keçirilib.

Qurultayda təşkilatın lideri, Ermənistanın keçmiş prezidenti Levon ter-Petrosyan çıxış edib.

Keçmiş prezident deyib ki, Qarabağ və Ermənistan-Türkiyə məsələsi həll olunmadan Ermənistanın siyasi və sosial-iqtisadi inkişafı üçün perspektiv yoxdur.

Əgər ölkə blokada şəraitində qalmaqda davam edərsə, 100 ildən sonra Ermənistanda erməni qalmayacaq. Bunun təsdiqi kimi demoqrafik azalmanı və əhalinin sayının azalmasını göstərmək olar.

Nə qədər ki, Qarabağ münaqişəsi həll olunmayıb, müharibənin yenidən başlanması təhlükəsi real olacaq. Diplomatiya uğursuzlıuğu və ya nizamlanmanın yubanması nəticəsində vəziyyət nəzarətdən çıxa bilər və yenidən qan tökülə bilər.

O, beynəlxalq birliyin və KTMT-nin Azərbaycanın müharibəyə başlayacağına imkan verməyəcəyi barədə fikirləri sadəlövhlük hesab edir.

O deyib ki, Qarabağ münaqişəsinin nizamlanmasının və Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasının açarı Moskvanın əlindədir. Cənubi Qafqaz Rusiya üçün hər zaman mühüm region olub və olacaq.

Moskvanın nə zamansa bundan imtina edəcəyini güman etmək sadəlövhlük olardı. Qərbin regionda passivliyi də qismən bununla izah olunur.

Bununla belə, Türkiyə və Azərbaycan Rusiya ilə aktiv əlaqə saxlayır və ondan öz maraqları üçün istifadə etməyə çalışır.

“Mən həmişə hesab etmişəm ki, Qarabağ münaqişəsinin həlli tərəflərin razılığa gəlməməsi səbəbindən yox, daha çox bu məsələnin Qərbin prioritetləri sırasına daxil olmaması səbəbindən yubanır”, - Ter-Petrosyan vurğulayıb.

Onun fikrincə, Qərbin prioritetləri sırasına dünya terrorizminə qarşı mübarizə, Fələstin-İsrail qarşıdurmasının nizamlanması, Bosniya, Kosovo, Əfqanıstan, İran, İraq, beynəlxalq böhran və s. daxildir.

“Ötən ilin avqustunda Rusiya-Gürcüstan müharibəsindən sonra belə görünürdü ki, Qarabağ münaqişəsi də Qərbin prioritetləri sırasına daxil olacaq. Lakin indi məlumdir ki, Əfqanıstan, İraq, İran və beynəlxalq iqtisadi böhran Qərb üçün o qədər vacibdir ki onun Qarabağ və ümumilikdə Cənubi Qafqaz haqqında düşünməyə vaxtı yoxdur.

Hətta enerjidaşıyıcıları üçün Qafqaz nəqliyyat dəhlizi də beynəlxalq iqtisadiyyat üçün o qədər önəm daşımır ki, bundan ötrü Qərb ciddi addımları atmağa hazır olsun”, - o bildirib.

Heç kim şübhə etmir ki, Qarabağ məsələsi yekun həllini tapmayınca və ya bu istiqamətdə real irəliləyiş olmayınca, Ermənistan-Türkiyə münasibətləri normallaşmayacaq. Əgər Ermənistan hakimiyyəti özünün irəli sürdüyü Türkiyə ilə barışıq prosesində həqiqətən də maraqlıdırsa, bundan ötrü ilk növbədə Qarabağ məsələsini həll etmək lazımdır, o vurğulayıb.

"Turan"

Günün bütün mövzuları

XS
SM
MD
LG