Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 04:00

«Suyu dövlət çəkirsə, vətəndaşdan niyə pul yığılır?»


Gəncə şəhər Su-Kanal Törəmə Cəmiyyətinin baş mühəndisi Məhəmməd Hüseynov deyir ki, boruların alınması işini şəhər rəhbərliyi ilə tikinti şirkəti birgə həll ediblər

Gəncə şəhər Su-Kanal Törəmə Cəmiyyətinin baş mühəndisi Məhəmməd Hüseynov deyir ki, boruların alınması işini şəhər rəhbərliyi ilə tikinti şirkəti birgə həll ediblər

«Suyu dövlət çəkirsə, vətəndaşdan niyə pul yığılır?» Gəncənin Natəvan qəsəbə sakini Raufu bu sualı qaldırır. Bugünlərdə Raufu və onun həmyerlilərini narahat edən məsələ qəsəbəyə su çəkmək üçün hər ailədən yığılan pulların aqibətidir.

ADINI QOYURLAR DÖVLƏT HESABINA ÇƏKİLİB

«Hesablayaq görək ki, 30 minə neçə artezian qazmaq olar? Biz ayrı heç nə istəmirik. Bir mütəxəssis lazımdır ki, yığacağı pula nəzarət eləsin, desin ona nələr almaq olar. Hər ailədən 200 manat yığırlar. 7 küçədə 24 ev var. 7-ni də 24-ə vuranda mütəxəssis lazımdır ki, hesablasın vallah 30 min pul edir. Adını da qoyurlar ki, bu artezian dövlət hesabına çəkilib. Heç kimdən pul yığılmır. Və niyə burdan qapıya 30 minə su çəkir?»

Digər bir sakin Rəşid Abbasov deyir ki, qəsəbədə artezian 2 ildir ki, quraşdırılıb. İcra hakimiyyəti və su idarəsindən deyiblər ki, arteziandan evlərə su xətləri əhalinin öz hesabına çəkilməlidir. Həmin vaxt sakinlərin imkanı olmadığından söhbət səngiyib.

Rəşid deyir ki, bu il uyğun qurumlara yazdıqları məktublardan sonra icra hakimiyyətindən deyilib ki, su xətlərinin yerinin qazılması, quraşdırılması şəhər rəhbərliyinin hesabına olsun, yalnız su boruları qəsəbə sakinlərinin maliyyə vəsaitləri ilə alınsın. Sakinlər razılaşandan sonra Gəncə şəhər icra hakimiyyəti başçısının şəhər təsərrüfatı üzrə müavini Şahmalı Cavadov onlara deyib ki,

«Siz boruları hansı mağazadan alacağınızı deyin, biz ona təzyiq edək, ucuz alın».

TOPDANSATIŞDAN DA BAHA SATILDI

Bundan sonra da Rəşid Abbasov və qonşularının boru alış-verişi macəraları başlanır:

«Su boruları bizə ucuz yox, topdan satış qiymətdən daha baha qiymətə təklif olundu. Həm də metr hesabına yox. Hər küçəyə bir qiymət qoydular ki, bu küçə 3 min manat, bu küçə 4 min. Biz də açıqlama istədik ki, uyğun gəlmir hesablamalarınız. Sonra 140 manat hər ailədən pul yığıldı. Hesablayanda bu böyük məbləğ edir. Məsələn, 200 ev hardasa 26 min pul eyləyir. Boruların satış qiymətin hesablayanda 15-16 min manat edir. Biz də verdiyimiz pulların qəbzini, qaiməsini istəyirik, biz bu qədər boru aldıq. Biz bilmək istəyirik ki, əhalidən yığılan pul hara xərclənib qalan artıq pul kimin cibinə girəcək. Nəyə görə bizə qəbz, qaimə vermirlər?»

«Adamın sayı artdıqca pul düşməlidir axı. Heç bir fərq eləmir. Qaimə istəmişəm, deyir «mən qaimə verə bilmərəm». Vergiyə pul verməliyəm. Dövlət rüsumundan niyə yayınır bu».

«Mən bu küçədə yaşayıram, adım Şahindi. Mən də qaimə tələb elədim ki, satılan boruları görək bizə neçəyə satırlar. Ona görə bizim küçəyə çəkmirlər ki, niyə qaimə tələb edirsiz. Bizə deyirlər ki, artezianı pulsuz quraşdırırıq. Qazılma, çəkilmə su idarəsinin boynuna, sizə ancaq boru almaq qalır, bəs 30 minə bu qədər boru var».

ƏHALİ TƏKCƏ BORUYA PUL VERİR, QALANI BİZLİKDİR

Gəncə şəhər Su-Kanal Törəmə Cəmiyyətinin baş mühəndisi Məhəmməd Hüseynov deyir ki, boruların alınması işini şəhər rəhbərliyi ilə tikinti şirkəti birgə həll ediblər.

«Orda ana xətt və digər xətlər Avropa üsulu ilə plastmas borularla çəkiləcək.

- Bu, nə qədər abonent edir?

«208 abonentdir. Mən pulu deyə bilmərəm, firma özü danışdı, əhali ona verdi. Qazma işləri bizlikdir. Əhali təkcə boruların pulun verdi».

İnşaat mallarının satışıyla məşğul olan sahibkar Elxanla əlaqə saxladıq. O bildirdi ki, həqiqətən də, bu qəsəbəyə satılan borular onun mağazasından alınıb və Gəncə şəhər icra hakimiyyətindən Şahmalı Cavadov da bu işin içindədir. Sahibkar bunu belə izah edir ki, böyük bir qəsəbəyə hansı keyfiyyətdə boruların qoyulmasına icra hakimiyyətinin nəzarəti təbiidir.

Sahibkar deyir ki, boruların neçəyə başa gəlməsini təsdiqləyən qaimə var. Amma məbləğlə bağlı danışmır və deyir ki, digər sualları Şahmalı Cavadova ünvanlayaq.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısının təsərrüfat işləri üzrə müavini Şahmalı Cavadovla dəfələrlə əlaqə saxlasaq da, telefonuna cavab vermədi.

Şərhləri göstər

XS
SM
MD
LG