Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:59
Yazıçı Elçin Hüseynbəyli (Qaraçuxa) yeni - “Yolayrıcında qaçış” romanını tamamlayıb.

Əsərin bütöv nəşri “Azərbaycan” dərgisinin sentyabr sayı üçün nəzərdə tutulub.

"525-ci qəzet" əsərdən bəzi parçaları oxucularına təqdim edib.

“Çaşmış insanlar haqqında çaşqın bir roman” kimi dəyərləndirilən əsərdə qloballaşan dünyanın adamlar üçün yaratdığı problemlər və onun fəsadları qabardılıb.

Romanda əkiz bacılar – Fatimə və Züleyxanın timsalında şərq-qərb ziddiyyəti, şərq-qərb əxlaqının qarşılışdurması öz əksini tapıb.


“YOLAYRICINDA QAÇIŞ”


(Çaşmış insanlar haqqında çaşqın bir roman)

(romandan parça)

Dekabrın 9-da, günorta saatlarında azəri gözəli, 34 yaşlı Züleyxa Göyçək Beşiktaşda, öz malikanəsində qətlə yetirilib.
“Hürriyyət+” qəzeti,
10 dekabr 2009.

Mən Züleyxanı tanıyırdım. Məhlədə onu “Malena”, evdə Zulya çağırırdılar. Ona “Malena” adını kimin qoyduğunu bilmirəm.

Oxucular bu yaraşıqlı xanımı tam təsvir etsinlər deyə məşhur italiya filmindəki Malenanı (aktrisa Monika Bottiçelli) yadlarına salsınlar: iri ala gözlər, məsum, bir qədər də sirli sifət, uzun qara saçlar, mütənasib bədən – bir sözlə huri-mələk.

Məhlə uşaqlarının hamısı Züleyxa-Malenanı sevirdi.

O, bir şeytan idi. Kişilər bu mələksifət, dəcəl qıza vurulmuşdu. Məhlə arvadlarının onu görməyə gözü yox idi.

Onlar dişi canavar idilər və nə zamansa yenidən dönüb vəhşi insan olsaydılar, kinolardan enmiş Züleyxanı parçalayardılar.

Təbiət mənzərələrindəki kimi. Ağzından qan daman pələngləri, şirləri tanıdınızmı? Bəs onların ayaqları altında can verən ceyranları?!

Və bir səhər xəbərlər proqramında Azərbaycan gözəlinin İstanbulda vəhşicəsinə qətlə yetirildiyini eşidəndə uzaq keçmişi xatırlamağa başladım, daha doğrusu keçmişin özü bizi xatırladı...

Züleyxa və Fatimə əkiz bacıydılar.

Züleyxa həddən artıq açıq-saçıq, Fatimə fağır, utancaq. Züleyxa gözəl, Fatimə, ortabab.

Biri gözəlliyini hamıya göstərmək üçün səhərdən axşama kimi rəqs eləyir, oxuyur, oynayır, oğlanlara sataşır, kişiləri cırnadır, o birisi nənəsinin dizinin dibində oturub quran əzbərləyir, namaz qılırdı.

Bu ailəyə Allah Şeytanla Mələyi, Əzrayılla Cəbrayılı eyni zamanda göndərmişdi. Birincilərin qulaqları səsdə, ikincilərin qulaqları dincdəydi...

lll

–Ancaq bircə dəfə. – Züleyxa bu sözləri deyəndən sonra donunun yaxasını açdı və döşlərinin arasını göstərdi.

Biz buna razılaşmadıq:

–Pulumuzu qaytar!

–Danışığımız belə olub,- Züleyxa dedi və bizim israrlarımıza məhəl qoymadan qapını bağlamaq istədi, amma biz imkan vermədik. Hər ikimiz eyni zamanda ayığımızı qapının arasına soxduq.

–Döşlərini göstərməlisən.

–Döşlərimi ha, ala! – Malenanın bu cestindən çaşdıq, o da imkandan istifadə edib, bizi çölə itələdi və qapını çırpdı. – Döşlərimi görmək üçün bu pullar azdı, iki manat gətirin,-qapının dalından dedi.

–O döşlərdən o qədər görmüşük ki, kinoda sənin kimilərindən nə qədər istəsən var,- iki manata onları öpmək də olar, –Qadir belə dedi.

Biz bir müddət qapının dalında durub dinşədik, sonra növbə ilə qulaqlarımızı yaxınlaşdırıb, içəridə baş verənləri diqqətlə izləməyə başladıq. O, qapının açar deşiyinə kağız tıxamışdı ki, biz oradan baxa bilməyək.

Kinolar gözəli incə addımlarla qonaq otağına keçdi, öncə güzgüyə baxdı, sonra koftasını çıxardı və xırda, yumru döşlərini sığallamağa başladı. Biz onun məmələrinin çəhrayı giləsini xəyalımızda canlandırırdıq.

Hər gün bu mənzərə təkrar olunurdu, hər halda biz belə düşünürdük.

Mən:

–Mərc gələrəm ki, indi koftasını çıxarıb döşlərinə baxır,-dedim.

–Ah! – Qadir fısıldadı və yumruğunu Züleyxagilin taxta qapısına çırpdı...Qapı qoca, əldən düşmüş kişilər kimi azcana qımıldandı.

Qadirlə mən yeddinci sinfə keçmişdik. Züleyxa bizdən iki yaş böyük idi, amma səkizinci sinfi qurtarandan sonra oxumağın daşını atmışdı, dərsə getmirdi.
“Kosmos” klubunda Malenanın baş rolda oynadığı kinonu dəfələrlə, oğrun-oğrun seyr eləmişdik.

Çünki bizi kinoya buraxmırdılar. Biz ora xəlvəti girirdik.

Kino başlamamışdan, skamyaların altında gizlənirdik və kinonu da bəzən elə oradan seyr eləyirdik, hamının başı qarışan kimi, yəni kinonun ən maraqlı yerində, Malenanın koftasını çıxarıb döşlərini sığallayan zaman skamyaların altından çıxırdıq.

Monika Bottiçellinin iştirakı ilə başqa bir kinoya da baxmışdıq.

O kinonun adı indi yadımnan çıxıb, amma öncəkindən daha maraqlıydı.

Kişilərin gözlərilə yedikləri, qadınların altdan-altdan baxdıqları, cavanların fitə basdıqları qızın adı Malena deyildi, deyəsən, onun heç adı da yoxuydu, amma Malenaya çox oxşayırdı, bəlkə də kinodakı rolu eyni aktrisalar oynayırdılar.

Oğlanlar qızın döşlərini görmək üçün hər gün ona şkoladlı dondurma alıb gətirirdilər. Amma istəklərinə tam nail ola bilmirdilər, bəziləri isə hövsələsizlik edib gözəlçəni gözləmirdi, dondurmanı özü yeyirdi, sonra şkoladlı barmaqlarını yalayırdı, yəqin həmin zaman, yəni bu sirli və ehtiraslı yalama zamanı gözəlçəni xəyalında canlandırırdı.

Biz indi həmin həyatı yaşayırdıq, daha doğrusu, biz həyatı kinolardakı kimi yaşamaq istəyirdik...

–İndi neyniyək?-Qadir məndən soruşdu.

Mən çiynimi çəkdim, sonra:

–Gözləmək lazımdır, –dedim..

Qadir:

–Dərsə gedəndə onu lağa qoyarıq.

–Yusif bizi əzişdirər,- mən onun bu sarsaq təklifinə qarşı çıxdım.

–Qorxaq, Yusif bizə neyniyəcək? Uzaq başı Züleyxanın atasına deyərik.

Bir müddət dinməz dayandıq. Otaqdan səs-səmir gəlmirdi.

–Yaxşısı budur balıqçıların yanına gedək, balıq tutaq, onu sataq və Züleyxanın istədiyi pulu verək...

Sahilə düşdük. Hava küləkli olduğundan dənizin sahilində heç kim yoxuydu. Bir az sahildə veylləndik, küləyin ora-bura qovduğu dalğalara tamaşa elədik. Qağayılar yoxa çıxmışdı, yalnız bir qağayı dənizə enmək üçün çalışırdı, öz dilində nəsə deyirdi, görünür, suyun üzündə nəsə görmüşdü, ancaq külək ona aman vermirdi və yenidən geri atırdı, adalara tərəf dartırdı...

Həmin gün, elə sonrakı günlər də biz balıq tuta bilmədik. İşimiz-gücümüz həyətdə oturub Züleyxanı gözləmək idi...

Bir gün o özü bizi çağırdı, şəhadət barmağıyla işarə elədi ki, bizə sözü var. Hər ikimiz ürəyimizdə sevindik.

–Kim mənə Yusifin ora girdiyini xəbər eləsə, döşlərimi ona göstərəcəm,- deyə Züleyxa barmağını qoca əncir ağacına tərəf tuşladı.

–Budlarını da? – Qadir tələsik soruşdu.

Züleyxa:

–Onları da,-deyə razılaşdı, –ancaq heç kim bilməsin. –Sonra isə barmağı ilə bizi hədələdi, gülə-gülə qapını örtdü və otağın içində zümzümə eləməyə başladı. Biz yerimizdən tərpənmirdik. O, bunu duydu, səsini kəsdi, qapını qəfil açdı və:

–Niyə qurumusunuz, gedin də! –dedi və qapını çırpdı.

Biz yerimizdən götürüldük. Pillələrdən düşəndə Qadirin ayağı mənə ilişdi və təpəsiüstə yerə gəldi, incəvardan qumluğa düşdü, bir şey olmadı. Eləcə ufuldaya-ufuldaya dirsəyini ovuşdurdu.

Onun qapqara üz-gözündə əzab qarışıq xoş ifadə duydum.

Züleyxanın “ora” saydığı yer qoca əncir ağacının dibindəki duşxanaydı. Həyətdə təkcə Yusifgilin duşxanası vardı. Onu atası Həsənağa dayı tikdirmişdi və bircə dəfə də olsun orada yuyunmamış, gecələrin birində ölmüşdü.

Deyirdilər ki, yuxudaykən Əzrayıl onun ürəyini oğurlayıb. Həsənağa kişini qəbiristanlığa aparanda mənə elə gəlmişdi ki, onun ürəyi yerində yoxdu və özündən qabaq Əzrayılla birgə göyə uçub.

Məhlə adamları hər həftənin sonu o biri küçənin başındakı hamama gedirdilər. Yusifgildən başqa. O idmançıydı. Əzələlərini bizim qabağımızda oynatmaqdan həzz alırdı.

İdmandan, xüsusən də dənizdən gələndən sonra duşxanaya girirdi və bundan açıq-aşkar qürurlanırdı...Ürəyimizdə hamımız ona oxşamaq istəyirdik.

Biz gözlədiyimiz vaxt gəlib çatdı... Yusif həyətə girən kimi, çantasını qoca əncir ağacının sınıq budağına keçirdi.

Bizim maraqla ona baxdığımızı görüb, saçlarını geri daradı, hədələdi. Sonra məhrəbanı çıxardı və duşxanaya girdi...

Qadir Züleyxagilin qapısına məndən qabaq çatdı, amma ağ, yumru döşləri məndən qabaq görmək ona nəsib olmadı.

Qapını Züleyxanın atası açdı.
Yaqub dayı (olub-keçənlərdən sonra “dayı” demək mümkündürsə) dənizdə işləyirdi.

Məhlənin böyük papaqlıları öz aralarında ona “zay Yaqub” deyirdilər. Həftə səkkiz, mən doqquz dənizdə olardı.

Həmin gün də dənizdə olmalıydı. Amma bizim gözləmədiyimiz halda qapının ağzında zühur elədi. Qadirin qorxusundan dili tutuldu və Yaqub dayının:

–Nə itin azıb burda?! – sualının cavabında kəkələdi:

–Heç,-dedi və dalı-dalı piləkənlərdən düşdü.

Bu hadisənin üstündən bir neçə gün keçəndən sonra istəyimizə çatdıq, amma ilkin olaraq arzusuna Züleyxa yetişdi.

Yusif növbəti dəfə duşxanaya girəndə ona xəbər elədik.

O, düşxananın arxasındakı deşikdən bir xeyli Yusifə baxdı, sonra çıxıb getdi, biz də onun dalına düşdük. Qapılarının ağzında, o tərəf-bu tərəfə göz gəzdirib, heç kimin olmadığına əmin olandan sonra donunun qabağını açıb döşlərinin arasını göstərdi.

–Hamısını göstər!-Qadir çığırdı, amma Züleyxa onun səsini eşitmədi, çünki biz özümüzə gələnə kimi içəri girib, qapını bağlamışdı.

Bizim Züleyxanın ağ yumru məmələrini həmin gün görmək istəyimiz baş tutmadı.

Heç sonralar da arzumuza çatmadıq. Çünki Züleyxa qəfil yoxa çıxmışdı.

Lap sonralar bildik ki, atası Züleyxanı kəndə – babasıgilə göndərib.

Səbəbi məlum deyildi. Məhlədə onu bir daha görən olmadı. Sonrakı taleyini mənə Boğaziçində Züleyxa özü danışdı.

O, daha da gözəlləşmiş, varlanmışdı. Ətrafındakı adamlarla, yaxınlarıyla kübar qadınlara məxsus ədayla davranırdı, məni görəndə isə həminki Züleyxaya çevrildi.

Mən onu keçmişə, xatirələrinin içinə qaytaran bir varlıq idim və sanki əlinə göydən düşmüşdüm.

O, danışdıqca, yaxud məni dinlədikcə elə hey gülürdü, aramsız suallar verirdi. Keçmiş taleyinə gələndə isə dönüb başqa adam olurdu. Bəlkə də gələcək taleyi onu qorxudurdu...

Bu olduqca qəribə və maraqlı bir taleydi. Və mən Azərbaycan gözəlinin Beşiktaşdakı malikanəsində qan içində tapılması barədə televiziya kadrlarını izləyəndə gözlərimə inana bilmirdim.

Bizim uşaqlıq idealımızı, ilk sevgimizi qətlə yetirən adamın kimliyini öyrənmək istəyirdim. Öyrəndim də. Amma bu, elə də tez və asan olmadı...

Qatilin kimliyi təsadüfən üzə çıxmışdı. Türk əsgərlərinin öldürdüyü PKK terrorçusunun üstündən gündəlik tapılmışdı...

Gündəlikdə nə imza, nə də tarix vardı. Yalnız bir neçə yerdə Məhəmməd adlı adamın adı çəkilirdi.

Gündəlik barədə mənə Mərmərə universitetinin rektoru Yılmaz Durmuş danışdı.

Ona qədər isə mənim İstanbul səfərim vardı...Gəlin kimi adamın üzünə açılan İstanbul, sular səhəri.

Qərblə Şərqin birləşdiyi bir məkan. Üstündə minlərin, milyonların qanı axıdılan, altında saysız-hesabsız müsəlmanın, xaçpərəstin sümüyü çürüyən, ruhları dolaşan və Sultan Mehmetin zəfəri sayəsində əbədi türkləşən minarəli şəhər.

lll

Biz isti avqust günlərinin birində, lap dəqiqi avqustun 11-də Boğaziçindəki “Quş ağzı” restoranında oturub söhbət edirdik.

Söhbətə qədər isə mən Züleyxanı çox axtarmışdım.

İndi o, nə Malena, nə də Zülyaydı, sadəcə Züleyxa xanım idi, Züleyxa Göyçək. Mənim nəzərimdə isə hələ də məhləmizin oğlanlarının ilk sevgisi və qadın idealıydı.

Cavanlıq əxlaqı yox, tərbiyəsizliyi sevir. Cavanlıq üçün əxlaq mühafizəkarlığın, tərbiyəsizlik sivilizasiyanın göstəricisidir.

İstanbula hər gəlişimdə onunla görüşmək istəyirdim, amma axtarışlarım bir nəticə vermirdi. Züleyxa Azərbaycandan gələn bir kimsəylə görüşmək fikrində deyildi.

Və sonralar: “mən onlardan qorxurdum”, – deyə etiraf etmişdi. Zahirən güclü, qayğısız və şən görünən Züleyxanın bu ehtiyatlılığına inanmağım gəlmirdi.

Mən onu təsadüfən gördüm. “Hürriyyət+” qəzetinə verdiyi məşhur müsahibədə Züleyxa Göyçəyin cazibədar şəkli vardı və fonda divardan istanbulluların çox sevdiyi rəssam Sərdar Küçükoğlunun Boğaziçində ağ yelkənli günəş” adlanan rəsmi asılmışdı.

“Bu rəsmin oricinalını heç kimə satmayacam” – deyən rəssam sonradan etiraf etmişdi ki, onu gözəl və varlı bir xanıma hədiyyə edib.

Fotoqrafın ehtiyatsızlığı Züleyxa xanımı ələ vermişdi.

Hamı bilmişdi ki, Sərdar bəyin rəsmini alan gözəl və varlı xanım Züleyxa Göyçəkdir.

Bundan sonra qəzetlər bu cütlük haqqında çox yazdılar və təbii ki, onların böyük eşq macərası yaşadığını güman elədilər. Amma həqiqəti onların özlərindən başqa heç kim bilmədi.

Mənim “Hürriyyət+” qəzetində Çövdət bəy adlı bir tanışım vardı.

Biz onunla bir müddət əvvəl Münhendə görüşmüşdük. “Sivlizasiyalar arasında dialoq” forumunu Almaniyanın Solçu yazarlar sindikatı Yaşıllar partiyası ilə birgə keçirirdi. Mən o zaman “Azadlıq” radiosunda işləyirdim və Açıq Cəmiyyət İnstitunun maliyyə dəstəyilə tədbirə qatılmışdım.

Cövdət bəy o vədə mənimlə bir yaşdaydı və “Hürriyyət+” kimi nüfuzlu bir qəzetdə köşə yazarıydı.

Tədbirdə bir azərinin də iştirak etdiyini biləndən sonra mənə yanaşmış və öz doğması ilə görüşürmüş kimi məni bağrına basmışdı.

Vətənə döndükdən sonra onunla əlaqələrimiz davam etmişdi və bu dəfə Türkiyəyə uçmazdan öncə ona zəng vurub xahiş eləmişdim ki, İstanbul səfərim zamanı məni Sərdar Küçükoğluyla tanış eləsin. “Heç problem yok”. Cövdət bəyin mənə cavabı belə olmuşdu...

Atatürk aeroportunda məni Cövdət bəy qarşıladı. Səhər yenicə açılırdı. Havada qəribə qoxu vardı.

Qərib şəhərlərdən bu cür qoxu gəlir. Günəş İstanbul minarələrini təzə-təzə işıqlandırırdı. “Səni çox özlədik, Elçin bəy” –deyə o, azəri dostundan ötrü darıxdığını nümayiş elətdirmək üçün məni bərk-bərk qucaqladı.

Yolboyu ordan-burdan söhbət elədik.

O, Sərdar bəylə danışdığını və bu gün günortaya yaxın məni gözləyəcəyini dedi. Sən demə, rəssamın emalatxanası mən qaldığım mehmanxananın yaxınlığında, Boğaziçinin sahilində, Atatürk Hərbi Liseyinin böyründəymiş.

Cövdət bəyin təkidlərinə baxmayaraq, nahar eləməkdən boyun qaçırdım və mehmanxanının yanında ondan ayrıldım...

Sərdar bəylə görüşməyim elə də çətin olmadı, çünki Küçükoğlunun azərilərə böyük rəğbəti vardı, ana babası Qarabağdan köçməydi. Emalatxananın qarşısında iri şabalıd ağacları vardı.

İstanbul istisi onun yarpaqlarında buxarlanırdı. Girəcəkdə məni Küçükoğlunun köməkçisi qarşıladı və mansarda dəvət elədi.

Sərdar bəy böyük bir molbertin qarşısında dayanıb, uzun-uzadı nəyəsə baxırdı, yəqin Boğaziçiylə bağlı nəsə çəkirdi.

Əcaib görkəmdəydi. Əynində qısaqol, dizdən yuxarı göy xalat və gödək sarı şalvar vardı. Ayağına məst keçirmişdi.

Məni görən kimi yaş, yaşıl güllü dəsmalla əllərini sildi və əyləşmək üçün yer göstərdi. Emalatxanada səliqə-səhmandan əsər-əlamət yoxuydu və başdan-ayağa rəsmlərlə bəzədilmişdi, daha doğrusu rəsmlər hara gəldi atılmışdı.

Ən çox Boğaziçinin təsvirləriydi. Gözəl xanımların naturadan da rəsmləri vardı.

Bu açıq-saçıqlığa görə Türkiyə mətbuatı hər addımbaşı onu tənqid eləyirdi. İslamçılar onun emalatxanasını yandırmağa bir neçə dəfə cəhd də göstərmişdilər.
Bu məlumatları yolda mənə Cövdət bəy danışmışdı və naturadan çəkilmiş rəsmlərlə bağlı ona hər hansı sualı verməməyi tövsiyə eləmişdi.

Sərdar bəydən öyrəndim ki, Züleyxa xanım “Bahar çiçəkləri” adlı gözəllik salonunun rəhbəridir, amma bu “çılğın azəri qızıyla” görüşmək çətindir.

–Züleyxa xanım Azərbaycandan gələn müsafirlərlə heç görüşmək istəməz, – dedi.

–Siz ona mənim adımı desəniz, mütləq görüşmək istəyəcək,-israr elədim və Züleyxa xanımla uşaqlığımızın bir yerdə keçdiyini, bir zamanlar çox yaxın olduğumuzu anlatdım və təkidlərim öz bəhrəsini verdi.

O, mənim indiyə kimi gömədiyim, kobraya oxşar, iri mobil telefonla Züleyxa xanımın nömrəsini yığdı, amma nəticəsi olmadı. Nömrə cavab vermirdi, yəqin “əhatə dairəsindən xaricdəydi”. “Mərak etməyin, onu tapacayız”, –Sərdar bəy mənim narahat olduğumu görüb gülümsündü.

Süfrəyə çay gəldi. Sərdar bəy ana babasının Qarabağdan gəlməsindən, nəsil tarixçəsindən (şəcərəsindən), İstanbulda sənədsiz qaldığına görə babasının qazamata atılmasından qısa danışdı və yenidən zəng elədi. Bu dəfə telefonu götürdülər.

Deyəsən, Züleyxa xanımın katibəsiydi. Sərdar bəy onunla danışa-danışa arxa otağa keçdi və bir azdan qayıtdı.

–Sən doğru demisən. Züleyxa xanım görüşməyə hazırdır, bizi ofisində gözləyir...

Sərdar bəyin sürücüsü arif adamıydı. Züleyxa Göyçəyin yanına gedəcəyimizi eşidəndə güldü, maşını böyük bir ləzzət və məmnunluqla işə saldı və biz Nişantaşı səmtə yollandıq.

Küçükoğlu yolda mənə sözarası anlatdı ki, Züleyxa xanımın “gözəl rəfiqələri” var. Və soruşdu ki, mən təsadüfən onlara “baxmağa” gəlməmişəm ki? Mən “yox” cavabını verdim. Amma, deyəsən, o, mənim səmimi etirafıma bir az şübhə ilə, bir az da qısqanclıqla yanaşdı.

“Bahar çiçəkləri” Nişantaşının ən hündür məhəllələrindən birində yerləşirdi. Zəngin malikanələrin arxasındakı təpəlikdəydi. Üçmərtəbəli yaraşıqlı binaydı. Şüşələri maviyə çalırdı. Qarşısında şabalıd, cökə və palıd ağacları vardı.

Züleyxa Göyçəyin katibəsi və köməkçisi vestibüldə bizi gözləyirdi.

Küçükoğlunu görəndə gülümsündülər və “Əfəndimiz, xoş gəlib” –deyə bizi salamladılar. Onların üzlərindəki çoxmənalı təbəssüm gözlərimdən yayınmadı.

Birinci mərtəbədən sağa və sola dəhlizlər uzanırdı. İçəridən cürbəcür ətir iyi gəlirdi.

İkinci mərtəbəyə qalxdıq və bir neçə dəqiqədən sonra mən “Boğaziçində yelkənli günəş” rəsmi asılmış otaqdaydım.

Mənə elə gəldi ki, bura gözəllik salonundan daha çox diplomatik korpusu xatırladır və indi gördüyümüz otaq da ziyafət verilən guşədir.

Çünki otaq çox işıqlı və havalıydı. Sol divarda bar yerləşdirilmişdi. Bir qədər aralıda bədənnümə güzgü qolyulmuşdu, sağda divan, kreslo və curnal stolu vardı.

Sərdar bəyin Səlma xanım kimi çağırdığı katibə bizə oturmaq üçün yer göstərdi və dedi ki, Züleyxa xanım çox yaxın zamanda görüşümüzə gələcək.

Biz oturmaqdan imtina etdik və mavi şüşələrin arxasından Boğaziçinə baxdıq. Mən şüşələrin niyə mavi olduğunu indi anladım.

Görünür, sahibə özü belə istəmişdi. Uzaqda görünən sular öz rəngində görünürdü, belə demək mümkünsə, önümüzə açlıan mənzərə daha cəlbediciydi.

Ağır yük gəmiləri günbatana doğru irəliləyirdi, vapurlar sahildən-sahilə yön alırdı, lap uzaqlarda isə yelkənli qayıqlar üzürdü.

Mən həyacanlıydım. Uzun illər vurğunu olduğum və gözəl qadın kimi obrazını qəlbimdə gəzdirdiyim Züleyxa-Malenanı görəcəkdim.

O gəldi və nə gəldi! Sanki gözəl bir bala hazırlaşmışdı və həmin o gözəl balda öz şahzadəsini tapacaqdı, daha doğrusu necə gözəl olduğunu ona nümayiş elətdirəcəkdi. Bəlkə elə həmin şahzadə mən idim və uzun illərdən sonra biz bir-birimizə qovuşacaqdıq.

Mən ona bir könüldən min könülə yenidən vurulmağa hazır idim. Amma təəssüf, şairlər demiş heyhat, bu belə deyildi. Züleyxa-Malena kübar xanımlara məxsus uzun mavi dekalte geyinmişdi, sarışın saçını arxaya yığıb bağlamışdı, tellərindən bir cığa ayırıb gözünün üstünə salmışdı.

Qara saçlı Züleyxa indi sarışın mələklərə bənzəyirdi. Onda Hollivud aktrisasına oxşar nəsə vardı.

“Bahar çiçəkləri”nin sahibəsi öncə Sərdar bəyə yaxınlaşdı. Sərdar bəylə çox incə görüşüb öpüşdü.

–Çox gözəlsiniz, – Sərdar bəy dedi və onu təkrarən öpdü, sonra geri çəkilib, mənə işarə ilə, – müsafirimiz sizin cocuqluq arkadaşınızmış, – dedi.
Züleyxa xanım əvvəlcə məni ayaqdan başacan süzdü, sonra əlini uzatdı.

Onun bu etinasızlığı məni əməlli-başlı qorxuzdu. Mənə elə gəldi ki, qarşımdakı bir zamanlar gördüyüm Züleyxa xanım deyil.

O heç mənim təsəvvürümdə canlandırdığım Züleyxaya da oxşamırdı. Təkcə zaman yox, həm də adamlar dəyişir, buna oöz yox, amma hisslərimin bü qədər aldadıcı olduğunu düşünməzdim.

“Bahar çiçəkləri”nin gözəl sahibəsi, elə bil mənim tərəddüdlərimi və keçirdiyim hissləri anladı, ürəkdən güldü və Sərdar bəyə tərəf dönüb:
–Əfəndim, bizi bağışlayar, yəqin, cocuqluq arkadaşımla bir az baş-başa qalardım.

Sərdar bəy onu başa düşdü, yenidən Züleyxa Göyçəyi öpdü və mənə sarı qanrılıb, – bu gözəli qardaş-qardaşa qıymaz, mən səninlə baş-başa qoydum,-dedi və gedərkən,-bir kömək lazım olsa, rica edirəm, məni arayasınız,-deyə əlavə elədi.

Züleyxa xanım məni divana dəvət elədi. Bir küncdə oturdum. O isə mənimlə üzbəüz kresloya çökdü. Yəni elə ehmalca oturdu ki, paltarı əzilməsin. Səlma xanım bizə çay gətirdi.

Uşaqlıq arkadaşım gözünün üstünə tökülmüş saçını qulağının arxasına keçirdi və dedi:

–Mən səninlə görüşməzdim, amma Sərdar bəy deyəndə ki, sən yazarsan razılaşdım. Əslində, yazarlardan qorxuram, amma istərdim ki, mən öləndən sonra başıma gələnləri qələmə alasan.

Orada (Bakını nəzərdə tuturdu) mənim haqqımda xoşagəlməz şaiyələr dolaşır. Amma söz ver ki, söhbətimiz mən həyatda olmayandan sonra çap olunacaq.

Züleyxa azərbaycan türkcəsində anlaşmağa çalışsa da, vaxt öz sözünü demişdi, istanbul ləhcəsi onun danışığında birinci yerdəydi. Onun danışıqlarını öz süzgəcimdən keçirirdim.

Sonra o, nə fikirləşdisə, səsini xırp kəsdi, elə bil utandı.

–Unutmuşam ki, biz cocuqluqdan bir-birimizi tanıyırıq, bağışla ki, səninlə yad adam kimi danışıram, çoxdandır görüşmürük... heç ağlıma da gəlməzdi.

O qədər müxbir görmüşəm ki, hamını bir-birinə oxşadıram. Bakıda başqa cürdü axı, qonağı özgə cür qarşılayarlar.

Mən gərək səni evimə dəvət edəm, amma orda bizə quluq edən tapılmayacaq. Ona görə də Boğaziçinə enib “Quş ağzı”nda bir nahar eliyək,- dedi.

Mən etiraz eləmədim.

–Sahibi-mütləq sizsiniz,-deyə aramızdakı soyuqluğu, pərtliyi götürmək istədim.

Biz “Quş ağzı”na düşdük, sahilə yaxın oturduq.

Bir azdan tösmərək, amma osman oğlanları demiş, şık geyimli bir kişi bizə yaxınlaşdı, daha doğrusu Züleyxa xanıma təzim eləmək üçün stolumuza sarı gəldi.

Başa düşdüm ki, ortayaşlı bu adam restoranın sahibidir. O, Züleyxa xanımın qarşısında baş əydi və yaraşıqlı, ağappaq əllərindən öpdü. Əvvəlcə sağ, sonra da sol. Düz üç dəfə.

–Xoş gəldiniz,-Züleyxa xanım.

Boğaziçi gözəli nazlana-nazlana və ədayla:

–Xoş bulduq, Nəcib bəy, – dedi.

–Qulluğunuzda hər zaman hazıram, Züleyxa xanım,-Nəcib bəy belə dedi və arxasında dayanmış qarsonlara işarə elədi.

Qarsonlar, eyni cür geyinmişdilər, bir boydadılar, sanki əkiz qardaş idilər və məcməyidəki menyulari ədəb-ərkanla qarşımıza qoydular, elə bil, qorxurdular ki, ehtiyatsız bir hərəkət xətrimizə dəyər və sakit addımlarla bizdən uzaqlaşdılar.

–Nə istəyirsən, sifariş elə.- Züleyxa xanım qonaqpərvərliklə dedi.

–Sən seçsən yaxşı olar,-dedim.

O, mənə adını unutduğum bir yemək təklif elədi. Gözümü döydüyümü görüb onun izahını verdi. Bu, langetə oxşar ət yeməyiydi.

Ofisiantlar qayıtdılar, sifarişləri götürüb getdilər.

Züleyxa xanım yerini rahatladı və həyatını danışmazdan əvvəl bir sual verdi:

–Mən yoxa çıxandan sonra həyatınızda bir şey dəyişdimi?

–Hər şey dəyişdi. Həyətimizdə həyat öldü,- dedim.

Züleyxa elə ürəkdən güldü ki, sanki onun səsi Boğaziçində qərar tutan bütün kafe və restoranlarda eşidildi. Hər halda mənə elə gəldi. Sonra o uzun müddət susdu, Boğaziçində üzən ağ yelkənli gəmiləri süzdü və qəmli-qəmli:

–Gəmilər ağ örpəkli gəlinlərə oxşayır, taleləri qaranlıq və kədərlidir,-dedi.

Ofisiantlar sifariş elədiyimiz yeməkləri gətirdilər və hər ikisi bir ağızdan:

–Afiyət olsun,-deyib getdilər…

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG