Keçid linkləri

2024, 19 May, bazar, Bakı vaxtı 19:42

Üzeyir bəy Hacıbəyli. MİNİATÜRLƏR


AND İÇMƏK

- Kərbəlayi Nəcəfqulu, saat neçədir?

- Dəstədən on iki dəqiqə keçibdir.

- Ba?!

- Əbülfəzl Abbas haqqı.


Məşədi Həsən, dünən sən də qonaqlıqda idin?

Yox, Həzrət Abbasın qələm edilən qolları haqqı.


- Molla Vəli, bilirsən dünən Nəcəfəli bəyə nə dedim?

- Nə dedin?

- Dedim: Əlinin qəzəb oğlu Abbas mənə qənim olsun yalan deyirəmsə, bu saat qarnuvu yarıb tüstü ilə dolduraram.

- Deyinən sən öl.

- Sən öl! Həzrət Abbas belimdən vursun ki!


- Kərbəlayi Hümmət, mənim başmaqlarımı sən geyibsən?

- Yox, Həzrət Abbasın bir cüt qələm düşən qolları haqqı!

- A kişi, ta niyə yalandan and içirsən. Budur ana, mənim başmaqlarım səndədir.

- Buy, Həzrət Abbasın qılıncına gəlim ki, elə bilirdim özümündür!!


PEYĞƏMBƏR

Bir kişi peyğəmbərlik iddiası eləyirdi. Onun tutub qubernatorun yanına gətirdilər. Qubernator soruşdu ki, heç möcüzə göstərə bilərsənmi?

Dedi:

- Göstərərəm.

Dedi:

- Nə göstərərsən?

Dedi:

- Bu saat bilirəm ki, sən nə fikir eləyirsən.

Qubernator dedi:

- Bil görək.

"Peyğəmbər" dedi:

- Bu saat sən fikir eləyirsən ki, əgər bu kişi yalançı olsa, tutub həbs edərəm, amma sonra rüşvət alıb buraxaram.


ATALAR SÖZLƏRİ

Müsəlmanlarda bir məsəl var, deyirlər ki, ağac bar gətirdikcə başını aşağı tutar.

Amma bainhəmə, müsəlmanlarda bir qayda vardır ki, onların "ağacları" bar gətirdikcə, başlarını yuxarı tutub, amma hökumət qapazı dəydiyi zaman başlarını aşağı tutarlar ki, qapaz vuran "rahat" olsun.

Yenə müsəlmanlarda bir məsəl var ki, əyri otur, düz danış.

Amma bainhəmə, müsəlmanlarda bir qayda vardır ki, həmişə düz və diz üstə oturub, əyri-müyrü sözlər danışarlar.


TELEFONDA SÖHBƏT

- Salaməleyküm!

- Əlüyküməssəlam, sabahın xeyir olsun!

- Sənin də gözün aydın olsun.

- Necə?

- Axtarıbdılar.

- Ba, hansını?

- Hə, hamısını!

- Çox gözəl, bəs nə tapıbdılar? Kimi Sibirə göndərirlər? Hansını boğazından asacaqdılar? Bir tez nağıl elə görüm, əşi, səni xeyir xəbər olasan!

- Balam... Utanıram deməyə, heç zad tapmayıbdılar.

- Mən ölüm?

- Sən öl.

- Pəh bu olmadı ki. Bəs kimi tutublar?

- Yenə heç kəsi... Sonra tutsalar da, bir saatdan sonra buraxarlar...

- Yox, aşna, bu olmadı. Mən belə demirdim...

- Neynəmək? Bu səfər belə oldu, Allah qoysa gələn səfər özgə cür olar.

- (Bir az fikirləşəndən sonra) Mən ölüm, məni tovlamırsan ki... (Tələsik).
- Buy, bu sən öl, arxayın ol, bu nə sözdür, tovlasam, mən gərək namərd olam!

- Xudahafiz!


BİZİM ADİ SÖHBƏTİMİZ
(Oxuculardan üzr istəyirəm. Hərçənd söhbətlərimizin elələrini seçmişəm, qəzetdə yazmaq olar, amma yenə də üzr istəyirəm).

- Salaməleyküm.

- Əleykəssalam.

- Məşədi Həsən, mən necə eləyim? Axı o köpək oğlunun balası gəlib çıxmadı.

- Mən nə qayırım, balam. İt oğluna min kərə dedim ki, adə, tez gəl.

- Gör, sən allah, saqqallı kişini qoduğun birisi ələ salıbdır.

- Bu sən öləsən, eşşəyin balasına ağzıma gələni demişəm. Donuz balasına söz kar eləmir.

- Hə, indi ki belə oldu, mən onun... (Daha dalını yazmağa qələm işləməz. Elə bu "nümunə" bəsdir).


QƏZET

Birdən, fərz elə, Avropada bir məmləkətdə, məsələn, Firəngistanda qəzetlərin hamısı durduğu yerdə bağlandı.

Onda nə olar?

Onda tamam Firəngistan bir-birinə dəyər... Kişi, arvad, uşaq - hamısı bir-birinə qarışıb bir çığır-bağır salarlar ki, qonşular dəli olarlar.

Biri çığırır ki:

- Ay, kor oldum!

O birisi:

- Ay, kar oldum!

Bir başqası:

- Ay, lal oldum!

Banklar qapanar, birjalar sönər, fabriklər batar, dəmiryol işləməz, paraxodlar dayanar, məclislər pozular, bazar-dükan bağlanar, teatrlar boş qalar - qərəz, zəlzələ olar, tufan qopar, hamı kar olar, kor olar, lal olar.

Bəs bizim qəzetlər bağlansa, nə olar?

- Heç zad!


SUAL-CAVAB

Sual: Heç elə şey ola bilərmi ki, bir şeyin adı ola, amma özü heç yerli-dibli olmaya?

Cavab: Bəli, olar! Məsələn, Bakı ilə Gəncənin "Cəmiyyəti-xeyriyyə"lərinin adı var, amma özlərindən heç bir əsər yoxdur.

Bir əcnəbi (kamali-təəccüblə). Bu ölən kimdir ki, bu dəbdəbə, bu təntənə, bu cahu cəlal ilə cənazəsini təşi edibsiniz və belə atəşin nitqlər söyləyirsiniz?

Müsəlman. Bu ölən, müsəlman millətinə ən böyük qulluqlar göstərmiş və millət yolunda hər bir şeyi qurban etmiş bir şəxsdir.

Əcnəbi. Bəs nədən vəfat edib?

Müsəlman. Deyirlər ki, acından...


İRANIN EVİ YIXILIB

- Sabahın xeyir olsun, Kərbəlayi Qulu!

- Aqibətin xeyir olsun, Məşədi Nəbi!

- Bilirsən nə var?

- Yox, necə?

- İranda azadlıq verilibdir.

- Hə, bir elə əhval eşitmişəm, ancaq azadlıq, yəni nə olsun?

- Azadlıq odur ki. İranda indən belə hambaldan tutmuş vəzirə kimi bir məclis qurub, dövlət işinə məsləhət və məşvərətlə baxacaqdılar.

- Pəh, deynən İranın evi yıxılıbdır ki!

- Necə?

- Əşi, bir məclisdə ki, hambal vəzirlə söhbət edəcəkdir, o məclisdən nə yaxşı şey gözləmək olar?!

- Keyfin yaxşıdırmı, Kərbəlayi Qurquşum?

- Keyfin yaxşı olsun. usta Həsən!

- Eşitdinmi, İranda nə olubdur?

- Yox, nə olubdur?

- Pəh, İranda azadlıq verilibdir!

- Yəni nə olacaqdır?

- O olacaqdır ki, bundan sonra hambal vəzir ilən bir yerdə məclis qurub söhbət edəcəkdir!

- Bu yaxşı olmadı, Usta Həsən!

- Neyçün?

- Əşi, bir hambal ki, vəzir ilən dizbir olub söhbət eləyə, sonra gəlib on put arpanı iki köpük manata şəhərin o başınadək aparmağa razı olarmı?


MÜSƏLMANLARIN HALI


Hökumət qapısında

- Kərbəlayi Bədəl, görə bildin?

- Görə bildim.

- Nə dedi?

- Dedi: "Zavtra"!


Ağalar qapısında

- Məşədi Fərəcullah, ağa evdə idi?

- Bəli, evdə idi.

- Səni gördü, nə dedi?

- İki dəfə üzümə tüpürdü, bir dəfə də atamın goruna söydü.


İntellegent qapısında

- Mahmud əmi, razı oldumu?

- Balam, yox!

- Nə üçün?

- Dedi, beş yüz manat ver, yazım.


Dövlətli qapısında

- Kərbəlayi Müseyyib, getmişdin?

- Hə, getmişdim.

- Görə bildin?

- Balam yox. Səhər yatmışdı, günorta çörək yeyirdi, axşam da evdə yox idi.


QARABAĞDA YER MƏSƏLƏSİ

- Kərbəlayi Kərim, sən dur yuxarıdan otur!

- Yox, Məşədi Cəlil elə bura yaxşıdır.

- Yox, sən öl olmaz, dur bəri otur!

- Zəhmət çəkmə, Məşədi Cəlil, vallah mənə bura yaxşıdır.

- Əşi bircə sən ayağa dur! Bircə ayağa dur! Belə, di indi bəri otur, helə. Bir az da bəri, bir az da bəri, mən ölüm bir az da bəri, sən Həsənin canı bir az da bəri sürünçün, helə! Bax indi ürəyim arxayın oldu.

- Həsənbala kişi, sən zəhmət çək dur, bu aşağıda otur, bura Kərbəlayi Heydərin yeridir. Bir az da aşağı, bir az aşağı, bir xırda da yanını aşağı elə, atan olsun rəhmətlik! Yaxşıdır, elə orada otur. Hər məclisdə gərək bir qayda-qanun olsun; daha ondan aşağı yenmə, elə deyil, Molla Vəli?

- Əlbəttə, qayda və qanundan başqa bir də burada ədalətə riayət olunur ki, hamısından vacib odur!

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG