Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:27

Avropa Birliyi ilə əməkdaşlıq Azərbaycana nə verir?


Eldar Namazov və İradə Bağırova
Eldar Namazov və İradə Bağırova
İyulun 16-da Azərbaycanla Avropa Birliyi arasında Assosiasiya Sazişi imzalandı. «Panorama» verilişində tarixçi İradə Bağırova və politoloq Eldar Namazov bu saziş ətrafında fikirlərini bölüşüblər.

İRADƏ BAĞIROVA:

«Hələ 2 il əvvəl Azərbaycan Avropa Birliyinin Şərq Tərəfdaşlıq Proqramına qoşularkən bu Assosiasiya Sazişinin imzalanması orada öz əksini tapırdı. 2006-cı ildə isə Azərbaycanla Avropa Birliyi arasında fəaliyyət proqramı imzalanıb. Orada Azərbaycan üzərinə 10 öhdəlik götürürdü. Bura Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması, azad, şəffaf seçkilər, korrupsiya ilə mübarizə, məhkəmə və hüquq sahəsində bir sıra islahatlar daxil idi. Bu öhdəliklərin bəziləri-xüsusilə də iqtisadi və enerji sahəsində əməkdaşlıqla bağlı müəyyən uğurlar əldə edildi. Ancaq bəzi öhdəliklərlə bağlı problemlər hələ də qalmaqdadır. Mən o fikirlə razı deyiləm ki, Avropa Şurası ilə, Avropa Birliyi ilə əməkdaşlıq Azərbaycana heç bir xeyir gətirmədi. Əksinə, mən düşünürəm ki, bu Assosiasiya Sazişinin də böyük əhəmiyyəti olacaq. Çünki Assosiasiya Sazişi də Azərbaycanın üzərinə çox mühüm öhdəliklər qoyacaq və biz istər-istəməz onları yerinə yetirmək məcburiyyətində qalacağıq. Məsələn, Ermənistan və Gürcüstan Ümumdünya Ticarət Təşkilatının üzvüdürlər. Azərbaycan isə bu quruma üzv olmağa neçə ildir tərəddüd edir. Bu Assosiasiya Sazişindən sonra biz istər-istəməz həmin quruma üzv olacağıq…».

ELDAR NAMAZOV:

«Bu öhdəliklərlə bağlı həm Avropa Birliyinin özü, həm də Azərbaycanın Avropaya inteqrasiya üzrə ictimai Milli Komitəsi hər il monitorinq aparır. Bizim monitorinqlə Avropa Birliyinin monitorinqi demək olar ki, üst-üstə düşür. Biz hesab edirik ki, demokratiya, insan hüquqları sahəsində götürlən öhdəliklər əsasən yerinə yetirilməyib. Avropa Birliyi ilə Şərq Tərəfdaşlıq Proqramına keçmiş SSRİ-nin 6 respublikası qoşulub: Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus. Ukraynada, Gürcüstanda və Moldovada Avropa Birliyi ilə əməkdaşlıq üçün hakim iradə var. Bizdə və Ermənistanda isə öhdəliklər görüntü xatirinə yerinə yetirilir. Belarusda isə vəziyyət daha acınacaqlıdır. Azərbaycanda hələ ki, islahatları gecikdirmək, müxalifəti əzmək, mətbuatı isə susdurmaq yolunu tutublar. Bunlar hamısı Avropada istehsal olunan maşınlar sürürlər, pullarını İsveçrə banklarında saxlayırlar, uşaqlarını Londonda, Avropanın başqa şəhərlərində oxudurlar. Ancaq xalqa gələndə, deyirlər ki, bizim öz mentalitetimiz var…».

XS
SM
MD
LG