Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:02

Əlövsət Əliyev: «Adların seçilməsinə qadağalar yalnız qanunla qoyula bilər»


Əlövsət Əliyev
Əlövsət Əliyev
«Adların seçilməsinə qadağalar yalnız qanunla qoyula bilər».

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında hüquqşünas Əlövsət Əliyev adların seçilməsinə dair valideynlər üçün hazırlanacaq siyahı barədə danışarkən deyib.

Hüquqşünas bildirib ki, qanunvericilik ad hüququnu tanıyır. Hər bir şəxsin addan, ata adından və soyaddan ibarət ad götürmək hüququ var. Bütün hüquq və vəzifələrini fiziki şəxs öz adı ilə əldə edir və həyata keçirir:

«Valideynlərin seçim hüququna hörmətlə yanaşılmalıdır. Azərbaycan höquqi dövlətdir. Azərbaycanda bütün məsələlər qanunla tənzimlənir. Adların seçilməsinə qadağalar yalnız qanunla qoyula bilər. Qərarla qoyula bilməz. İcra hakimiyyəti orqanlarının qərarları ilə belə hallara yol vermək olmaz. Və bu hüquq bütün hallarda valideynlər üzərində dayanmalıdır».

Deputat Cəmil Həsənli isə son vaxtlar valideynlərin daha müasir adlara maraq göstərdiyini bildirib:

«Valideynlər uşaqlarını gələcəkdə problemlə üz-üzə qoymamalıdırlar. Valideyn uşaq doğulanda onun 20 yaşını təsəvvür etməlidir. O 20 il sonranın nöqteyi-nəzərindən o uşağa ad verməlidirlər».

Cəmil Həsənli
Canlı efirdə övladına ad qoymaq üçün deputatdan məsləhət istəyən valideynə isə Cəmil Həsənli tarixi-ədəbi nümunələrlə maraqlanmağı tövsiyə edib:

«Mənim məsləhətim odur ki, sağlam uşaq dünyaya gətirsin və sağlam ad qoysun. Qoysun Dədə Qorqudu qarşısına ordakı gözəl adlardan biri ilə övladını çağırsın».

«Yeni Müsavat» qəzetinin yazarı Zamin Hacı isə bu rəngli siyahıların arxasında başqa məqsədlərin dayandığını bildirib:

«Bizim təkliflərimizi onsuz da vecinə alan yoxdur. Bu da rüşvətxorluq və başqa məqsədlər üçün ortaya atılmış bir şeydir. Qaldı ki, bu yaşıl, sarı, qırmızı məsələsinə, bir dəfəlik elan etsinlər ki, tutaq ki, bu ölkədə ən yaxşı adlar İlham adıdır, Heydər adıdır. Bunu etiraf eləsinlər. Necə olur axı 9 milyonuncu uşaq doğulur. Onun adı İlham olur və ona mükafat verilir. Başqa ad olana olmaz».


/Hazırladı Kamran Mahmudov/

HƏMÇİNİN OXU:

AZƏRBAYCANDA İNSAN ADLARI İŞIQFORLARLA TƏNZİMLƏNƏCƏK?
XS
SM
MD
LG