Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:32
Fransa mediası bu yayı prezident Nikola Sarkozi üçün «cəhənnəm mövsümü» adlandırır. Bəlkə də onlar haqlıdır. 2007-ci ildə meriya ulduzu kimi hakimiyyətə gələn, sonra keçmiş top-model və müğənni Karla Bruni ilə ailə qurmaqla daha da məşhurlaşan Sakozi ciddi qalmaqalla üzləşib. Bu qalmaqal hakimiyyətdə olduğu 3 il ərzində Sarkozi üçün ən ciddi sınağa çevrilib.

Hər şey dünyanın üçüncü zəngin qadını ilə bağlı qalmaqaldan sonra başlayıb. Bu qadın kosmetik məhsullar şirkəti olan «Loreal»ın varisi, ümumi varidatı 20 milyard dollardan çox qiymətləndirilən Lilian Betenkurddur. 87 yaşlı bu qadın Fransa gündəmində demək olar ki, olmurdu. Lakin bu yay onun şəklinə bütün Fransa mətbuatında rast gəlmək olar. Çox vaxt da Sarkozinin şəkli ilə yanaşı.

ONLARI BİR-BİRİLƏ BAĞLAYAN PUL MƏSƏLƏSİDİR

Elə bilməyin ki, onları bir-birinə sevgi bağlayır. Betenkurdun sabiq mühasibinin sözlərinə görə, onları bir-birilə bağlayan pul məsələsidir.

İddialara görə, 2007-ci ildəki prezident seçkiləri zamanı Betenkurdun mühasibi Sarkozinin partiyasına seçki kampaniyasını maliyyələşdirmək üçün 190 min dollar verib. Sarkozinin televiziyada iddianı yalan adlandırmasından sonra bu məsələyə ictimai maraq daha da artıb:

«Mən bu cür iddianın hədəfi olmağıma təəccüblənmirəm. Bunu gözləyirdim. Bildirmək istəyirəm ki, bu məsələ vaxtımı alacaq. Xalq isə məndən ölkəni iqtisadi böhrandan çıxarmağımı gözləyir».

Fransa mediası bu yayı prezident Nikola Sarkozi üçün «cəhənnəm mövsümü» adlandırır
BU, İLK QALMAQAL DEYİL

Betenkurdun mühasibi Kleyr Tibault isə ifadəsində deyib ki, bu məbləği Sarkozinin xəzinədarına verib.

Bu, Betenkurdla bağlı yeganə qalmaqal deyil. Vergidən yayınma və maliyyə müşavirlərinin telefon danışıqlarını dinləməklə bağlı əlavə iki istintaq da aparılır.

Bu iddiaların sübuta yetirilib-yetirilməyəcəyindən asılı olmayaraq bu Sarkozinin siyasi hakimiyyətinə böyük zərbə vuracaq. «Fransa-24» jurnalının redaktoru Mark Pelerman deyir ki, istər-istəməz bu məsələnin Sarkozinin siyasi gələcəyinə təsiri olacaq. Ancaq bununla belə, peşəkar təbliğatçı olan Sarkozi küncə sıxışanda daha yaxşı kampaniya aparır. Ona görə də demək olmaz ki, onun üçün hər şey bitdi.

Ötən həftə keçirilmiş rəy sorğularına görə, 2012-ci ildə keçiriləcək prezident seçkiləri indi olsaydı Sarkozi rəqibi - Sosialist Partiyasının lideri Martin Obriyə məğlub olardı.

/Tərcümə etdi: Kəbiran Dilavərli/

Günün bütün mövzuları

XS
SM
MD
LG