Keçid linkləri

Təcili xəbərlər

Təkcə birlik nəyisə həll edirmi?


– opposition leaders Ali Kerimli and Isa Gambar discuss perspectives of cooperation, 14Jul2010
– opposition leaders Ali Kerimli and Isa Gambar discuss perspectives of cooperation, 14Jul2010
AXCP öz siyasi satellitlərindən ayrılaraq Müsavat Partiyası ilə seçki bloku yaratmaq haqda qərar verdi. Lap əvvəlcə bununla bağlı ziddiyyətli xəbərlər yayıldı.

AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, məsələ hələ ancaq partiyanın rəyasət heyətində müzakirə olunub. Amma «Azadlıq» blokunun təmsilçilərindən biri Lalə Şövkət müsahibə verərək bildirdi ki, o, bu qərardan şaddır və bu gündən «Azadlıq» blokunu buraxılmış hesab edir.

Beləcə, təxminən bir neçə ay davam edən birlik formullarının axtarışına son qoyuldu, son nəticədə Müsavatın təklifi qəbul edildi.

O ki qaldı siyasi situasiyanın əsaslı şəkildə dəyişməsinə, bununla bağlı ciddi ümidlərə qapılmaq əbəsdir. Hər iki partiyanın nə birlikdə, nə də ayrılıqda belə imkanı yoxdur
Xatırladaq ki, əvvəldən Müsavat partiyası seçki blokunu digər partiyaların iştirakı olmadan, sadəcə iki paritya arasında yaratmağı təklif edirdi.

Amma bunu böyük uğur və yaxud qələbə adlandırmağa tələsməzdik, çünki birlik müxalifətin böyüməsi hesabına deyil, əksinə kiçilməsi nəticəsində baş verdi. Söhbət nədən gedir?

BÜTÜN MÜTTƏFİQLƏR ALP KİMİ OLSAYDI

ALP lideri Lalə Şövkət bildirdi ki, mart ayından heç bir müsahibə verməmək qərarı verib.

ALP lideri bunu AXCP ilə Müsavat arasındakı danışıqlara mane olmamaq üçün etmişdi. L. Şövkət sözünün üstündə durdu, bu vaxta qədər müsahibə vermədi. ALP lideri öz addımını cəbhəçilərin istəyinə xələl gətirməmək məqsədi ilə izah etdi, çünki AXCP daxilində sıravi üzvlərin Müsavatla seçki bloku yaratmaq istəyi güclü idi.

AXCP sədri Əli Kərimli bu birliyi «Azadlıq» bloku çərçivəsində yaratmağı israr edirdi, amma son anda o, cəbhəçilərin istəyinə zidd getməyərək təkcə Müsavat Partiyası ilə seçki bloku yaratmaq haqda qərar verdi. «Azadlıq» blokunun digər təmsilçiləri artıq bloku buraxılmış hesab edir. Amma AXCP funksionerləri bildirir ki, təzə yaradılacaq ittifaq ancaq seçki blokudur, siyasi blok deyil. Fəqət, bunu israr etməkdə məqsəd «Azadlıq» blokunu saxlamaq istəyi olsa da, sadə bir həqiqət hamıya aydındır ki, siyasi bloklar bir qayda olaraq seçki bloklarının bazisini təşkil edir.

Yeni seçki blokunda ALP-nin yer almaması təəssüfləndirici haldır, hərçənd L.Şövkət seçkidə iştirak etməyəcəyini deyir. Sadəcə, L.Şövkət 2005-ci ilin parlament seçkisindən sonra ən ardıcıl mövqe tutan siyasətçilərdən olub, deputat mandatından imtina edib. Məsələn, nə Müsavatın üzvləri, nə də müstəqil deputat Pənah Hüseyn bunu bacarmadı. Görünür, əksər hallarda siyasi maraqlar prinsipləri üstələyir və bu halda bunu müşahidə edirik.

YENİ BİNADA KÖHNƏ QAYDA İLƏ

Bu ilin seçki prosesinin hələlik yeganə yadda qalan detalı bu olub ki, MSK yeni binaya köçüb. Binanın açılışında İlham Əliyev bildirdi ki, parlament seçkisi ədalətlə keçiriləcək. Amma buna inanan varmı? Müxalifət partiyaları buna inanmadıqlarını deyiblər. Bu il seçki müddəti qısaldıldı, təbliğat üçün nəzərdə tutulan vəsait ləğv edildi. Hakimiyyət adamları deyir ki, seçki ilə bir ay, iki ay deyil, bütün beş ili məşğul olmaq lazımdır. Buna imkan verilirmi?

Təbii ki, yox. Siyasi partiyalar nəinki aksiyalar, seçicilərlə görüşlər, hətta öz iclaslarını keçirə bilmirlər. Azərbaycanda beş il seçki ilə məşğul olmağa təkcə bir partiyanın imkanı var – bu da YAP-dır, digər partiyalar belə imkan haqda ancaq arzulaya bilərlər.

AXCP – MÜSAVAT İTTİFAQI GÜCLÜ SİYASİ EFFEKT VERƏCƏKMİ?

Güman etmirik. Bəs partiyalar bununla nə qazandı? Birincisi, qüvvələri səfərbər etmək imkanı yarandı - bundan sonra iki partiya eyni dairələrdə biri – birilə mübarizə etmək məcburiyyətində qalmayacaq. İkincisi, bir növ siyasi həmrəylik bərqərar oldu - partiyalar arasında münasirbətlər elə səviyyədə idi ki, hətta birgə bəyanatlar belə qəbul olunmurdu. Bundan başqa, indi elə vəziyyətdir ki, tək bir partiyanın bütün seçki dairələrini namizədlərlə əhatə etmək imkanı yoxdur. Birlikdə isə bu problemi həll etmək olar. O ki qaldı siyasi situasiyanın əsaslı şəkildə dəyişməsinə, bununla bağlı ciddi ümidlərə qapılmaq əbəsdir. Hər iki partiyanın nə birlikdə, nə də ayrılıqda belə imkanı yoxdur.

Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.

Ən son yazılan

XS
SM
MD
LG