Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:10

Fransa parlamenti burqanı qadağan etmək üçün ilk addımı atdı


Dünən Fransa parlamentinin aşağı palatası mübahisəli qanun layihəsini axır ki təsdiqlədi. Qanun layihəsinə görə, ictimai yerlərdə bütün bədəni – o cümlədən üzü örtən geyim geymək qadağandır.

Əlbəttə ki, qanun layihəsi ilk növbədə müsəlman qadınların gündəlik həyatı ilə bağlıdır. İndi qanun layihəsi parlamentin yuxarı palatasında – Senatda müzakirəyə çıxarılmalıdır. Müzakirənin sentyabrda olacağı gözlənilir.

Əgər qanun Senatdan keçsə, Fransa burqanın qadağan edildiyi ikinci Avropa ölkəsi olacaq. İlk olaraq belə qanunu Belçika qəbul edib.

Fransa parlamentində müzakirə edilən qanun layihəsində ictimai yerlərdə burqa geyinənlər – ya 150 avro cərimə ediləcək, ya da Fransa vətəndaşlığının əsasları haqda kurslarda məcburi iştirak etməli olacaqlar.

Eyni adama münasibətdə bunların ikisi də tətbiq oluna bilər.

QADININI, QIZINI BURQA GEYİNMƏYƏ MƏCBUR EDƏN KİŞİLƏR

isə təxminən 40 min dollar məbləğində cərimə ediləcək və bir il azadlıqdan məhrum ediləcək.

Əgər yetkinlik yaşına çatmayan qızlar buna məcbur edilsə, onda bunu edən kişilərin cəzası və cəriməsi iki dəfə ağır olacaq.

Fransa Qərbi Avropada ən böyük müsəlman icmasına malikdir. 65 milyon nəfərlik əhalinin 10 faizə qədəri müsəlmandır. Müsəlmanların çoxu Mərakeş və Əlcəzairdən gəlmədir.

Rəsmi statistikaya görə, müsəlman icmasının yalnız cüzi bir hissəsi – 2000 nəfərə yaxın qadın burqa geyinir.

Qanun layihəsini hazırlayanlar deyirlər ki, burqa Fransanın dünyəvi rejimi ilə daban-dabana ziddir, bundan başqa bu, ictimai yerlərdə təhlükəsizliyin təmin edilməsinə də maneçilik törədir.

Bəzi Fransa siyasətçiləri isə burqanı

“GƏZƏN QƏBİR”

adlandırırlar və deyirlər ki, qadın bundan azad edilməlidir.

Amma qanuna qarşı çıxanlar deyir ki, bu, fərdi azadlıqların məhdudlaşdırılmasıdır. Onlar bunu siyasi hoqqabazlıq adlandırırlar, məqsədin isə ifrat millətçi düşüncəli seçicilərin rəğbətinin qazanılması olduğunu bildirirlər.

Fransa parlamentində burqa ilə ilə bağlı müzakirələr. 13 iyul 2010
Fransanın ən böyük müsəlman təşkilatı – İslam Dini Şurası deyir ki, şəriət qaydaları heç də qadının burqa geyməsini tələb etmir. Amma eyni zamanda şura narahatdır ki, burqanın qadağan edilməsi ümumilikdə müsəlmanlara pis münasibət yarada bilər.

İctimai rəy sorğuları göstərir ki, həm Fransada, həm də başqa qərbi Avropa ölkələrində - əhalinin böyük hissəsi burqanın qadağan olunmasını dəstəkləyir.

Qadağaya Fransa prezidenti Nikola Sarkozi də tərəfdardır, belə geyimin Fransaya uyğun olmadığını deyir.

Fransada əhalinin 80, Almaniyada təxminən 70, Britaniya və İspaniyada 60 faizi burqaya qarşı çıxır.

Amma bu dəstəyə baxmayaraq bir məsələ tam aydın deyil ki, qanun layihəsi Fransa Konstitusiyasına uyğundurmu?

Layihə parlamentdən keçsə belə, Fransa Konstitusiya Məhkəməsi, yaxud Avropa İnsan haqları Məhkəməsi məsələyə baxıb qadağanı qanunsuz elan edə də bilər.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG