Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:11

«Bizim ölkədə həmişə izdihamdan qorxurlar»


Ziyadxan Əliyev və Azər Zamanlı
Ziyadxan Əliyev və Azər Zamanlı
«Bu yer bakılıların şüurunda inqilabi çevriliş edib. Bizim evlərimizdən heç vaxt rəsm əsəri asılmayıb. Uzaqbaşı xalça asılıb. Bu mərkəz bizə sənəti sevdirib».

Bu sözləri AzadlıqRadiosunun «Can Bakı» proqramının «Bakının Arbatı olsun-olmasın?» mövzusunda təşkil etdiyi müzakirəyə qatılan qonaqlardan biri- sənətşünas Ziyadxan Əliyev söylədi.

QANUNSUZ KÜÇƏ TİCARƏTİ?

Onun sözlərinə görə, hamı sərgi salonuna gedə bilmir. Təzə-təzə azərbaycanlıların evinə rəsm əsərləri ayaq açıb. Və belə bir zamanda şəhərin sənət həyatının qaynadığı bir yeri «qanunsuz küçə ticarəti» adı ilə bağlamaq hansı məntiqə sığır?

Ziyadxan Əliyev bu ərazinin vaxtilə sabiq prezident Heydər Əliyev tərəfindən rəssamlara verildiyini deyir: «Amma Heydər Əliyev rəssamların emalatxanalarını da onlara bağışlamışdı. Bu sərəncam var. Amma ona əməl olunmur».

CAN BAKIDAN NƏLƏR GEDİB?

Tanınmış sənətşünas «Heydər Əliyevin siyasətini davam etdiririk» deyənlərə bir xatırlatma da etdi:

«Moskva» oteli söküldü, xalq rəssamı Toğrul Nərimanbəyovun divar rəsmləri məhv edildi. «Abşeron» oteli söküldü, xalq rəssamı Mikayıl Abdullayevin mozaikası ləğv olundu. «Gənclik» metrosunun yaxınlığındakı rəssam Tofiq Ağababayevin «Bahar» mozaikası məhv edildi. Filarmoniyanın bağındakı daş heykəllər təmir vaxtı oğurlandı. Fəvvarələr bağındakı yenidənqurmada Telman və Eldar Zeynalov qardaşlarının heykəltəraşlıq nümunələri vardı, fontanın ətrafında - o da yoxa çıxdı. Həmin bağın yanında «Retro» fotoatelyesində rəssam İsmayıl Məmmədovla Sirus Mirzəzadənin divar rəsmi yox oldu. «Azərbaycan» kinoteatrında İsmayıl Məmmədovun divar rəsmi də həmçinin...»

BİZİM ÖLKƏDƏ İZDİHAMDAN QORXURLAR...

Ziyadxan Əliyevin fikrincə, o məkanın alıcısı da var idi, satıcısı da. Həmişə izdihamlı olurdu, həyat çağlayırdı. «Bizim ölkədə və paytaxtda həmişə izdihamdan qorxurlar».

BAKIYA - AZƏRBAYCANA YENİ MƏMURLAR NƏSLİ GƏLİB

Azər Zamanlı, Ənvər Qarayev və Mübariz Şahverdiyev
Passajda çalışan rəssamlardan biri—Azər Zamanlının fikrincə, ölkəyə yeni məmurlar nəsli gəlib. «Mən hesab edirəm ki, bütün bunlar bürokrat məmurların işləridir. Həmin məmurlardan biri mənimlə söhbətdə dedi ki, rəssam kimdir? Nə rəssamlıq? Söhbət mədəniyyətdən gedir. Mədəniyyətsiz ölkə nəyə lazımdır?»

Azər Zamanlının dediyinə görə, onların qazancı çox az olur, əslində dilənməmək üçün bu yola əl atıblar.

RƏSSAMLAR İTTİFAQI MÜRACİƏT YAZIB


Rəssamlar İttifaqı sədrinin müşaviri Ənvər Qarayev artıq müraciət göndərdiklərini bildirdi. «Zəng də etmişik. Bir yol tapacaqlarına söz veriblər».

Rəssamlar dünən bağın rəhbərliyinin onlara «Araz» kinoteatrının yanındakı meydançanı təklif etdiklərini bildirdilər. Ancaq bu yeri nə rəssamlar—Azər Zamanlı və Mübariz Şahverdiyev, nə sənətşünas Ziyadxan Əliyev, nə də Ənvər Qarayev bəyənir.

Mübariz Şahverdiyevin fikrincə, təklif olunan yer məqsədəuyğun deyil. «Günün altıdır. Əvvəlki yerdə rəsm əsərləri gözəl baxılırdı. Baxış məsafəsi yaxşı idi».

Ənvər Qarayevə görə isə, «bu mərkəz öz köhnə yerində bərpa olunmalıdır. Çünki ora hər tərəfdən tağlarla əhatə olunmuş təbii qalereyadır. Həmişə kölgəlikdir. Bu yer insanların hər gün keçdikləri yerdir. Daimi ünsiyyət məkanıdır».

--Ziyadxan Əliyev niyə bu mərkəzə münasibəti Bakının ənənəvi memarlığına növbəti qəsd adlandırdı?

--Bakı binalarına müasir üzlük çəkənlərə nə dedi?

--Ənvər Qarayev bu məkanın Arbat adlandırılmasını nə ilə izah etdi? Rəssamlar oranı bundan sonra necə adlandıracaqlar?

--Azər Zamanlı niyə Bakının küləkləri Bakıdan qaçıb, şəhərin ruhunu da özləriylə aparıblar söylədi?

--Və nəhayət, Bakının ruhu hardadır? Azər Zamanlı onu harda axtarmaq fikrindədir?

«Can Bakı»nın bu maraqlı buraxılışını qaçırmayın.
XS
SM
MD
LG