Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 10:11
Kənan HACI

Şəhərin bürküsündən qaçıb canını qoymağa yer axtaranda budur ha, telefonuna zəng gəlir:-Səhər hazırlaş, Yardımlıya gedirik!

Bu lap göydəndüşmə oldu ki! Qarşıdakı səfərin məqsədini biləndən sonra sevincin ikiqat olur- Babək qalasına yürüş edəcəyik.

Keçən ilin iyulunda da xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının təşkilatçılığı ilə Azərbaycanın Güneyi ilə Quzeyini bir-birindən ayıran sərhəddin yüz addımlığında o tayda yaşayan qardaş-bacılarımızın mübarizəsinə dəstək aksiyası keçirilmişdi.

Onda fürsəti qaçırmışdım, bu dəfə isə ən vacib işimi də təxirə salıb gedəcəkdim, heç bir qüvvə məni bu yoldan saxlaya bilməzdi.

Yolumuz Yardımlıyadır. Yadıma Sabir bəyin misraları düşür, dodaqucu öz-özümə pıçıldayıram:

Yardımlının ay dumanlı dağları,
Həm o yanlı, həm bu yanlı dağları.
O gədiyi bu gədiyə qatmağa
Çox ümidli, çox gümanlı dağları.


“Həm o yanlı, həm bu yanlı” dağlara hələ çox vardı. Bakıdan iki böyük avtobus çıxmışdı, jurnalistlər, vətənpərvər gənclər deyə-gülə yavaş-yavaş yolun belini qırmaqdaydılar.

Səhər çıxmazdan öncə Rasim Qaracaya zəng vurdum, dedi ki, bizim maşınımız var, siz çıxın, gözləməyin, inşaallah, orda görüşərik.

Dostlardan Taleh Şahsuvarlı, Samir Əsədli, Nəsimi Şərəfxanlı, Pərviz Elay, Sevda Əsgərova, Dilqəm Əhməd, rəhmətlik Elçin Səlcuqun oğlu Səlcuq bir andaca isti bir ortam yaratdılar; söhbət haçalandı-zərdüştlikdən, xürrəmilikdən ta sünni-şiə ixtilaflarına, Nadir şahın öldürülməsinə, Sisianovun Bakıda qılıncla doğranmasına qədər mübahisə və mükalimələr uzandıqca uzandı.

Həqiqət isə cidd-cəhdlə bu söhbətlərin arxasında daldalanırdı, necə ki, günün altında istidən bişən adam sərin bir ağac görüncə tez qaçıb kölgəsinə sığınar, bax o cür.

Bu gənclər səhv edə-edə həqiqətə doğru inamla, qətiyyətlə yol gedirdilər, həqiqətin lap yaxınlıqda olduğunu, israrla onlardan gizləndiyini də çox gözəl bilirdilər, amma gənclik əzmi həqiqəti yaxalamaqda ondan da israrlıydı.

Bu vətənpərvər gənclərin qızğın, güzəştsiz mübahisələrini dinlədikcə millətimizin gələcəyi sarıdan arxayınçılıq hissi keçirirsən.

Baxmayaraq ki, Azərbaycanda məqsədsiz, tüfeyli həyat yaşayan cavanların sayı onlarla, yüzlərlədir, onlar hər şeylə barışmış kimidirlər, onlar narkotika adlanan uçurumun dibindəki qaçılmaz sonluğun qurbanlarıdırlar.

Azərbaycan bayrağını bədənlərinə bükən bu alovlu gənclərə baxdıqca qeyri-iradi sanki cəmiyyətdən kənar düşmüş kimi görünən bivec gənclər ordusunun acınacaqlı taleyi haqqında düşünürəm.

Onlar ancaq bu günlə yaşayırlar, onlar üçün gələcək səhərin açılması kimi adi bir “prosedur”dan başqa bir şey deyil. Bir də onlar yolsuz cavanlardır.

Yola çıxırsansa ayaqlarına yiyəlik eləməyi bacarmalısan, yoxsa qarşıda səni uçurum gözləyir, yoxsa bu ayaqlar sənin özünü belə tapdayıb keçəcək. Bizimlə birgə Babək qalasına yürüşə çıxan bu dəli-dolu gənclər uzun bir Yola çıxdıqlarının fərqindədirlər və bu Yolu onlara qədər gələnlərin məramını estafet kimi onlardan alıb gələcəyə doğru aparırlar.

Onlar sələflərinin ideallarını gerçəkləşdirəcəklərinə inanırlar.

Cəlilabad-Masallı yolunda Post Patrul Xidmətinin əməkdaşları avtobusumuzu saxlatdırdılar. Yerə tökülüşdük, paqonlulardan biri sürücünün sənədlərini aldı. Bunlar jurnalistlər ordusudur, rəis,- dedim.

Yaxınlaşıb uşaqların sənədlərinə baxdıqdan sonra sürücünün sənədlərini qaytarıb – gedin, yaxşı yol!- dedi və uzaqlaşdı. Qızlardan biri zarafatla:-gərək onu cərimə edəydiniz.-dedi. –Bu dəfə günahından keçdik.-söylədim. Gülüşdük.

Yolda Əjdər Tağızadəylə rastlaşdıq, ailəsilə birlikdəydi. Yerə düşüb görüşdük, hal-əhval tutduq. Əjdər bəy Sabir bəyin sözü olmasın, didərgin bir həyat yaşayıb, son dərəcə millətinə, yurduna bağlı, duyğusal bir insandır.

Bildiyim qədərincə, Sabir bəyin sadiq dostlarından, silahdaşlarındandır.

Dünyanı birlikdə dolaşıblar, onların dostluğu uzun yolların sınağından keçib.

Müvəqqəti ayrıldıq, bir azdan Babək qalasında yenidən görüşəcəkdik və Əjdər bəy o yüksəklikdə alovlu bir çıxış edəcəkdi, yəqin ki, səsi aşağıdakı obalara da gedib çatacaqdı.

“Bir də bu genişlik ələ düşərmi?!.”

Nəhayət, mənzil başına yetişdik. Sabir bəy silahdaşlarıyla birlikdə yol qırağında bizi gözləyirdi.

Bir andaca iri yük maşınlarının kuzovu dövlət bayraqlarıyla bəzədildi, gənclər kuzova doluşdular və maşınlar buludlarla toqquşan Babək qalasına doğru istiqamət götürdü.

Qırmızı kirəmitli evlər, çay daşlarından hörülmüş alçaq hasarlar, süpürgə çəpərlər, təndir yerləri, belinə odun şələsi yüklənmiş, ağır-ağır irəliləyən eşşək və ardınca tumanpaça yüyürən uşaq, yol qırağında durub çomağına dirsəklənmiş müdrik qoca, ucsuz-bucaqsız çöllərin ətri uşaqlığı kənd yerində keçmiş bir adam kimi məni duyğulandırdı, ruhum təzələndi, fikirlərim duruldu, bu genişliyi yaddaşıma köçürmək üçün gözümü belə qırpmaq istəmirdim.

Bir qartal sədası-bir arzu vuruş,
Bir dərə sükutu-bir ömürlük qəm.
Dərə sükutundan, qartal səsindən
Özümlə bir parça apara biləm.


Sabir bəy bu möcüzə torpağın, qədim yurdun yeriyən bir parçası kimi elə hey genişliyə doğru can atır, qollarını geniş açıb o taylı-bu taylı vətən torpağını alışan köksünə sıxmaq istəyir.

Biz də bu Yolun peşindəyik və Sabir bəylə birlikdə

Babəkin doğum gününü qeyd etmək və həm də o tayda yaşayan, döyüşən, mücadilə verən, şəhidlər verən qan qardaşlarımıza dəstək olmaq üçün qədim qala yerinə tələsirik.

Babək özü də bizimlə birlikdəydi, tez-tez əlini yelləyib gələn qonaqları salamlayırdı. Əjdər Tağızadənin oğlu balaca Babəki deyirəm.

Yol qırağında maşın karvanına doğru qaçan qarayanız bir uşaq diqqətimi cəlb elədi, 8-9 yaşı ancaq olardı, durmadan qaçdığını görən uşaqlar onu da kuzova qaldırdılar.

Yüksəkliyə qalxdıqdan sonra Sabir bəy çıxış eləyəndə gözüm yenə o uşağa sataşdı, Azərbaycanın bayrağını bədəninə bürüyüb dayanmışdı, deyilənlərə elə diqqətlə qulaq asırdı, bir anlıq fikrimdən keçdi ki, bu uşaq böyüyüb bax elə buradan üzüaşağı yüyürə-yüyürə sərbəstcə sərhəddin o üzündə qalan kəndlərə gedib çıxacaq, o zaman arada tikanlı məftillər olmayacaq.

Dayandığımız yüksəklikdən Savalan dağı görünür. Aşağıda isə sərhəd məftilləri eninə uzanıb gedir. Gənclərdən bir-neçəsi özlərini saxlaya bilməyib aşağı enməyə başlayırlar.

Bunu görən Sabir bəy:-Qayıdın geri! O tərəfə keçmək olmaz, ora artıq sərhəddir.-deyə uşaqları geri səslədi. Amma bilirdim ki, onları geri səsləyəndə ürəyindən nələr keçir: Kaş bu cavanlar maneəsiz keçib qonşu kəndlərə gedəydilər, öz tay-tuşlarıyla görüşəydilər.

Qan bir, can bir, dil bir, din bir, bəs niyə torpaq ayrı?!..

Çıxışında bu istəyini dilə gətirdi və vaxtilə yazdığı misraları xatırladı:

Sərhəd çəkilməklə millət ayrılmaz,
Ruhunda ayrılıq yaranmayıbsa.


Sabir bəy dedi ki, 20 il bundan əvvəl rus əsgərləri bizim bura qalxmağımıza icazə verməzdilər. Amma bu gün sərbəst şəkildə bura toplaşa bilirik, bu da bir təsəllidir. Əvvəllər biz belə tədbirləri DAK-ın İdarə Heyətinin üzvü, Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl Ağayevin rəhbərliyi ilə Altıağacda, Xızı dağlarında keçirirdik, sonra fikirləşdik ki, o yerlər sərhəddən çox uzaqdır.

İstədik elə yer olsun ki, heç olmasa Güneyi görə bilək, ona görə Yardımlıdakı bu zirvəni seçdik. Sabir bəy qeyd etdi ki, Araz boyunca sərhəd zonasında elə bir nöqtə yoxdur ki, buradakı kimi Güneyin 14-15 kəndi görünsün. Bura bir qala yeridir, strateji əhəmiyyətə malik olan bir yerdir.

Burada topları qoyub yerli camaatla vuruşurmuşlar. Sovet hökümətinin yeni qurulduğu illərdə rus qoşunlarına qarşı müqavimət hərəkatının mərkəzi yerlərindən biri məhz bura olub.

Professor Vaqif Arzumanlının çıxışı da emosional tonda idi, o Babək hərəkatı haqqında danışdı və belə yürüşlərin tarixi əhəmiyyəti olduğunu və ənənə olaraq hər il keçirilməsinin vacib olduğunu dedi.

Beynəlxalq Diaspora Mərkəzinin rəhbəri İsmayıl bəy həyəcanlı idi, onun və Əjdər Tağızadənin çıxışlarını gənclər uzun sürən alqışlarla qarşıladılar.

Bu yüksəklik ayrılığın son dayanacağı idi, ayrılıq, həsrət heç vaxt bu qalanı fəth edə bilməyəcək.

Maşınlar geri qayıdanda bayrağa bükülmüş həmin o qarayanız uşağı kuzovdan yerə düşürdülər ki, atan-anan səni axtaracaq.

Heç bizdən ayrılmaq istəmirdi:- Məni də aparın da, noolar?-deyə yalvarırdı.

Bir azdan o uşağı unutdum, amma maşınımız enişi düşəndə gördüm ki, yenə yol qırağında durub və əlini bozqurdun rəmzi nişanəsi kimi qaldırıb gülür.

Yəni mən türkəm! O uşağın məğrur baxışları heç xəyalımdan çəkilmir. O anlarda Sabir Rüstəmxanlının “Qan yaddaşı” şeirinin ötkəm misraları yaddaşımdan boy verdi:

Nüşabə qalasının
yarıuçuq bürcündə,
Boy atıb qalınlaşan
zoğallığın içində
bir uşaq oxuyurdu
bu dünyadan ayrılıb.
Zil səsi qılınc kimi
boğazından sıyrılıb
qalanın sükutunu
qovurdu sola-sağa,
Qovurdu keçmişlərə,
əsr-əsr uzağa...
Nə burda min il əvvəl
oxunmuş havalardan,
nə torpağa qarışmış
qanlardan, davalardan
vardı onun xəbəri.
Gözündə bu dünyanın
sevinc dolu səhəri;
hələ tarix dərsinə
qulaq asa bilməyir.
Yəqin hərfləri də
hələ yaza bilməyir.
...Hansı hava dolaşır
bu uşağın başında?
Yəqin tarixlərin də
unutduğu həqiqət
çıxmır qan yaddaşından!


O qarayanız uşaq bu uşağın övladıdır, ulu babasının izləri “ayağını maqnittək çəkib” Babək qalasına gətirib çıxarıb.

Bir də, döyüşkən mahnıları ilə tanınan Şəmistan Əlizamanlının oxuduğu “Tanrı türkə yar olsun!” alqışı öz ritmi, intonasiyasıyla türkün zəfər yürüşünü xəyalımda canlandırdı.

Güneyli şair dostumuz Sayman Aruzun “Mersedes”ində Yardımlının ilan kimi qıvrılan yollarıyla geri qayıdırıq.

Köksümüzə sığmayan bu genişliyi, yamyaşıl yamacları seyr edən İbrahim Quliyev elə bil mənim ürəyimi oxuyur:-Bu yerlərdə doğulub şair olmamaq mümkün deyil! İkimizin də ürəyindən eyni fikir keçirmiş.

Sayman bəy Güneydən özüylə gətirdiyi könül boxçasını açıb tökür və onun maraqlı söhbətləri bir göz qırpımında şirin bir yuxu kimi ötüb keçən günümüzün epiloquna çevrilir.







Kənan HACI
Bakı-Yardımlı-Bakı

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG