Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:19

"Azərbaycan seksual inqilabın astanasındadır"


Yazıçı Əli Əkbərlə müsahibə.

- Əli Əkbər, Azərbaycanda yaşamaq və yazmaq olurmu? Əli Əkbər başqa ölkədə yaşasaydı, indikindən fərqi nə olardı?

- İstəsək də, istəməsək də Azərbaycan həm vətənimiz, həm həbsxanamızdır. Alın yazımız, taleyimizdir. Burada yaşamaq, yaratmaq çətin olsa da, yaşayıb yaratmalıyıq.

Gedəcək qeyri yerimizmi var? Əlbəttə, getmək də, köçmək də olar. Rahat bir ölkəyə sığınanları qınamıram, əksinə çox yaxşı başa düşür, bəzən də təqdir edirəm.

Əliyevlərin idarə etdiyi ölkədə yaşamaq hər adamın işi deyil. Bıçaq sümüyə dirənəndə, özün və ailə üzvlərin repressiyalara, işgəncələrə; “petux”, narkoman kimi böhtanlara məruz qalanda qaçıb canını, şərəfini, namusunu qurtarmayasan nə edəsən?

Lakin mən yenə də işıqlı gələcəyin, aydınlıq sabahların intizarı ilə yaşayıram, ümidimi itirmirəm deyə, hər şeyin yaxşı olacağına, düzələcəyinə inanıram.

Ona görə də hələ buradayam. Həm də ki, gəlin açıq danışaq - başqa ölkədə mən kimə lazımam? Bir yazar olaraq materialım buradan çıxır. Gözümü açıb Azərbaycanı, azərbaycanlıları görmüşəm – tərbiyəm, əxlaqım, dünyagörüşüm Azərbaycanda, azərbaycanlıların əhatəsində formalaşıb.

Uğurlarımı da, uğursuzluqlarımı da Azərbaycana borcluyam. Özü də Azərbaycanda yazıb yaratmağın öz ləzzəti var. Bizim Latın Amerikasından fərqimiz nədir?

Görəcəksiniz, gün gələcək biz də öz Markesimizi yetişdirəcəyik. Buna ürəkdən inanıram.

- Sizi Azərbaycan cəmiyyətində daha çox homoseksuallıq kimi qeyri-ənənəvi mövzuda əsər yazan nasir kimi tanıyırlar. Qeyri-ənənəvi oriyentasiyalar Sizə niyə maraqlıdır yazıçı kimi?

- Qeyri-ənənəvi oriyentasiyalılara qarşı xüsusi marağımın, simpatiyamın olduğunu mənim dilimdən eşitmisinizmi?

Romanım oxunduğu zaman, belə bir qənaət hasil olurmu?

Hesab edirəm ki, haqqımda belə fikirlərin formalaşmasının kökündə Taleh Şahsuvarlı və onun kimi mənə qarşı qərəzli mövqedə duran tənqidçilərin “Artuş və Zaur” romanının sosial, siyasi yönünü deyil də, “maviliyini” işləməsi dayanır.

Mən geylərin toplumda mövcudluğunu, bir fakt kimi qəbul edirəm. Hər halda siz də onların varlığını inkar edəcək deyilsiniz.

Onlara münasibətimiz nə olur olsun – onlar var və gizlənmək ehtiyacı duymadan küçələrdə sərbəstcə gəzirlər, hər gün də qarşımıza çıxırlar.

Deməli toplumun “anti-homoseksual” ritorikası boş və saxtadır.

Əks təqdirdə geylər özlərini bu qədər rahat hiss etməzdilər. Ya biz çox tolerantıq, ya da iki üzlüyük. Gərək seçim edək və toplumun geylərə qarşı belə dözümlü münasibətinə bir ad qoyaq.

Yeri gəlmişkən, geylərə qarşı son dərəcə tolerantam. İki və daha artıq şəxsin dörd divar arasında, yataq otağında nə etməsi məni zərrəcən maraqlandırmır.

- Ümumiyyətlə, Azərbaycan oxucusu pornoqrafik və ya erotik səhnələrlə bol olan əsərləri oxumağa hazırdımı?

- Əlbəttə hazırdır. Əvvəllər də “Min bir gecə” nağıllarını acgözlüklə oxuyub, indi də oxumaq istəyir, oxuyur da. Görürsünüz, burada da geylərə münasibətdə müşahidə etdiyimiz qeyri-səmimi, iki üzlü yanaşma var.

Azərbaycanlı belə mövzulara hazır olmadığımızı (özü də bütün toplumun adından) deyə bilir, amma özü belə mövzulardan ötrü sino gedir. Azərbaycanlıların telefon kameralarına çəkdikləri iki yüzdən artıq porno görüntü də bunu təsdiqləyir.

Mən bu təmayüllərin əleyhinə deyiləm – sadəcə sivil formaya transformasiyasının tərəfdarıyam. Bəlkə sizə qəribə görünəcək, amma mən Azərbaycanın seksual inqilabın astanasında olduğunu düşünürəm.

Gec-tez bu hadisə baş verməlidir. Qadınlı kişili, latent olaraq hamı bunun arzusundadır, bunu istəyir. Dilə gətirməsə də, komplekslərini boğub başqa sahələrə sublimasiya etsə də seksual azadlığın həsrətindədir.

- Seksual inqilab bizə lazımdırmı?

- Biz azadlıqdan danışırıqsa, seksual inqilabın zəruriliyini də qəbul etməliyik.

Orta əsrlərin əxlaq normativlərini bizə sırımağa çalışan mollalar, xalqımızı zəlil günə qoyurlar, bizi geriyə aparırlar. Azərbaycan insanı, türk insanı daxilən modernizmə açıqdır.

Türklüyün təməlində proqressivlik, modernizm, plüralizm var.

Türk etnosu bu dəyərləri islamla tanışlıqdan sonra itirdi. Millətimiz din, milli-mənəvi irs, mentalitet kimi “dəyərlərin” məngənəsində sıxılıb qalıb.

Çıxış yolu nədir? Avropa dəyərlərinin olduğu kimi - PİSİ VƏ YAXŞISI - hər şeyi ilə birlikdə qəbul etmək.

Bir daha deyirəm - Avropanın türklüklə, türk irqi ilə bağlı heç bir problemi yoxdur, çünki Türklüyün təməlində yatan dəyərlər elə Avropanın dəyərləridir. Avropanın geriçilərlə, mollalarla, “Allahu Əkbər” qışqırıb özlərini partladanlarla problemi var.

Hələ Avropa çox dözümlüdür, bunlara öz ərazisində təhəmmül edir.

Halbuki hamısını rədd eləmək lazımdır hardan gəliblərsə ora – Pakistana, Səudiyyəyə, İordaniyaya, nə bilim Suriyaya. İslamçılar qışqırır ki, “Şaxsey, islamofobiya yayılır!”.

Əvvəla bu, islamofobiya deyil – real təhlükənin doğurduğu narahatçılıq hissidir.

Heç normal adam da özünü partladar? Saqqallı, çarşablı görəndə, yolunu dəyişdirmək istəyirsən ki, birdən yanına çatanda ərəbcə nəsə qışqırıb partladı, özü “cənnətə” yollandı, səni də “cəhənnəmə” vasil etdi.

Azərbaycanda şəriətin hakim olmasını istəmiriksə, milli-mənəvi “dəyərlərlə”, mentalitetlə möhtəkirlik etməyi buraxıb, sürətlə avropalılaşmalıyıq.

Təhlükə çox yaxındır. Belə getsə, Azadlıq meydanında dar ağaclarının quraşdırılıb, hamımızın asılmasına çox az vaxt qalıb.

- Tanrıların qürubu”, “Artuş və Zaur”-u pornoqrafik səhnələr çoxdur, ya erotik? Sizcə onların sərhədləri harada ayrılır?

- Ədəbiyyatda porno ilə erotikanı fərqləndirən meyarı mən bilmirəm. Bilirsinizsə siz deyin. Bədii ədəbiyyatın dili verbaldırsa, bu ikisini necə ayıraq?

Video görüntü üçün ənənəvi kriteri var – cinsi orqanlar açıq-aşkar görünürsə bu, pornodur. Yox, görünmürsə erotikadır.

Bəzən də erotikada duyğunun, romantikanın olduğunu, pornonun isə sırf çılpaqlıq olduğunu deyirlər. Bilmirəm, məncə fərdi yanaşmadan asılıdır.

Yenə deyirəm, mətndə erotika ilə pornonun bir o qədər fərqi yoxdur – çünki yataq səhnəsinin verbal təsviri zamanı sən cinsiyyət orqanlarından bəhs etsən də, etməsən də, onların adını olduğu kimi yazsan da, alleqorik dilə müraciət etsən də nəticə eynidir – seksdən yazıb şəhvət oyadırsan.

- “Artuş və Zaur” erməni dilinə tərcümə olunubmu? Azərbaycanlılarla ermənilər arasında bu əsərin mövzusuna münasibətdə hansı fərqlər var?

- Xeyr, tərcümə olunmayıb. Düşünmürəm ki, erməni cəmiyyəti buna hazırdır.

Gürcü dilinə isə tərcümə olunub, bu da gürcü toplumunun açıq olmasından irəli gəlir. Yeri gəlmişkən, ermənilər bizdən qat-qat kompleksli, xəstə irqdir.

Bizdəki tolerantlığın zərrəsi ermənilərdə yoxdur. Deyə bilərsiniz ki, bizdəki şüurlu tolerantlıq deyil - laqeydlikdir, biveclikdir. Olsun. Hər halda kənardan belə görünürük.

- Sizcə, ədəbiyyat siyasətə nə qədər yaxın olmalıdır?

“Mən siyasətdən uzağam”, “siyasətin fövqündəyəm” deyən incəsənət adamlarından zəhləm gedir. Belələri bir qayda olaraq yaltaq, qorxaq, saxtakar və yalançı olurlar. Necə yəni siyasətdən uzağam?

Uzaqsansa, rədd ol get Tibetə, narıncı mahuda bürün, mantralar yaz və oxu. Azərbaycan kimi avtoritarizmin tüğyan etdiyi, monarxiyanın günü-gündən gücləndiyi, söz və vicdan azadlığının boğulduğu, bütün hüquqların tapdalandığı mürəkkəb bir məmləkətdə yaşayıb yaradan adam siyasətdən uzaq olduğunu deyirsə əslində bunu demək istəyir:

“Mən qorxağam, mənimlə işiniz olmasın, balalarım var, evə çörək aparmalıyam”.

Əhsən o kəslərə ki, bunu açıq-açıq etiraf edirlər. Amma belələri nə qədərdir? Siz neçəsini tanıyırsınız?

- Bildiyimə görə, rəhmətlik atanız müxalifətçi olub. Siz son dövrlər müxalifətin fəaliyyətini necə qiymətləndirirsiniz?

- Atamın müxalifətçiliyi Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə başladı. Ona qədər apolitik, tipik bir bakılı kişisiydi. İllər keçdi... Azərbaycanın hal-hazırkı zəlil və rəzil durumu, atamın öz əndişələrində nə qədər haqlı olduğuna sübutdur.

Yaxşı ki, bu günləri görmədi. Oğul Əliyevin prezidentliyinə şahid olsaydı zatən dözməz, infarktdan ölərdi.

Bu günkü müxalifətə gəldikdə isə... Müxalifəti tənqid etmək, ondan narazılıq bildirmək, qüsur axtarmaq mənim aləmimdə iqtidara işləməkdir. Vəssəlam! Müxalifətdən razı olsam da, olmasam da – susmalıyam.

Mən istənilən təhqirə dözərəm – amma haqqımda “Əli Əkbər rejimin adamıdır” deyilsə ÖLƏRƏM!

- Müsahibələriniz birində demisiniz ki, daim təhdid edilirsiniz. Bu yaxınlarda doktor “Ravik” tərəfindən də təhdid edildiyiniz xəbəri yayıldı. Bu məsələ haqda nə deyə bilərsiniz?

- Daim təhdid edildiyimi dediyimi xatırlamıram. Hər halda bir yanlışlıq var. Artuş və Zaur romanından sonra mən də, həyat yoldaşım da əxlaqsızların, bişərəflərin hücumlarına məruz qaldıq.

Düz iki ay bu telefon terroru davam etdi. Zənglər, sms-lər filan. Söhbət Daxili işlər nazirliyinə qədər gedib çıxdı. Lakin qosqoca nazirlik telefon terrorçusunu tapa bilmədi(!). Bakcell nömrəsi göründüyü halda!

Nazirliyin yüksək, çox yüksək vəzifəli əməkdaşının mənə dediyi bu oldu: “Azercell nömrəsi olsaydı dərd yarı.

Amma Bakcell bizə heç bir məlumat vermir. Başa düşürsünüz də... İsrail şirkətidir axı”. Siz bəhanədəki kreativliyə fikir verin. Bravo!

Sonda, çarəni nömrələri dəyişməkdə tapdıq.

O ki qaldı blogger əhvalatına. Doğrusu, bu barədə danışmaq istəməzdim, amma cavab verməsəm, deyəcəksiniz ki, Əli Əkbər sualdan qaçır.

Mənim o gənclə heç vaxt problemim olmayıb, ola da bilməz.

Doğrusu, bir həftə davam edən bu bloq “savaşı” məni xeyli məyus etdi, üzdü. Bir həftə sonra da gənc blogger məni nə üçün söydüyünü, təhqir etdiyini; dostlarım Elmirə, Seymura nə deyə məktublar yazdığını mənə e-mail vasitəsilə açıqladı. Mən də ona yanıldığını dedim və məsələ qapandı.

İndi isə icazənizlə şəxsidən ümumiyə keçmək istəyirəm.

İndilərdə xalqla məzələnən gənclər peyda olub. Çox aqressivdirlər.

İfrat aqressiv adamlar isə, məndə hər zaman şübhə doğurub. Bildiyim bir həqiqət vardır - sirkə nə qədər tünd olsa, öz qabını çatladar.

Siz də bilirsiniz ki, biz xalqı tənqid etməyə, söyməyə 6-7 il əvvəl başlamış adamlarıq. Daha dəqiq desəm - bu “cərəyanın” qurucularıyıq. “Marşrut, avtobus, bazar, tumsatan arvad, yekəqarın polis, qızıldiş müəllim, çuşka konduktor, hörüklü debil qız, yanıq oğlanlar” söhbətlərini heç olmasa 4-5 il əvvəl yazıb bitirdiyimizi, bu dəftərin qapandığını sanırdıq.

Sən demə bu mövzular hələ də aktual ola bilərmiş. Lakin burada önəmli bir məqam var – bundan sonra publisistikaya xalqı söyərək gəlmək istəyən hər bir kəs, Seymur Baycanın istedadsız variantından başqa bir şey olmayacaq. İstədikləri qədər özlərini didib-parçalasınlar – onların adı “İstedadsız Seymur Baycan”-dır.

Bu belə bilinə! Zatən onların hər biri Seymurun, mənim heyranlarımız olublar (təvazökarlıqdan uzaq olsa da).

Hər halda mən 5 il əvvəl “Mən əclafam” adlı kitab buraxanda, Seymur Baycan “Ət və ət məhsulları” yazıb, “Azərbaycanlılar öz nəcisləri ilə tualetlərə adlarını yazırlar” deyəndə, ortalıqda bir tanrı bəndəsi yox idi. Odur ki, belələrinə məsləhətim - təcili öz profillərini dəyişib, daha ciddi işlərlə məşğul olmalarıdır.

- Sizcə bu aqressiyanın, xalqa nifrətin, ikrahın kökündə nə dayanır?

- Bayaq “tünd sirkə” məsəlini boşuna xatırlamadım.

Çox zaman bizim üslubumuzu, tərzimizi psixoloji amillər formalaşdırır – bu danılmazdır. Şəxsi həyatımızda üzləşdiyimiz problemlər kompleksə çevrilir, biz də bunları yaradıcılığımıza sublimasiya edirik.

İfrat aqressiv, narahat, yerlə-göylə dava eləyən, yetənə yetən, yetməyənə iri bir daş atan adamlar hər zaman məndə şübhə doğurub.

Sonra da şübhələrimdə nə qədər haqlı olduğumu görmüşəm.

Bu yaxınlarda məni bir nəfərlə tanış etmişdilər. Yazmaq, oxunmaq, tanınmaq istəyən gənc bir adamla. Danışdı, mən də qulaq asdım.

Baxdım ki, Azərbaycan xalqı haqqında danışarkən “yetimçələr” ifadəsini işlədir. “Bu yetimçələr”, “yetimçələr doğub törəyirlər”, “yetimçələr marşrutda tər iyi verirlər” filan. Təəccübləndim doğrusu.

Bu qəzəb, nifrət hardandır görəsən düşündüm. O gedəndən sonra bizi tanış edən dostum bütün suallarıma aydınlıq gətirdi. “Bu gənc yetim böyüyüb, anasız-atasız.

Onu böyüdən qohumları da hər fürsətdə ona “ədə yetimçə bura gəl”, “ay yetimçə filan şeyi gətir” deyə müraciət edirmişlər. “Sus” dedim, “hər şey aydın oldu”.

Bir aqressiv adam da tanıyırdım – xalqa nifrətində, onu-bunu söyməkdə çempionluq dərəcəsi qazanmışdı. Sonda latent homoseksual olduğu üzə çıxdı. Yazıq oğlan, ürəyim ağrıdı ona.

Halbuki normal cəmiyyətdə yaşasaydı, oriyentasiyasına görə qınaq obyektinə çevrilməsəydi – istədiyi kişi ilə rahatca eşq yaşayardı.

O gün də biri haqqında əhvalat danışdılar mənə.

Vətənpərvərlikdən, orduda xidmətdən danışırmış ağız dolusu, rüşvətlə hərbi bilet alanları lənətləyirmiş.

Zavallı o qədər çox danışıbmış ki, axırda özü də fərqində olmadan yaxşı yerdə, sərhəd zastavasında xidmət etmək üçün rüşvət verdiyini ağzından qaçırıbmış. Bu da son...

Birmənalı olaraq deyirəm – aqressiv, söyüşkən, dalaşqan, nifrət və qəzəb dolu hər bir kəsin şəxsi həyatında ciddi problemləri var. Ya latent homoseksualdır, ya uşaqlıqda aldığı “tərbiyədən” psixikası zədələnib, ya da bioqrafiyasında pul ödəyib yaxşı yerdə xidmət keçmək kimi silinməz “ləkəsi” var.

- Siz özünüz də virtual aləmdə tez-tez, belə deyək, senzuradan kənar ifadələr işlədirsiniz. Bu rakursdan “Aş-qaşıq” məsələsini necə qiymətləndirirsiniz?

- Razıyam – söyüş söydüyüm vaqedir. Demirəm ki, mən əxlaq mücəssəməsiyəm. Təəssüf ki, söyüş də söymüşəm, kobud ifadələr də işlətmişəm. Lakin bu heç zaman məndə total xarakter almayıb.

İndi isə Axar.az saytında mənə qarşı yazılan yazıları, çəkilən karikaturaları xatırlayaq. Bunlarla bağlı saytın rəhbərliyinə zəng vurub etirazımı bildirmişəmmi?

Hardasa başqa bir KİV-də adekvat cavab yazmışammı?

Mən göründüyümdən də dözümlü adamam.

- Bir bloqqer kimi Azərbaycanda virtual etika haqqında nə deyə bilərsiniz?


- Mən blogger deyiləm axı. Öz bloquma daha çox müxtəlif qəzetlərdə çıxan yazılarımı yerləşdirirəm ki, interaktiv müzakirə olsun, oxucular mənimlə fikirlərini bölüşsünlər. Virtual etika isə müşkül, mürəkkəb məsələdir.

Virtual aləmdə etik normaların tənzimlənməsinə heç Avropanın özündə də nail olmayıblar.

Müəllif hüquqlarının qorunması sahəsində böyük uğurlar əldə ediblər, məsələn filmlərin, musiqilərin pirat üsullarla endirilməsi, izlənilməsi qeyri-mümkündür.

Amma bloqlara, forumlara nəzarət edə bilməzlər - bu ağlasığmazdır. İstənilən adam, istədiyi forumda, istədiyini yaza bilər. Eynulla Fətullayevin forumlarda yayımlanan gündəliklərinə görə həbs olunmasını xatırlayın.

Çağdaş bəşəriyyət indiyə qədər bu barbarlığı, vəhşiliyi anlaya bilmir.

- Növbəti əsərdə hansı qalmaqallı mövzuya toxunacaqsız?

- Əsərin çıxmasına çox az vaxt qalıb. İstərdim ki, hamı üçün sürpriz olsun. Bircə onu deyə bilərəm ki, roman siyasidir.

axar.az-a istinadla adyazar.az

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG