Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:27
«Məncə, avro böhranın yaranmasının əsas səbəbi fəaliyyət konsepsiyasının olmaması idi».

Bunu maliyyəçi Corc Soros yeni məqaləsində yazır:

«Qoyun bundan əvvəlki maliyyə böhranından başlayım. 2008-ci ilin sentyabrın 15-dən sonrakı bir neçə həftə ərzində qlobal maliyyə bazarı sürətlə dağıldı və ona süni nəfəs verməyə ehtiyac yarandı – dövlətlər tərəfindən maliyyələşən suveren kreditlər verildi. Hökumət rəhbərləri əslində uzun müddət ərzində hansı tədbirlər görəcəkdilərsə, qısa müddət ərzində onun əksini həyata keçirməli idilər. Onlar bazara daha çox kredit buraxmalı, defisiti aradan qaldırmalı idilər. Yalnız böhran sakitləşəndən sonra vəsaitləri geri çəkib, makroiqtisadi sabitlik yaratmaq olardı».

Soros yazır ki, bu əməliyyat avtomobil idarəetməsinə bənzəyir, maşın sürüşəndə sən gərək onu əvvəlcə sürüşmə istiqamətində döndərəsən və yalnız nəzarəti bərpa edəndən sonra istiqaməti tənzimləməyə çalışasan.

Maliyyə böhranı halında birinci mərhələ uğurla icra olundu, boşluq dolduruldu. Amma səbəblər aradan qaldırılmadı və maliyyə bazarları suveren borcların kredit əhəmiyyətini sual altına alanda bu problemlər yenidən ortalığa çıxdı. Bu, o zaman idi ki, avro mahiyyətindəki struktur zəifliyinin nəticəsi olaraq hadisələrin mərkəzinə çevrildi. Beləliklə, indi avronun məzənnəsi ilə bağlı yaşanan çətinliklər əslində 2008-ci ildəki maliyyə böhranından qaynaqlanır və islahatların ikinci mərhələsini həyata keçirmək problemlər yaradır.

AVRO TƏKMİL VALYUTA DEYİLDİ

Müəllif keçən əsrin 30-cu illərini xatırladır, yazır ki, həmin vaxt bank sistemi və iqtisadiyyat fiskal və monetar stimul olmadan irəli gedə bilmirdi və suveren kreditlər barədə şübhələr var idi.

O dövrdə Avropa ölkələri birinci mərhələni uğurla keçdilər, amma sonra vəziyyəti tənzimləməyə çətinlik çəkdilər, çünki bütün problemlər vahid valyuta ilə bağlandı.

Avro başlamaq üçün təkmil valyuta deyildi, 1992-ci ildə Maastrix Sazişi siyasi əsası olmayan monetar birlik oldu. Avro ümumi bir bankla bağlı idi, amma onun arxasında ümumi bir xəzinə dayanmırdı.

Avropa Birliyinə üzv ölkələr vahid valyutanı bölüşürlər, amma suveren borclanmaya gələndə onların hərəsi öz başına çarəni özü qılmalı olur.

Üzv ölkələr yalnız bu il maliyyə bazarı suveren kreditlərin avrozonada yığılıb qalmasından narahat olmağa başladı. Yunanıstanın yeni hökuməti aşkar etdi ki, əvvəlki hökumət büdcə kəsirinin həcmini olduğundan qat-qat aşağı göstərib. Almaniya inflyasiyanın iki epizodu ilə üzləşmişdi və inflyasiya ilə bağlı istənilən təzyiqə qıcıqla yanaşırdı. Fransa və digər ölkələr həmrəyliyə daha çox meylli idilər. Yunanıstan böhranı yayılmağa başladı. Üzv ölkələr məcbur qalıb Avropa Maliyyə Sabitləşdirməsi Fonduna 750 milyard yerləşdirdilər. Bu pulun 500 milyardı ölkələrin özünün, 250 milyardı isə Beynəlxalq Valyuta Fondunun idi.
Amma bu da bazara zəmanət vermədi, nisbətən zəif ölkələr öz borclarının yalnız öz borclarının bir hissəsini qarantiyə aldılar.

Narahatverici məqam ondan ibarətdir ki, Almaniya zəif ölkələr üçün daha sərt fiskal tənzimlənmə təklifi ilə kifayətlənmir, o cümlədən, özünün maliyyə defisitinin aradan qaldırılmasını tələb kimi qoyur.

Corc Soros yazır ki, indi Almaniya Maastrix Sazişinə daha çox əməl edilməsini istəyir. Bu isə başadüşülən deyil, çünki Avropa Birliyinin qurulduğu alətlərlə ziddiyyət təşkil edir.

«Gəlin avronun çatışmayan cəhətlərini və Almaniyanın mövqeyini analiz edək. Avronun ən böyük çatışmazlığı onun idarə olunmasında ümumi fiskal siyasətin olmamasıdır. Bu, indiyə qədər bilinən səbəbdir. İkinci bir səbəb isə Avropa Birliyinin maliyyə bazarının sabitliyi ilə bağlı əsassız inamıdır».

Tərcümə etdi: Ülviyyə Əsədzadə

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG