Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:50

Beş milyon manata camış gölməçəsi?


“İŞİN NƏTİCƏSİNDƏN CAMIŞLAR ÇOX RAZIDIR”

Şəkinin Cəyirli kəndinin girəcəyində adamı palçıqlı kanalın içində özlərini rahatlayan camışlar qarşılayır. Zarafat deyil, bu bataqlıq dövlətin büdcəsinə azı beş milyon manata başa gəlib.

Bataqlıq deyəndə, əslində, bu kanaldır, 2006-cı ildə prezidentin sərəncamı ilə büdcədən beş milyon manat ayrılıb ki, Əlicançaydan Şəkinin Cəyirli, Şəkikənd və Aran kəndlərinə su çəkilsin. Kanal çəkmək üçün layihə üzərində iş bu ilin yanvarında başa çatıb, kanal çəkilib, amma indi hər üç kəndin sakinləri iddia edirlər ki, bu təxminən beş milyon manatlıq işin nəticəsindən təkcə camışlar razıdır.
Əlicançaydan sugötürən qurğu

Kanal Cəyirli kəndindən başladığından buranın sakinləri az da olsa su tapır. Kanalın dolanıb gəldiyi ikinci kənd isə Şəkikənddir. 40 ildir həmin kənddə yaşayan Əzizə Dəlişova deyir ki, indiyədək bu palçıqlı kanalda suyun bol olduğunu görməyib:

- Bu su indi gəlib, 5 gün əvvəl su nə gəzirdi. Yağış yağlb bizə su buraxıblar.

Durna Xıdırova bulanıq, lilli suyu göstərib deyir:

- Xeyirimiz var şərimiz var, bu sudan istifadə edirik. Indi çıx körpüdən o yana camışlar yatıb içində.
Halbuki yeni çəkilən kanalın layihəsində çox iddialı planlardan bəhs olunurdu. Məsələn, kanalın layihəsində yazılırdı ki, bu kanal üç min hektar əkin sahəsinin suvarılmasını yaxşılaşdıracaq.

BEŞ MİLYON MANAT HARA XƏRCLƏNMƏLİ İDİ?
Əlicançaydan yeni çəkilən beton kəmər

Prezidentin 2006-cı il iyunun 1-də imzaladığı sərəncamla layihəyə dövlət büdcəsindən pul ayrılıb. Sənədə görə həmin pula bu işlər görülüb:

1. Əlicançayın məcrasında sugötürücü hidroqovşaq qurulmalı,

2. Suqəbuledici qurğudan açıq kanala qədər suyun nəql edilməsi üçün polad boru kəmər çəkilməli,

3. Beton üzlüklü kanal tikilməlidir.

Layihə üzərində iş 2010-cu ilin yanvarında başa çatdırılıb.

İndi görək, sakinlər bu işlərdən hansıların şahidi olublar. Şəkikənd sakini Bayram zeynalovdan soruşuram ki, Əlicançaydan çəkilən yeni kanaldan razıdırmı?

Cəyirli kənd sakinləri
- Bizə guya kanal çəkiblər? Bizə kanal-zad çəkməyiblər... Bizə çəkdikləri bu palçıqlı kanaldı, 10 ildə bir dəfə təmizlənmir.

BU İL SU VAR, AMMA KANAL SUYU YOX, YAĞIŞ SUYU...

Şəkikəndin sakinləri deyir ki, maydan başlayaraq sentyabra kimi nəinki suvarma, heç içməyə də suları olmur. Bu il suları artıb. Səbəbini sakinlərdən İbrahim Hacıyev izah edir:

- Gələn yağış sularıdır.

- Bəs, təzə çəkilən kanal?

- Hanı o kanal? Bizə heç bir şey etməyib hələ. Kanal olsa da 20 km. bizdən aralıdadır bunun bizə aidiyyatı yoxdur.

Betonlanmış kanalla gələn suyun bir hissəsi əvvəlki palçıqlı kanala, bir hissəsi isə su toplanması üçün nəzərdə tutulmuş anbara tökülür.
Altından su süzülən anbar

... AMMA ANBAR DA SUYU SAXLAMIR

Cəyirli kənd sakini Vaqif Qarayev deyir ki, anbar köhnədir, su saxlamır, ora axıdılan su aşağıdan süzülüb gedir:

- Deyirlər anbarı təzədən betonla döşəyəcəklər. Qalacaq-qalmayacaq, onların işidir, intahası indi burda su dayanmır.

Cəyirli kəndinin başqa bir sakini İsmayıl Xəlilov deyir ki anbarda sonuncu dəfə 80-cı illərdə iş gedib:

- Əvvəllər su o yandan gəlirdi, indi bu yandan gəlir, Əvvəllər suyu motorla vururdular, indi öz-özünə gəlir. Anbar hazır olmayandan sonra o bəndin heç bir xeyri yoxdur. Yenə gəlir tökülür köhnə kanala. Sadəcə fərqi odur ki, su əvvəl ordan gəlirdi, indi bu yandan gəlir.

3 MİLYON MANAT DA ANBARA LAZIMDIR

Rəsul Paşayev
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin əsaslı tikinti və xarici əlaqələr sektorunun müdiri Rəsul Paşayev isə bildirir ki, həmin su anbarının yenidən qurulması 2011-2014-cü illərin investisiya proqramına salınıb. Onun sözlərinə görə yenidənqurma üçün üç milyon manat pul lazımdır. Bərpadan sonra isə anbarın 25 milyon kub metr su tutumu olacaq.

Iqtisadçı ekspert Zöhrab İsmayılovun sözlərinə görə isə anbarın təmirini elə bu layihə çərçivəsində də bitirmək olardı:

- Layihə məhdud işi nəzərdə tutub, halbuki, buna kifayət qədər pul ayrılıb. Elə bil ki, bu layihələr Şəkinin bir neçə kəndinin suvarma sisteminin su təminatını nəzərdə tutsa da, o problemin yalnız bir hissəsinin həll edə bilib, tam həll etməyib.

Rəsul Paşayev isə deyir ki, suyun bərabər paylanmasına elə sakinlər özləri mane olur:

- Bu, magistral kanaldır. Ancaq kanaldan su təsərrüfatlararası arxlar vasitəsilə gedir. Bir də görürsən camaat sahələr boyu o sudan istifadəni yaxşı aparmır, hərə istədiyi kimi götürür. Bəzən bir sahəyə su çatır, o birinə yox. Yəni nizamlamırlar, səviyyə, mədəniyyət də o dərəcədə deyil. Amma layihəyə görə, o ərazilərə su çatmalıdır və verilməlidir.

YENƏ ÇEŞMƏ BAŞINDA...

Şəkinin Aran kəndi də bu layihəyə görə su almalıdır. Amma həmin kənddə biz qadınları qədimlərdəki kimi əllərində qablar yeganə su kranının başında gördük. Halbuki, yeni kanal bu kənddə hətta əkin sahələrini suvarmalı idi.
Aran kənd sakinləri "bulaq" başında

- Bizdə suvarma suyu yoxdur, dəmyə becəririk.

- Bir il ərzində 2-ci dəfədir bura su gəlir.

- Bu suvarmaya kifayət etmir?

- Yox-yox! Hesabla bir sutkadı ki bu su gəlir.

- Niyə belə, bəzən su gəlir, bəzən yox?

- Kiminsə əkin sahəsi var, açıb bura gəlmir.

Rəsul Paşayev bildirir ki, suyun paylanması ilə səhmdar cəmiyyətin yerli istismar idarələri məşğul olur. Amma yerli icra və bələdiyyə nümayəndləri də bu problemin həllində iştirak etməlidir.

Şəki kənddə yerləşən icra nümayəndəliyindən və bələdiyyədən isə deyirlər ki, hələ iş təhvil verilməyib, ona görə bir söz deyə bilməzlər. Halbuki rəsmi məlumata görə layihə çoxdan başa çatıb.
XS
SM
MD
LG