Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 06:36

Sultan Mərrzili "Domino" (Hekayə)


Qəfildən gələn zəng Məmmədi yuxudan oyatdı. Axşam saat on birin yarısı olsa da sinəsi üstündə yarı açıılmış kitabla uzanmış Məmmədi mürgü tutmuşdu.

- Kimsə şirin qarabağ ləhcəsi ilə telefonda salamlaşıb hal-kef etdi:

- Məmməd müəllim, salamməleyküm, nəvar-nəyox, nejəsiniz?! Sizə Bakıdan, Hacı Cəlildən salamlar var.

- Çox sağ olun, salam gətirən də göndərən də!

- Deyəsən, tanımdınız? Yatmamışdınız ki?!

- Vallah yox, səsiniz tanış gəlir, amma anışdıra bilmirəm.Uzanıb kitab oxuyurdum.

- Bağışlayın, siz allah. Bakıya getmişdim, Zakirdi narahat eliyən, orda, sizdən uzaq, bir yas məclisində Hacı Cəlillə görüşdük, soruşdu, sizə salamlar göndərdi. Dedim tanıyıram, yerrimizdi, həm də şairdi.

Biz də burdayıq, bu “Yujnıy” metrosunun yanında bir kafemiz var, elə orda oluruq çox vaxt. Sən allah, nə vaxt ürəyiniz istəsə gəlin, sizə bir qulluq edək.

- Çox sağ olun, qulluq sahibi olasınız. Mütləq vaxt tapıb gələrəm, elə bir görüşmək üçün.

Çox şad oldum, təşəkkür edirəm. Sağ olun, sizin də gecəniz xeyirə qalsın! - Məmməd yaddaşını qurdalayıb Zakiri yadına salmağa çalışdı. Heç olmasa qarabağlıları bir yerə toplamaq lazımdır, torpaqlardan hay çıxmasa da camaat bir-birini unutmasın – deyə düşünüb-daşındı.

Zəngin nömrəsini telefonun yaddaşına saldı.

Səhər saat 7-də evdən çıxan Məmməd hər gün evə axşam saat 8-ə, 9-a güclə gəlib çatırdı.

Bütün günü ayaq üstə qaça-qovda olduğundan yeməyini də alatələsik yeyib uzanırdı ki, ayaqlarının sızıltısı kəsilsin.

Özünü məcbur edib isti suda çimib yüngülləşir, kitab-dəftərlərini bir az vərəq¬ləyib yatırdı.

Səhər yenə tezdən durumaq gərək idi.

Şənbə günü də çalışırdı. Bazar günü isə altmışını haxlamış canına hopan həftəlik yorğunluğu birtəhər qovub çıxarmaq istəyirdi.

Amma onda da ya harasa qonaq getməli, ya görüşməli, ya da bir ictimai tədbirdə iştirak etməli olurdu.

Boş vaxt müşkül bir məsələ idi. Çünki dünyanı bürümüş qlobal böhrandan bəri düz-əməlli maaş almadığından, özü demişkən, maaşsız işdən çıxıb maaşsız bir işə girmişdi. Rusca buna “xaltura” deyirlər.

Yəni dolyaı bir iş. İşləsən, maaş kimi nağd pul almaq ehtimalı vardı.

Köhnə tanışları vasitəsilə səkkiz tacik tapıb iş götürmüşdü.

Aylarla işsiz və maaşsız qalan taciklər isə işə başlamış-başlamamış avans istəyir, yalvarıb-yaxarır, işdən çox pul haqqında düşünürdülər. Materiyanın birinci olduğuna Marksın sübutunun ehtiyacı yox idi.

Taciklər bunu yaxşı bılrdilər. İşin mahiyyəti əllərində bel və şana torpaqların daş-kəsəyini təmizləyib, şumallayıb-tumarlayıb çəmən əkmək idi. Torpağın çala-çuxurunu səliqəyə salıb və bir də münbit təbəqəni üstdən yayıb, toxum səpib vəl ilə vəlləmək.

Sahələrdə səliqə ilə ağac və kol da əkmək tələb olunurdu. Bu yarıqanuni bir iş idi.

Qanuna qalsa, gərək hər bir rus vəətəndaşı olmayan fəhləyə rəsmi dövlət orqan¬larından işləməyə icazə alınaydı. Fəhlələri işə götürmək idarə üçün pul, xərc, vergi və başağrısı idi.

Ona görə də hələlik belə işləyirdilər. Yaxşı işləyənin, işə davam gətirənlərin sonralar rəsmi işə düzəlmək şansı ola bilərdi. Alacaqları maaş da işin həcmindən asılı idi. Amma fəhlələr elə düşünürdülər ki, işə çıxan kimi pul gəlir.

Yanacaq doldurma məntəqəsi kimi, bir tərəfədn yanacaq axırsa, o biri tərəfdən pul çıxır. Amma belə deyildi.

İşi də keyfiyyətli görmək, bitirmək, təhvil vermək gərək idi, yoxsa vəd olu¬nan pul da batardı.

Amma, qarın ac, əyin yalavac olanda belə şeylər çətin anlaşılır. İşə get-gəl pulu, ev kirəsi, “uçastkovı haqqı”, yolda milis ilişmələri və s. taciklər üçün gerçəkliyin özü idi.

İyirmi gün iki gün kimi ötüb keçdi. Günlər ötdükcə görülən işin də həcmi artır, gözə görü¬nürdü. Axşamalar ayaqlarınını sızıltısından musiqi bəsətələyən Məmməd kitab-dəftərə də əl vurmağa ərinirdi. Iyirminci günün axşamı tanışlarından biri olan Vəliş zəng vurdu. Məmməd könülsüz dəstəyi götürdü:

- Bəli, eşidirəm!

- Azşamın xeyir, ə, səsin niyə heylə çıxır, yatmışdın?

- Yox, elə belə, bir az yornuq kimiyəm, uzanmışdım

- İşdiyirsən?!

- Yox əşi, nə işləmək! Bu saat hər yerdə krizisdir. Elə -belə xaltura kimi bir şeydir, müvəqqəti. Nə bilim, görək..

- Ə, istiroykada yaxşı pul verilər!

- Canım, stroyka nə gəzir, bütün Moskva dayanıb, bu da elə-belə bir işdir, hələ heç bilinmir ki, nə verəcəklər! – Bu söhbəti eşidəndə Məmmədin xanımı gəlib yaxında dayanıb başını buladı. O demək idi ki, niyə sirrini açırsan?! Məmməd ona gözlərini ağartdı ki, get öz işinlə məşğul ol.

- Ə, nə danışırsan, mən bilmirəm, istiroykada yaxşı pul var!

- Varsa, bəs niyə gedib işləmirsən, - deyə neçə aylar bekar qalmış, Vəlişin onun hələ almadığı maaşına həsəd apardığını duyan Məmməd artıq əsəbləşməyə başladı .

- Ə, mən xəstəyəm, səhhətim yol vermir, versə işləyərdim.

- Yaxşı, Vəliş, mənə əl telefonundan zəng gəlir, sonra zəngləşərik... Hələlik!

Ertəsi gün Məmməd yeni iş tapşırığı almaq üçün iş sahibinin yanına getdi. Nümunə üçün verilən iş görüləsi işlərin başlanğıcı idi. Amma müdir narazılıqla qaş-qabağını töküb işin keyfiyyətindən şikayət olduğunu bildirdi.

Məmməd gördükləri işlərin haqqının ödənilməməsi qorxusu olduğunu hiss etdi, taciklərin yanında biabır olacağından ehtiyat elədi. Söz-söhbətdən sonra müdir görülən işin həcmini dəqiqləşdirib haqlarını ödəməyə razılaşdı, amma işlər daha bitmişdi.

Məmməd xanımına göz ağartmağında haqsız olduğunu indi başa düşdü. Deyəsən, elə Vəlişin həsəd qılıncı kəndiri kəsmişdi.

İişlər bitdi. İşin həcmi hesablanıb maaşlrı almaq qalırdı. Məmmədi narahat edən o idi ki, taciklərin yanında biabır olmasın.Taciklər elə birinci gün sorşmuşdular kii, xozeyin kimdir, ermədirsə, işləməyək.

Çünki, onlar adamı atırlar. Əslində, indi heç kəsə etibar qalmamışdı, hamı hamını atıb qaçan bir zamandır.

Və tərs kimi tacik fəhlə Olimin də uşağı xəstlənib xəstəxanaya düşmüşdü. Bir həftə yatan uşağı xəstəxandan çıxartmağa 6000 rubl pul istəyirdilər.

Əks halda valideyinlik hüququndan mərhum edib uşağı dövlətə götürəcəkdilər.

Çünki, uşaq Rusiyada doğlub, Rus vətəndaşıdır. Maaşı ola bilsin ki, ən yaxşı halda bir həftədən sonra verəckdilər. Telefon zəng çaldı. Tacik Olim idi:

- Dyadya Mamed ! Ya ne moqu rebyonka zabirat! Eqo otnimaet ot menya, pomoqayte pojaluysta! Mne denqi nujna, sroçno nujna!

- A bədbəxt oğlu, “denqi” kimə “nujna” deyil!- deyə düşünən Məmməd razılıq verdi, ev kirayəsini təxirə salıb pulunu ona versin. Sonrasına allah kərimdir:

- Xoroşo! Jdi menya v dva çasa u meto “Yujnaya”!

Metrodan çıxıb Olimlə görüşdü, pulu verdi. Olim təşəkkür edə-edə getdi. Məmməd burada kafesi olan həmyerlisi Zakirgili xatırlayıb onlarla görüşməyi qərara aldı.

Metronun yanında taksiçilik edən bir qara millətdən buralarda azərbaycanlı kafesinin yerini soruşdu. Azərbaycanlı olmayan qarayanız orta yaşlı adam əli ilə küçənin o başını göstərdi.

Metrodan bir az aralı səliqəli bir yay kafesi vardı.

Hava isti olduğundan camaat kölgələnib sərin pivə içirdi.Kababla araq vuranlar, çay içənlər də var idi.

Məmməd kafenin qarayanız ofisantı ilə salamlaşıb Zahid müəllimi soruşdu, əlavə etdi ki, deyin sizi ağdamlı Məmməd müəllim görmək istəyir. Oğlan içəri keçdi. Bir azdan orta boylu, dolu bədənli xoşsifət Zahid üzündə təbəssümlə gəlib Məmmədlə qucaqlaşıb görüşdü:

- Müəllim, xoş gördük, xoş gəlmisiniz!

- Sağ olun, xoş gününüzə gəlmişik! Kafeniz də xeyirli-bərəkətli olsun!- deyə Məmməd dil-ağız etdi. Zahid onu içəriyə dəvət edib çay-örək təklif etdi.

- Çox sağ olun, hələ bir hal-kef edək, çay-çörək sonranın işidir.- deyə Məmməd yemək-içməyi təxirə saldı. Bununla o təcrübədən bildiyi azərbaycanlıların qonaqpərvərlik xüsu¬siyyətininin əməli işlərdən adamları yayındırdığına görə edirdi.

Çünki bir-iki azərbaycanlı bir-birinə rast gələn kimi yemək-içmək söhbəti ortaya çıxır, araqlar süzülür, sağlıqlar deyilir, sonra da durub dağılışırlar. Ortada heç bir problemin həlli görünmür, sanki bu insanlar dünyaya elə yemək-içmək, sağlıqlar deməyə gəlmişlər.

Amma Məm¬mədin bir məqsədi də heç olmasa həmyerlilərini bir ətrafda cəmləşdirmək, bir icma birliyi, əlaqəsi yaratmaq idi.

Çiçikovun ölü canları kimi yalançı cəmiyyətlər onu bezdirmişdi.

Zakir əsl ağdamlılara məxsus işgüzar bir adam təsiri bağışlayırdı. İçəri otaqda iki nəfər orta yaşlı adam da var idi. Zakir onları da Məmmədlə tanış etdi.

- Məmməd müəllim, bax bu qardaş Yevlaxdandı Qədir müəllim, bu da Ağdamlı Adildi.

Bizim iki nəfər də yoldaşımız var, biri muzıkantdı, Şahin, biri də yaxşı oğlandı, AST Telmanınan durub-oturan adam, Ağayardı, Türkiyədeydi, təzə gəlib. İndi bir azdan domino oynamağa gələcəklər, görəcəksən.

Düzü, bir ara istədik biz də bir cəmiyyət-filan yaradaq, pul da yığdıq, təşəbbüs də elədik, hamma nə isə alınmadı. Mən özüm də avqa¬netsəm, vuruşmuşam da vaxtıynan. Hə, bax burda otururuq, çox vaxt gecənin yarısına kimi domino vururuq.

İşki-zad işmirik, Allha şükür, qumar oynamırıq, bir şey eləmirik, çaydan içə-içə domino vururuq.

Qabaxlar kazino-mazinoya da gedirdim, tay getmirəm. Dominodur də, oynayırıq. Olarmı bunnara bir şeir yazasan?

Gözlənilməz təklifdən özünü ələ alıb Məmməd nəzakət xatririnə dedi:

- Yazmaq olar, niyə olmur, dominodan da yazmaq olar...

Kəkotulu çayla bərabər ortalığa salat, göy lobya qovurması və kabab gəldi.

Yeməklərini yeyəndən sonra Zakir ofisantların hesab yazdığı kağızlardan bir neçəsini Məmmədə verib dedi:

- Müəllim, indi biz çıxaq, sizə mane olmayaq, siz də oturun şeiri yazın.- İşin belə ciddiləşəcəyini heç cürə gözləməyən Məmməd başını bulayıb qələm-kağızı götürdü və məhşur klassikimiz Mirzə Səfəri yadına salıb qafiyələr axtarışına başladı.

Firdovsi ilə keçisi yadına düşmüş çobanı da xatırladı. Sultan Mahmud Qəznəvi nə illah eləyir, Firdosi “Şahnamə”nini yazmır.

Deyir ki, siz nə danışırsınız, mən xalqın şairiyəm, hökmdardan-filandan yazan deyiləm!

Şah deyir, bunun boynunu vurun. Vəzir deyir ki, qiblei-aləm, boy¬nunu vurdursaq, bəs kim dastanı yazacaq?

Qoy görək, birtəhər yola gətirə bilərikmi? Sultan deyir ki, onda sənə bir ay vaxt verirəm, yola gətirə bilməsən, ikinizin də boynunu bir yerdə vurduracağam!

Bəli, Firdovsini basırlar dama. Amma kişi tərsliyindən əl çəkmir ki, çəkmir.

Vaxt qurtarha-qurtarda vəzirin qara günləri başlayır. Boğazındam su da keçmir. Aravadı deyir ki, ay kişi ssənə nə olub?

Deyir ki, sənnik deyil, get küftəni bişir. Bir də inad eləyir ki, ay rəhmətliyin oğlu, bir de də, bəlkə əlac tapıldı. Hal-qəziyyəni danışır.

Vəzirin arvadı deyir ki, ay kişi, sən onun türmədə yatdığı otağa bir günahsız çoban tutdurub saldır, onun əlacı odur.

Çarəsi kəsilmiş vəzir elə də etdirir. Gedib dağdan, sürüsünün yanından bir çobanı tutub gətirib şairin yatdığı dama qatırlar. Firdovsi oz aləmində, çoban da özününkündə. Şair həmsöhbət olacağına sevinərək ucadan avazla qəzəllərini oxuyur.

Çoban ona qulaq asdığca gözlərinin yaşını sel kimi axıdır.

Mütəəssir olan Firdovsi, öz-özünə təsəlli verir ki, nə yaxşı ki, dastan yazmağa razılıq vermədim, bax, xalqım mənə qiymət verəcək. Mən oxuyuram, o ağlayır.

Fikrini yəqinləşdirmək üçün soruşur, ey adam, sən niyə mənim şeirlərimə qulaq asdıqca ağlayırsan?

Kişi cavab verir ki, vallah, sən nə oxuyursan onu anlamıram, amma saqqalın tərpəndikcə sürüdəki keçim yadıma düşür, ağlayıram.

Firdovsi dərhal qalxıb qapıçıları çağırır, bəs Sultana deyin ki, dastanı yazmağa razıyam!

Bəli, bu da sənin yüksək poeziyan, domino haqqında qəsidəyə gərəkmiş.

Oyuna girəndə oynamalısan, qayda belədir. O qədər saxta şeir yazanlar var ki, birini də sən yazsan dünya dağılmaz ki?! - deyə öz-özünə təsəlli vermək istəyəndə yadına düşdü ki, bəlkə elə saxta şairlər də beləcə başlayıblar.

Yox, bir dəfəyə heç nə olmaz!- deyə qələmi götürdü.

Türkün məsəli, ucunu qoyanda, arxası elə öz-özünə getdi. Yazıldl-bitdi. Qələm-kağızı yerə qoyanda sanki Xaqani kimi “həbsiyyə”ni bitirmişdi.

Məmməd müəllim içəridən durub həyətə çıxdı. Həmyerliləri ilə əyləşib ağ rəngsiz saxsı çaynikdən bir stəkan kəkotulu çay içdi.

Zakirin qaynatası olan ağsaqqalın şirin Ağdam ləhcəsini dinlədikcə sözün mənasından çox ahənginə fikir verirdi və özünü Moskvada deyil, sanki Ağdamda hiss edirdi.

İndicə durub çayxanadan çıxacaq, Çay Evindən Mədəniyyət Sarayına tərəf keçəcək, Dram Teatrının afişasına baxacaq, doğmalıq dolu bir aləmə düşəcəkdi...

Dəsmalını çıxarıb, alnının tərini, gözünü bə burnunu sildi. Yox, qrip deyildi.

Durub kafenin arxa tərəfinə kecdi. Beş altı nəfər əyləşib şirin-şirin domino oynayırdılar. Hamıya ümumi salam verib kənardakı boş stulda əyləşdi.

Əyləşənlər iki-iki komandaya bölünüb vuruşurdular, qalanları da azarkeşlik edirdi.

Zakirlə AST Telmanın dostu Ağayar adlı oğlan, daha doğrusu, orta yaşlı, ucaboy bir adam bir komanda, musiqiçi Şahinlə Yevlaxlı Qədir o biri komanda idi. Gümüşü dən düşmüş telini köhnə cavanlar kimi alnına tökmüş Ağayar Məmmədə yaxşı tanıdığı Qubadlı balası rəhmətlik şair Eldar Baxışı xatırlatdı.

Danışığında, zarafatında, ağ hamar dişlərində nə isə bir oxşarlıq vardı. Yəqin hər bir insanın dünyadan köçəndə, oxşarı qalır dünyada, unudanlar baxıb xatırlasınlar.

Yox, Eldar Baxış unudulası şairlərdən deyildi.

- Ə, sən nağayırdın heylə?! Ay başınıza dönüm, hər dəfə mənim əlimin üstündən vurur! Neynirəm heylə balığı, ə, mən oyunu qurtarmalıydım ey!- Musiqiçi Şahin hirsindən az qalırdı çahargah oxusun. Zakirlə Ağayar bir birinə əl uzadıb “vur gəlsin!” edərək qələbəni qeyd edirdilər. Ağayar Zakiri təriflədi:

- Sən domininun qeniyisən! Malades!

- Əşi, mənnik bir şey yoxdu, oyundu də, biri udur, biri uduzur.

- Hesab neçədi?

- Səkkiz dörd!

- Ə Qədir, mən ölüm, əməlli oyna, əlimin üstündən vurma, görmüsən mən nəyinən oynayıram?

Hava yavaş-yavaş qaralır, elektrik işığında bayırın sərinliyində domino oynaynlar sanki zaman və məkan aləmindən tam kənar bir fəzada oz oyunlarını davam etdirirdilər.

Daşların eyni xallarla şaqqıltı ilə uc-uca calanması, müxtəlifliklə eyniliyin nizama düzülməsi adi görünən qəribə bir əməl kimi baş alıb gedirdi.

Bəlkə elə bu dünyanın nizam-intizamı da bizim dərk etmədiyimiz bir oyun kimidir, açılır, bağlanır, qəribə bir şəkildə xalları topalnır, hesablanır.

Düşüncələrə dalan Məmməd durub getmək istəyirdi.

Arabir Zakir ona tərəf baxır, şeiri oxumağı təklif etməyə fürsət arayırdı. Qızışmış oyun imkan vermirdi. Ətrafındakılar hamısı yaşca qırxını-əllisini keçmiş kişilər idilər.

Oyuna kənardan baxanlar arabir xırda-xırda söhbət edir, sonra yenə də maraqlarını oyuna yönəldirdilər. Məmmədlə yanaşı əyləşmiş kişi armudu stəkanını yerə qoyub stolun üstündəki günəbaxan tumundan götürüb çırtlaya-çıtrtlaya söhbətə başladı:

- Bu oyun deyilən şey, çox qəribə bir şeydi. Birdən, məsələn nərd oynaynda görürsən ki, elə mamentlər olur ki, oyunun taleyi ancaq zərin verməyindən asıılı olur.

Məsələn, şeş xanasında dörd dənə daşın var, hə, ancaq şeş-qoşa atılsa oyunu udarsan. “Ya Allah!”- deyib atırsan, şeş qoşa verir! Möcüzədir ey, heylə deyil?- deyə söhbətini bitirib sanki cavab gözləyirmiş kimi Məmmədin üzünə baxdı.

- Əlbəttə elədir! İncildə yazıldığına görə Həzrəti İsa deyib ki, istəyin - verərlər, döyün – açarlar!

Yəni, insan sidq ürəklə allahdan bir şey istəsə, ola bilsin ki, niyyəti, duası qəbul olunsun.

Amma biz, əhəmiyyətli bir şey əvəzinə “şeş-qoşa” istəyirik, “cüt beş” istəyirik, allah da verir.

Şansıımızı belə-belə xırda şeylərə sərf edirik – dedi. - Məsələn, mən əvvəllər başa düşmrdüm ki, niyə buddizmdə, “1. Təmiz fikir; 2.Təmiz söz; Təmiz əməl;” üçlüyü qurulub.

Deyirdim ki, başımda yüz cürə fikir ola bilər, mən ki, onları zahirə çıxartmıram, kimsəyə bildirmirəm, elə özüm üçün düşünürəm, lap olsun, məzələnirəm. Amma, sən demə, insanın özündən asılı olmayraq, qəlbindəki fikirlər, gerçəkləşə bilər, reallaşa bilər.

Ona görə də qəlbini də, fikrini də təmiz saxlamalısan.

Onların nə zaman reallaşa¬cağını heç kim bilə bilməz, yalnız allah bilər, mollalar demişkən. Bir də ki, fikirin də, düşüncənin də, aurası, elmi dillə desək təsir sahəsi var. Məsələn, maqnitin ətrafında maqnit sahəsi kimi, yaxud cərəyanın ətrafında elektrik sahəsi kimi.

Bizim torpaqlarımız niyə getdi?!- bu sual elə bil hamıya verilmişdi. Dominonun şaqqıltısı bir anlığa dayandı. Ağayarın Antaliya günəşindən yanmış qarayanız sifəti Məmmədə tərəf çevrildi və o əlindəki daşı syolun üstünə çırpmaq vəziyyətində havada saxladı.

Məmməd davam etdi: - Çünki əvvəlcə bizim millətin ağlında, düşüncəsində o torpaqlar getmişdi, onu özümüzdən xəbərsiz xəyalən erməni torpağı kimi düşünmüşdük, elə bil ki, erməniyə vermişdik.

Onunçün də getdi,- dedikdə bayaqdan havada qalmış domino daşı stolun üstündə şaqqıldadı. Sanki təsdiqlədi.

Söhbətə diqqətlə qulaq asan, oyundan kənarda dayanmış kişi soruşdu:

- Müəllim, yanı, deyirsiniz torpaqlarımız qayıdacaq? Qaytaracaqlar? Urus qoyar?!

- Torpaqlarımızın qaytarılamsı üçün, ən əvvəl bizim ürəyimizdə o torpaqlar qaytarılmalıdır, bitişməlidir aurası, yarası. Yəni, elə bir güclü istək, inam olmalıdır ki, torpaqları dartıb qaytarsın.

O da olmaq üçün bizim özümüzün birliyimiz olmalıdır.

Darı kimi səpələnmiş olsaq, nə özümüz-özümüzə qayıdacayıq, nə də torpaqlarımız geriyə. Eee, lap Platonun vaxtından dünyada məlumdur ki, ideya birincidir, materiya ikinci.

- Ə, sən nəğayırdın gənə?! Boy, allah sana insaf versin! Ə, neynirəm ey o rıbanı?- musiqiçi Şahin əlindəki daşları stolun üstünə şappıldatdı. Ağayarın Zakirə tərəf uzanan əli cavab alıb şappıldadı. Hesab yazıldı, daşlar qarıışdırılıb bölüşdürüldü. Oyun davam edirdi.

Məmməd vaxtın gec olduğunu görüb ayağa qalxdı. Oyunçularla əl verib xudahafizləşdi. Kafedən çııxıb metroya tərəf addımladı.

Səmada ulduzlar sayrışmaqda idilər. Stola çırpılan domino daşlarının şaqılltısı sanki uzaqlardan, ulduzların yanından, intəhasız kosmosun ənginliklərindən gəlirdi.

Oyun davam etməkdə idi.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG