Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:46

“Azərbaycan ziyalısı əslində qorxaq olduğundan yaltaq olur”


Son günlər Azərbaycanda bir qrup tanınmış şəxs və ziyalı təbəqə arasında sanki bir aktivləşmə hiss olunur.

Ziyalılar toplantı keçirərək hətta prezident İlham Əliyevə həbsdəki bloggerlərin və jurnalist Eynulla Fətullayevin azadlığa buraxılması üçün müraciət ünvanlayıblar.

Bu və digər məsələlərlə bağlı "BİZİM YOL" QƏZETİ şair Rüstəm Behrudi ilə söhbətləşib.


- Bu gün Azərbaycanda ziyalıların aktivləşməsi ölkəmizə nə verə bilər?

- Siz Azərbaycan ziyalısı deyərkən ilk olaraq kimləri nəzərdə tutursunuz. Mən ilk olaraq bunu bilmək istəyirəm.

- İctimaiyyətdə tanınan, xalq tərəfindən ziyalı, ağsaqqal kimi qəbul olunan şəxslər nəzərdə tutulur...

- Məşhur olmaq hələ ziyalı olmaq demək deyil. Bu gün Azərbaycanda məşhur olan adamlar var.

Bu dəqiqə onların sayı ziyalılardan çoxdur.

Yəni cəmiyyət tərəfindən özünü təsdiq edən, üzdə olan və bir vaxtlar cəmiyyətin sevgisini qazanmış adamlar var.

Yəni məşhur adamlar var və ziyalılıqdan danışmaq çətindir.

Bir çox hallarda ziyalıların siyasi proseslərə qoşulmasının özün də sanki, bir danlama var.

Əslində bu canlanma ziyalıların öz işidir, yoxsa havadan iy hiss edirlər bilmirəm.

- Nəyə görə hesab edirsiniz ki, ziyalıların aktivləşməsi faktının özü qınaq və ya danlaqla qarşılanır?

- Mən bu yaxınlarda xəbər tutdum ki, ziyalılar toplaşıblar. Hətta Əkrəm Əylisli təklif edib ki, jurnalist Eynulla Fətullayevin həbsdən buraxılması üçün prezidentə müraciət etsinlər.

Əkrəm müəllim orada yaxşı çıxış edib. Ancaq onun çıxışını mətbuatda elə pis formada izah edirlər ki, bunun özü mənə ağır gəlir.

Ziyalı ola bilsin ki, susa, prosesə qatılmaya bilər.

Ancaq günün birində ziyalı ürəyi istədiyi kimi danışanda və haqqı tələb edəndə onu bəzəmək doğru deyil.

Əkrəm Əylisi həmişə içindən gələnləri danışıb. O heç vaxt yaranmaq üçün nəsə deməyib.

Ola bilsin ki, indi onun dediyi söz yerinə düşməyib. Yəni Avropa Məhkəməsi onunla bağlı qərar verib və Əkrəm müəllimin sözlərini də yozurlar. Yəni Əkrəm müəllim bilir ki, Eynullanı azad edəcəklər və buna görə indi belə danışır.

Xeyr bu belə deyil. Ancaq bütün hallarda ziyalının ictimai siyasi proseslərə qoşulmağa cəhd eləməsinə mən normal hal kimi baxıram.

Bu lazımdır. Düzdür, indi söz qiymətdən düşüb, ziyalılar öz ziyalılığını qorumadı ki, xalq da onları eşitsin. Ziyalı o adama deyirlər ki, onu hamı qəbul eləsin.

Təkcə o demək deyil ki, iqtidarın yanında durub onu mət edəsən və ya cəmiyyəti müdafiə edib özünə ziyalı deyəsən. Böyük ziyalı hamının sözünü deyən adamdır və hamıya da bu sözü qəbul etdirən adamdır.

Ancaq bütün hallarda ziyalıların bu addımını mən yaxşı hal sayıram. Hətta bunda müəyyən məqsədlər olsa belə, yenə də yaxşı hal sayıram.

- Söhbət ziyalıların ancaq siyasətə qoşulmasından getmir. Ölkədə insanların malını, mülkünü əlindən alırlar. Ancaq ziyalılar buna susqunluqla yanaşır. Niyə səsinizi belə hallarda qaldırmır, insanları müdafiə etmirsiniz?

- Ən demokratik dövlət belə zorakılıq aparatıdır. Bunu mən yox, Nitşe deyirdi.

Mən bu cür zorakılığı qətiyyətlə pisləyirəm. Camaatın əlindən var dövlətini almaq, mülkünü başına uçurmaq dəhşətdir və bunun dünyada analoqu yoxdur. Əslində ziyalılar iqtidar-müxalifət söhbətini kənara qoyub ağsaqqal kimi bu vəziyyətə müdaxilə etməlidirlər.

Bunu dövlət qarşısında qaldırmalıdırlar ki, hərc-mərclik baş almasın, aşağı təbəqənin haqqı yeyilməsin. İndi ziyalılar bu işə nə qədər qoşulurlar məsələsini siz də, mən də yaxşı bilirəm.

Azərbaycan ziyalısı ələ baxmağı öyrənib, qorxaqdır. Mən bir kitabda yazmışam ki, kişinin başına nə gəlirsə qorxaqlıqdan gəlir. Əsl ziyalı da elə kişi olmalıdır.

Qorxaq adam isə yaltaq olur. Azərbaycan ziyalısı əslində qorxaq olduğundan yaltaq olur.

Yaltaq adam isə sonda əclaf olmalıdır. Bir ölkədə bir kişini çörək imtahanına çəkərsənsə ondan heç vaxt ziyalı çıxmaz. Və onun sözünü də heç kim eşitməz. Bu mənada bizim ziyalılarımız pis gündədir.

Bütün hallarda qayıdıb bu prosesə qoşulmağı, haqlının yanında durmağı dəstəkləyirəm. Nə yaxşı ki, Azərbaycan ziyalısının içərisində ki, vicdan deyilən şey hələ sona qədər məhv olmayıb.

- Özünüzdə qeyd etdiniz ki, son zamanlar ziyalı kəsim aktivləşir, toparlanır və hətta cürət edib həbsdə olan insanlarla bağlı prezidentə müraciət ünvanlayır. Bəs siz nədən bu prosesdə yoxsunuz, iclaslara qatılmırsınız?

- Siz də bilirsiz ki, mən hər zaman proseslərin içində olmuşam.

Onu da bilirsən ki, Türkiyədə cərrahiyə əməliyyatında olmuşam.

Əslində Azərbaycan ziyalıları oraya toplaşıblar və mən hesab edirəm ki, oraya dəvət olunmağa layiqli adamam. Ancaq məni dəvət etməyiblər. Mən isə çağırılmayan yerə heç vaxt getmirəm.

Məni dəvət etsəydilər gedər və sözümü də deyərdim. Ancaq mən dəvətli deyildim. Lakin mənim hörmət etdiyim ziyalılar var idi ki, onları bu toplantıda görmədim.

- Siz kimləri nəzərdə tutursunuz?

- Mən Ramiz Rövşənin adına rast gəlmədim. Eləcə də Vaqif Cəbrayılzadənin və bəndənizin adını görmədim. Hər halda biz son 20 ildə taleyüklü məsələlərdə sözümüzü demişik. Ancaq biz indi orada yoxuq.

Mən anlamıram, çağırılmayan yerə getmək nə dərəcədə doğru olardı, gedərdin ayaq üstə qalardım və ya içəri qoymazdılar?

- Belə anlaşıldı ki, siz bu toplantını dar çərçivədə keçirilən bir tədbir sayırsınız və orada heç də ziyalıların hamısının olmadığını qeyd edirsiniz...

- Siz doğru tutmusunuz. Bu bütövlükdə Azərbaycan ziyalılarının tədbiri deyildi. Mən orada müzakirə olunan məsələlərə diqqət yetirdim və böyük mənada orada Azərbaycan ziyalıları təmsil olunmurdu. Birdə ki, o adamlar özlərini ziyalı adlandıran adamlardır. Mən camaatın ziyalı adlandırdığı şəxsləri orada görmədim.

- Eynulla Fətullayev, gənc bloggerlər, Ruslan Bəşirli, eləcə də həbsdə olan siyasi məhbuslarla bağlı sizin mövqeyiniz necədir, onlar azad olunmalıdırmı?

- Mən düşünürəm ki, bütün hallarda insanı azadlıqdan mərhum etmək günahdır. İncildə qeyd olunur ki, iki cür günah var. Bir ölümlə nəticələnməyən, bir də ölümlə nəticələnən günahlar var.

Ölümlə nəticələnməyən günahları bağışlamaq olar. Ancaq ölümlə nəticələnən günahları azadlıqdan mərhum etmək mümkündür.

Bunu allah da, kitab da, adət də deyir. Ancaq bu insanlar cəmiyyəti qarət etməyiblər, cəmiyyətin durumunu halından çıcarmayıblar.

Onlar sadəcə fikirlərini azad ifadə etmək cəsarətində bulunduqlarına görə həbsxanadadırlar.

Hələ mən siyasi əqidəsini görə həbsdə olan insanları bir kənara qoyuram. İnsanı düşündüyünə görə, məhkum etmək ən azı günahdır. Fikrimcə, bu insanları azad edəcəklər.

Çünki onları nə qədər tez buraxsalar, bir o qədər az günaha batarlar.

Mən şəxsən həbsdə olan gənc bloggerləri, eləcə də Fətullayevi tanımıram. Ancaq yazılarını oxumuşam. Eynullanın bəzi yazıları ilə hətta razılaşmamışam.

Ancaq bütün hallarda bu adam azad fikrin, azad düşüncənin təmsilçisidir. Onu həbs etmək doğru deyil. Mən xatırlayıram, o bir vaxtlar böyük bir rayonu-ordubadlıları təhqir eləmişdi.

- Siz Hacıbala Abutalıbovla bağlı Fətullayevin yazlarını deyirsiniz?

- Bəli Hacıbala Abutalıbovla bağlı yazı idi. Əslində dövlət məmuru ilə bağlı nəsə demək, yazmaq olar. Ancaq bir rayonun insanlarını o cür adlandırmaq olmazdı. Lakin bütün hallarda mən bu cavan jurnalistin azad olunmasının tərəfdarıyam.

Çünki ordubadlılarla bağlı yazı onun qəzetində ötəri bir şey idi.

Çünki Eynulla cavan oğlandır, ola bilsin ki, yazıda müəyyən qədər qisasçılıq, inciklik var idi. Ancaq buna rəğmən Eynulla azad fikrin mübarizəsini aparırdı. Bu səbəbdən belə insanı həbsxanada saxlamaq olmaz.

Bu adamları azadlığa buraxmaq lazımdır. Əslində indi azadlıqda belə yaşamaq mümkün deyil. Bizdə azadlıq hələ hökmranlıq eləmir. Mən televiziyanı bir kənara qoyuram.

Çünki Azərbaycan televiziyalarına ümumiyyətlə baxmıram. Ancaq 2-3 hörmət etdiyim qəzet olmasa Azərbaycan o dərəcədə qaranlıq bir məmləkətə bənzəyər ki, orada baş verən hadisələrdən heç kim xəbər tuta bilməz.

Necə ki, 30-cu illərdə xəbər tutmurdular, ancaq sonradan məlum oldu ki, hansı hadisələr baş verib, nə qədər insan tutulub və s. Mətbuat buna görə lazımdır.

Ən azı biz orada başımıza nələr gəldiyini görürük. İnsana yaşamasını allah verir və lazım gələndə də o cəzalandırır. Bir sözlə İsa deyirdi ki, heç kimi mühakimə eləmə, çünki səni də mühakimə edərlər.

- Sizdən fərqli olaraq Anar Rzayev deyir ki, Eynullanın həbsi utanc deyil...


- Eynullaya sonuncu dəfə 8 il 6 ay iş vermişdilər. Mən bəzən proseslərə baxıram. Heç adam öldürən şəxsə bu qədər cəza vermirlər. Nəyə görə, Eynullanın həbsi utanc deyil ki?

Yəni bir jurnalisti həbsxanaya qoymaq niyə utanc olmamalıdır? Mən Anar müəllimlə razı deyiləm. İnsan istənilən bir şeyi qiymətləndirərkən özünü onun yerinə qoymalıdır.

Və o fikirləşsin ki, Eynullanın yazılarını onun özü yazıb, belə düşüncə tərzinə malikdir, cavan oğlandır və ona da 8 il iş verirlər. Anar müəllim bunu da düşünməlidir.

- Siz düşünürsünüz ki, Anar Rzayev bir anlığa özünü Eynulla Fətullayev kimi hiss etsəydi belə deməzdi?

- Əlbət də deməzdi. Mən Anarın Yaxşı padşahın nağılı əsərini xatırladım. Bu SSRİ zamanı yazılmışdı. Buna görə, onu tutub içəri qoysaydılar, o öz həbsinə haqq qazandırardı? Əlbəttə ki, qazandırmazdı.

Əfsuslar olsun ki, indiki anda o Fətullayevin həbsinə haqq qazandırır. Mənim Anar Rzayevə hörmətim olsa da, onun fikirlərini düzgün saymıram.

- Mərhum prezident Əbülfəz Elçibəyin ailəsi Türkiyəyə köçmək haqqında düşünür. Artıq bu ölkəni fərqli fikir söyləyən insanların ailələri də tərk edir. Bu məsələlərlə bağlı Anar Rzayev susur. Bəs siz nə deyə bilərsiniz?

- Elçibəy mənim dostum olub. Mən təkcə Elçibəyi nəzərdə tutmuram. Bu gün Azərbaycanın böyük ziyalıları, düşüncə adamları, millətinə bağlı insanların hamısı yaşayış ucbatından ölkədə deyillər.

Bunun özü hakimiyyətin günahıdır. Əslində indiki hakimiyyət, dövlət məmurları Azərbaycanı sevsələr bu insanların hamısını geriyə qaytarmalıdırlar. Bu ölkəni, elmi, mədəniyyəti, gücləndirmək üçün lazımdır.

Azərbaycanın inkişaf etmək üçün potensialı olan ölkədir. Bu potensial, ölkəni inkişaf etdirəcək insanların heç biri ölkədə yoxdur. Onlar ya siyasi mənsubiyyətinə görə, yada da dolanışıq səbəbindən xaricə gedib.

Üstəlik Əbülfəz Elçibəy kimi təmənnasız xalqına xidmət edən bir adamın ailəsinin xaricə getməsi ən azı bu ölkə üçün biabırçılıqdır.

Bu xəbəri oxuyanda mənə ağır gəldi. Hətta bir qadın deputat qeyd etdi ki, bunu o da qəbul etmir, əgər bilsək ki, onların problemi var bu zaman onlara kömək edə bilərik və s.

Siz baxın görün bir, Elçibəyin ailəsi nə günə qalıb ki, kiməsə müraciət etməlidir ki, bəs mən dolana bilmirəm, bu problemim var.

Bu əslində ciddi biabırçılıqdır. Mən bu mövqeyi təhqir hesab elədim. Əslində dövlət, parlament, prezident, qanunlar var.

Bu kişinin haqqını verin, prezidentlik haqqında status qəbul edin. Əgər bu baş versəydi onun yaxınları xaricə gedəcəklərinə dair bəyanat verməzdilər.

Elçibəy ömrü boyu təmənnasız adam olub. Əgər yaşamağa davam gətirəcək kiçik şeyləri olsaydı bəyin ailəsi heç vaxt deməzdi ki, biz xaricə gedirik.

Baxın görün ki, Elçibəy kimi fikir adamının ailəsi bunu deyirsə, görün onlar nə gündə yaşayırlar.

Çünki onlar ömür boyu heç nə istəməyən adamlardan biridir. Elçibəyin qızı, oğlu və xanımı deməz ki, biz xaricə gedirik. Onlar o qədər həyalı və abırlı adamlardır.

Onlara acından ölərlər ancaq bu sözləri deməzlər. Sadəcə ailəyə yaxın adamlar deyirlər ki, artıq bu variantın üzərində düşünülür. Bu böyük biabırçılıqdır.

Və dövlət onu çiyinləri üstündə qaldıranlara, millətini sevən şəxslərə haqqını verməlidir.

Həmçinin oxu
Elnur Astanbəyli "Ziyalı forumu, yoxsa dən davası?"
Rüstəm İbrahimbəyov ziyalılar adından İlham Əliyevə müraciət edib

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG