Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 13:35

Tərtərdə həbslər başlayıb


Tərtərdə baş verən qarşıdurmadan dağılan çayxana
Tərtərdə baş verən qarşıdurmadan dağılan çayxana
İyulun 8-də Tərtər polisinin 3 nəfər rayon sakini – Rövşən Paşayev, Kənan Musayev və Nurəddin Məmmədovu saxlandığı bildirilir.

İyulun 6-da rayonda baş vermiş qarşıdurmada xəsarət alan və hazırda rayon xəstəxanasında müalicə olunan İlqar İbrahimov deyir ki, həmin şəxslərin bu hadisə ilə əlaqəsi yoxdur. Onlar ümumiyyətlə o davada iştirak etməyiblər. Sadəcə qarşı tərəf – yəni şotlanlılar rayon əhalisinin hamısını tanımadıqları üçün məhz tanıdıqları bu 3 nəfərin adını polisə veriblər.

Xəsarət almış İlqar İbrahimov və saxlanan Rövşən Paşayev 7 il əvvəl Qarabağda döyüşmək məqsədilə partizan dəstəsi yaratmaqda ittiham edilərək həbs edilən könüllülərin sırasında olub.

DİN RƏSMİSİ SAXLANANLARIN OLDUĞUNU TƏSDİQ EDİR


Tərtər rayon polisinin özünü köməkçi Abbasov kimi təqdim edən əməkdaşı isə deyir ki, saxlananlar barədə məlumatı yoxdur. O işə iyulun 9-da çıxdığı üçün bir gün əvvəl kimlərin saxlanıb-saxlanmadığını dəqiq bilmir.

Ancaq Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov iyulun 6-da baş verən iğtişaşlara görə bir neçə nəfərin saxlandığını təsdiq edir. O, saxlananların dəqiq sayını göstərməsə də, atılan addımları həyata keçirilən istintaq tədbirləri ilə izah edib.

İyulun 6-da Tərtərdə Ağdamın Şotlanlı kəndindən olan məcburi köçkünlərlə yerli sakinlər arasında kütləvi
Ehsan Zahidov
qarşıdurma baş verib. İğtişaş polisin müdaxiləsindən sonra yatırılıb. Xəsarət alanlar var. Rayonda polis postları yaradılıb, şotlanlıların məskunlaşdığı ərazi nəzarətdə saxlanılır.

YALNIZ TƏRTƏR SAKİNLƏRİ HƏBS EDİLİB

Tərtər sakini, «İnformasiyalı Cəmiiyyət Uğrunda» İctimai Birliyin sədri, hüquqşünas Mehman Muradlı deyir ki, saxlanan o 3 nəfər sadəcə iğtişaş vaxtı orada olublar. Əslində onların həmin hadisəyə bağlılığı bundan artıq deyil. Hələ ki, yalnız Tərtər sakinləri həbs edilib. Şotlanlılar tərəfdən saxlanan yoxdur.

Mehman Muradlı düşünür ki, Şotlanlı tərəfdən iğtişaşın əsas iştirakçıları xəstəxanada olduqları üçün ola bilsin hələlik həbs edilməyiblər. Bununla belə, onun fikrincə, onların saxlanmamasının başqa tərəfləri də var:

«Həmişə qadınları, uşaqları qabağa verirlər belə şeylər olanda. İğtişaşa da əsasən qadınları, uşaqları gətirmişdilər. Yəni şotlanlı camaatı deyəndə ki, orada 4-5 ailədən söhbət gedir. Onlardan həmişə istifadə olunub. Ona görə də həmişə hansısa görünməyən əl bunları məsuliyyətdən azad edib».

Mehman Muradlı əlavə edir ki, yalnız bu il ərzində tərtərlilərlə şotlanlılar arasında 3 dəfə belə insident olub. Faktiki olaraq hər dəfə də polis şotlanlıları qoruyub.

TƏRTƏRDƏ QEYRİ-RƏSMİ KOMENDANT SAATI HÖKM SÜRÜR


Tərtər-Ağdam yolunun üstündə məskunlaşmış Şotlanlı camaatının ağsaqqalı olduğunu deyən Oqtay kişi də bildirir ki, polis onları qoruyur. Amma yerli camaatdan yox, aranı qarışdıranların əməlindən. Onun sözlərinə görə, 3-4 nəfər o tərəfdən, 3-4 nəfər də bu tərəfdən aranı qarışdıran var:

«Şotlanlı camaatı bura 1994-cü ildən düşüb. Biz Tərtərdən həm qız almışıq, həm də qız vermişik. Onu demək istəyirəm ki, xalqı qarışdırıblar. İndi oturub burada telefon zəngi gözləyirik ki, bu saat ya Tərtər, ya da Şotlanlı tərəfdən bir hadisə olacaq».

Mehman Muradlının sözlərinə görə isə, hazırda Tərtərdə qeyri-rəsmi komendant saatı hökm sürür. Axşam saat 11-dən sonra dükanlar bağlanır, adamlar küçəyə çıxmırlar. Bu barədə əhaliyə xəbərdarlıq da olunub.
XS
SM
MD
LG