Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:39

Mövsüm başlayandan təkcə Bakı çimərliklərində 26 nəfər batıb


Son iki gündə dənizdə ölümlə nəticələnən 6 hal qeydə alınıb.
Son iki gündə dənizdə ölümlə nəticələnən 6 hal qeydə alınıb.
«Təhlükəsizlik xəttini keçməməyiniz xahiş olunur. Uşaqlara diqqət edin, uzağa getməyə qoymayın...».

Hövsandakı çimərlikdə xilasedicilər müsahibədən imtina etsələr də, öz işlərini təlimata uyğun həyata keçirdiklərindən həvəslə danışırdılar. Onların fikrincə, dənizdə baş verən bədbəxt hadisələrə səbəb əhalinin təhlükəsizlik qaydalarına əməl etməmələri, xilasedicilərin təlimatlarını qulaqardına vurmalarıdır.

Son iki gündə dənizdə ölümlə nəticələnən 6 hal qeydə alınıb. Dəniz mövsümü başlayandan bu günə kimi isə təkcə Bakı çimərliklərində 26 nəfər batıb. Bakı Şəhər Təcili Yardım Stansiyasının operativ işlər üzrə rəis müavini Rauf Nağıyevin verdiyi məlumata görə, onlardan 10 nəfəri ölüb, qalanlarınsa həyatını xilas etmək mümkün olub. R.Nağıyev deyir ki, dənizdə boğulanların əksəriyyəti azyaşlılar və gənclərdir:

İÇKİLİ VƏZİYYƏTDƏ, SƏHHƏTİNDƏ PROBLEM OLAN İNSANLARIN SUYA GİRMƏLƏRİ YOLVERİLMƏZDİR

«Dənizdə boğulanların yaş hədlərini araşdırarkən məlum olur ki, onlar əsasən azyaşlılar və gənclərdir. İçkili vəziyyətdə, səhhətində problem olan insanların suya girmələri yolverilməzdir, qadağan edilmiş yerlərdə çimmək olmaz».

Rauf Nağıyev
Təcili Yardım Briqadası Bakının 12 çimərliyində səhər 9-dan axşam 9-a qədər növbə çəkir. Təcili Yardım Stansiyasından verilən statistik rəqəmlər isə yalnız çimərliklərdə həkimə müraciət edənlərin əsasında formalaşdırılır. Məsələn, iyulun 5-də Sumqayıtda 3 nəfərin ölümü ilə nəticələnən boğulma halı bu statistikada qeydə alınmayıb. Rauf Nağıyev cari ildə dənizdə baş verən hadisələrin təqdim olunan statistikadan daha çox olmasını istisna etmir:

SUMQAYIT VƏ DİGƏR RAYONLARDA BAŞ VERƏN HADİSƏLƏR BURA AİD DEYİL

«Biz yalnız Bakı şəhərində olan çimərliklərdə baş verən hadisələri qeydə alırıq. Bakı ətrafı, Sumqayıt və digər rayonlarda baş verən hadisələr bura aid deyil».

Bu il baş vermiş hadisələr haqda məlumat almaq üçün Fövqəladə Hallar Nazirliyi və bu nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti ilə əlaqə saxlamağa çalışdıq. İki gün ərzində nazirlikdən bizə verilən telefonlara zəng etsək də, dəstəyi qaldıran olmadı. Nazirliyin saytında isə çimərliklərdə baş verən bədbəxt hadisələr və görülən xilasetmə işləri ilə bağlı heç bir statistik məlumat yoxdur.

ÇİMƏRLİKLƏRİN DƏRİN YERLƏRİNDƏ TORLAR SALINMALIDIR Kİ, ƏHALİ DƏNİZƏ DOĞRU İRƏLİLƏYƏ BİLMƏSİN

Həyat Fəaliyyətinin Təhlükəsizliyi üzrə Mütəxəssislər Assosiasiyasının rəhbəri Həbib Ocaqov deyir ki, boğulanların təhlilinin aparılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi baxımından dəqiq statistika olduqca zəruridir. Onun sözlərinə görə, dənizdə boğulma hallarının azaldılması məqsədilə ciddi tədbirlər həyata keçirilməlidir:

Dənizdə boğulanlar əsasən azyaşlılar və gənclərdir
«Çimərliklərin dərin yerlərində torlar salınmalıdır ki, əhali dənizə doğru irəliləyə bilməsin, maarifləndirici tədbirlər aparılmalıdır, mən dəniz zabitiyəm və üzməyi çox yaxşı bacarıram. Amma buna baxmayaraq, mənim bir ayağımda qıcolma olduğu üçün dərinə getmirəm. Hər bir insan ilk növbədə öz təhlükəsizliyini nəzərə almalıdır».

Ötən il avqustun 21-nə olan məlumata görə, Bakı çimərliklərində 45 boğulma halı qeydə alınıb. Onlardan 28 nəfəri ölüb.
XS
SM
MD
LG