Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 13:08
Açığı, Azərbaycanda bir dəstə ziyalının forum adı altında keçirdiyi toplantı haqqında yazmamağı qət etmişdim.

Amma demokratik düşərgəyə yaxın siyasilər və yazarlar arasında böyük çoxluğun bu mənasız toplantıya böyük ümidlərlə yanaşması, bunu az qala ağsaqqal ziyalı ordusunun mübarizəmizin sıralarına qoşulması kimi qələmə verməyə başlamasından sonra mövzuya qələm bulamağı qərara aldım.

Əslində haqqında danışılan tədbirə toplaşanların böyük əksəriyyətinin keçmişi və bu günü hamıya bəlli olduğundan əlavə sözə ehtiyac qalmır.

Özünü ziyalı hesab edən bu zümrə ömrünün böyük hissəsini güclüyə yarınmaqla, öz şəxsi maraqları naminə ictimai mənafeni ayaqlar altına atmaqla, ən yaxşı halda baş verən ədalətsizliklər və haqsızlıqlar qarşısında susmaqla məşğul olublar.

İndi onların qəfil ortaya çıxıb, guya cəmiyyətdə baş verənlərdən narahatlıqlarını ifadə etmələri qədər ikinci böyük riyakarlıq ola bilməz. Həm də bu narahatlıqların heç bir konkret ünvanı, təyinatı yoxdursa.

Forumdakı çıxışların bir hissəsi ilə internet vasitəsi ilə tanış oldum. Və qətiyyən təəccüblənmədim.

Çıxışlarda Azərbaycanın bugünki durumundan və gələcəyindən yumşaq dillə nigarançılıq duyulur, amma ölkəni bu səfil, cahil kökə salanlardan bircəciyinin adı çəkilmir.

Hakim sistemin idarəçilik fəlsəfəsinin yanlışlığına dair bircə dənə də konkret söz deyilmir.

Bir sözlə, adını ziyalı qoymuş bu merkantil dəstəsinin çıxışlarındakı ümumi əhval-ruhiyyəni bir cümlə ilə belə ifadə etmək mümkündür:

"Biz hakimiyyətin xarici siyasətini dəstəkləyirik, amma daxili siyasətdə müəyyən problemlər var".

Bilirsiniz ki, bu, hakimiyyət qabından yeyən, amma özünü müxalifət adlandıran konstruktivlərin sevimli cümləsidir.

Bu cümlə ilə guya hakimiyyətlə barışmaz nöqtələrinin olduğunu xalqa sırımaq istəyirlər. İndi eyni yolla adını ziyalı qoymuş bir dəstə adam gedir.

Oysa konkret ad, hədəf göstərmədən, hakim sistemin həssas yerlərinə toxunmadan özünü cəmiyyətin mövcud durumundan narazı göstərməyin bir adı var: riyakarlıq!

Bunlar istəyirlər ki, həm karyeralarına, mənsəblərinə, titullarına, imtiyazlarına toxunulmasın, həm də xalq onları dissident, cəsarətli ziyalı kimi qəbul edib başlarına and içsin.

Rüstəm İbrahimbəyov ikiüzlülüyü


Konkret misallara keçək. Biri Rüstəm İbrahimbəyov. Mən bu adamın ədəbi istedadını dartışma mövzusuna çevirmək istəmirəm.

Şan-şöhrəti, var-dövləti hamıya məlumdur. İş, çörək dərdi yoxdur. Amma yaptokratlara yarınmaqda, onların əlini öpməkdə Zəlimxan Yaqubdan geri qalmır.

Bir müddət əvvəl Rüstəm İbrahimbəyov iki-üç tənqidi cümlə söylədi deyə, onun qəhrəman obrazını yaratdılar.

Göyün yeddinci qatına qaldırdılar. Həmin günlərdə bas-bas bağırdım, "etməyin, eləməyin, küllükdən bağ olmaz, Rüstəm İbrahimbəyovdan dağ" dedim.

"Rüstəm İbrahimbəyovdan dissident olsa məndən də kosmonavt olar" dedim. Kimsə eşitmədi.

Ən radikal tənqidçi qələmlər belə Rüstəm İbrahimbəyovu öyüb-öyüb bitirə bilmədilər. Sonra nə oldu? Ќə olacaq, Rüstəm İbrahimbəyov "Azadlıq" radiosuna müsahibə verib İlham Əliyevə heç bir alternativ olmadığını dedi.

O günlərdə dərin bir "oxqay!" çəkdim, əlimi əlimə sürtdüm, İbrahimbəyoviçin qəhrəman obrazını yaradanlara "sizə bu da azdı" söylədim.

İndi bu Rüstəm İbrahimbəyovdan dübarə Azərbaycan ziyalılığının simgəsi düzəltmək istəyirlər.

Oysa Rüstəm müəllimi bizim dərdlərimizə, problemlərimizə heç nəyin bağlamadığını hamımız çox yaxşı bilirik.

Bu adam daha çox amerikalıdır, ingilisdir, ispandır, nə bilim, almandır, nəinki azərbaycanlı. O heç vaxt insanların küçəyə çıxıb rejimə "istefa" hayqırmasını, "azadlıq" bağırmasını anlaya bilməz.

Onun üçün bu, sadəcə, bir əyləncə kimi maraqlıdır. İbrahimbəyovu Azərbaycana bağlayan neft pullarıdır.

Kino Evi, nə bilim, "İbrus"-mibrus, hamısı əfsanədir.

Maskadır. Üstü bəzək, altı təzəkdir. Əks halda insan hansı məntiqlə anti-demokratizmin və anti-humanizmin təntənəsi olan yaptokratiyanın sağından girib solundan, solundan girib sağından çıxa bilər?

Məni ən çox incidən İbrahimbəyovdan hələ də sadəlöhvcə əsl ziyalı duruşu gözləyənlərdir.

İnsan saxtalığının kulminasiya nöqtəsi

Foruma qatılan digər "ziyalılar"ın da hansı yuvanın quşu olduğunu zaman-zaman görmüşük.

İndi Əkrəm Əylislinin həmin tədbirdə Eynulla Fətullayevin azad edilməsi ilə bağlı prezidentə müraciət etmək təklifini yazıçı-deputatın "haqq yoluna qayıdışı" kimi yorumlayanlar var.

Belələrinə dostumuz Qan Turalı "Azadlıq" qəzetində tutarlı cavab verib.

Eynullanın həbsdə olduğu üç il ərzində Əkrəm Əylislinin bir dəfə ağzını bıçaq kəsmədiyi halda, Avropa Məhkəməsi məhbus həmkarımız haqqında məlum qərarı verdikdən sonra yazıçı-deputatın "xod"a düşməsi onun nə qədər qeyri-səmimi, saxta biri olduğunu ortaya qoydu.

Qarı şey olub qapı bağlanandan sonra danışmaq, beləcə, özünü hər kəsə şirin salmaq, hamam suyu ilə özünə dost tutmaq bu adamın sevimli vərdişidir. Mən Əkrəm Əylislini çox yaxından tanıyıram.

Dəfələrlə ikili söhbətlərimiz olub. Mən bu adama yaxınlaşdıqca ondan iyrənməyə başlamışam.

Bir insanın necə bu qədər saxta biri olmasından heyrətlənmişəm. Əkrəm Əylislidə "səmimiyyət" sözünün baş hərfi belə yoxdur.

O, situasiyaların adamıdır. Hər situasiyada öz çıxarlarını təmin etməkdə əvəzsizdir.

Beləsinə insanlar necə "ümid yeri" kimi baxır, baxa bilir, ağlım kəsmir. Əkrəm Əylislinin təbiəti, mahiyyəti haqqında təsəvvürə malik olmaq üçün onun romanında Elçibəyi təhqir edib, sonra da AЌS-də Elçibəy haqqında gözəl sözlər danışa bilmək qabiliyyətini xatırlatmaq kifayətdir.

Mən Əkrəm haqqında söhbəti çox uzatmaq istəmirəm.

Qorxuram əsəbləşib bu adamın ikili söhbətlərdə danışdıqlarını da yazaram, yaxşı düşməz, qeyri-etik görünər.

Üstəlik, yazsam, gərək Əkrəm bəy başını götürüb bu ölkədən qaçsın. Amma bu məqamı vurğulamadan keçə bilməyəcəm.

Bir dəfə Əkrəm bəylə ikili görüşümüzdə o, hakimiyyətin ünvanına dediyini buraxmadı, ertəsi günsə rejim qəzetlərindən birində (səhv etmirəmsə, "Kaspi"də) yazıçı-deputatın müsahibəsini oxudum.

Həmin müsahibədə cənab Əylisli iqtidarın mədəniyyətə, ədəbiyyata atalıq qayğısından ağızdolusu danışır, Heydər Əliyevin öz işığını Mirzə Cəlildən aldığını deyirdi. Əlavə şərhə ehtiyac varmı?

Hər şey və heç nə

Haqqında yazdığımız forumun çıxışçılarından biri Rafiq Əliyevdir. Söhbət əsla keçmiş Dini Komitə sədrindən getmir.

Bu Rafiq Əliyev texnika elmləri doktorudur, professordur, hamı onu Lütfi Zadənin tələbəsi kimi tanıyır, hazırda isə Neft Akademiyasında kafedra müdiridir.

Rafiq müəllimin forumdakı çıxışı bir fiaskodur. Hər şeydən danışıb, amma heç nə danışmayıb.

Elmin imtiasiya edildiyini söyləyib - səbəblər və səbəbkarları göstərməyib. Təhsilin deqradasiyasından danışıb - yenə səbəblər və səbəbkarlar yoxdur.

Bilmək olmur ki, bütün bu rəzilliklərin günahkarı kimdir. Hakimiyyətdirmi, yoxsa yadplanetlilərdirmi? Rafiq Əliyevin "sözünün Mustafası" onun rejimin intelligensiyaya sahib durmaması ilə bağlı şikayətlərində gizlənib.

Nə qədər gülüncdür - bir professor xalqa, xalqın dərdlərinə sahib durmayan rejimdən intelligensiyaya sahib çıxmasını istəyir, gözləyir.

Əsl ziyalılıqdan danışır, amma bunlara misal kimi psevdo-ziyalıları - Bəxtiyar Vahabzadəni, Rüstəm İbrahimbəyovu, daha dəhşətlisi, hüquq vəkilliyindən hakimiyyət vəkilliyinədək yuvarlanmış Aslan İsmayılovu göstərir.

Mədəniyyətin mənəviyyatsızlaşmasından, mənəviyyatın mədəniyyətsizləşməsindən bəhs edir, amma allahın bir telekanalını belə tənqid etmək cəsarətində bulunmur. Madam ki, problemlərin kökünü, bəlaların baiskarlarını göstərməyəcəksiniz, niyə danışırsınız?

Danışmaq xətrinə danışmaq bizim nəyimizə lazımdır?

Ən əsası, Rafiq müəllim, əgər siz kafedra müdiri olduğunuz ADNA-nın jurnalist tələbəsini tənqidi yazısına görə oradan qovan rektorunuza güldən ağır söz deyə bilmirsiniz, həmin tələbənin pozulan haqlarına qarşı səsinizi qaldırmırsınızsa, ondan sonra nə danışırsınız danışın, mifdir, əfsanədir, fiksiyadır.

Kimsə sizin səmimiyyətinizə inanmaz. Bunu bilmənizdə fayda var.

"Ziyalı forumu"nun qarın ağrısı nədir?

Digər çıxışçılar haqqında da üç aşağı, beş yuxarı eyni şeyləri söyləmək mümkündür.

Onların hamısı həm xalqın gözündə danışan, susmayan, mübariz ziyalıya çevrilmək istəyir, həm də hakimiyyətlə körpüləri yandırmamağa, onun isti qucağındakı yerlərini soyuq eləməməyə çalışır.

Bu qədər açıq yazıram: məlum ziyalı forumu əsla və əsla cəmiyyətin problemlərinə, ölkənin mövcud durumuna canıyananlıqdan ortaya çıxmamışdır.

Bu forum qarşıdakı parlament seçkisində özünü hakimiyyətə təklif etməyin ustaca düşünülmüş bir texnologiyasıdır.

O foruma toplaşanların rejimdən mandat təmənnası var.

Başqa təmənnalar da istisna deyil, ümumilikdə isə bu "ziyalı forumu"nun iqtidara mesajı çox sadədir:

"Ya bizə sahib durun, "qa" deyəndə suyumuzu, "qu" deyəndə çörəyimizi verin, ya da biz danışmağa başlayırıq".

Alayı cür olması da mümkün deyil.

Çünki rüstəm ibrahimbəyovların, əkrəm əylislilərin, anar rzayevlərin olduğu yerdə din davasından yox, dən davasından danışmaq mümkündür.

Yeri gəlmişkən, forumdan sonra ora yığışan "ziyalılar" gələcəkdə yenə toplaşacaqlarını deyiblər, amma yerini və vaxtını söyləməyiblər.

Neylək mən söyləyərəm: 7 noyabrdan sonra Milli Məclisdə...

www.adyazar.az

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG