Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:37

Rafiq Tağı "Bizdə inqilabçılıq da ödənişlidir"


YAZIÇI RAFİQ TAĞININ "UNİKAL" QƏZETİNƏ MÜSAHİBƏSİ

- Hər necədirsə də, bu cəmiyyət bizimdir. Özünüzü bu cəmiyyətdə necə hiss edirsiniz?

- Əlbəttə, cəmiyyət bizimdir, əfsus, ondakı “cındır” adamların konsentrasiyası Avropa cəmiyyətlərindəkindən qat-qat çoxdur.

Bunun kökü uzun əsrlər boyu yad mədəniyyətlərin diktəsi altında olmağımızdır.

Bir vaxt bunları mən “Azərbaycan mədəniyyətində zor qalıqları” adlı essemdə araşdırmağa çalışmışam.

Bəşəriyyətin tarixində manqurt şəklində iştirak etmişik.

Ancaq Azərbaycan türkü gördüyü total basqılardan sonra yenə ayaq üstə durmağa çalışırsa, artıq bu böyük uğurumuzdur.

Burda mən manqurtları qırıb da cəmiyyəti sağlamlaşdırmaq fikrindən uzağam.

Mən manqurtların beynində faydalı qazıntı şəklində düşünən hüceyrələr axtarmağı təklif edərdim.

Onsuz

“ADAM KİŞİ OLAR”, “AYIBDIR” VƏ SAİR BU KİMİ METODLAR İŞLƏMİR

Cəmiyyətimizin timsalında əminliklə demək olar ki, kütləni, əxlaqa arxayın olub da, düzəltmək mümkünsüzdür.

Dərin demokratizm və qanunların diktaturası – gediləsi yol budur.

Nəhəng elmi sıçrayışlar fonunda hətta böyük dinlər də mənasını itirməkdədir. İndi müqəddəs öyüdləri insan bir qulağından alır, o birindən buraxır. Artıq moizələr effektsizdir.

Bəşəriyyətin min illərcə topladığı pozitiv təcrübə qanunlar şəklində çoxdan təsbit olunub.

Qanunların diktaturasında əxlaq özü-özlüyündə ortaya çıxmış olacaq. Mən qanunların diktaturasından doğan əxlaqın tərəfindəyəm.

Ümumbəşəri dəyərlər yalnız qanunlar şəklində maraqlı və işləkdir.

Özümü necə hiss edəcəyəm? Cəmiyyətimiz bütün qüsurlarıyla mənə maraqlı görünür.

Özü də mən fatalistlər kimi oturub nəyisə acizanə gözləmək fikrində deyiləm. Azərbaycan cəmiyyəti mənim şəxsi mənafeyimdir və mən onun dinamizm kəsb etməsinə, inkişafına çalışanlardanam.

Öz ömrümdə cəmiyyətimizdə müsbət dəyişikliklərin şahidi olmaq istərdim.

Pessimistlərlə həmişə müqayisəli analiz aparmağı xoşlayıram: baxın, onillər keçir, bizdə də keyfiyyət dəyişiklikləri baş verməkdədir.

Gərək bunu görə biləsən. Olsun ki, bəziləri bunu görmək istəmir.

Aydınlarımızın topluma impulslar verməyi gərək.

Toplumda qaranlıqlara yox, işığa şərti reflekslər yaratmağımız gərək.

Çətinliklərimizi görüb də harasa qaçmamaq. ...Yeri gəlmişkən, yaradıcılığımla bağlı cəmiyyətdə baş vermiş kataklizmlərin hamısında bəzi qüvvələr görməmişcəsinə güman edərdi ki, mən bütün bunları xaricdə sığınacaq almaq üçün yazmışam.

Uca məramımı belə ucuz tutanlar, deyəsən, indi-indi məni başa düşməyə başlayıb. Bədxahlarım da oxucularımdır və onlara hörmət borcumdur.

Onlara bir daha üz tutub deyirəm:

BARI İNDƏN BELƏ MƏNİ DÜNYA MALINA GÖRƏ SUÇLAMASINLAR

Həqiqətən, bu dünyada mənə yaşayış minimumundan savayı, dost-tanış yanında xəcil olmamaqdan yana heç nə lazım deyil.

Qoy dünya malı, xoşbəxtlik törədəcək qabiliyyətinə malikdirsə, bərabər bölünmək şərtiylə başqa insanların olsun.

Mənə qalan dünya malı yaratdıqlarımdır.

- Rafiq Tağı nələri edə bilib, nələri edə bilməyib?

- Yazdıqlarım edə bildiklərim, yazmadıqlarım edə bilmədiklərimdi.

Yazmadıqlarım istər sovet dövründə, istərsə də müstəqil Azərbaycanda, siyasi “podonok”ların güdazına gedib. Ömrümün çoxunu bir tikə çörəyə həsr etmişəm.

80-ci illərdə Moskvada klinik xəstəxanada işləyirdim: hər gün 25-30 xəstəyə baxmağımın müqabilində ayda 110 manat 10 qəpik maaş alırdım.

Hesablamışdım da: bir xəstəyə bir gün sərf etdiyim əməyə görə dövlətdən mənə 10-15 qəpik haqq çatırdı.

Bu, istismarın ən yüksək həddi idi. Ədəbiyyata yalnız yorğun vaxtımı verə bilirdim.

Öz Azərbaycanımızda da siyasi fırıldaqçılar ömrümü kəsdi. 90-ın əvvəllərində əlimizə çörək düşəndə, ailəlikcə onu suxarıya çevirib dar gün üçün saxlamağımız yadıma düşəndə, utandığımdan az qala yerə girirəm.

Bunları şikayət üçün demirəm.

Sözüm odur ki, siyasi yekəbaşlar zaman-zaman insanların enerjisini udur və onları boşda qoyur. İndinin özündə də

AZƏRBAYCAN XALQI HEÇ DƏ YARADICI YAŞAMIR

Yaradıcılıq toplumun yadına düşmür də.

Ümumiyyətlə, yaradıcılıq bizdə heç də hörmətlə qarşılanmır, hətta gülməli görünür.

Hamı lotuya, quldura oxşamağa çalışır.

Bizdə hələlik yalnız cinayətlərdə yaradıcılıq işartıları görsənir.

Siyasi nihilistlər cəmiyyətində ədəbiyyat olmamalı idi. Bugün ədəbiyyat adına nə yaradılırsa, bunu fədakarlığa yozmaq gərək.

- XX əsrin əvvəllərindəki publisistikamızda güclü sarkazm, kinayə ilə yanaşı çox güclü sevgi də var idi. Bugünki publisistikamız isə zəif peşəkarlıqla bərabər, çox güclü nifrət potensialı sərgiləyir. Bu enerji bu cəmiyyəti nələrə doğru aparır?

- Bu sizin qənaətinizdir və əlbəttə, buna görə də heç kəs sizi qınaya bilməz.

Lakin bir şeyi deməsəm olmaz ki, XX əsrin əvvəllərindəki publisistikada sevgi ədəbiyyatşünasların uydurmasıdır.

Bu sevgi təsdiqlənməsəydi, həmin publisistika silinib atılmalı idi.

Sarkazm nə qədər maraqlıdırsa da, ictimai-sosial problemlərin həllində panaseya deyil. Həm də satirik ədəbiyyatda hardasa bir az səthilik var.

İdarə və kontorların görə biləcəyi işlərə ədəbiyyat baş vurmamalıdır.

Ədəbiyyyatın funksiyası insanın parametrlərini genişləndirməkdir, onun bu günkü həyatını yaxşılaşdırmaq yox. Bu, bir. İkinci də,

BƏYƏM NİFRƏT PİS ŞEYDİR?

Nifrət sevginin alternativi olaraq, cəmiyyətin inkişaf ünsürüdür.

- Sizcə, ədəbi-publisistik frayerlik nədir və bu özəllik indiki bədiiyyatımızda necə təzahür edir?

- Ədəbiyyatda belə bir istilah yoxdur. Ancaq sizi anlamağa çalışıram; hər halda, belə bir şey düşünübsünüz.

“Frau” almancada “ərli qadın” anlamındadır.

“Frayer publisistika” deyiləndə, güman, nazlı-duzlu, fors-major situasiyalarda problemlərin həllini başqalarının üstünə yıxan, həm də tez aldanan, yaxud bilə-bilə aldanmağa çalışan, iqtidardan daim nəvaziş gözləyən, ona görə də insanların hörmətinə layiq olmayan publisistika nəzərdə tutulmalıdır.

İndiki publisistika əksərən bu durumdadır.

Mübariz kimi görsənən publisistikamızın tərkibindəsə reketçilik görərsən. Ardıcıl mübarizlərimizin bir qismi qonorar bülbülləridir.

Bizdə inqilabçılıq da ödənişlidir.

Bizdə əsl publisistlər barmaqla sayılası qədərdir. “Əsl” deyiləndə, təmənnasızlıq başa düşülməlidir.

Gərək bir şeyi bayaq dərhal deyəydim ki, mən heç də publisistika mütəxəssisi deyiləm, heç vaxt da “publisistik” sayılan əsər yazmamışam. Esselərimi publisistika adlandıranlar yanlış yapırlar.

- Azərbaycan kişisi hansı komplekslərin əsiridir? Bu komplekslərin köləliyindən çıxa bilərmi?

- Əlbəttə, azərbaycanlı kişi şərqlilikdən, dini xurafatdan, savadsızlıqdan doğan komplekslərlə zəngindir.

Torpaqlarının iyirmi faizini əldən vermiş azərbaycanlı, nədənsə, torpaqlarının bir qarışına göz dikənin gözlərini eşməyə qadir olan avropalıdan özünü namuslu bilir.

Sərhədlərini göz bəbəyi kimi qoruyan, qulağımızın dibindəki ruslarla müqayisədə də

ÖZÜMÜZÜ NAMUS-QEYRƏT MÜCƏSSƏMƏSİ SAYIRIQ

Komplekslərimiz tərəqqimiz yolunda aşılması çətin kötüklərdir.

- Bugünkü orta statistik yeniyetmə sizin yaşınıza çatanda, yaradacağı cəmiyyət necə olacaq?

- Yəqin siz düşünürsünüz ki, cəmiyyətimiz üzü aşağı diyirlənməkdədir və elə daim belə də olacaq.

Lakin dialektikanın obyektiv qanunları bunu deməyə əsas vermir.

Sadəcə, indiki yeniyetmənin təhsili düzgün qurulmalıdır ki, mənim yaşımda hamısı qara fəhlə olmasın.

Total rüşvət və korrupsiya mexanizmləri dağıdılmalıdır.

Oturub gözləməmək.

İş, iş, iş. Əməl, əməl, əməl.

- Kassandra qanunu baxımından yanaşanda, çağdaş ədəbiyyat, televiziya bu xalqa hansı gələcəyi vəd edir?

- Məncə, “qanun” yox, “Kassandra sindromu” ifadəsi daha düzgün olardı.

Şəxsən mən ədəbiyyatda öncəgörmələrimə insanların inanmadığı Kassandrayam.

1994-də “Mirzə Cəlillə ayrılıq məqamı” adlı essemdə milləti satirayla öldürməmək təklif etmişdim, özümü çarmıxa çəkdilər.

“İki Tağıyev İlqar” adlı yazımda dedim ki, hər bir insan istədiyi qədər spirtli içki içə bilər, ancaq dövlət başçısı “piyaniskə” olmamalıdır.

Bunu eşidib də, AXCP adlı partiyanın “klassiklər” deyilən qanadının “gənclər təşkilatı” adlanan budaqcığı “demokratik” sayılan cəmiyyətimizdə məni öldürmək haqda qərar qəbul etmişdi.

Mən bunu “azad” deyilən mətbuatda oxumuşdum. Ancaq sonra dedim neynək, bütlər dağıdılanda belə şeylər baş verməlidir, niyə inciyirsən, baş verir də.

“Qafqazın qartalı Şaumyan belə...” (Səməd Vurğun) adlı essemdən sonra məni Azərbaycan Yazıçılar Birliyindən xaric etdilər.

“Avropa və biz” yazımdan sonra isə cəmiyyətdən tamam təcrid olundum.

Amma

SAĞ OLSUNLAR Kİ, "BAYIL" TÜRMƏ ABİDƏSİNİ VAXTINDA GÖRƏ BİLDİM

və onun interyerini, eksteryerini yaddaşıma həkk etdim.

İndi o abidə yer üzündən silinib.

İndi Rafiq Tağı adlı “Kassandra” yenə gələcəyimizin Avropaya bağlılığını deyir, buna heç kəs inanmır.

Heç kəs də etiraf etmək istəmir ki, onsuz bütün dünya Avropanın təsir dairəsində inkişaf tapmaqdadır.

Bəşəriyyət fəxr etməlidir ki, Avropa ucalığına yüksələ bilib.

Ucalıqlara düşmən kəsilməyək.

...Çağdaş ədəbiyyatımızda da, televiziyalarımızda da gələcəyə yönəlik çabalar, çalışmalar var və bütün donuq nəsnələr dekonstruksiya olunmaqdadır.

Hər hansı bir millətin gələcəyi hazır reseptlərlə yox, dinamizmlə hasilə gəlir.

Söhbətləşdi: Şahid

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG