Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 14:53

«Diktator ölkələr idmana daha çox maraq göstərirlər»


«Diktator ölkələr idmana daha çox maraq göstərirlər». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında siyasi analitik Hikmət Hacizadə «Futbol və siyasət» mövzusunda danışarkən deyib.

Hikmət Hacızadə deyib ki, futbol nəzəri cəhətdən siyasi oyun sayılmasa da, reallıqda futbol, idman, beynəlxalq sazişlər əlbəttə ki siyasiləşmiş sosial fenomendir. Builki Dünya Çempionatı barədə də danışan siyasi analitik builki Dünya Çempionatı keçirilən ölkənin şovinizmi, məşqçisi, geyimi keçmiş SSRİ-ni xatırladır.

ARGENTİNA: TANGO OYNAYANLAR

«Hər bir ölkəyə onun komandası prizmasından baxırsan. Argentinaya baxanda bilirsən ki, bunların hamısı tanqo oynayandırlar. Alman komandasına baxanda bilirsən ki, almanlar qayda qanun sevəndirlər. Mexanizm kimi, maşın kimi oynayırlar. Futbol və millətçilik bölünməzdirlər. Bunlar bir gedirlər».

Hikmət Hacızadə deyib ki, idman 20- ci əsrdə, beynəlxalq yarışlar başlayandan siyasiləşmiş fenomenə çevrilib.

«Bu, Almaniyada Hitlerin vaxtında Olimpiada keçiriləndə daha qabarıq göründü. Hitler istəyirdi, öz ölkəsinin nailiyyətlərini idman vasitəsi ilə göstərsin.
Hikmət Hacızadə
Göstərsin ki, alman milləti hamıdan mükəmməldir. O, nəinki ən yaxşı texnika buraxır, o idmanda da yaxşıdır. O, möhkəm qaçandır, tullanandır, futbol oynayandır. Əfsuslar olsun ki, Amerikadan gələn bizim qaradərili qardaşlarımız Almaniyanı uddular, Hitler çox məyus oldu. Amma xüsusilə diktator ölkələri idmandan öz propaqandasında istifadə edirlər. Bu aydın məsələdir. Yeri gəlmişkən demokratik ölkələr də bunu edir. Amma diktator ölkələr idmana daha çox maraq göstərirlər. Idmana ölkənin vitrinası, millətin nailiyyətləri kimi qiymət verirlər. Olimpiya çempionları olur milli qəhrəmanlar. Buna isə rasional adam yumorla yanaşmalıdır».

İDMAN MÜHARİBƏLƏRİ ƏVƏZ EDİR


Hikmət Hacızadə deyib ki, idman bəzən müharibələri əvəz edir.

«Ümumiyyətlə mədəniyyətşünaslar belə deyir ki, bəzən idman yarışları müharibələri əvəz edir. Çünki qədimdən müharibənin bir cazibəsi var. Mən getdim, əzdim, təsdiq etdim özümü. Düşməni sındırdım. Bunların yerini indi idman tutur. Mən əzdim amma idmanda».

Hikmət Hacızadə builki Dünya çempionatına da öz münsibətini bildirib.

«Bu çempionat gözlənilməz oldu. Bilmədik kim qabağa gedir. Güclü komandalar çıxdı oyundan Afrikanı, Afrikanın demokratiyasını, insanlarını gördük.bu ilki Dünya çempionu ya İspaniya, ya da Almaniya ola bilər».

FUTBOL İNSANLARI BİRLƏŞDİRİR


Toğrul Cuvarlı
Siyasi analitik Toğrul Cuvarlı isə deyib ki, futbol həm də insanları birləşdirir.

«1986- cı ildə Dünya Çempionatı keçiriləndə mən keçmiş Şaumyanovski, indiki Ağcakənddəydim. Həmin vaxtlar Qarabağ məsələsi təzə-təzə başlayırdı. Mən görürdüm ki, vəziyyət gərgindir, nəsə başlanır. Mən ermənilərlə orada futbola baxanda görürdüm ki, atmosfer tamam dəyişir. Futbol yumşaldırdı münsibətləri, ermənilər özləri də özlərini mənimlə yumşaq aparırdılar».

Toğrul Cuvarlı deyib ki, bu dəfəki çempionatda irqçilik məsələsi təccübləndirici idi.

«İlk dəfə futbolda irqçilik əriyib gedir. Biz görmüşük Amerikada irqçilik dövrünü. Futbolda çox komandalarda zəncilər çoxluq təşkil etdi. Və yavaş-yavaş bu əridi getdi. Bu dəfə Fransa komandasında irqçilik məsələsi qalxanda mən diksindim. Futbolun ən böyük yaraşığı odur ki, irqçilik nöqteyi-nəzərindən heç kim baxmır futbola. Dünya sivilləşir».

Toğrul Cuvarlı deyib ki, futbola ona görə hamı çox baxır ki, futbolun demokratikliyi var. Elə bil çempionat keçirilən bu bir ay çox adamı birləşdirir. İnsanlar arasında ünsiyyət artır. Siyasi analitik həm də futbolun siyasi tərəflərinə toxunub:

«Futbol oynayan ölkələr BMT-nin üzvü olmasına baxmayaraq, onların səslərini eşitmirsən. Burda futbolda onları qabarıq görürsən. Misal üçün Qana. Qana üçün bu həddən artıq vacib bir şeydir. Bu, mənəvi təkandır. Onlar yer tutsaydılar dəhşət olardı. Afrika üçün bu çox böyük hadisəyə çevrilə bilərdi. Braziliyanın uğurları da futbolla bağlıdır. Braziliyanı futbol ölkəsi kimi tanıyırdıq. Gördük ki, Braziliya iqtisadiyyatda da başladı rol oynamağa. Ölkə bu gün də inkişafdadır. Bu qismən də olsa futbola görədir. Keçmişdə futbol Braziliyanın yeganə yaraşığı olsa da, bu, artıq belə deyil. Ona görə də uduzdular. İndi onun yaraşığı iqtisadiyyatdır. Artıq siyasətdə də müəyyən rol oynayır. Bir millətin inkişafı üçün millət gərək hardansa nədəsə nə vaxtsa mənəvi təkanlar alsın».




Verilişi apardı Xədicə İsmayılova

Hazırladı Kamran Mahmudov

XS
SM
MD
LG