Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 03:47
Azadlıq Radiosunun İstanbul müxbiri

2 iyul 1993-cü ildə Sivasadakı “Madımak” otelində “Cümhuriyyət” məfhumuna qətiyyən yaraşmayan bir qətliam baş verdi: otelə od vurulması nəticəsində 37 Türk ziyalısı diri-diri yandı.

Məşhur yazıçı Əziz Nesin otelin arxa pilləkənlərindən qaçırılaraq ölümdən canını güclə qurtardı.

3 iyulda səhər İstiklal prosepektindən Taksim meydanına çıxarkən qəzet satan uşaqlardan eşitdiyim “Yaktılar, oteli yaktılar, 37 aydınımız can verdi!”- çığırtıları hələ də qulaqlarımdadır. Qəzetlərin əksəriyyəti “Madımak” qətliamına etiraz manşetiylə çıxmışdı...

“Madımak”ı yandıranların Nesini çoxdan bəri təqib etdikləri anlaşılırdı.

Onlar bu “aksiya”nın motivi kimi Aziz Nesinin “islam dininə qarşı çıxışlarını və Salman Rüşdinin “Şeytan ayələri” kitabını Türkiyədə çap etdirmək niyyətini” irəli sürmüşdülər.

Elə isə Nesin siyasi düşüncələrinə görə, təkcə din tacirlərinin yox, həm də Türk dövlətinin “hədəfi” olmuşdu. Haqqındakı istintaq işləri ilə bağlı təxminən

3000 DƏFƏ PROKURORLUQ-MƏHKƏMƏ QAPILARINA GEDİB-GƏLMİŞDİ

Dövlət uzun müddət onu “Sovet ittifaqının agenti” kimi təqib etmişdi. TV-dəki çıxışlarının birində onu bezdirən məhkəmə prosesləri barədə dediyi bu sözləri unutmamışam: “ İnsanların ədalətə inamı itəndən sonra Allahdan başqa sığınacaqları yer qalmır”.

Türkiyə Cümhuriyyətini qurmağa Məclisdən başlayan Mustafa Kamal paşa Türkiyə Böyük Millət Məclisinin açılmasından 1 gün sonra- 24 aprel 1920-ci ildə Məclisdəki çıxışında belə demişdi :

“ Millətlərin məhkəmə səlahiyyəti onların müstəqilliklərinin birinci şərtidir. Məhkəmə səlahiyyəti müstəqil olmayan bir millətin dövlətinin olması da qəbul edilə bilməz”.

Əlirza əmi - rəhmətlik Əlirza Turan mənə danışmışdı ki, Nesinə Moskvadan göndərilən kitabların məzmununu öyrənmək üçün polis dəfələrlə onun köməyinə müraciət edibmiş.

Əlirza əmi Ordubadda anadan olmuş, müharibədə əsir düşəndən sonra 1949-da Türkiyəyə gəlmişdi.

90-cı ildə tərcüməçi kimi Moskvaya gedəndə SSRİ Səhiyyə nazirliyində ona deyiblər ki, sənin ruscan bizim xarici işlər nazirinin (Şevardnadzenin) ruscasından daha səlisdir.

Hekaylərinin birində Nesin evində aparılan axtarışı təsvir edərək yazır ki, polis “Larousse” ensiklopediyasının üz qabığını görən kimi, kitabı “rus təlimatı” kimi aktlaşdırıbmış...

“Şeytan ayələri” kitabını Türkcə çap etdirmək niyyətini açıqlayandan sonra Məhmət Əli Şadoğlu adlı bir din taciri qəzetə elan verərək, Nesinin başına 250 min dollar mükafat qoymuşdu.

“Mükafat”la bağlı fikri soruşulan Əziz Nesinin cavabı onun özünə məxsus üslubunda olmuşdu :” Yaxşı puldur.

MƏNİ ÖLDÜRMƏK ÜÇÜN ZƏHMƏT ÇƏKMƏSİNLƏR

O pulu bank hesabıma köçürsünlər, özüm intihar edərəm”.

“Madımak” qətliamından sonra Məhmət Əli Birandın 32-ci gün proqramına çıxan Əziz Nesin “Türkiyənin dünyəvi və demokratik rejiminin təhlükədə olduğuna” diqqəti cəlb edərək deyirdi :” Birincisi, çox üzülürəm.

Bələdiyyə başqanı açıq-aydın yalan deyir. Siz hardasınız, harda yaşayırsınız?

Bu fitvadan necə xəbəriniz yoxdur? Mənə bağırırdılar: kafiri öldürün. Bu iş necə olur? Mənim öldürülməyimi necə deyə bilərsiniz?

Burda Türk xalqı hər şeyi görür.
Proseslər daha əvvəldən başlayır. İmam-hatip məktəblərində oxuyanlar dövlətin içinə girdi. Hakim, mühəndis, həkim, bələdiyyə başqanı bunlardan oldu. Bu, belə qalmayacaq.

Bunlar ordunu ələ keçirməyə çalışırlar. Demokratiyada xalqın verdiyi səslə hakimiyyətə gəlinə bilir. Əgər bu yolla olmazsa, orduya girməyə çalışırlar. Hər il hərbi məktəblərdən 500-1000 tələbə xaric edilir.

İndi durmadan imam-hatip məktəblərindən çıxanları hərbi qurumlara salmaq istəyirlər.

Sabah- birisi gün

TÜRKİYƏNİN BAŞINA ÇOX BÖYÜK FƏLAKƏTLƏR GƏLƏCƏK

Bunu deyirəm. Xalqda mənə qarşı nifrət oyandırmaq üçün deyir ki, mən bunu xarici qüvvələrin təsiri ilə yazmışam.

Əsas xairci qüvvələrin təsirində qalan kimlərdir? Səudiyyə Ərəbistanının, İranın təsirində qalanlar kimlərdir? Mən onlardan pul adlıqlarını demirəm və heç vaxt belə bir söz demədim.

Nə aldıqlarını bilmirəm. Ancaq aldıqları bir şey var. O şey maddidir-yoxsa yox, onu bilmirəm. Türkiyənin oyanması lazımdır, ziyalilarin oyanması lazımdır. Türkiyə çox pis yerə gedir. Bunu açıq şəkildə söyləyirəm”.

Nesinin o proqramda mübahisə etdiyi şəxs Sivas bələdiyyə başqanı Təməl Karamollaoğlu idi. 1995-ci ildəki seçkidə Ərbakanın Refah Partiyasından Sivas millət vəkili seçilən Karamollaoğlu, partiyanın parlament qrupu sədrinin müavini də oldu. 2002-ci ildən bəri siyasi arenada görünmür.

Əziz Nesin 2 iyul 1993-cü ildəki “Madımak” qətliamından canını güc-bəla ilə qurtarmış və o qətliamı “Türkiyənin çox pis yerə getməsi” kimi xarakterizə etmişdi.

Qətliamı törədənlər Nesinin Pir Sultan Abdal şənliklərində dediyi

“1300 İL ƏVVƏL YAZILANLARA NİYƏ İNANMALIYAM?”

- sözlərinin “Madımak”ı yandırmaq üçün “təhrik edici ünsür” olduğunu iddia etmişdilər.

Heç kimin şübhəsi olmasın ki, Nesin 2 iyul 1993-cü ildə “Madımak” otelində olmasaydı da, 37 Türk ziyalısının orada diri-diri yandırılmasına qarşı səsini hamıdan qabaq yüksəldəcəkdi.

Çünki o, ziyalı idi və “Madımak” qətliamına qarşı susması onun ziyalı şəxsiyyəti ilə ziddiyyət təşkil edərdi.

Onun susmasından söhbət gedə bilməzdi. “Ziyalı” məfhumunun lokal çərçivəyə sığmamasının əsas şərti də elə bu deyilmi?

Bu baxımdan Uilyam Folknerin 9 sentyabr 1955-ci ildə Romadan verdiyi bəyanat nə qədər ibrətamizdir?

Çikaqodan Missisipiyə gələn 14 yaşlı qaradərili Emmett Till orada 2 ağdərili uşaq tərəfindən qətlə yetiriləndə Folkner Romadan Amerika mətbuatına göndərdiyi bəyanatda demişdi: “

Bu gün bizim var olub- olmayacağımız məsələsi həll edilir. Mənim doğma Missisipi ştatımda iki ağ dərili yeniyetmənin bəxtiqara qaradərili uşağı öldürməsi; bu faciəli və kədərli hadisə “Biz yaşamağa layiqikmi?”- sualına cavab verilməsinə də səbəb olacaqdır”.

Ziyalı vicdanı siyasi düşüncə ilə, dini və irqi mənsubiyyətlə məhdudlaşan bir fenomen deyildir.

Ziyalının müraciət ünvanı kral, padşah, prezident taxt-tacları və ya kresloları yox, öz vicdanıdır.

Ziyalı vicdanından qopan hayqırışın cəmiyyətə təsir göstərməməsi mümkün deyildir. Bunun üçün ziyalının deputat mandatı daşımasına da ehtiyac yoxdur, nazir kreslosunda oturmasına da.

Bunun üçün ziyalının vicdanlı olması kifayətdir.

Qaradərili uşağın qətlinə Romadan reaksiya göstərən Folkner senator deyildi.

Əziz Nesin də heç vaxt millət vəkili olmağı ağlına gətirməmişdi.

Amerikanı yenidən kəşf etməyə gərək varmı, ey məmləkətimin Biləcəridən o tərəfdə qalan ziyalısı?

Günün bütün mövzuları

XS
SM
MD
LG