Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 21:20

Ayaz Mütəllibov: «Ümid edirəm yeni qanun vətənə qapıları açacaq»


Ayaz Mütəllibov
Ümid edirəm ki, eks-prezidentlər haqqında qanun qüvvəyə minəcək və mən 18 ildən sonra vətənə qayıda biləcəm.

Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında hazırda mühacirətdə yaşayan Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov deyib.

O deyib ki, demokratik ölkədə siyasi məhbuslar və siyasi mühacirət olmamalıdır. Eks- prezident statusu olmadığından mühacirətdə yaşadığını bildirən Ayaz Mütəllibov deyib ki, bu səbəbdən də maddi vəziyyəti o qədər də yaxşı deyil:

«Maddi çətinliyimiz çoxdur. Mən sovet məmuru olmuşam və həmişə təmizliyimi gözləmişəm. Uşaqlarım həddi-büluğa çatsa da 18 ildir işləmir. İstəyərdim ki, bu qanun layihəsində Elçibəyin ailəsinə də, mənim ailəmə də maddi koməkliklər nəzərdə tutulsun».

Ayaz Mütəllibov deyib ki, eks-prezidentlərin hər ikisi könüllü olaraq hakimiyyəti tərk ediblər. Hazırkı hakimiyyət bunları nəzərə almalıdır:

«Amma hakimiyyət elə bilir ki, mən qayıtsam yenə siyasətlə məşğul olacağam. Buna siyasi don geyindirmək istəyirlər. Mən bundan sonra, bu yaşımda küçə hərəkatına qoşulan adama oxşayıram?».

Vətəndaşlığını dəyişmədiyini deyən eks-prezident qərib ölkədə qaçqın vəsiqəsi ilə gəzdiyini bildirib.

Eks-prezidentlərdən biri mərhum Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli isə deyib ki, ailənin Azərbaycanı tərk edəcəyi ilə bağlı məsələ hələ gündəmdədir:

Aqil Səmədbəyli
«Hakimiyyətin Elçibəy ailəsinə münasibəti heç vaxt yaxşı olmayıb. Elçibəy oğlunu hərbçi görmək istəyirdi. Bunun üçün Türkiyədə Akademiya ilə danışıqlar aparılsa da Azərbaycanın Müdafiə Nazirliyi Ərturquta bunun üçün göndəriş vermədi».

Aqil Səmədbəyli deyib ki, bu vaxtadək heç kim ailənin aqibəti ilə maraqlanmayıb. Amma gözdən pərdə asmaq üçün bəzi təkliflər olub:

«Bizə bir dəfə təklif ediblər ki, prezident öz fondundan Elçibəy ailəsinə təqaüd ayırır. Amma təqaüdün adı yox idi. Nə təqaüdü idi bilinmirdi. Bunu Elçibəy ailəsi qəbul edə bilər?».

Aqil Səmədbəyli deyib ki, eks-prezidenlər haqqında qanunu hakimiyyət bilərəkdən uzadır:

«Qanun qəbul etmək onlar üçün nədir ki? Amma qanunu nə qədər tez qəbul etsələr, problemlər o qədər tez yoluna düşər».

Sonda Aqil Səmədbəyli deyib ki, onlar hakimiyyətdən başqa şey istəmirlər:

«Biz sadəcə Elçibəyin haqqını istəyirik».


/Hazırladı Kamran Mahmudov/
XS
SM
MD
LG