Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:42

Rafiq Əliyev: "Ziyalılar ölkə, ölkə ziyalılar axtarışında"


Akademikin İyunun 30-da Bakıda keçirilmiş və böyük rezonans doğurmuş "Ziyalı və zaman" konfransındakı çıxışının mətni.

Bugünkü durum bizə, burda toplanmış insanlara diktə edir ki, bizim cəmiyyətimizdə ziyalıların vəziyyəti, rolu və mənası problemini gündəliyə gətirək. Birincisi, ziyalı zümrəsi, intelligentsiya nədir?

Mən tərif vermək fikrindən uzağam, bir onu bilirəm ki, onun məzmunu daha çox assosiativ-emosional yük daşıyır.

Bizdə çox vaxt bu anlayışda məntiqi mənadan çox emosional konseptə üstünlük verilir.

Ziyalı, intelligent - bu tək oxumuş, savad görmüş adam deyil, intelligent əqli əməklə məşğul olan, əqli yaradıcılıq nizamı olan kəsdir. Mən “yaradıcı ziyalılar” terminini elə də qəbul etmirəm (yaradıcı olmayan da ziyalı varmı?).

Bütün ziyalılar yaradıcıdırlar. Ancaq ideoloji yönümlü sifarişlə yaradanlar bügünkü günümüzdə mənim nəzərimdə intelligent yox, “muzdlu” işçilərdir.

Ziyalılıq zümrəsinə o insanlar daxildir ki, onlar iqtisadi, partiya, dövlət məcburiyyətindən, ideoloji öhdəliklərdən azaddır.

Ziyalılığın əsas prinsipi-intellektual azadlıqdır. Ziyalı ancaq öz vicdanının səsindən, bir də fikrindən azad deyil. Ziyalı vicdanı tək onun şərəfinin qoruyucusu, senzoru deyil, əsasən onun azadlığının sükançısıdır.

O imkan vermir ki, bu azadlıq nizamsızlığa, özbaşınalığa gətirsin, xüsusən indiki kimi qarışıq bir zamanda və məkanda ziyalıya həqiqi yol göstərir.

Bu prizmadan baxaraq deməliyəm ki, biz hamımız professionalları və professionallığı yüksək qiymətləndiririk, lakin bilməliyik ki, ziyalı və ziyalılıq başqa şeydir. O, çoxmeyarlı bir anlayışdır.

Geniş müzakirə mövzusuna çevrilmiş, lakin özünə stabil yer tutmuş aşağıdakı meyarlarla, ölçülərlə sizi tanış etmək istərdim.

1. Öz dövrü üçün qabaqcıl mənəvi ideallara sahib olmaq, yaxın ətrafına diqqətcil, təzahüründə yumşaq və ədəbli olmaq;

2. Aktiv əqli iş və davamlı özünətəhsil;

3. Öz xalqına inam, kiçik və böyük Vətənə fədakarcasına tükənməz məhəbbətə əsaslanan vətənpərvərlik (patriotizm);

4. Bütün ziyalı təbəqələrinin (bir çoxları tərəfindən yalnız bədii ziyalılara aid edilməsinə baxmayaraq ) yaradıcılıq tükənməzliyi , fədakarlıq;

5. Müstəqillik, azad özünüifadəyə meyl və onda özünü tapma;

6. Mövcud hakimiyyətə tənqidi münasibət, ədalətsizliyin, antihumanizmin, antidemokratizmin istənilən formada təzahürünün məzəmmət edilməsi;

7. Ən çətin şəraitdə belə vicdanı tərəfindən formalaşmış əqidəsinə sadiqlik, hətta, özünütədricə meyillilik;

8. Özünürealizə (real və yaxud xəyali) olunmaması səbəbindən inciklik hissinin güclənməsi.

Bu kriterilər ziyalılara, intelegensiyanı identifikasiya etməyə imkan verir.

Oturulmuş fikir belədir ki, bu kriterilərin 50%-dən çoxuna cavab verəni ziyalı zümrəsinə mənsub etmək olar.

Bu giriş mülahizələrdən sonra əsas mətləbə keçmək istərdim.

XXI əsrdə müharibələr tək ərazi, enerji və içməli su mənbəyi üstündə yox, daha çox fikir, ideya, identiklik üstündə gedir. Intelegensiya, mədəni və humanitar elita cəmiyyətin o hissəsidir ki, fikirləri, ideyaları, identikliyi yaradır, idarə edir.

Bu gün Azərbaycan ziyalılarının əsas missiyası o olmalıdır ki, Azərbaycanın tarixi missiyasını anlasın, ictimai durumu bu indeferent vəziyyətdən çıxartsın, Azərbaycan özünüidentifikasiyanın statusunu və cəlbediciliyini yüksəltsin.

Həmişə inteleqasiya millət qarşısında yüksək çaplı məsələ qoyur. Azərbaycanın gələcəyi hər şeydən əvvəl Azərbaycan ziyalılarından və intellektuallarından asılıdır. Gözlənilən sivilizasiyada Azərbaycanın yeri necə olacaq? Əfsuslar ki, bu ritorik sual deyil.

Bu baxımdan bizim dəyərli ziyalılarımız (az da olsalar) az iş görməyiblər. 80-ci illərin axırı 90-cı illərin əvvəllərində görkəmli ziyalılarımız İ.Şıxlı, B.Vahabzadə, Z.Bünyadov, X.Məmmədov, R.İbrahimbəyov və b. xalq hərəkatının yaradılmasında və tanınmasında misilsiz xidmətlər göstərmişlər. Akademiklər Z.Bünyadov, T.Köçərli, M.Abbasov və b. elmimizin və elmlər akademiyasının gələcəyi haqqında necə düzgün mövqe tutmuşdular.

Böyük ziyalımız Rüstəm İbrahimbəyov ilk dəfə təbil vurdu ki, millətin, ölkənin varlığının strategiyasının, istiqamətlərinin, fikiryönümünün formalaşmasında əsas rol mədəni və intellektual elitaya mənsub olsa da, ölkəmizdə bu zümrə əriməkdədir.

Çox sevindirici haldır ki, ictimaiyyət, yüzlərlə sənət və elm adamları bu fikri dəstəklədi. Dəyərli ziyalımız Anar neçə-neçə haqsızlıq girdabında əzilən ziyalılarımıza qəhmər çıxdı, dəstək verdi, azadlıqları üçün imza atdı.

Professor Cəmil Həsənlinin vətən sevgisi, dövlətçilik sevgisi, tariximizə məhəbbət və o qədər də dürüst münasibət, onu dünya coğrafiyasına çıxartmaq onun əsl ziyalı tipinin olmasından xəbər vermirmi?

Ramiz Rövşənin böyük bir şair olmağı ilə bərabər onun böyük bir vətəndaş olması, xalqının acılarını, ağrılarını yaşaması əsl ziyalılıq deyilmi? “Azad qadın heykəli”-ni yazan, neftdən ağ günə çıxmaq istəyən şairin necə yüksək ziyalı-vətəndaş mövqeyi var.

“İdarəetmənin siperqetik fəlsəfəsi” əsərini yazan, müstəqil düşüncə və yüksək mədəniyyət sahibi olan filosof Ə.Abasov əsl ziyalı tipi deyilmi?

Alim, vəkil Aslan İsmayılov hələ Sovetlərin vaxtında, elə indi də əsl vicdan kompası ilə işləməsi, ideoloji məhdudiyyətlərdən uzaq durub Sumqayıt hadisələrinə verdiyi qiymətdəki cəsarət bariz olaraq dediyim ziyalılıq mövqeyini göstərmirmi?

Mən belə misalları şükürlər olsun ki, çox çəkə bilərəm. Ancaq bu azdır.

Həyatımızın bütün sahələrini əhatə edən indiki böhran şəraitində, mədəniyyətimizin mənəviyyatsız, mənəviyyatımızın mədəniyyətsiz durumunda olduğu vəziyyətdə xilas üçün güclü ziyalı birliyinə ehtiyac var.

Bu gün biz elə bir ziyalı təbəqəsinə çevrilməliyik ki, bu ictimai məna yükü daşıyacaq təbəqə xalqın ağrısını başa düşsün, onun üzüntülərini hiss etsin, ona güc versin, bu ağrı və üzüntüləri aradan götürməkdə ona yardımçı olsun.

Mən birlik, yaxınlaşmaq deməkdə bir istiqamətdə fikirləşməyi, bir nöqtəyə baxmağı nəzərdə tutmuram, mən sinergetik təfəkkür tərəfdarıyam, qeyri-xətti nəticəçıxarma tərəfdarıyam.

Bu bizə bir yerdə daha yüksək fikir yüksəkliyinə qalxmağa imkan verər (nəinki tək-tək).

Müstəqil fikir sahibi olan fərdlərdən ibarət olacaq bu təbəqə ictimai vicdan yükü daşıyaraq modernləşdirilmənin hərəkətverici qüvvələri, ictimai inkişafın subyekti olmalıdır.

Intelegensiya və xalq, intelegensiya və hakimiyyət, bu zəncirdə iki qütb arasında (kaş qütblər olmayaydı) ziyalıların yeri çox vacibdir. Taleyüklü məsələlərin həllində intelegensia xalqı öz arxasınca aparmağı bacarmalıdır.

Belə taleyüklü məsələlərdən ən başlıcası bizim ağrılı yerimiz olan Qarabağ problemidir. əfsuslar olsun ki, bu məsələ ancaq dövlətin monopoliyasındadır. Bəs xalqın fikri, bəs ziyalıların fikri.

Dünya gücləri xalqın, ziyalıların fikrinə belə məsələlərdə böyük önəm verirlər.

Elə bu qədər də vacib məsələ təhsilimizin dərin reqresə uğramasıdır. Universitet professorunun polis işçisindən dəfələrlə az məvacib aldığı bir şəraitdə, ali, orta ixtisas və orta məktəblərdə rüşvətin tüğyan etdiyi bir vaxtda millətin hansı gələcəyindən danışmaq olar?!

Dünyanın 5-10 min universitetlərinin sırasında bir universitetimiz yoxdur. Görün hara yuvarlanmışıq: Universitetdə magistraturanın qiyabi şöbəsinə qəbul balı əyani şöbəyə girmək balından xeyli yüksəkdir. Səbəb? Dərsə getmək lazım olmasın.

Bəs elmimizin vəziyyəti. Elm imitasiya olunur.

Hanı dünya səviyyəsinə çıxa bilən 1-2 elmi nəticəmiz? Hanı istinadlı jurnallarda çap olunan samballı məqalələrimiz, dünya nəşriyyatlarında nəşr olunan kitablarımız?

Bu günlərdə gənc və istedadlı rejissor Elçin Musaoğlu ilə “Qirxıncı qapı” filmini hansı maliyyə çətinlikləri ilə çəkildiyi barədə söhbətimiz oldu. Kino evinin yerində “neft çıxarılması” mədəniyyətimizə olan qayğıdan xəbər verirmi? Bəs ziyalı fikri, ziyalı sözü? Ağrılarımız çoxdur.

Bunları biz yaşamalıyıq.

İntelligensiya sosial funksiya daşıyıcı kimi ictimai proseslərə təsir gücünə malik olmalıdır, ilk növbədə ideoloji təsir gücünə.

Bu gücü hesablamaq üçün sosioloji sorğu keçirilməlidir. Məsələn, Rusiyada keçirilən belə sorğu göstərir ki, orada intelligensiyanın ictimai fikrə müsbət təsiri 46%-dir. Bəs bizdə?

Bir az qərb təcrübəsinə müraciət etmək istəyirəm.

Əksər qərb cəmiyyətlərində intelligensiya həqiqətdə ictimai-siyasi proseslərə təsir edən faktordur.

Məsələ ondadır ki, inkişaf etmiş demokratik ölkələrdəki siyasi və iqtisadi dairələr intelligensiyanın ekspertizasının, məsləhətlərinin, tövsiyələrinin vacibliyini çox tez və aydın başa düşdülər.

Çıxışımı onunla qurtarmaq istəyirəm ki, birmənalı anlamalıyıq ki, intelligensiya millətin humanitar aurasını yaradır, “yumşaq güc” formalaşdırır və buna söykənərək, ölkə və xalq beynəlxalq siyasətdə və dünya tarixində təsdiqlənir.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG