Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:19

«Kəmaləddin Heydərov mənə dedi ki...»


Eynulla Fatullayev
Eynulla Fatullayev
«Azərbaycan hakimiyyəti artıq belə bir ənənə yaradıb ki, mən hər il son söz deməliyəm. Bu artıq dördüncü son sözümdür, ancaq sonuncudurmu, mən bunu deyə bilmərəm, çünki açıq etiraf edirəm, hakimiyyət tərəfindən yeni təxribatlar gözləyirəm. Azərbaycan hakimiyyəti məni həbsdən buraxmaq fikrində deyil».

«PROKUROR 3 YAŞLI QIZINI ZORLAMIŞ ŞƏXSİN SÖZÜNƏ ƏSASLANDI»


Bunu cəzaçəkmə yerində narkotik maddə saxlamaqda təqsirləndirilərək məhkəmə qarşısına çıxarılan məhbus-jurnalist Eynulla Fətullayev iyulun 2-də məhkəmədə son söz çıxışında söylədi. Eynulla Fətullayev iki aydan artıq davam edən məhkəmənin belə sonluqla başa çatmasından təəssüfləndiyini dedi:

«Cəzaçəkmə müəssisəsinin rəisi burada birmənalı olaraq bildirdi ki, Eynulla Fətullayevin cibinə, əşyalarına narkotik maddə ata bilərdilər. Ona nəinki orda narkotik maddə ata bilərdilər, onu yatdığı yerdə boğub öldürə də bilərdilər. Ancaq əfsuslar olsun ki, dövlət ittihamçısı cəzaçəkmə müəssisəsinin rəisinin sözlərinə deyil, öz 3 yaşlı qızını zorlamış şəxsin ifadələrinə əsaslandı. Görün biz hansı məmləkətdə yaşayırıq».

«KƏMALƏDDİN HEYDƏROV DEDİ, ARTIQ AND İÇƏ BİLƏRSƏN Kİ, MƏNİ HƏYATDA BİR DƏFƏ GÖRMÜSƏN»

Eynulla Fətullayev onun Fövqəladə Hallar naziri Kəmaləddin Heydərova işlədiyi barədə şayiələrin yayılmasından danışdı. Bunun həqiqətə uyğun olmadığını sübut etmək üçün and içməkdən yorulduğunu da etiraf etdi:

«Məsələn, yazırdılar ki, guya biz Kəmaləddin Heydərovla bağlıyıq. Mən əvvəl başladım bunu təkzib etməyə. Ancaq sonra təkzib etməkdən yoruldum. Fikirləşdim, bu silahı mənə qarşı çeviriblərsə, mən də bu silahdan istifadə edim, müdafiə olunum. Mənə gəlib bu haqda deyəndə deyirdim, allah Kəmaləddin müəllimə can sağlığı versin, sağ olsun. Bir dəfə onu təsadüfən ABŞ səfirliyində gördüm, o, keçirdi, dedim Kəmaləddin müəllim, bir dəqiqə dayanın, Siz məni tanıyırsınız? Dedi, bilirəm ki, Siz jurnalistsiniz, Dedim axı bizi bağlayırlar. Deyirlər ki, mən Sizə işləyirəm, mən and içməkdən yorulmuşam. O, da görünür, yaxşı yumor hissi var, dedi Eynulla, artıq sən and içə bilərsən ki, sən məni həyatda bir dəfə görmüsən».

«RAMİL USUBOVUN ƏLEYHİNƏ MÜSAHİBƏ VERƏN DEPUTATLAR ELƏ BİLİRDİLƏR BU, KƏMALƏDDİN HEYDƏROVUN SİFARİŞİDİR»

«Deməli, biz Ramil Usubov haqqında bir kampaniya başlamışdıq və yazırdıq. Cəmiyyət də məni Kəmaləddin Heydərovun adamı kimi tanıyırdı axı o zaman. Bəzi deputatlar da o fikrə uymuşdular. Mən də götürürəm bir-bir deputatlara zəng eləyirəm, deyirəm Ramil Usubov haqqında mövqeyinizi bildirin. Deyirlər niyə? Deyirəm axı Azərbaycanda belə bir qanqster dəstəsi həbs olunub. Buna niyə münasibətinizi bildirmirsiniz. Mən onların psixologiyasını bilirəm axı, deyirəm məsləhətdir, məsləhətdir, hətta Siz bunu parlamentdə də qaldırmalısınız. Bunlar da hörmətli sədr, elə düşünürdülər ki, bu, hakimiyyətin sifarişidir. O deputatlar hamısı Ramil Usubova qarşı bizim qəzetdə müsahibə verdilər. Onlar ertəsi gün Prezident Aparatına çağırıldılar. Onlardan soruşdular siz niyə bu müsahibəni vermisiniz? Dedilər Eynulla deyib. Dedilər axı Eynulla kimdir? Aydın Mirzəzadə isterik vəziyyətdə idi, o, əsim-əsim əsirdi. O mənə deyirdi, Eynulla bəs axı sən mənə dedin məsləhətdir. Dedim bəli, Aydın müəllim, məsləhətdir, ictimai fikir bunu məsləhət bilir. Dedi, mən elə bilirdim Kəmaləddin müəllim məsləhət bilib».

«HÜQUQ MÜDAFİƏÇİSİ BAŞ PROKURORU TƏRİFLƏMƏZ»

Məhbus-jurnalist hüquq müdafiəçilərinin əksəriyyətinin hüquqları pozulan vətəndaşların yanında yox, hakimiyyətin tərəfində dayandığını dedi:

«Bu yaxınlarda Zakir Qaralov yenidən Baş prokuror təyin olunanda, hüquq müdafiəçisi Novella Cəfəroğlunun bir müsahibəsini oxudum, o, Zakir Qaralovu tərifləyirdi. Bu mənə çox pis təsir elədi. Ola bilər, Zakir Qaralov doğurdan da çox ədalətli insan olsun, yaxşı prokuror olsun. Ancaq hüquq müdafiəçisi Zakir Qaralovu tərifləyə bilməz. Bu, hüquq müdafiə məsələsinə ziddir. Çünki ən demokratik dövlətlərdə belə dövlətlə vətəndaş arasında bir qarşıdurma yarana, bir konflikt ola bilər. Və hüquq müdafiəçisi həmin konfliktdə vətəndaşın yanında dayanmalıdır.

«KEÇMİŞ MƏMURLARIN YANINA GƏLƏNDƏ, MƏNƏ DƏ BAŞ ÇƏKİRDİLƏR»

Mən arzu edirəm ki, bizim hüquq müdafiəçiləri vətəndaşlar uğrunda mübarizə aparsınlar, nazirlər uğrunda yox. Mən iki il ərzində cəzaçəkmə müəssisəndə saxlandım, hüquq müdafiəçiləri cəmisi iki dəfə mənə baş çəkib. Hüquq müdafiəçiləri deyirlər ki, biz Eynulla Fətullayevin yanına iki dəfə getmişik. Onlar mənim yanıma gəlməmişdilər, onlar keçmiş məmurların yanına gəlmişdilər. Ora gəlib Eynulla ilə görüşməmək ayıb olardı deyə, mənimlə də görüşmüşdülər. Beynəlxalq təşkilatlar mənim yanıma gələndə, onlar tələb edirlər, bizə görüş üçün ayrıca otaq ayrılır. Ancaq öz hüquq müdafiəçilərimiz gələndə, onlar rəisin yanında söhbət edirlər, bunu da anlaya bilmirəm.

«İCTİMAİ KOMİTƏ ÜZVLƏRİ CİBİNƏ NARKOTİK ATILAN JURNALİSTLƏ 7 AYDA BİR DƏFƏ DƏ MARAQLANMAYIB»

Mən bu gün Rusiyadakı hüquq müdafiəçilərinə həsəd aparıram. Lyudmila Alekseyeva 80 yaşında dekabrın 31-də əyninə «snequroçka» paltarı geyib, Moskvanın mərkəzinə çıxıb cüssəli OMON-çularla vuruşurdu, hüquq müdafiəçisi bu cür olar. Onu Putin də qəbul edir, Medvedev də qəbul edir, dinləyir. Amma hər ayın sonunda mitinqlərdədir. Bəs bizim hüquq müdafiəçiləri nə vaxt sonuncu dəfə mitinqdə olublar? Ədliyyə Nazirliyi yanında İctimai Komitə var, Əliməmməd Nuriyev ora rəhbərlik edir. 7 aydır mən təcridxanada qalıram, bu adam bir dəfə məni ziyarət etməyib. Ədliyyə sistemində bundan da böyük hadisə baş verə bilər ki, jurnalistin cibinə narkotik atıblar, ancaq Ədliyyə naziri yanında İctimai Komitənin rəhbəri gəlib mənimlə görüşmür. Həmin komitəyə daxil olan hüquq müdafiəçiləri mənimlə görüşmürlər, problemlərimizlə maraqlanmırlar. Şahvələd Çobanoğlu çox düzgün yazmışdı ki, onları qəzet səhifələrindən silmək lazımdır, onları boykot etmək lazımdır və yeni hüquq müdafiəçiləri nəsli yaratmaq lazımdır.

«ZƏLİHA TAHİROVA DEDİ «LOPATKANI» VERİN EYNULLANIN ƏLİNƏ QOYUN, BURALARI QAZSIN»

Bir məsələni də qeyd etmək istəyirəm. Bilmirəm Səidə Qocamanlı ilə Novella Cəfəroğlu keçən dəfə dediyim bir sözü niyə özlərinə götürürlər. Cəzaçəkmə müəssisəsinin rəisinin otağında baş verən bir söhbəti deyirəm. Bilirsiniz də, o zaman bir hüquq müdafiəçisi demişdi Eynulla Fətullayevi sındıra bilmirsiniz? Qələt eləyir, verin əlinə «lopatkanı» qoyun, qazsın buraları səhərdən axşama qədər. Onu bu qadınlar deməmişdi, onu deyən Zəliha Tahirova idi».

«DEDİLƏR SƏNİN FƏALİYYƏTİN DÖVLƏT BAŞÇISINI ƏSƏBİLƏŞDİRİR»

Sonra jurnalist yenə həbsinin səbəblərinə qayıtdı. Dedi, hələ həbsindən əvvəl ona xəbərdarlıq ediblərmiş ki, İlham Əliyev onun jurnalist fəaliyyəti ilə məşğul olmasını istəmir:

«Azərbaycan hakimiyyəti jurnalistika ilə məşğul olmağımı istəmir. 2006-cı ilin sonunda çox yüksək hakimiyyət dairələrinin təmsilçiləri mənə açıq şəkildə dedilər ki, dövlət başçısı bunu istəmir. Dedim niyə hamıya olar, mənə olmaz? Dedilər əsəbiləşir, o bunu patoloji olaraq qəbul edə bilmir».

«QORXMURSUNUZSA, AÇIN BURAXIN MƏNİ»

Məhbus-jurnalist dedi ki, hakimiyyət də yaxşı bilir ki, həbsdən buraxılan kimi o, jurnalistikaya qayıdacaq. Buna görə də hakimin çıxaracağı hökm ona bu başdan bəllidir - hələ ömrünün bir neçə ilini də həbsdə keçirə bilər:

«Mənə azadlığa çıxıb qəzetləri bərpa etmək lazımdır. Hakimiyyət bunu bilir və ona görə məni buraxmırlar, qorxurlar. Bu, açıq qorxudur. Əgər qorxmursunuzsa, azad edin».

Eynulla Fətullayevin vəkillərindən biri Elçin Sadıqov da deyir ki, jurnalistin həbsi siyasi sifarişdir və o, məhkəmədən ədalətli hökm gözləmir:

«Məhkəmənin gedişində təkcə ittiham tərəfinin təqdim etdiyi sübutlar araşdırıldı, bizimsə zəruri vəsatətlərimiz təmin olunmadı. Biz hesab edirik ki, Eynullaya əvvəllər siyasi sifariş əsasında çıxarılmış hökmlər kimi burda da ittiham hökmü olacaq».

EYNULLA FƏTULLAYEV HÖKMÜNÜ GÖZLƏYİR


«Realnıy Azerbaydjan» və «Gündəlik Azərbaycan» qəzetlərinin baş redaktoru 3 il əvvəl vergidən yayınma, terrorçuluğu qızışdırma ittihamları ilə 8 il yarım həbs cəzası alıb. Ötən il dekabrın 29-da cəza çəkdiyi 12 saylı cəzaçəkmə müəssisəsində Eynulla Fətullayevin üzərindən heroin aşkar edilib. Jurnalist heroinin üstündən tapıldığını inkar etmir, ancaq eyni zamanda iddia edir ki, həmin narkotik vasitəni onun geyimlərinə kənardan atıblar. Bu iş üzrə prokuror məhkəmədən jurnalistə 3 illik həbs çəzası istəyib. İyulun 6-da hakim hökmü elan edəcək.

Avropa Məhkəməsinin çıxardığı qərara görə isə jurnalist dərhal azadlığa buraxılmalı və Azərbaycan dövləti ona 25 min avro təzminat ödənməlidir.
XS
SM
MD
LG