Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:33

Müxalifət gəncləri evdən qaçaq düşüblər


Müsavat Partiyası Gənclər təşkilatının sədri Tural Abbaslı
Müsavat Partiyası Gənclər təşkilatının sədri Tural Abbaslı
Müsavat Gənclər Təşkilatının fəal üzvləri iyulun 1-dən etibarən öz evlərinə getmirlər, başqa ünvanlarda gecələyiblər.

Bunu AzadlıqRadiosuna müsahibəsində Müsavat Partiyası Gənclər təşkilatının sədri Tural Abbaslı deyib.

Onun dediyinə görə, əvvəllər əgər polislər gəncləri, əsasən də fəalları, təşkilatçıları mitinq günü saxlayırdılarsa, son vaxtlar yeni profilaktik tədbirlər həyata keçirilir. Bir və ya iki gün əvvəldən sahə polisləri gənclərinin evlərinə, yaşadıqları ünvanlara gedib müxtəlif yollarla gənclərin aksiyaya getməsinin qarşısını alırlar.

37-Cİ İLDƏKİ KİMİ GİZLƏNİRİK...


«Hamımız da bilirik ki, bu kimi tədbirlər beş-altı təşkilatçı üzərində qurulur. Təşkilatçılar olmayanda əlaqələndirmə pozulur, pərakəndəlik olur və nəticədə aksiya alınmır. İndi hakimiyyət bu taktikadan istifadə edir biz də məcbur olub 37-ci il repressiyaları dövründə olduğu kimi gizlənirik. Azərbaycanda qaçağa çevrilmişik. Nə var ki, öz konstitusion hüququmuzdan istifadə etmək istəyirik».

Tural Abbaslı deyir ki, planlaşdırdıqları mitinqdə saxlanılmasa, ondan sonra evlərinə qayıdacaq:

«Hətta polislər bizim mobil telefonlarımıza zəng edirlər. Bizi saxlamasınlar deyə, aktiv gənclərdən də xahiş eləmişik ki, qeydiyyatda olduqları ünvanda qalmasınlar».

CİNAYƏTKARIQSA, BİRDƏFƏLİK HƏBS EDİN


Tural Abbaslı deyir ki, ötən mitinqlərdə gəncləri tapmayanda onların rayonlarda olan valideynlərinə xəbərdarlıqlar edilib. Onları qorxudublar ki, övladları dövlət əleyhinə hərəkətlər edir. Onun sözlərinə görə, bundan sonra həmin gənclərə valideynləri də təzyiqlər etməyə başlayırlar:

«Biz elan edəcəyik ki, əgər cinayətkarıqsa bizi birdəfəlik həbs edin, yoxsa konstitusion hüquqlarımızdan hər dəfə istifadə etmək istəyəndə niyə belə olmalıdır ki?»
Əbülfəz Qurbanlı, AXCP Gənclər Komitəsinin sədri

Müxalifət partiyalarının son aksiyalarından sonra bəzi gənclər təşkilatlarına növbəti aksiyalarda iştirak etməməklə bağlı xəbərdarlıq da olunub.

Həmin gənclərdən biri, AXCP gənclər təşkilatının sədri Əbülfəz Qurbanlı hələ bir neçə gün əvvəl AzadlıqRadiosuna Sumqayıt polisinə dəvət edib növbəti aksiyalarda iştirak etməməklə bağlı ona xəbərdarlıq olunduğunu bildirmişdi.
Adətən Bakı şəhər icra hakimiyyətilə razılaşdırılmayan aksiyalara bir gün qalmış mitinq təşkilatçıları olan partiya nümayəndələrinə xəbərdarlıq edilir.

BU, KİMLƏRİNDƏ UYDURMASIDIR


Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahid deyir ki, polisin xidməti vəzifəsidir ki, şəhərin mərkəzində icazəsiz kütləvi aksiyaların qarşısını alsın və asayişin pozulmasına yol verməsin. Amma qaldı ki, aksiyalara bir neçə gün qalmış adamların izlənməsinə, onların yaşadıqları ünvanlara polislərin getməsinə nazirlik rəsmisi buna inanmır və hesab edir ki, bu kimlərinsə uydurmasından başqa bir şey deyil.

Həm Müsavat partiyası, həm də «Azadlıq» blokuna daxil olan siyasi partiyalar sərbəst toplaşma azadlığı və demokratik seçki tələblərilə Bakının mərkəzində aksiya keçirməyə qərar veriblər.

Bakı şəhər icra hakimiyyəti Müsavatın şəhərin mərkəzində aksiya keçirmək istəyinə mənfi cavab verib və onlara şəhərin kənarındakı meydanları təklif edib. «Azadlıq» blokunun müraciətinə isə hələ meriyadan cavab verilməyib.
XS
SM
MD
LG