Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:23

«Cənub xəbərləri»nin harayı


«Cənub xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov
«Cənub xəbərləri» qəzetinin baş redaktoru Zahir Əmənov
Azərbaycanın əyalətlərində yeganə müstəqil mətbuat sayılan «Cənub xəbərləri» qəzeti yerli məmurların təzyiqləri ilə üz-üzə qalıb. Bunu qəzetin baş redaktoru Zahir Əmənov deyir. Baş redaktor həyat yoldaşı Reyhan Əmənovanın Masallı rayon Ərçivan qəsəbəsindəki uşaq bağçasının müdiri vəzifəsindən çıxarılmasını da rayon rəhbərliyinin onun tənqidi araşdırmalarına cavabı kimi dəyərləndirir.

«MASALLIDA ACLIQ OLACAQ?»

Z.Əmənov deyir ki, hələ bu il aprelin 10-da «Cənub xəbərləri» qəzetində onlar «Masallıda aclıq olacaq?» başlıqlı bir araşdırma yazısı dərc ediblər. Həmin araşdırmada uşaq bağçalarının ərzaqla təminatı məsələsi işıqlandırılıb.

Z.Əmənov deyir ki, uşaq bağçalarına verilən ərzaqların qiyməti bazar qiymətlərindən artıq göstərilir:

- Məsələn əgər, 2 qrupluq bağçaya 800 manatlıq ərzaq verilirsə, qiymətlər real bazar qiymətlərindən artıq göstərilir. 30 qəpiklik çörək 90 qəpiyə, 10 qəpiklik yumurta 15 qəpiyə, 90 qəpiklik şəkər tozu 1 manat 40 qəpiyə göstərilir. Bağçalara isə ərzağı gedib bazardan almağa icazə vermirlər. Guya kotirovkalar keçirilib, uşaq bağçalarını ərzaqla təmin etməyi hansısa şirkət udub. Kotirovka keçirilibsə, həmin şirkət bağçaları daha ucuz ərzaqla təmin etməlidir…

Kotirovka hansısa malın bazar qiymətlərinə uyğun dəyərləndirilməsidir. Qanuna görə, satınalmanın məbləği 50 min manatdan aşağı olarsa, onda tender yox kotirovkalar keçirilir.

JURNALİSTİN QƏLƏMİ ONUN AİLƏSİNƏ BAHA BAŞA GƏLDİ?

Zahir Əmənov deyir ki, həmin araşdırmanın dərcindən sonra rayon rəhbərliyi həyat yoldaşının işlədiyi bağçaya yoxlama göndərib. Üstəlik, yoxlama ilə kifayətlənməyərək, daha sonra da həyat yoldaşını işdən azad ediblər. O isə rayon rəhbərliyinin bu addımını qanunsuz sayaraq Masallı Rayon Məhkəməsinə müraciət edib.

Z.Əmənov deyir ki, həyat yoldaşının bağça müdiri vəzifəsindən uzaqlaşdırılması ilə bağlı əmrdə onun işdə nöqsanlara yol verdiyi iddia edilsə də, qarşı tərəf məhkəməyə gəlib bunu sübut edə bilmir. Məhkəmə isə cavabdeh şəxslərin prosesə gətirilməsini təmin etmir.

«Cənub xəbərləri» qəzetinin redaksiyası
Jurnalistin bildirməsinə görə, «Cənub xəbərləri» qəzetinə təzyiqlər heç bununla da kifayətlənmir. Bir tərəfdən kollektivin üzvləri təqib olunur, başqa tərəfdən də qəzetin yayımına maneələr yaradılır.

Zahir Əmənov deyir ki, onlara olan bütün bu təzyiqlərin əsas təşkilatçılarından biri də Masallı Rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin işləyən Nəsir Muxtarlıdır.

Nəsir Muxtarlı isə Zahir Əmənovun iddialarını qarayaxma adlandırır. Tənqidə daim açıq olduqlarını söyləyən icra başçısı müavininin fikrincə, Reyhan Əmənovanın bağça müdiri vəzifəsindən çıxarılmasına «Cənub xəbərləri» qəzetində dərc olunan yazılar yox, onun işdə yol verdiyi nöqsanlar səbəb olub:

20-YƏ YAXIN MƏKTƏB DİREKTORU İŞDƏN ÇIXARILIB…

- Təhsil şöbəsinin müdiri yeni dəyişib. Bağçalarda, məktəblərdə yoxlamalar başlayıb. 20-yə yaxın məktəb direktoru yol verdiyi nöqsanlara görə işini itirib. O cümlədən də onun həyat yoldaşı. Özü də o işdən çıxarılmayıb, vəzifəsi aşağı salınıb.

Nəsir Muxtarlı Reyhan Əmənovanın bağça müdiri vəzifəsindən çıxarılmasını «Cənub xəbərləri» qəzetinin fəaliyyəti ilə bağlamasa da, bu nəşrə mənfi münasibətini də gizlətmir. İcra başçısı müavininin sözlərinə görə, Zahir Əmənov hədə yolu ilə idarə və müəssisə rəhbərlərini şantaj edərək «Cənub xəbərləri» qəzetini nəşr etdirir:

- Jurnalistika ilə aşağıdan yuxarı bunun heç bir əlaqəsi yoxdur. Bir Masallı yox, gedin Lənkərana, gedin Cəlilabada, o, idarə və müəssisələrdən pul tələb edir.

Zahir Əmənov isə deyir ki, əgər o hansısa idarə və müəssisə rəhbərindən bir qəpik alıbsa, buna görə məhkəmə qarşısında cavab verməyə hazırdır. «Cənub xəbərləri» qəzetini satış, reklam, qrant layihələri və könüllü ianələr hesabına yaşadır.

XIRDA PADŞAHLAR…

Lənkəranda fəaliyyət göstərən Hüquqi Yardım İctimai Birliyinin sədri İlqar Qasımov da deyir ki, əyalətdə yeganə alternativ fikir mənbəyi olan bir qəzetin təzyiq və böhtanlarla üzləşməsini təbii başa düşmək lazımdır. Hüquq müdafiəçisi deyir ki, əgər «Cənub xəbərləri» qəzetinin kollektivinin fəaliyyətində qeyri-qanuni nəsə varsa və ya orada böhtana, təhqirə yol verilirsə, məmurlar məhkəməyə müraciət edə bilərlər.

İlqar Qasımovun fikrincə, bu məsələ ətrafında baş verənlərə müstəqil əyalət qəzeti ilə xırda padşahların mübarizəsi kimi baxılmalıdır.
XS
SM
MD
LG