Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:30

Birinci siniflərə qəbul qaydaları dəyişdirilib


Birinci siniflərə qəbul qaydaları dəyişdirilib. İndiyə qədər əgər 1-ci sinifə gedən uşaqların valideynləri məktəblərin özünə müraciət edirdilərsə, yeni qaydalara görə bu ildən qəbul qaydaları mərhələli həyata keçiriləcək. Valideynlər uşaqlarının sənədlərini əvvəlki kimi məktəblərə yox, iyulun 1-dən 31-dək bütün rayon və şəhərlərdə fəaliyyət göstərəcək Sənəd Qəbulu Komissiyalarına təqdim edəcəklər.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, məktəbə qəbul üçün SQK-ya valideynlərdən hər hansı birinin ərizəsi, uşaqların doğum haqqında şəhadətnaməsinin notariusda təsdiq olunmuş surəti təqdim olunmalıdır.

Daha sonra xüsusi mütəxəssislərdən təşkil olunmuş komissiyanın üzvləri fərdi qaydada həmin uşaqların bilik səviyyəsi yoxlayacaq.
Müsbət rəy verilən uşaqların siyahısı avqustun 15-dən 25-dək Təhsil Nazirliyinə təqdim olunacaq.

Avqustun 15-dən isə sənəd qəbulunun ikinci mərhələsi başlayacaq. Həmin mərhələdə Təhsil Nazirliyində yaradılan komissiya birinci mərhələdən keçən uşaqları fərdi qaydada qəbul edəcək. Bu zaman uşağa sadə hesablamalar aparmaq, ümumi dünyagörüşü və s. kimi bacarıqları ilə bağlı sadə suallar veriləcək. Təhsil Nazirliyinin komissiyasından müsbət rəy alan uşaq valideynlərin seçdiyi məktəbə qəbul oluna biləcək.

Fitri istedadı olan uşaqları isə komissiya valideynlərin istəyi əsasında xüsusi təmayüllü məktəblərdə yerləşdirəcək.

Beş yaşı tamam olan, bilik səviyyəsi yüksək olan uşaqların valideynləri də məktəbə qəbul üçün müraciət edə bilərlər.
Məktəblərə yeni qaydalardan kənar sənəd qəbuluna icazə verilmir. İndiyə qədər oktyabrın sonunadək 6 yaşı olmuş uşaqlar 1-ci sinfə qəbul edilirdi. Noyabrın 1-dən sonra 6 yaşı tamam olan uşaqların məktəbə getməsi üçün isə Təhsil Nazirliyindən icazə alınırdı.
2010/2011-ci tədris ilində ümumtəhsil məktəblərinin 1-ci sinfinə 124 minə yaxın şagirdin qəbul olunacağı proqnozlaşdırılır.
XS
SM
MD
LG